Mən, müxalifətə də müxalifətəm!

Ruşan Ruşanzadə 

Azərbaycan Milli Elmlər Akademiyası

Fəlsəfə və Hüquq İnstitutunun elmi işçisi,

siyasi elmlər üzrə fəlsəfə doktoru

Tarixi hadisələr bir sıra xalqlara tərəqqi, bir sıra xalqlara isə tənəzzül gətirmişdir. Bu, ilk növbədə həmin xalqların təfəkkür tipi və həyat tərzindən daha çox asılıdır. Əslində hər bir xalqın nailiyyəti ona verilən ideyanın nəticəsi kimi də xarakterizə edilə bilər. Ona görə də, hər bir xalq ona ideya verən beyin sahiblərinə minnətdar olmalıdır.

Azərbaycan xalqının bütövlükdə bir millət olaraq təşəkkülü, xüsusilə, siyasi millət kimi mövcudluğunun özü də bir sıra şəxsiyyətlərlə bağlıdır. Sövetlər birliyinin süqutundan sonra Azərbaycanda baş verən hadisələr hər kəsə aydındır. Konkret desək, qlobal “kriminal kapitalizm” Azərbaycanda da həyasız, qəddar və amansız dinamikası ilə öz oliqarx qrupunu hazırlayıb, çeşitləmiş və artıq özünə işlətməkdədir. Başqa sözlə, oliqarxiya sistemi təşkil olunduğu ilk illərdə əlbir olma fəaliyyəti ilə nəzərə çarpırdısa, hazırda (özünü möhkəmləndirdikdən sonra) mafyalaşma prosesi müşahidə edilir. Bu, təkcə iqtisadi sektorla yekunlaşmamış, elmə, təhsilə, mədəniyyətə və hətta siyasətə qədər nüfuz etməkdədir. Belə şəraitdə hər hansı hüquq və qanun aliliyindən danışmaq, ən yaxşı halda özünü inandırmaq, əks halda isə başqalarını aldatmaqdır.

Doğrusu indi toplum olaraq əksəriyyət həya deyil, hiylə ətrafında hərəkətdə olduğuna görə hamı bir-birini aldadır. Çünki hamı nə isə əldə etməyə çalışır. Əldə etməyin də bir sıra asan və çətin yolları vardır. Ən asan yollardan biri də mahiyyətdə eyni, təzahürdə isə bir-birinə zidd görünən, eyni zamanda, hər ikisi də qeyri-əxlaqi xüsusiyyət olan təhqir və yaltaqlıqdır. Başqa sözlə, siyasi quduzluq və siyasi məddahlıq. Bu mərəz hələ çoxdan başlayıb.

Lakin MÜTLƏQ RUHun təyinatı ilə istiqamətlənmiş elə nadir şəxsiyyətlər də vardır ki, onlar daşıdığı idea və amala görə iqtidar-müxalifət hadisələrindən yuxarıdadır.

Əslində hələ 1990-cı illərdən iqtidar-müxalifət münasibətləri məni çox düşündürürdü. Bu sahədə çoxdan bəri demək istədiyim fikirlərim var. Ölkədə artıq ənənəvi siyasi məddahlıq biznesə çevrilib. Bütün vəzifə və mövqelərin əldə edilməsinin ilkin və ən vacib şərti kimi ictimai-siyasi şüurda qərarlaşmış pataloji reallıq iqtidar-müxalifət münasibətlərində də özünə yer etmişdir. Ədalət naminə qeyd edim ki, bununla bağlı mütəmadi olaraq “hakim fikir, alim fikir olmalıdır” ideyasını irəli sürən, öz alim mövqeyindən çıxış edən, böyük zəka sahibi, filosof Əbülhəsən Fərhad oğlu Abbasov bir neçə əsərlərində kolonial kapitalizmin həlqəsində olan oliqarx məmur sinfin “sərgüzəştləri”ni elmi-siyasi baxımdan təhlil etmiş, onların “fəaliyyəti” nəticəsində xalqın üzləşəcəyi böhranların aradan qaldırılması istiqamətində öz dəyərli fikirlərini irəli sürmüşdür.

Bu fikirlərin bir qismi yaxın aylarda ictimai mühitə təqdim edilən “Mahiyyəti anlayanlara və anlamayanlara”, “Koreyalı dostumdan məktub”, “Siyasi quduzlaşmaya bir çarə tapılmalıdır”, “Armagedon ərəfəsində” və “Aloysara ölüm, Çekist İtkinə həyat verən dünya” adlı əsərlərində işıqlandırılmış və ictimaiyyətə təqdim edilmişdir.

Formal olaraq iqtidar-müxalifət düşərgəsinə ayırtdırılmış Azərbaycan cəmiyyətində “müxalifətçi” qismində olan nümayəndələrdən bir sıra şəxslər vardır ki, onlar adı yuxarıda qeyd edilən əsərlərin birində işlədilmiş iki ifadədən xoflanmış və yəqin ki, dərin təlaş keçirmişlər. Xüsusi ad qeyd etməyə ehtiyac duymuram. Həmin təlaş bir sıra saytlarda və “Azadlıq” qəzetində yer almışdır. Əslində yer almış olan daha çox qərəz və həqarət olmuşdur. Başqa sözlə, ölkədə bu gün vəziyyət o yerə çatıb ki, dissertant səviyyəsində olmayan adamlar böyük alimə “dil uzadır”. Özü də heç bir məntiqi əsasa söykənmədən...

Düzdür, həmin vaxtdan bir aydan artıq müddət keçmişdir. Lakin mən bu müddət boyunca mətbuat səhifələrini və saytları daimi izlədim. İzləməklə görkəmli filosofa “dil uzadanlar”a qarşı hansısa səpkidə münasibət bildirməli olan, daha doğrusu bildirməyə borclu olan imzaları axtardım. Təəssüflə qeyd edilməlidir ki, onlardan bir səs çıxmadı. Bu isə o deməkdir ki, hərənin başı özünə elə qarışıb ki, ictimai-siyasi həyatdakı taleyüklü məsələlər “ziyalılar”a o qədər də əhəmiyyətli deyil. Mən heç kimi qınamaq fikrində deyiləm. Çünki ictimai qınağın toplumsal biganəliklə, obyektiv münasibətin kütləvi laqeydliklə əvəz olunduğu bir cəmiyyətdə fərdi qınağın nəinki təkcə heç bir əhəmiyyəti və nəticəsi olmur, hətta fərdi olaraq qınayanın özü qınaq obyekti kimi qarşılanır. Bu cəmiyyət üçün əsl zəlalətdir. Belə də təsəvvür yaranmasın ki, mən hörmətli filosofu müdafiə etmədiyinə görə kimlərdənsə narazıyam. Yox. Zatən onun heç bir dəstəyə və ya müdafiəyə ehtiyacı da yoxdur. Sadəcə, ziyalılar öndə olmaqla bütövlükdə cəmiyyətin özünün məhz mütərəqqi ideyanı və onun sahibini dəstəkləməyə ehtiyacı var. (Arı ailəsinin funksional prinsipləri ilə tanış olanlar bu mətləbi yaxşı bilir.) Bu baxımdan haqq-ədalət naminə düşünən, düşüncələrini xalqın tərəqqisinə həsr edən, heç kəsdən heç nə ummayan və heç kəsdən də çəkinməyən hörmətli filosofun fikirlərinin açıqlanmasına ehtiyac duyulur.

Yuxarıda dediyim qərəz ondan irəli gəlir ki, sən demə, hətta, yüksək fikir və ideya sahibləri də yalnız “cəbhəçi maraqlar”ı çərçivəsində düşünməli və danışmalıdır. Bunu bir yanda saxlayıb həmin iki ifadənin təhlili istiqamətində öz qənaətlərimi həmvətənlərimlə paylaşmağı zəruri hesab edirəm. Həmin ifadələr aşağıdakılardır:

I.“Müsəlmanlar mitinqə çıxmasalar yaxşıdır”.

II.“Ustad administrator”.

Əvvələn qeyd edim ki, yuxarıda adı göstərilən “Aloysar” obrazını işıqlandıran əsər formaca siyasi satira tutumlu publisistik, məzmunca ictimai-siyasi tənqid dolu, mənaca hər cümləsi bir kitablıq elmi bir əsərdir. Beləki, əsərdə millət olaraq formalaşma üçün ən vacib cəhət olan Sabir-anə milli özünütənqid ən yüksək səviyyədə ifadə edilmişdir (Bir çoxlarının maraqlarına uyğun olmasa da...). Əslində bu əsər akademik üslubda və terminalogiya ilə işlənmiş elmi dildə də yazıla bilərdi. Bəlkə də belə olsa, əsərin ərsəyə gəlməsi müəllif üçün daha rahat olardı. Lakin həmin əsər yazılarkən məqsədə müvafiq olaraq cəmiyyətin bütün sinif və alt siniflərinin idraki durumuna uyğun olaraq işlənilmişdir. Əslində “Aloysar” obrazı təkcə heysiyyatsız cəmiyyətdən əzab çəkən müdrik, buna baxmayaraq misgin və bu səbəbdən də məzlum olan bir qoca kişinin yox, “başbilənlər”i vasitəsilə potogen vəziyyətə salınan cəmiyyətin yox, bütövlükdə “məharətli məmurlar”ın xəyanətinə düçar olan bir xalqın obrazıdır. Əsəri təkcə oxuyan yox, həm də dərindən dərk edən oxucular yəqin ki, bunu təsdiq edər. Həm də onu təsdiq edərlər ki, əsərdə ictimai-siyasi həyatımızla bağlı idrak prosesində dərinlikdən zirvəyə doğru yeni düşüncə layları açan, idea və məzmunca yeni üfüq göstərən, xüsusi ardıcıllıqla verilmiş spesifik kodlalaşma mövcuddur.

“Müsəlman və mitinq” məsələsi

Tarixən Quran İslamının həqiqəti ləyaqətli şəxsiyyətlərlə reallaşıb. Dahi Məhəmməd Füzuli “Hədiqətüs-süəda” əsərində qeyd edir ki, “Küfr əhli Həzrəti Peyğəmbərə - dediyin həqiqəti göstər - deyə iddia etdikdə, O, Əlini meydana çəkdi”. Yəni, İslam və Quran öz əhlinin əlində tərəqqi, (Müaviyyə-lərin) naəhlin əlində isə tənəzzül vasitəsi olub, indi də belədir. İslamın gəlişindən bu günədək tarix boyunca müsəlmanların faciəsi İslamı gətirən Mühəmməd Mustafanı və Onun layiq və sadiq ardıcılları, Əhli-Beyt imamları olan şəxsiyyətləri düzgün dərk etməməsindən və dəqiq anlamamasından başlayıb. Hətta mən deyərdim ki, həmin ilahi şəxsiyyətlərə qarşı etinasız olduqlarına və onların qətlinə əl qoyduqlarından... Başqa sözlə “müsəlmanlar” daima görkəmli şəxsiyyətlərini öldürməklə məşğul olublar. Ona görə də, zəif və aciz düşmüş, Qərbin ideoloji-siyasi basqıları qarşısında müqavimətsiz qalaraq hazırkı vəziyyətə şərait yaratmışlar. İslamın zühurundan müasir dövrədək nümunə üçün üç dönəmi xatırlamaq kifayətdir.

I. Bəni-Üməyyənin Peyğəmbər ailəsinə qarşı etdiyi cinayətlər və qətliam.

II. Abbasilərin “İslam dini” adı altında Peyğəmbər nəslinə qarşı etdiyi cinayətlər və qətliam.

III. İraq diktatoru Səddamın Peyğəmbər nəslindən olan Əl-Həkim və Əs-Sədr kimi mötəbər alim ailələrinə qarşı apardığı terror və qətliam.

