“Elm haqqında” qanun da “çərçivəyə” salındı

Çərçivədən çıxa bilməyən çərçivə qanunlarımız

Nadir İsrafilov, təhsil eksperti

“O vaxt hörmət var idi, böyük-kiçik var idi”, “o vaxt böyük-kiçik arasında hörmət-izzət pərdəsi olub”, “ailədə böyük-kiçik seçilirdi, hərənin öz vəzifəsi var idi”, “O vaxt müəllimə hörmət, oxuyana diqqət vardı”, “o vaxt elə bilirdik, müəllim çörək yemir, çay içmir, yatmır”, “o vaxt elə bilirdik ki, qırmızı rəng yalnız, müəllimin qələmi ola bilər, o da təkcə səhvlərimizin altından xətt çəkmək üçün”, “o vaxt ruzi-bərəkət var idi”, “o vaxt elə bilirdik ki, həmişə belə olacaq”...

”Bu gün isə...”, “İndi zəmanə tamam başqadır...” Təəssüf hissi oyadan “o vaxt”, “bu vaxt” kimi müqayisəli ifadə və ibarələri elə bu günümüzdə də yaşlı və orta nəslin nümayəndələrindən tez-tez eşidirik.

“O vaxtdan” söz düşmüşkən, 1984 cü ildə ucu-bucağı nəhayətsiz bir ölkə üzrə “Şkolnaya Reforma” (“Məktəb islahatı”) Proqramı irəli sürüldü. Proqramın layihəsi mərkəzi “Pravda” və “İzvestiya” qəzetlərində dərc olundu, 15 respublikanın dilinə tərcümə edilərək, ümumxalq müzakirəsinə verildi. Yerlərdən minlərlə rəy və təkliflər alındı və ümumiləşdirildi. Mübaliğəsiz demək olar ki, böyük bir ölkə yaşından, ixtisasından və peşəsindən asılı olmayaraq, sanki bu Proqramın təsir dairəsinə düşüb, müzakirələrin gedişinə biganə qala bilmirdi. Hətta, müvafiq işlərə qəbul zamanı və müəyyən vəzifələrə irəli çəkilərkən belə Proqramın ayrı-ayrı müddəaları soruşulur, Proqramın gedişinə dair yerlərdə hesabatlar dinlənilirdi. Yalnız ümumxalq müzakirəsi başa çatdıqdan, ictimai rəy nəzərə alındıqdan və digər texniki prosedurlar yekunlaşdıqdan sonra böyük bir dövrü əhatə edən “İslahatı proqramı” qəbul edilmiş oldu. Bütün bu proseslər bir il içərisində operativ, ən başlıcası isə obyektiv və şəffaflıq şəraitində həll edildi. Nəticə də ondan ibarət oldu ki, artıq Proqram qəbul edildikdən sonra heç bir tənqidə, hansısa əlavə bir qeydə, təklifə və ya düzəlişə yer qalmadı.

Bəlkə də yox, elə yəqin ki, o vaxt təhsilin daha səmərəli təşkili, keyfiyyətlı və dayanaqlı olması təhsillə bağlı yaşanan problemlərin ümumxalq müzakirəsinə verilməsi, ictimai müzakirələrdə daha geniş auditoriyanın iştirak etməsi, hər bir bəndin süzgəcdən keçməsi, ən başlıcası isə ictimai rəyin nəzərə alınması kimi faktorlarla bağlı olması idi. Təhsil sisteminin ictimailəşməsinə, dövlət-ictimai xarakterinə, nəticələrə görə cavabdehliyə xüsusi önəm verilirdi. Bu deyilənlər o vaxt idi...

İndi də belədir, amma nə yazıqlar ki, yalnız kağız üzərində. Halbuki, hələ 15 il bundan qabaq Azərbaycan Respublikası Prezidentinin 30 mart 1998-ci il tarixli Sərəncamı ilə yaradılmış Dövlət Komissiyası tərəfindən hazırlanmış, Prezidentin 15 iyun 1999-cu il tarixli 168 saylı Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının təhsil sahəsində islahat Proqramı”nda təhsili idarəetmə orqanları səviyyəsində vəzifələr müəyyənləşdirilərkən, təhsilin dövlət-ictimai xarakterinə xüsusi önəm verilmiş, bu məqsədlə Proqrama konkret maddələr daxil edilmişdi:

6.3 Təhsil sahəsində hazırlanan normativ-hüquqi aktların layihələrinin müzakirəsinə ictimaiyyətin geniş cəlb olunmasının təmin edilməsi.

6.4 Təhsil sahəsində qəbul olunmuş normativ-hüquqi aktların icrasına ictimai nəzarət sisteminin yaradılması.

Artiq 7-ci ildir ki, müzakirəyə çıxarılması problemə çevrilən “Elm siyasəti haqqında” qanun layihəsi bir an belə gündəmdən düşmür. “Elm siyasəti haqqında” qanun layihəsi Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarıla bilər”; “Artıq qanun layihəsi müzakirəyə çıxarılmağa hazırdır”; “Qanun layihəsi noyabrın 5-nə qədər Milli Elmlər Akademiyasında müzakirə olunacaq”; “Maliyyə Nazirliyi ilə müzakirələr bir həftəyə başa çatacaq”; “Elm siyasəti haqqında qanun layihəsi yenə payız sessiyasının gündəliyinə salınmadı”; “Elm siyasəti haqqında qanun yaxın günlərdə Milli Məclisə qaytarıla bilər”; “Elm haqqında Azərbaycan Respublikasının qanun layihəsi birinci oxunuşda gündəliyə təklif olunub”; “Fevralın 24-də keçiriləcək iclasda Elm haqqında qanun layihəsi konseptual baximdan müzakirə olunacaq”; ”Elm siyasəti haqqında qanun layihəsi Milli Məclisin sessiyasının qanunvericilik işləri planına daxil edilib”; ”Yaz sessiyasının növbəti plenar iclasında “Elm siyasəti haqqında” qanun layihəsi müzakirəyə çıxarılacaq” və sair.və i.a saysız-hesabsız bəyanatlar qəzet və saytların manşetinə, radio və televizayaların xəbər başlıqlarına cevrilib.

Nəhayət bəyan olundu ki, “Elm haqqında” qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib və sözügedən qanun layihəsi çərçivə qanunudur. Yəni, gələcəkdə imkan olduqca bu qanuna əlavə və düzəlişlər etmək mümkün olacaq. Vəssalam. Qeyri-rəsmi dildə desək, bu xəmir hələ çox su aparacaq. Beləliklə, neçə illərdən bəri hər sessiyanın başlanğıcında parlamentin Elm və Təhsil Komitəsi sədri “Elm siyasəti haqqında” qanun layihəsinin müzakirəyə çıxarılacağını bəyan etsə də, sessiyanın sonunda onun dediklərinin tam əksinin şahidi olmuşuq. Sonda məlum olur ki, sən demə bu sənədin qəbul olunması üçün heç bir ciddı maneə olmayıbmış, yalnız təhsillə bağlı müvafiq dövlət qurumlarının öz aralarında razılığa gələ bilməməyi üzündən məsələ ləngiyirmiş.

Nə isə. Əlbəttə məsələ təkcə, heç də hansısa qanun layihəsinin müdətindən, 5 və yaxud 15 ilə ərsəyə gətirilməsindən, mübahisə və ya münaqişə predmetinə çevrilməsindən, nazirliyin, TQDK-nın, akademiya və universitetlərin maraqlarının toqquşmasından, hansısa yüksək çinli məmurların şəxsi kaprizlərindən getmir. Cəmiyyətdə artıq bu kimi hallara qarşı “immunitet” yaranıb. Çünki 2009-cu ildə yalnız üçüncü oxunuşdan sonra qəbul olunan “Təhsil haqqında” qanun layihəsi də eyni aqibəti yaşamışdı. ”Qanun” üzərində müzakirələr hələ 1999-cu ildə başlamış, 2000-ci ildə sənəd parlamentdə ilk oxunuşdan keçmişdi. Nəhayət 10 il sürən müzakirə və mübahisələrdən sonra qəbul olunan “Təhsil haqqında” Qanun “çərçivə sənədi” statusu ilə məhdudlaşdırılmış, tez bir zamanda bu sənəddən irəli gələn digər sahə qanunlarının qəbul olunacağı vəd edilmışdi. Onu da qeyd etmək yerinə düşər ki, “Təhsil haqqında” sonuncu dəfə Qanun 1992-ci ildə qəbul edildiyindən təhsil qanunvericiliyimizdə 15 ildən artıq bir boşluq yaranmışdı .

Vəziyyətdən çıxış yolu kimi ”Elm siyasəti haqqında” qanunla yanaşı digər sahə qanunları da siyahıda yer almışdı. Komitə sədrinin mətbuata açıqlamalarına əsasən, ümumiyyətlə parlamentin çağırış müddətində təhsilin bütün pillələri ilə bağlı qanun layihələri hazırlanmalı idi. Lakin nədənsə Milli Məclisin 2013-cü il yaz sessiyasında müzakirəyə çıxarılacağı nəzərdə tutulan “Ali təhsil haqqında”, “Orta təhsil haqqında”, “Məktəbəqədər təhsil haqqında” və “Orta ixtisas peşə təhsili haqqında” qanun layihələri işlər planına salınmayaraq, sessiyanın gündəliyindən çıxarıldı. Hətta bu qanunlardan bir neçəsinin ilkin variantının artıq hazır olması, digərlərinin isə yaradılan işçi qrupları tərəfindən işlənib hazırlanmasına başlanılması bildirilirdi. Ali təhsilimizin Boloniya prosesinin tələblərinə tam uyğunlaşdırılması və ödənişlı təhsil alan tələbələrə güzəştli kreditlər verilməsinin zəruriliyi baxımından “Təhsil kreditləri” haqqında qanunun da mühüm əhəmiyyəti nəzərə alınaraq Milli Məclisdə müzakirəyə tövsiyyə olundu. Bir müddət sonra isə bəyan edildi ki, bu məsələ “Təhsil haqqında” qanunda yer aldığından, bununla bağlı ayrıca qanun qəbul edilməsinə ehtiyac yoxdur. Qüvvədə olan “Təhsil haqqında” qanunda müvafiq maddələrə bəzi dəyişikliklər etməklə bu məsələni həll etmək olar.

