Aloysara ölüm, Çekist İtkinə həyat verən dünya

Dərc olunub: 21/04/2015 - 13:02

ebulhesen-abbasov-300x277Əbülhəsən Abbasov

(Hüquqşünas-siyasətçi Mətləb Mütəllimliyə)

Əvvələ, hörmətli Mətləb bəy, Sizə səmimi salamlarımı yetirir və böyük uğurlar diləyirəm! Təşəkkür edirəm ki, mənim yazıma belə ciddi diqqət göstərmisiz. Həm də ona görə minnətdaram ki, ümumiyyətlə, biganə, laqeyd adam deyilsiz və Sizdə sosial ədalət hissi güclüdür. Bu ədalət arzusudur ki, Sizin uzunmüddətli mübarizənizə qida və təpər verir. Onu da deyim ki, vaxtilə mən həqiqi kommunust Antonio Qramşinin “Biganələrə nifrət edirəm!” adlı bu gün də aktual olan gözəl yazısını tərcümə edib “Demokratik Azərbaycan” qəzetində çap etmişdim. Yazını dəyərli oxucular çox bəyənmişdilər. Hörmətli İlyas müəllim, Rəsul bəy, Sərdar bəy, Qurban bər və başqaları, yəqin ki, bunu xatırlayırlar. Həmin yazıda deyilirdi:

“Yaşamaq – deməli, müəyyən mövqe tutmaq. Biganəlik – bu, həyat yox, iradəsizlik, parazitlik, qorxaqlıqdır, ətalətə və durğunluğa sürükləyən qurğuşun yüküdür. O, fələyin hoqqalarına itaətkarlıqdır, kobud materiyadır ki, əqlə qarşıdır”. Ona görə də bir daha vurğulayıram: eşq olsun biganə qalmayanlara!

Hörmətli Mətləb bəy, keçmiş zamanlarda, mənim üşaqlıq çağlarımda, biz tərəflərdə yazıq günə qoyulmuş bir Aloysar kişi vardı. Dəqiq adı nəydi, heç özü də bilmirdi. Elə hamı bu adla çağırırdı. Çağırmaları bir yana, ata-analar uşaqları bu adla qorxudur, bu adla tərbiyə edirdilər – “Ə, heyvan balası, oxu, adam ol! Yoxsa, Aloysar olacaqsan!”- yəni, adamlar sırasında sənin yerin yoxdur. Mənim də ki, oxumaqla, yazmaqla heç aram yox idi. İkinci sinifdə (rus məktəbində) oxuyurdum, günlərin birində rəhmətlik atam axşam evə gələndə mən yadına düşdüm, daha doğrusu, mənim dərs oxumağım. Atam da ki, müharibə görmüş, sərt, zəhmli, ucaboy-enlikürək adam idi. Xüsusən hirslənəndə üzünə baxmaq olmurdu, adam yerindəcə donurdu, o dünyalıq olurdu. Bax, belə! “Gəl, dərsi danış” deyəndə ürəyim yerindən qopdu. “Nəyi danışım, heç kitabı açmışam ki?”- içimdə dedim. İndi rus dilində əməlli-başlı yazdığıma baxmayın, ibtidai siniflərdə oxuyanda bu dildən o qədər zəhləm gedirdi ki, heç “Rodnaya reç” kitabını görmək də istəmirdim. Bu şöqərib kitabdanda ki, “Belolobıy” hekayəsini danışmalıydım. Dediyim kimi, danışmaq nədi, mən onu yalnız üzündən hecalaya-hecalaya oxuya bilərdim. Elə “Be-lo-lo-bıy” demişdim, şapalaq aldı, gözümdə od çatladı. “Yox, sən adam olası deyilsən, Aloysarsan ki, Aloysarsan!”- deyib, biryolluq məndən əlini üzdü. Aloysara yazığım gəlsə də, Aloysar olmaq istəmirdim, adam olmaq istəyirdim. Bəlkə, elə filosofluğum buradan, Aloysar olmamaq arzusundan başlayıb? Sözümün mənası odur ki, Aloysarın mənim filosof olmağımda da rolu var. Di gəl ki, indi bu yazıq xalqı, bütövlükdə, Aloysar halına salıblar. Aloysarların çoxluğu nə verəcək, deyə bilmərəm, gələcək göctərər. Bəlkədə, artıq göstərir. Hər halda, kəmiyyət dəyişmələri keyfiyyət dəyişmələrini labüd edir. Qorxuram ki, bu yeni keyfiyyət çox eybəcər ola.

Hə, Mətləb bəy, bu Aloysarı, adam yerinə qoymasalar da, kim gəldi, buyururdu, eşşək yerinə işlədirdi: su gətir, odun yar, məhlə bellə, ot-saman yığ, yük daşı. Kimsə, ürəyiyumşaq, bir parça çörək verərdi, yeyib, yenə də, növbəti buyruğun dalınca gedərdi. Heç kimin yadına düşməzdi ki, bu bədbəxt də, ayda-ildə bir dəfə olsa da, çimməlidir, yuyunmalıdır. İnsafən, rəhmətlik ana babam – hər halda Qazaxda seminariyada oxumuşdu, müəllim işləyirdi – vaxtaşırı Aloysarı gətirərdi evinə, nənəm rəhmətlik vedrələr əlində sevinə-sevinə su dalınca qaçardı, qızdırardı, təmiz pal-paltar hazırlayardı. Olduqca təmizkar, gülərüz, qonaqsevən olan nənəm bu işləri elə həvəslə, şövqlə görərdi ki, adamın kefi durulardı. Bir də ki, o vaxtlar “gender” dərsi verən, ərdən-ərə qaçan xanım-ekspertlər, səfehliyə zuy tutan kişilər, bizi yaman günə qoyan tele-radio kanalları yox idi. Kişilər arvadlarından arxayın idilər. İndi hansı kişi, istəsə belə, evinə Aloysarı hamamlanmaq üçün gətirər!? Duxu çatsa da, arvad onu cəhənnəmlik edər. Görmürsüz, gündə neçə kişi-arvad bir-birini şaqqalayır? Deyəsən, həmin yeni keyfiyyətin əlamətləridir.

Günlərin birində, mən artıq doqquzuncu sinifi bitirmişdim, səs-səda gəldi ki, Aloysar ölüb. Daha doğrusu öldürmüşdülər, Aloysarın dərdinə qalan kim idi ki, cinayətin üstünü açsın. Aralıqda gəzən söz-söhbətə görə iki nəfər – bir “Saratovka göyçəlisi”, bir də “mestnıy” gəda – sporlaşıblar: “sən yox, mən daha yaxşı podnoşka verə bilirəm”. Gədalardan biri elə bu vaxt dərəyə su dalınca gələn Aloysarı görüb, eləmə tənbəllik, priyoma salıb. Üzü üstə daşa dəyən, can verən Aloysarı oradaca qoyub aradan çıxıblar.

Yaxşı yadımdadır, Aloysarın ölümündən sonra (sanki, bu yazıq bəndəyə edilən zülmlərə görə, Allah insanlara divan tutmaq, onlardan qisas almaq istəyirdi) aləm qarışdı, göyün üzünü qara buludlar aldı, günün günorta çağı qaranlıq çökdü, ətrafı zülmət bürüdü, qasırğa qopdu, şimşək çaxdı, yağış və görünməmiş dolu yağdı. Bir salamat ağac, əkin-səpin yeri qalmadı. Dolu hər şeyi şampırdaqlayıb yaraladı, şırımladı, dəlmə-deşik etdi, yoxa çıxartdı. Ağaclarda nəinki yarpaq, meyvə nümunəsi qaldı (artıq iyul ayının ortaları idi), onların gövdələri sıradan çıxdı. Nəticə olaraq, meyvə ağacları illərlə bar vermədi, məhsul olmadı, əkin-səpin yerləri viranə qaldı, otlaqlar, çəmənliklər, meşələr qurudu, torpağın özü əldən düşüb korroziyaya uğradı, dörd yanı yarrağanlar, uçurumlar mənzərələdi.

Nənəm dünyasını dəyişənə kimi elə hey deyirdi ki, bu, Aloysara etdiyimiz pisliklərə görə Allahın verdiyi cəzadı. Nəsə, tarixi bir hadisə baş verdi, əsl “keçidimiz” onda başladı, Sovetlərin dağılmasından sonrakı tranzitimiz, sadəcə, bunun davamıdı. İndi AzTv, İtv hey çalışırlar, fayda olmur, qara əysiyə bükülmüş qara OVQATımızı ağ düruma sala bilmirlər.

Düzünə qalanda, bizim tərəflərdə doğum-ölüm tarixini yadda saxlamaq, xüsusi qeyd etmək o dərəcədə də dəbdə deyil. Aloysarın da nə vaxt öldüyü kiminsə yadında qalıbsa, bu məşum tarixi hadisəyə görədir. Onun torpağa basdırıldığ günün dalınca elə sarsıntı keçirdik ki, heç yeni təyin olunmuş katibin, ölkə rəhbərinin də gəlişinə doyunca sevinə bilmədik. Düzdü, bir-iki nəfər macal taptı, sevindilər. Belə ki, siyasətdən tamamilə uzaq bir eldə-obada bunlar yeganə adamlar idi ki, siyasətlə nəfəs alırdılar, biri hətta (dörd ay sonra, qışın adamı Karbışevə döndərdiyi vaxtda, dekabrda!) Voroşilov öləndə Moskvaya da getmişdi – Kliment Yfremoviçin dəfninə. Qayıdanda bu İtkin müəllim döşündə hansısa zibillikdən tapığı medalı gəzdirirdi, “Moskvada veriblər” deyirdi. “Ə, bu ata-anasını tanımayan afyora lap orden də verərlər, nə bilirsən, havayı yerə Çekist İtkin demirlər ki!”- dalınca danışırdılar. “Heç onu, görüm, tapılmayaydı, itdən törəmiş köpəkoğlu! İbtidaisindən bir çekistimiz, Cüben Məmmədimiz varıydı də!” –arvadlar qarğış töküb ürəklərini boşaldırdı. İnsafən, Cüben Məmmədin elə də çekistliyi yox idi, İtkin kimi camaatın mal-qarasını şilküt etmirdi, suyunu-yolunu kəsmirdi, sadəcə, kənddən-eldən rayon mərkəzinə donos aparırdı, o da söz-söhbətə görə.

E-e-h, Mətləb bəy, Aloysarı, görəsən, indi məndən başqa xatırlayan, yada salan varmı? Çətin ki, olsun! Xatırlamırlarsa, deməli, bu zülm-zillət hələ çox çəkəcək. Əslində, xatırlamaq da azdır. – Hamılıqla gərək onun və onu kimilərin (hər elin öz Aloysarı olub və var!) ruhu qarşısında baş əyək, səcdə qılaq, vaxtilə etdiyimiz qəddarlığa, daşürəkliliyə görə üzr istəyək. Bəlkə, onda Allahın bizə rəhmi gələ, günahlarımızdan keçə, zülmətə qərq olmuş mövcudluğumuza işıq şüası saça. Bu qənaətdə çox israrlıyam: Aloysardan və onun kimi minlərlə soydaşlarımızdan üzr istəməliyik. O sayılmaz, adam yerinə qoyulmaz adamlardan ki, elə bizim naxələfliyimizdən, amansızlığımızdan gözümüzün qarşısında cəhənnəm əzabı çəkiblər, sağkən odda-alovda qovrulublar. Mən yazıçı deyiləm, ancaq məcburam ki, Drayzer sayağı çıxış edəm, keçmişdə və indi ayaqlar altında inildəyən, varlığının bütün hüceyrələrindən göz yaşları saçan bu “xırda”, “cüzi” adamların məşəqqətli talelərinə diqqət çəkəm və var gücümlə səslənəm: ey insanlar, yan-yörənizdə əzilən, elə bizim sərsəm fəailiyyətimiz nəticəsində aclıqdan-soyuqdan-evsizlikdən-haqsızlıqdan sürünə-sürünə məhv olan yiyəsiz-kimsəsiz bəndələrə üz çevirin, onlara əl tutun, heç olmasa, biganəlik nümayiş etdirməyin. Axı, onlar da canlıdır, insandır, ağrıyan yerləri hamınınkından çoxdur. Axı, əzilənləri əzməklə, bədbəxtləri daha da bədbəxt etməklə nə xalq, nə millət olmaq mümkün deyil. Millət, ən adi bəndəsinə sayğılı, qayğıkeş münasibətin ifadəsi və nəticəsidir! Dövlət də eynilə, imtiyazlı azlığın yox, sadə çoxluğun etirafı və xoşbəxtliyi hesabına təyinatına cavab verir. Böyük Aristotel deyirdi ki, dövlətin başlıca vəzifəsi – insanları xoşbəxt etməkdir. Əks halda, o, siyasi zorakılıq aparatından başqa bir şey deyil. Elə bu cür fikirlərinə görə də filosofa cəhənnəm əzabı veriblər.

Hərdən dost-tanışlar mənim baxışlarımda ziddiyyətlər kəşf edirlər: “Əbülhəsən müəllim, başa düşə bilmirik, Sizin kimi demokratik düşüncəli adam tez-tez Stalini xatırlayırsınız, hətta böyük dövlət xadimi, məfkurə sahibi, qabiliyyətli nəzəriyyəçi adlandırırsınız”. Aydınlıq gətirirəm: ilk növbədə, ona görə ki, Stalin “həyatın dibində” çabalayan adamlara ən çox yazığı gələn, onların yolunda canını xərcləyən şəxsiyyət olub. Sovetlərə rəhbərliyi dövründə də elə bu səbəbdən fəhlədən, adi kəndlidən birqat soruşanda, “yuxarı”da oturanlardan, narkom və partiya katiblərindən, səlahiyyət sahiblərindən onqat, yüzqat soruşub, əmək adamının cibinə girənin, xalqın malına göz dikənin yediyini burnundan töküb. Ona ən yaxın adamlardan birinin xatirəsini vaxtilə oxumuşdum, deyirdi: “Filmə baxırdıq, harınlaşmış birisi həyatında it əvəzi başından zəncirlənmiş binəvanı, “cüzi adam”ı şallaqlayırdı ki, radius boyu daha da tez qaçsın, üstəlik də, hürsün. Gördüm, yoldaş Stalin başını kitelin içinə çəkərək aşağıdan, için-için ağlayır. O hönkürtüsünü boğmağa çalışırdı ki, ətrafdakılar heç nə hiss etməsinlər, ancaq mən yaxında oturduğumdan hər şeyi gördüm. Belə səhnələri sonralar da müşahidə etdim. Ümumiyyətlə, o, adi insanın faciəsinə çox həssas idi, qətiyyən biganə qala bilmirdi”.

Bəli, əziz “adi azərbaycanlı”lar, bu səmimi hönkürtü böyük şəxsiyyətin içini alt-üst edən haqsızlığa, ədalətsizliyə, vəhşiliyə qarşı daxili üsyanının püskürtüsü idi, acgözlükdə, talançılıqda, qəddarlıqda, daşürəklilikdə bütün sərhədləri keçmiş dəbdəbəli həyat sahiblərinin bugününə və gələcəyinə hesablanmış qeyri-insani idarəetmə fəlsəfəsinin bilavasitə ictimai praktikada qərarlaşmasına, təntənəsinə xidmət edən “Adam içində”, “Öz aramızda” və sair səfeh şoularda riyakarcasına axıdılan göz yaşları deyildi. Bu, uzun müddət vəzifələrindən sui-istifadə qaydasında yalnız ata-analarının əsərlərini təkrar-təkrar çap edib “övladlıq borcu”nu yerinə yetirənlərin tarixi mədəniyyətimiz, kod yaddaşımız, üstəgəl, Xocalımız, Şuşamız naminə çəkdikləri “ürək ağrıları” da deyildi. Bu, yenə də, kimlərinsə şahzadəliyinə hesablanmış mənfur idarəetmə fəlsəfəsinin hökmranlığı və verdiyi imkanlar şəraitində pul-para ilə oğullarını “ne qodnıy” çıxardan imkanlıların nə vaxtsa “Cıdır düzündə”, “Şuşa bulağında” şadyanalıq quracaqları anlar naminə nümayiş etdirdikləri nalə, zır-zırıltı da deyildi. Bu, oğlunu hamıdan qabaq müharibəyə yollayan, feldmarşalı əsgərə, öz oğlu olsa da belə, dəyişməyən, qızına özünün köhnəlmiş şinelindən, tərs üzünə çevirtdirib, geyim tikdirən, ümumi rifah amalıyla, adi insan qayğısı ilə yaşayan siyasətçi-dövlət xadimi-sərkərdənin Bəşəri Ədalət arzusundan, əzilən məzlumun güzaranına ürəkyanğısından doğan hönkürtüsü idi. (Burada sovet idarəetmə sisteminin mahiyyətindən, Stalinin rəhbər tutduğu və mən hələ 25 il bundan öncə, “Mürəkkəblik. Zaman. Sinergetika” adlı rus dilində çıxmış kitabımda, “dopinq nəzəriyyə” adlandırdığım marksizmdən danışmıram, çünki bunlar, xüsusi yazı-söhbətin mövzusudur, nəzəriyyəçiliyə varıb hörmətli oxucuları yormaq istəmirəm. Bir də ki, artıq kifayət qədər yazmışam, istəyənlər tapıb oxuya bilərlər).

Həyatımın otuz ilini (həm də!) idarəetmə fəlsəfəsinin işlənməsinə həsr etmiş şəxs kimi bir daha vurğulamaq istəyirəm: ictimai tərəqqi, ümumi rifah və milli mənafe amalından qaynaqlanmayan, adi insanların, “xırda-para” kəslərin taleyini nəzərə almayan idarəetmə fəlsəfəsi, hörmətli Mətləb müəllimin təbirincə desək, “çürük nəzəriyyə”dir. Həmçinin, keçən əsrin 70-ci illərinin sonundan mürəkkəb sistemlər nəzəriyyəsi ilə yaxından məşğul olan adam kimi onu da gözəl bilirəm ki, yararsız idarəetmə fəlsəfəsi əsasında fəaliyyət göstərən mürəkkəb sosial sistemi idarə etmək, tənzimləmək olduqca cətin, risqli və müəyyən obyektiv-subyetiv amillər şəraitində hətta qeyri-mümkün olur. Ən azı, ona görə ki, belə sistemdə özünütəşkil, özünüidarə başlanğıcları, qarşılıqlı fayda verən sinergizm amilləri zəif olur və get-gedə daha da yoxa çıxır, eyni zamanda, elə həm də bu səbəbdən, sistem günbəgün artan ictimai entropiya (nizamsızlıq, destruksiya, korroziya, çürümə və s.) selinə düşür və özünün xilası üçün böyük resurslar israf etməli, hər cür hiyləyə əl atır. Özünəməxsus təbliğat-təşviqat qurur və casus-“seksot” şəbəkəsini, təqib-cəza mexanizmlərini gücləndirir, əldəqayırma elitanın, alqış deyən, zuy tutan, zurna-şeypur çalan “alim”, “sənətkar”, “müğənni”, “mədəniyyət xadimi”, “incəsənət adamı”, nə bilim, ordenli-medallı, xüsusi təqaüdlü şair və yazıçılar dəsdəsini yaradır, onların təmtəraqlı yaşayışının təmin edilməsinə milyonlar xərcləyir, hüquq-mühafizə, polis, ordu işçilərinin şirnikləndirilməsinə, onların maaş və pensiyalarının başqalarından (“qara camaat”dan) kəskin fərqlənməsinə qədə getməli olur.

Yazıq sistem neynəsin, yaşamaq istəyir axı. Bünövrəsindən kim ona əməlli-başlı idarəetmə fəlsəfəsi vermişdi ki, indi də deyək: sistem naxələf çıxdı, gül kimi nəzəri arsenalı qara qəpik yerinə qoymadı, özünü qanmaz dana yerinə qoyub, böyələklənərək, oliqarxik kapitalizmin qloballaşan divarlarına çırpdı!? Eldə deyilən kimi, evdə bişməyib, qonşudan gəlməyib, qarın, üzr istəyirəm, beyin necə dolmalıdır. Tutalım ki, ingilisdən, almandan, fransızdan, yapondan nəsə çırpışdırdıq və deyək ki, Allah bu oğurluğu bizə haram bilmədi, bəs sonra? Axı, ağıllı şeyləri işlətmək üçün də ağıl, bilik lazımdır! Elə hey oturaq deyək ki, çox-şox yüzilliklər bundan qabaq bizim İbn Sinalarımız, Əbülhəsən Bəhməmyarlarımız, Nəsrəddin Tusilərimiz və başqa mütəfəkkirlərimiz olub, Qərb, yaxşı nə varsa, Şərqdən götürüb, indi zəhmət çəkib borcumuzu qaytarsın! Ə, bu boyda da başaqaxma olar? “Əli bərk” Qərb bizə da-a-a nə vermədi? – “hüquqi dövlət”dən tutmuş, müasir texnika-texnologiyaya qədər. İndi baş sındırıb, veriləni (bir az ora-burasına əl gəzdirməklə!) mənimsəyib, iş qurmaq əvəzinə düşmüşük bədbəxt erməninin üstünə – “lavaşı”, yəni, yuxanı (bizim tərəflərdə “fətir” də deyirlər) sən yox, mən ixtira etmişəm. Bu “çox aktual” çəkhaçəki öz gözümlə seyr etmişəm – rəsmi “Azərbaycan” qəzetinin də tənqid etdiyi (gözəl yazıdı, “Efirdən bizə toy tutub özlərinə toy tutanlar”  adlı məqaləni deyirəm, sağ olsunlar!) telekanallarımızda! Eşitmişəm, vətənpərvər bir sanballı kişinin vətənpərvər gəlini artıq bu mövzuda dissertasiya işinə girişib. Uğurlar olsun, hər halda millətin dədə-baba nemətinə tamarzı qaldığı bir vaxtda, yeməli şeydən yaz(dır)ır, at gənəsindən, Amerikanın “ağ kəpənək qurdu”ndan, canım sizə desin, plüralizmin inkişaf etdirilməsində seçkilərin rolundan, yaxud da prokurorluq işçilərinin sosial müdafiəsinin konstitusion-hüquqi təminatlarından yaz(dır)mır.

İndi, gözəl insan, hörmətli Mətləb müəllim, özünüz nəticə çıxardın, elə əvvəldən də ictimai entropiyanın hədsizliyindən əziyyət çəkən belə sistemi dünyanın bu vaxtında, dediyim kimi, Armageddonun üstümüzə şığıdığı ərəfədə idarə etmək, əldə saxlamaq, məgər, asandır? Siz, mən və ya başqası bu ağır, xüsusi administrativ bilik, qabiliyyət və təcrübə tələb edən yükün altına girərikmi? Yəqin ki, yox! Belə olan halda, mən hörmətli Ramiz müəllimə “ustad administrator” deyirəmsə, burada qeyri-obyektivlik nədədir? İstəyirsiz o da əlini çəksin, dövlət gümbultu ilə biofizik cəbhəçi (indiki dönəmini deyirəm) Nürəddin Məmmədlinin qucağına düşsün. Axı, əzizim, bu gümbultunu 92-ci ildə eşitdik, 1993-cü ili “dövlət quruculuğu ili” elan etsəniz də, ölkəni idarə edə bilmədiniz, Gəncədən nərə güruldayan kimi əksəriyyətiniz pərən-pərən düşdünüz, icra başçısı qoyduğunuz çəkməçi, pinəçi, bədən tərbiyə texnikumunu qurtarmış hay-kuyçular, uzaqbaşı, coğrafiya, biologiya, rəsmxətt müəllimləri qiyamçılarla elə “rəşadətli” mübarizə apardılar ki, birinin də burnu qanamadı. Görünür, yuxarı postlarda oturanlar tərəfindən dəqiq, birmənalı iradə ortaya qoyulmayıb və ekstremal situasiyada necə hərəkət etmək məsləhəti-göstərişi verilməyib, bu çaşbaş qalmış məmurlar da, inciməsinlər, xanımlarının ağlı ilə hərəkət ediblər, “Arvada qulaq asan kişinin başı salamat qalar”-deyəsən, belə kəlam var. Bakıdan güya qiyamı yatırtmağa ezam etdiyiniz bəylər də belə – iki-üç gün ərzində Surət Hüseynovun silahlıları tərəfindən həbsə alındılar, can şirindir deyə, ata-babalarını minnətçi saldılar, heç birinin ağlına da gəlmədi ki, son anda, özünü güllələsin, ümumən hakimiyyətin üzünü ağ eləsin. Bəs, hay-həşir salan bir çox bəylərin millət qarşısında üzərinə götürdüyü məsuliyyət, vicdan, şərəf hissi nə tez yox oldu! Elə hay-həşirlə də getdi? Xeyr, Mətləb bəy, mən heç kimi məzəmmət etmirəm, bu, bir milli faciədir, öz faciəmiz üzərində istehza, məzəmmət, gülüş yapmaq şərəfsizlikdir. Faciəyə aparan səbəbləri araşdırarlar, nəticə çıxararlar. Heyf, çox heyf idarəçilərin bacarıqsızlığından güdaza gedənlərdən, Tahir bəy kimi canından keçənlərdən! Mən, Mətləb bəy, məhz bunların və Qarabağ uğrunda şəhid olan qəhrəmanların ruhu, həmçinin yaralanan, əlil qalan oğul-qızlarımızın, bu gün də hamımızın azadlığı və səadəti uğrunda səmimi, təmənnasız mübarizə aparanların qarşısında baş əyirəm.

Mətləb bəy, ikinci dəfə, təkrarən həmin dırmığı ayaqlamağa dəyərmi?! Özünüz demişkən, “indi nə olub”, “yaxşılığa doğru nə dəyişib”? Nəzəriyyə-konsepsiyadan xoçunuz gəlməsə də, soruşuram: dövləti, əgər yenidən hakimiyyətə gəlsəniz, hansı idarəetmə fəlsəfəsilə idarə edəcəksiz, fəaliyyətinizin zəminində dayanmalı olan epistemoloji baza nədən ibarətdir? İdeya və prinsipləriniz, təsəvvürlər sisteminiz hansıdır, varmı? Varsa, indiyə qədər bu xalqdan niyə gizlədirsiniz, onu tapmaca qarşısında qoyursunuz? Yəqin ki, bilirsiz, az-çox təyinatına cavab verən siyasətçi, xüsusən də hakimiyyətə gəlmək istəyən şəxs, hər şeydən öncə çalışmalıdır ki, insanları qeyri-müəyyənlikdə, məchullar qarşısında qoymasın, onların şüurunda bir aydınlıq yaratsın. Başqa sözlə desək, nəzəri sistem yaratmalı, kitab-dəftər ortaya qoymalıdır (idarəçiliyin başqa zəruri atribut-tələblərini, hələ ki, demirəm!). Ağız büzdüyünüz, yuxarıdan aşağı baxdığınız Lenindən, Stalindən, lap elə Mao Tsedundan, Kastrodan, həmçinin İngiltərəni, ABŞ-ı, Almaniyanı, Yaponiyanı qurub çiçəkləndirən şəxsiyyətlərdən nümunə götürün. Elə dünyanın ən məşhur faşisti olan Hitleri yada salın, hakimiyyətə 1933-cü ildə gəlsə də, artıq on il qabaq “Mənim savaşım” kitabını almanlara çatdırmışdı.
Hər halda, Sizlərin elm naminə yox, heç olmasa, siyasət xatirinə, yəni, hörmətli İlyas müəllim demiş, millətin taleyi naminə belə yaradıcılığınız baş tutsaydı, mən bilərdim, çünki bu mövzular da tədqiqtlarımın predmeti olub. Kitab bir yana qalsın, belə elmi-nəzəri iş aparsaydınız, əsərlərimi oxumasaydınız da, müraciət edərdiniz, canlı ünsiyyətə can atardınız. Əfsuslar ki, bunu da görmədim. Başınız gənclərə “A-zad-lıq!”, “İs-te-fa! hayqırtmaq məşqinə qarışıb. Bağışlayın, mən bilmirdim ki, Sizlər Aristoteldən dərs alan İskəndərdən, Spinozadan öyrənən Birinci Pyotrdan, Volteri oxuyan Yekaterinadan, Laqranj və Lejandrdan riyaziyyatı mənimsəyən Napoleondan qat-qat yüksəklərdə durursunuz, Nobel mükafatı laureatı, nəzəriyyəçi-fizik Mürrey Gell-Manndan məsləhət alan İngiltərə kraliçası Yelizavetanı özünüzə tərəf-müqabil saymırsınız. O vaxtlar Azərbaycana gəlmiş, bəylərlə görüşmüş, onların davranış-danışıq ədasını görmüş dünyanın birinci ledisi sonralar bir daha odlar diyarına üz çevirmədi, birdəfəlik “Əlvida, Azərbaycan!” dedi. Bu azmış kimi, xarici işlər naziri qoyduğunuz fizik artıq 93-cü il qiyamından sonra, heç bir məsuliyyət hissi keçirmədən, orda-burda deyirdi və yazırdı: “Bilsəydik ki, belə olacaq, elə Mütəllibovu ingilis kraliçası qismində vəzifədə saxlayardıq”. Dərindən fikirləşin, cənab Mətləb bəy, cümləsinin nə məzmun-mahiyyət, başqa şəxsiyyətlərə qarşı hansı təhqir yükü daşıdığını bilməyən “diplomat” Azərbaycan üçün hansı əlverişli münasibətlər qura bilərdi? Bütün bu deyilənləri və deyilməyənləri necə adlandıraq? Siz deyin, biz də o addan istifadə edək. “Cəbhəçilik xəstəliyi” xoşunuza gəlmir, demərəm! Özünüz bilərsəniz, durub heç nədən dava edəsi deyiləm ki! Hələlik bu qədər.

Sizi daha çox maraqlandıran Çıxış Yolu barədə (baxmayaraq ki, əsasən, əvvəlki əsərlərimdə yazmışam!) mənim düşüncələrim isə sonraya qalsın, əziz oxucuları yormayaq.

Hörmətlə, Əbülhəsən Abbasov. 14.04.2015.








loading...


Fikrinizi bildirin