Menu

Bakıda “Lipid Məktəbi” keçirilib – Müasir strategiyalar müzakirə olunub

21.11.2026, 19:11
Bakıda “Lipid Məktəbi” keçirilib – Müasir strategiyalar müzakirə olunub

Bu gün Bakıda Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Elmi-Tədqiqat Kardiologiya İnstitutunun birgə təşkilatçılığı ilə “Lipid Məktəbi – Dislipidemiyaların idarə olunmasında müasir strategiyalar” adlı elmi-praktik tədbir keçirilib.

“AzPolitika” xəbər verir ki, tədbirdə dövlət qurumlarının nümayəndələri, səhiyyə müəssisələrinin rəhbərləri, kardioloqlar və digər tibb mütəxəssisləri iştirak ediblər.

Tədbirin açılış mərasimində çıxış edən Səhiyyə Nazirliyinin Səhiyyə siyasəti şöbəsinin müdiri Ramiq Quliyev ürək-damar xəstəliklərinin profilaktikasında dövlət siyasətinin əhəmiyyətindən danışıb. O, risk amillərinin vaxtında müəyyənləşdirilməsinin və önləyici tədbirlərin həyata keçirilməsinin səhiyyə sisteminin əsas prioritetlərindən biri olduğunu diqqətə çatdırıb.

Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, professor Gülnaz Dadaşova isə çıxışında dislipidemiyaların erkən aşkarlanmasının, lipid göstəricilərinə nəzarətin və müasir müalicə metodlarının tətbiqinin ürək-damar ağırlaşmalarının qarşısının alınmasında həlledici rol oynadığını vurğulayıb: “Ürək-damar xəstəlikləri ilə mübarizədə uğurlu nəticə əldə etmək üçün yalnız xəstəliyin mövcud mərhələsində müalicə aparmaq kifayət deyil. Risk faktorlarının vaxtında müəyyənləşdirilməsi, onların düzgün idarə olunması və müasir tibbi yanaşmaların tətbiqi xəstələrin həyat keyfiyyətinin yaxşılaşdırılmasında mühüm rol oynayır”.

Tədbirdə Yeni Klinikanın direktoru Zəhra Vəzirova da çıxış edərək mövzu ilə bağlı fikirlərini bölüşüb.

Konfransın elmi hissəsində mütəxəssislər tərəfindən aşağıdakı əsas istiqamətlər üzrə müzakirələr aparılıb:

Dislipidemiyaların müasir diaqnostikası və lipid göstəricilərinin qiymətləndirilməsi;

Aterosklerozun inkişaf mexanizmləri və müasir lipidazaldıcı terapiya üsulları;

İnfarkt və insult riskinin azaldılması, o cümlədən ürək-damar hadisəsi keçirmiş pasiyentlərdə təkrar ağırlaşmaların profilaktikası;

Beynəlxalq klinik tövsiyələrin gündəlik tibbi praktikada tətbiqi üzrə təcrübə mübadiləsi.

Tədbirin xüsusi qonağı – Everest zirvəsini fəth edən ilk azərbaycanlı qadın alpinist Vəfa Musayeva da iştirakçılar qarşısında çıxış edib. O, dünyanın ən uca zirvəsinə gedən yolda qarşılaşdığı sınaqlardan, düzgün hazırlığın və iradənin böyük məqsədlərə çatmaqdakı rolundan danışıb.

Rasim

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol