"Starlink" peyk internetinin sürətinə tətbiq edilən daimi məhdudiyyətlər fonunda Ukrayna İlon Maskın texnologiyasına alternativlər axtarır.
"AzPolitika" xəbər verir ki, "The Wall Street Journal" (WSJ) nəşrinin yaydığı məlumata görə, Ukrayna Silahlı Qüvvələri Krım körpüsünə endirilən zərbələr zamanı İsrailin "HiSKY" peyk rabitəsi provayderinin xidmətlərindən istifadə edib.
WSJ-nin mənbələrinin bildirdiyinə görə, işğal olunmuş Krımı Rusiya ilə birləşdirən körpüyə hücumda tətbiq olunan bəzi Ukrayna sursatları məhz "HiSKY" sistemi ilə təchiz edilib. Bu sistem "Starlink"dən fərqli olaraq Rusiya ərazisində də maneəsiz işləyir. Mənbələrdən biri ukraynalı dron operatorlarının bu sistem vasitəsilə Rusiya ordusunun ballistik raket buraxılış qurğularının axtarışını həyata keçirdiyini təsdiqləyib.
Bununla belə, "HiSKY" sisteminin kütləvi tətbiqini məhdudlaşdıran bir sıra texniki amillər var:
"Starlink" terminallarının istifadəsi sadə olduğu halda, İsrail sistemi daha ciddi texniki hazırlıq və əməliyyat zamanı mütəxəssislərin birbaşa yerində iştirakını tələb edir. Bu səbəbdən sistemin gündəlik tapşırıqlarda deyil, yalnız xüsusi əhəmiyyətli əməliyyatlarda istifadə ediləcəyi gözlənilir.
Ukraynada istehsal olunan pilotsuz uçuş aparatlarının (PUA) əksəriyyəti bilavasitə "SpaceX" xidmətlərinə uyğunlaşdırılıb. Onların başqa rabitə sisteminə keçirilməsi üçün dronların yenidən quraşdırılmaq məqsədilə istehsalçı zavoda qaytarılması lazım gəlir.
Xatırladaq ki, noyabrın 13-də "Axios" nəşri ukraynalı rəsmiyə istinadən "Starshield" sisteminə qoyulan yeni məhdudiyyətlər ucbatından dron missiyalarının 100 faizinin pozulduğunu yazmışdı. "SpaceX" həmin vaxt heç bir dəyişiklik edilmədiyini bildirsə də, ertəsi gün Ukrayna Prezidenti Volodimir Zelenski işğal olunmuş ərazilərdə "Starshield" üçün saatda 161 kilometrlik maksimum sürət həddinin tətbiq olunduğunu açıqlamışdı. Noyabrın 27-də isə dövlət başçısı Ukraynanın nəzarətindəki ərazilərdə rabitənin bərpa edildiyini, lakin işğal altındakı torpaqlarda məhdudiyyətlərin hələ də qüvvədə qaldığını bildirib.


Şərhlər