Qəribə məntiqdir, deyilmı? Əgər təhsil krediti haqqında məsələ “Təhsil haqqında” qanunda yer alıbsa, bu məsələni qüvvədə olan qanunda müvafiq maddələrə müəyyən dəyişikliklər etməklə yoluna qoymaq olarsa, elə isə digər məktəbəqədər, orta təhsil, ali təhsil, elm siyasəti ilə bağlı məsələlər də sözügedən qanunda kifayət qədər yer alıb. Onlar niyə maddələrdə dəyişiklık yolu ilə həll edilmir və yaxud sahəvi qanunlardan hansınasa və ya heç birinə ehtiyac yoxdursa, onda bu qanunları illərdən bəri imitasiya vasitəsinə çevirib, onlarla manipulyasiya etməyin adı nədir?

Əgər bu qanunların hər birinin qəbul edilməsi o qədər vacibdirsə, niyə varislik prinsipinı pozub, daha qayğılı olan məktəbəqədər təhsildən deyil, məhz elm siyasətindən başlayırıq? Məgər bu gün tədris universitetlərinə tədqiqat, Mill Elmlər Akademiyasına tədris statuslarının verilməsi bu qədərmi vacibdir? Bəlkə daha böyük ehtiyacımız olan, bərbad vəziyyətə saldığımız texniki-peşə təhsilindən başlayaydıq? Bu da eynilə ona bənzəmirmi ki, məktəbəqədər təhsil kurikulumlarını hazırlamadan, artıq 6 ildir orta məktəb kurikulumlarını tətbiq edirik, özü də necə? Başqa sözlə, təməl qoymadan üstündə bina ucaldırıq.

Maraqlı görünən və qəribə təsir bağışlayan cəhətlərdən biri də odur ki, bu qədər qanun layihəsi müzakirə edirik, qanunlarda dəyişikliklər aparırıq, nəinki genış ictimaiyyətin, heç nüfuzlu və tanınmış professor-müəllim heyyətının, yüksək çinlı təhsil məmurlarının, bilavasitə aidiyyatı qurumların belə bundan xəbəri olmur. Qanun və qaydalarımızdan yalnız bunlar qüvvəyə mindikdən sonra xəbər agentliklərinın buraxılışlarından xəbərdar oluruq.

Elə götürək hələlik sonuncu olan, nəhayət, birinci oxunuşdan sonra çərçivəyə salınan “Elm haqqında” qanun layihəsinı. Uzun illərdən bəri dalana dirənən bu qanun layihəsinin müzakirə edilməsi barədə xəbərləri eşitməkdən qulağımızda cingilti, xəbər başlıqlarını oxumaqdan gözümüzdə pərdə əmələ gəlib. Di gəl ki, bu Qanun layihəsinə nə Milli Məclisin internet saytında, nə də müvafiq komitənin saytda olan səhifəsində rast gəlinmir. Sanki layihədəki müddəalar dövlət sirri və ya məxfi hərbı əməliyyat planıdır.

Halbuki, Azərbaycan Respublikasının təhsilin inkişafı üzrə Dövlət Strategiyasında da vəzifələrin uğurlu həyata keçirilməsinin əsas şərtləri onun məqsədi və məzmunu haqqında aydın təsəvvürün yaradılması, ictimai dəstək qazanması və reallaşmasını təmin edən effektiv icra mexanizminin formalaşması, məqsəd və məzmunun kütləvi informasiya vasitələri və digər üsullarla əhaliyə, təhsil müəssisələrinin pedaqoji heyətinə və digər hədəf qruplarına catdırılması xüsusi vurğulanıb.

Bir el məsəli adətən dilimizdə iki yozumda işlədilir: “Gec olsun, güc olsun” və “gec olsun, güc olmasın”. Maraqlıdır, görəsən qanunlarımızı qəbul edərkən bunlardan hansından yararlanırıq?

Bir yandan da fikirləşirsən, yaxşı ki, qanunlarımız çərşivəyə salınıb, yoxsa təhsilimizin aqibətı barədə proqnoz verməkdə çətinlik çəkəcəkdik.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar