"Son altı aydır ki, İsveçrənin Bakıdakı səfirliyi azərbaycanlı jurnalist və hüquq müdafiəçisi Emin Hüseynovu qoruyur". Bu haqda məlumat İsveçrənin Milli SRF Telekanalında yayımlanan “Rundschau” verilişində səsləndirilib. "Azadlıq" radiosunun telekanala istinadən məlumatında deyilir ki, 35 yaşlı E.Hüseynov Azərbaycan hökumətini davamlı olaraq, tənqid edib. Bu məsələ ilə bağlı yaranmış vəziyyət Azərbaycan və İsveçrə arasındakı diplomatik gərginliyi də artırır.

6 aya yaxındır ki, RATİ-nin rəhbəri Emin Hüseynovun harada olması haqda dəqiq məlumat yox idi, onun Bakıdakı xarici səfirliklərdən birində gizləndiyi haqda yazılar dərc olunsa da məlumatı yoxlamaq mümkün deyildi.

İsveçrə jurnalistlərinin yaydığı xəbərə əsasən, Emin Hüseynov ehtimal olunduğu kimi İsveçrənin Bakıdakı diplomatik missiyasındadır. İsveçrə telekanalının "Rundschau" proqramının efirə hazırladığı verilişdə Emin Hüseynovun “səfirlik sığınacağı”nın detalları açıqlanır.

“2014-cü ilin avqustu idi. Hər dəqiqənin əhəmiyyəti var idi. Emin Hüseynov özünü İsveçrə vətəndaşı kimi qələmə verərək polisin təqibindən yaxa qurtara bildi” – Hüquq müdafiəçisi Florian İrminger dramatik hadisələri İsveçrə telejurnaslitinə belə təsvir edir və bildirir ki, həmin vaxtdan Emin səfirliyin binasında gizlənir.

"Rundscahu"nun rəsmi sorğusuna cavab verən İsveçrə Xarici İşlər Nazirliyi bildirib ki, Emin Hüseynova “humanitar əsaslarda” sığınacaq verilib. “O vaxtdan biz Azərbaycan hökuməti və rəsmiləri ilə çıxış yolu tapmaq üçün məsələni müzakirə edirik” – Xarici İşlər Nazirliyinin yazılı cavabında bildirilir.

Hadisə 2 ölkə arasında diplomatik böhran yaradıb. Bildirilir ki, İsveçrə xarici işlər naziri şəxsən bu işlə məşğuldur və hətta Emin Hüseynovla görüşüb.

"Rundschau" hesab edir ki, Emin Hüseynovun səfirliyə sığınması İsveçrə hökuməti üçün olduqca pis məqama təsadüf edir. Çünki Azərbaycanla sıx iqtisadi əlaqələri olan ölkənin AXPO şirkəti Trans Anadolu qaz kəməri layihəsində iştirak edir, ARDNŞ isə İsveçrədəki Ecco yanacaqdoldurma şəbəkəsini alaraq ölkəyə investisiya yatırıb.

"Azərbaycana mütəmadi səfərlər edən İsveçrə nazirlərinin marağındadır ki, ölkənin şirkətləri Azərbaycanla əməkdaşlıqdan imkan daxilində çox bəhrələnsin". - Rundschau-nun Emin Hüseynov haqda verilişinin anonsunda bildirilir.

Xatırladırırq ki, Emin Hüseynovun yoxa çıxdığı günlər, avqustun 11-də onun rəhəbrlik etdiyi Reportyorların Azadlığı və Təhlükəsizliyi institutunun ofisində axtarış aparılıb, təşkilatın kompüterləri, disklər və digər avadanlıqlar götürülüb. Bundan sonra RATİ-nin əməkdaşları prokurorluqda ifadə verib. İnstitutun hüquqşünası Günay İsmayılovanın isə ölkədən çıxışına qadağa qoyulub.

Qeyd edək ki, Emin Hüseynovun İsveçrə səfirliyinə sığınması ilə bağlı hələ ötən ilin avqustunda ilk dəfə "AzPolitika.info" saytı məlumat yaymışdı. Saytımızda bunun necə baş verdiyinə dair MƏQALƏ də dərc olunmuşdu. Həmin məqaləni qısa ixtisarla təqdim edirik:"Mənbəmiz bildirir ki, E.Hüseynov həqiqətən İsveçrə səfirliyinə sığınıb, lakin oraya heç də qara şüşəli xüsusi səfirlik avtomobilində deyil, sadəcə piyada daxil olub. Sən demə hüquq müdafiəçisinin məhz bu səfirliyə gələcəyinə dair hüquq-mühafizə orqanlarında müfəssəl məlumat olub. Və onun yaxalanması üçün DİN başda olmaqla, digər güc strukturlarının nümayəndələrinin də daxil olduğu xüsusi əməliyyat qrupu yaradılaraq, səfirliyin ətrafına yerləşdirilib. Lakin E.Hüseynov səfirliyin əsas qapısından mühafizə polisinin gözü qarşısından keçərək asanlıqla səfirliyə daxil olub. Buna isə o, çox sadə şəkildə – xarici görünüşünü dəyişərək müvəffəq olub. Bildirilir ki, saçını saraldaraq, həmçinin geyimini tam avropasayağı dəyişərək səfirliyin qapısına yaxınlaşan E.Hüseynovu onu gözləyən əməliyyatçılar tanıya bilməyiblər. Mühafizə polisinə də xarici dildə bir-iki söz deyən hüquq müdafiəçisi onu aldadaraq əsas qapıdan içəri daxil olub. Əməliyyat qrupunun üzvləri isə onu yalnız mühafizə polisinin yanından keçəndən bir-iki addım sonra tanıyıblar ki, bu zaman da artıq gec olub və onların səylərinə baxmayaraq, E.Hüseynov az qala qaçaraq, səfirliyin binasına girib. Bu da olub bəzi mətbu orqanlarının şişirdiyi “Arqo” əməliyyatı…

O da bildirilir ki, bu bacarıqsızlığa görə əsasən Səbail polisinə aid bir neçə DİN zabiti cəzalandırılıb və onların hüquq-mühafizə orqanındakı gələcək karyerası sual altındadır. Görünür, hüquq-mühafizə orqanlarının E.Hüseynovun harada olması ilə əlaqədar susmasının bir səbəbi də məhz elə bu uğursuz əməliyyatdır".

Rasim

AzPolitika.info