Tarixən əhali isə öz çadra və əbasının altında gizlənməklə, “namaz”ını qılıb “oruc”unu tutmaqla, vəzifəsinin bitdiyini fikirləşərək özünü aldadıb. Bunun səhv olduğunu və vəzifənin bununla bitmədiyini əməli olaraq bildirmək üçün ayağa qalxan, zülm qarşısında mübarizə aparan Əbuzər Qəffari, Malik Əştər, Hücr ibn Ədi və Muxtar Səqəfi kimi nadir şəxsiyyətlər də yenə tənha qalmış və tənhalıqla da şəhid olmuşlar. İndi də heç nə dəyişməyib. Bu gün də həmin tarixi proses davam edir. Həmin şəxsiyyətlərin elmi-mənəvi irsinə qarşı. Məhz “müsəlmanam” deyənlərin əli ilə. Bax budur əsl həqiqət və əsl reallıq... Qeyd edim ki, bu bizim cəmiyyət üçün də ibrət almalı, nəticə çıxarmalı bir məsələdir.

2003-cü ildən ABŞ-ın İraqı real işğalından sonra öz geopolitik maraqlarının sferasının genişləndirilməsi istiqamətində müsəlman ölkələrinin kütləvi psixoz vəziyyətindən istifadə edərək, mitinqlərə, silahlı qarşıdurmalara, vətəndaş qırğınına sürükləməklə şəhərlər və kəndləri viran qoyan istila hadisəsinə bizim “müxalifətçi”lərin “özünü ifadə”, “etiraz”, “nümayiş” və ya “mitinq”, nə bilim nə adı vermələrinin fərqi yoxdur. Fəqəd ortada inkaredilməz bir fakt var: İslam Şərqi ölkələrində qadın və körpələrdən ibarət ölüm düşərgələri, Azərbaycanda isə (savadsızlıqdan, işsizlikdən oliqarx narkobaronların güdazına getmiş, bir də Qərbin ayırdığı ianələrin, qrantların başını batırmaq üçün “azadlıq”, “istefa” şüarı ilə küçələrə çıxarılan, vətəndaşı olduğu Respublikanın Konstitusiyasındakı hər hansı və ya müvafiq bir maddədən belə xəbəri olmayan) qurbanlıq gənclərin gələcəyini əlindən alan həbsxanalar... Belə halda sual yaranır: -udur sizin mitinq adlandırdığınız oyunlar ???!!!

İmadəddin Nəsimi: yazırdı ki,

“Düşgün insan uşaq kimi rəzil dövran döşlərindən,

Murdar əmər, əmdiyini anasının südü bilər”.

Mən həmin ianə və qrand əmən quruplaşma üzvlərinə bir həqiqəti çatdırmaq istərdim. Əbülhəsən Müəllimin də mütəmadi vurğuladığı kimi, hər hansı bir nümayişdən, mitinqdən və ya inqilabdan əvvəl (əslində daha öncə) hazırkı vəziyyətdən daha mütərəqqi vəziyyəti təmin edə biləcək daha mükəmməl bir ideya və ideoloji mayak olmalıdır. Hətta mən bunu MƏNƏVİ İDEAL adalandırardım. Heç olmasa, ən azı hər hansı bir özünüifadə buketinin və ya tətil aksiyasının öncədən qarşıya qoyduğu bir ideya olmalıdır.

Əlbəttə, bu problemləri öyrənmək, həyata keçirmə metodlarını bilmək üçün “üzərinə dil uzatdığınız” hörmətli filosof Əbülhəsən Abbasovun sistem yanaşmanın fəlsəfi əsaslarına, bütövlük nəzəriyyəsinə, mürəkkəb sistemlər nəzəriyyəsinə, sinergetikaya, funksional zaman-məkan konsepsiyasına, tənqidi-snergetik təəfəkkür konsepsiyasına, ictimai entiropiya nəzəriyyəsinə, Azərbaycan reallıqlarında kütləfi pisixoz fenomeninə dair əsərlərini oxumağınız zəruri idi. Habelə, vurğulamaq istərdim ki, onun işlədiyi idarəetmənin sinergetik fəlsəfəsinə, optimum fəlsəfəsinə, mürəkkəblik fəlsəfəsinə, vətəndaş cəmiyyəti və hüquqi dövlət, milli maraqlar və milli ideologiya, insan haqları və ictimai rəy problemlərinə həsr edilmiş kitab və məqalələri bu gün və gələcək üçün olduqca əhəmiyyətlidir. Hal-hazırda da işlədiyi postneoklassik epistemologiya xüsusi diqqətə layiqdir. İctimai hadisə və proseslərin, sosial-iqtisadi, siyasi-mənəvi və psixoloji durumun, həmçinin, geopolitik mənzərənin və beynəlxalq münasibətlərin təhlili üçün bu epistemologiya əvəzolunmaz idraki silahdır. Yeri gəlmişkən, mən Əbülhəsən Müəllimin elmi fədəkarlığını yanan şamla müqayisə edərdim. Bir çox varlıqlarda olduqca möhtəşəm hikmət və ibrət dərsləri var. Beləki, şam qaranlığı işıqlandırmaq üçün həm yanır, həm qaranlıqdakıların halına acıdığından ağlayır, həm də işıqlandırmanın sabitliyi üçün ömrünü fəda edib, gizli-gizli əriyir... Bax budur alim həyatı.

Müsəlmanların “təəssübkeş”i olan nümayəndələr bilməli və dərk etməlidir ki, İslamın pünhan keçirdiyi üç il müddətdən sonra aşkarlandığı, cəmiyyətə təqdim edildiyi ilk illərdə BÜT HAKİMİYYƏTİnə qarşı hər hansı bir kiçik etirazdan və ya ən böyük inqilab olan Məkkənin fəthindən öncə nəhəng bir ideya, əvvəldə dediyim MƏNƏVİ İDEAL olan QURANİ-KƏRİMin müddəaları ortaya qoyulmuşdu. Deməli nəyisə dəyişmək sizin ən asan vasitə bildiyiniz “urra” şüarı ilə olmur... Vaxtilə (çoxdan bəri) mitinqə çıxanların ortaya qoyduğu konsepsiya nədir və hansı elmi-məntiqi-hüquqi-əxlaqi-mənəvi məzmuna malikdir ???!!! Ona görə yuxarıda qeyd etdim ki, faciə haradan başlayır... Böyük fikir, saleh əməl sahiblərinə münasibətdə biganəlikdən və onlara qarşı mənəvi-psixoloji təcavüzdən və hətta fiziki məhvetmədən.

Hazırda mitinqlərə çıxan müsəlman ölkələrində nə baş verir?! Yaxın illər öncə Misirdən başlamış qan içində ilan kimi qıvrılan, balıq kimi partlayan və sadəcə, İNSANsız coğrafi əraziyə çevrilməkdə olan digər müsəlman ölkələrinə qədər... Hakimiyyət yenə də top kimi ötür-ötürdədir, güc daha da qəddar quvvələrdə, ixtiyar daha da mənfur əllərdədir. Mən bununla heç də bir çoxlarının fikirləşəcəyini demək istəmirəm. Başqa sözlə, movcud vəziyyətimizin qənaətbəxş olması haqda təssəvvür yaratmaq fikrində deyiləm. Sadəcə, mən, siyasətin yalnız hissi idrakla deyil, daha çox rasional idrakla, eyni zamanda, əxlaqi nizam-intizamla bağlı olduğunu, ən vacibi isə xalqın vahid və sabit siyasi şüurunun zəruri olduğunu demək istəyirəm. Müsəlman ölkələrində isə təkcə əhali yox, həm də hakimiyyətə gətirilən quvvələrin özü də nizam-intizamsız və destruktivdir. Başqa sözlə, cəhalət cəmiyyəti məhv edir. Nümunə üçün deyim ki, Almaniyada da özünüifadə, etiraz, tətil və mitinq hadisələri olur. Məsələn, bu yaxınlarda pilotların, maşinistlərinin tətili və mitinqi. Necə baş verdi bu hadisə? Müsəlman ölkələrində olsaydı, indi yəqin ki, hava limanındakı, dəmir yolu vağzallarında qadınlar və uşaqlar öldürülərdi. Digər bir nümunə: ötən illərdə Yaponiyanın üzləşdiyi sünami və atom mərkəzindəki partlayış kimi dəhşətli hadisələrdən ən optimal çıxış yolu ilə çıxa biləcək yalnız yapon xalqı ola bilərdi. Bu, çox ibrətamiz və hikmətamiz bir hadisədir. Yəqin aydındır nə demək istəyirəm. Lakin qeyd edilməlidir ki, ibrət gözüaçıqlar, hikmət isə zəkası itilər üçündür...

Məhz elə hörmətli filosof Əbülhəsən Abbasovun əsas mətləbi bundan ibarətdir. Olmaya elə zənn edirsiniz ki, filosof siz bildiklərinizdən bixəbərdir?! Yox səhv edirsiniz. O, Azərbaycan Respublikası Konstitusiyasını, beynəlxalq “siyasi hüquq və azadlıqlar” və onun fəlsəfəsini bu ölkədə hər kəsdən düzgün və dəqiq bilir. “Dünya dələduzları”nın çıxartdığı oyunlardan da xəbərdardır. Və sadəcə onu da yaxşı bilir ki, (yumşaq desəm) müsəlman mitinq etməyə hazır deyil. Demək, Onun “müsəlman mitinqə çixmasa yaxşıdır” ifadəsinin fəlsəfəsi müsəlmanın mitinqə çıxmazdan öncə kimin və hansı ideya-idealın arxasınca çıxmasını və çıxandan sonra hansı çıxış yolunun seçilməsini müəyyən etməsinin vacibliyini bildirməkdən ibarətdir.

Cənab “cəbhəçi cəsurlar”! Sizin filosofun bu haqlı yanaşmasına qarşı çıxmağınızın özü mitinqə çıxarmaq istədiklərinizi çıxılmazlığa sürükləməyinizdən başqa bir şey deyil. Hörmətli filosofun “müsəlman mitinqlərə çıxmasa yaxşıdır” ifadəsini öz mənasında anlamamağınız və ona rəva və aid olmayan maraqlar istinad etməyiniz sizin fəaliyyətinizin hələ də yalnız hissi idraka söykəndiyindən xəbər verir. Bu isə siyasi elm nöqteyi-nəzərilə absurt bir haldır. Əslində əsl cəhalətdir. Buna cəmiyyət cahilliyi də demək olar. Necəki bu cahillik bir zaman “müsəlmanam paxılam, istəmirəm millətimi” ağısını deyən Seyid Əzimi ayaqlar altında fiziki olaraq məhv etdi. Necəki bu cahillik “harda müsəlman görürəm qorxuram” çağırışını edən və bu çağırışla da müsəlmanın qorxulu gələcəyindən xəbər verən Mirzə Əli Əkbər Sabiri Şamaxıdan daş-qalaqla qovdu. Daha nələr, nələr, nələr...

Görünür Sabirdən üzü bu yana mağarada yuxuya gedən “Əshabi-Kəf” kimi elə yatmışıq ki, bizdə heç nə dəyişməyib. Dəyişən yalnız və yalnız bir şey var. Tənəzzül vektorunun daha da enməsi. Bəlkə də bədbəxlikdən...

“Ustad administrator” məsələsi

Başı bəlalı əhali müstəqillikdən əvvəl də, sonra da, həmişə vasitə olub. Faciə ondadır ki, çox da böyük məqsədlərə yox, məhz “makiavellizm” maraqlarına. Hörmətli filosofun obrazı ilə desəm, əzabkeş “Aloysar” ömrü sürüb. – Sürüb - deyirəm ona görə ki, necə deyim yaşayıb?! Aloysar da yaşamırdı axı. Bəlkə bundan sonra yaşaya. O da, onu badalaq verib yıxmaqla öldürən “çekist”lərin övladlarının qurduğu cəmiyyətin xatirində yox, adı ilə bağlı olan, obrazı yaradılan əsərdə.

Əslində müasir qloballaşma dövründə və dələduz oliqarxiya (sələmçi kapitalizm - Ə.A.) şəraitində müstəqillik və ya milli dövlət məsələsinin özü də xeyli suallar doğuran bir hadisədir. Bu baxımdan onu demək vacibdir ki, müstəqilliyin, müstəqil dövlət anlayışının təməl prinsipi azad şəxsiyyət, hürr lider problemidir. Digər tərəfdən, əgər bu gün hansısa bir qitə təşkilatı başqa bir ölkə üzərinə öhdəliklər qoyursa, beləliklə də onu özü ilə məcburi müttəfiqliyə yönəldirsə, onda nəzərdə tutulan milli və müstəqil dövlət məsələsi, yuxarıda dediyim kimi, qeyri-aidiyyatlı və qeyri-real görünür.

Belə vəziyyətlə Azərbaycanda da uzun illərdir ki, etnopsixologiyaya üstünlük verilən, yerlipərəstliyə, qohumbazlığa əsaslanan, nəticədə taleyüklü ümummilli siyasi amallara deyil, qrup maraqlarına xidmət edən və bir-birini asıb-kəsən partiyalar çeşidlənib. Hələ bir qədər əvvələ qayıdıb faciəli tariximizi varaqlasaq, görərik ki, 1992-ci ilin payızında rəhmətlik Əbülfəz Əliyev Milli Məclisdə öz “kadrlar”ının hamısını ətrafında “huşiyar” edib (ayıldıb), bir neçə konkret adları vurğulayıb dedi: “Hamınız buradasınız..., bəs bu ölkə niyə dağılır” ???!!!

Əlbəttə, bu dağılmanın bir sıra daxili və xarici səbəbləri var idi. Başda sarı qurdlar (ruslar) olmaqla, bu gün öz geopolitik maraqlarını reallaşdıran bir çox xarici kəşfiyyat orqanlarının fəaliyyəti də ən başlıca səbəb idi. Əbülfəz Əliyev də bundan bixəbər deyildi. Çox təəssüf ki, Onun ətrafında başı mədəsində, beyni cibində, qəlbi iblisdə olan çoxsaylı məmur kütləsi, lakin olduqca az sayda vicdanlı və həqiqi vətənpərvər insanlar olsa da, O, tənha idi. Daşıdığı ideya və amal uğrundakı mübarizədə !

Bu məqamda bir haşiyə çıxmaq istərdim. Hələ də kütlə təsəvvüründə belə bir yanlış və patagen fikir var: “Qoydu qaçdı”!!! Mən isə qəti olaraq deyirəm: Yox, qətiyyən yox! Kəsinliklə belə deyildir! Sübut üçün qeyd edə bilərəm ki, O, hələ Sovet KQB aparatının - killer maşını - kimi işlədiyi bir şəraitdə öz milli ideasına, siyasi dünyagörüşünə və bunu intiqal etdiyi (daşıdığı) mühitlərdə müəyyən əməli fəaliyyətinə görə məhkəmə zallarında “məhşər ayağı”na çəkilsə də, öz ideyasının arxasından qaçmamışdır.

O, məhkəmə proseslərinin birində yaylığını açıb hakimin qabağına qoyaraq “qoy indən belə bu yaylığı bu xalqın ən mübariz oğlunu ittiham edən hakim başına örtsün” - deyərək, hakimə hökm oxuyan tələbəsi bir qızın mətanətini görmüşdü. Belə bir milli qeyrət Ona nə vaxtsa milli dövlətin qurulacağına ümid verirdi. Lakin həmin dövlət ərsəyə gələndən sonra dövlət başçısı olaraq Əbülfəz Əliyev Kələkiyə can qorxusundan yollanmadı. Məhz ətrafındakı bir sıra (hakimə hökm oxuyan bir tələbə qız qədər dəyanəti olmayan) qəlbləri iblisdə olan riyakarların çıxardığı hoqqalardan cana doyaraq, tənha qaldığını anladı və Füzulinin “Vəfadan dəm vuran həmdəmləri əhli riya gördüm”... qəzəlini zikr edərək”, başını götürüb doğulduğu ocağa pənah apardı. Elə o gündən də həmin riyakarlar fürsəti fövtə etməyib daha “faydalı partiyalar”a soxulmağa müvəffəq oldular və bir çoxu da hazırkı iqtidar-hakim partiyada məmur qismində təmsil olunur, hətta Milli Məclisdə belə əyləşib oliqarx arxayınlığı ilə mürgüləyirlər.

Nəisə... Onları mürgüdən oyatmadan “ustad administrator” ifadəsindən əndişələnən, Milli Məclisdə mürgüləmək həvəsi ilə alışıb-yanan müxalifətçilərə sadə bir sual verirəm: niyə bu uzun illər boyunca iqtidar olmadınız? Deməli 22 ildir ki, əlində “ələk-fələk” olduğunuz administrator öz işinin ustasıdır ki, sizə bu müddət boyunca məhrumiyyət yaşatmaqdadır. Məgər belə deyil? Hələ də bunu anlamamısınız?!

Yox, əgər belə deyilsə, deməli, onda milli mənafe adı altında öz şəxsi-subyektiv maraqlarınız naminə könüllü siyasi sövdələşməyə getmisiniz. Özü də lap çoxdan. Əgər həqiqətən belədirsə, onda bu siyasi pozğunluqdur və siz xalqa xəyanət etdiyinizə görə cəzaya layiqsiniz. Alimi qəbul etməsəniz də, biləsiniz ki, Aristotel vaxtilə “Siyasət” və “Böyük etika” əsərlərində qeyd edirdi ki, “Pozğunlar ona görə xüsusi olaraq cəzalandırılmalıdır ki, onlar öz pozğunluqlarını könüllü surətdə həyata keçirirlər”. Yəqin bu şərhə ehtiyacı olmayan aydın bir müddəadır.

Hazırkı müxalifətin üç vacib tarixi-siyasi məsuliyyəti var. Buna çıxış yolu da demək olar. Bunlardan ikisi prinsipialdır, üçüncüsü isə birinci və ikincinin həyata keçmədiyi təqdirdə labüddür.

I. Ciddi islahatlar aparmalı; (bu həm ideoloji, həm də siyasi aktyorların tərkibi və funksionallığı istiqamətində olmalıdır).

II. Əhalinin etimadı qazanılmalı;

III. Əvvəlki birinci və ikinci olmadıqda siyasi səhnədən gedilməli. Gedilməlidir həm də ona görə ki, həqiqi müxalifət sistemi formalaşsın.

Müxalifət sisteminə maraqlı olmasa da, qeyd edilməlidir ki, siyasi elmə əsasən, demokratiyanın və hüquqi dövlətin formalaşması üçün müxalifət sistemi, yəni iqtidarda olan partiyanın alternativi olaraq digər partiyalar da xalqın taleyində mühüm əhəmiyyətə malik siyasi institutdur. İllərin siyasi təcürbəsi göstərir ki, hazırkı müxalifət sistemi öz amorf və formallığı ilə bu siyasi sistemin və dövlətin kamilləşməsində önəmli əhəmiyyətə malik olmadı. Ona görə də, öz səmərəsizliyini, (bəlkə də yararsızlığını) etiraf edib siyasi səhnədən kənarlaşmağa doğru gediş nümayiş etdirir. Bu isə o deməkdir ki, yuxarıdakı III variant gündəmə gələcək və xalqın iradəsi ilə tamamilə yeni və funksional siyasi instututların formalaşması məsələsi tarixi zərurət olacaq.

Məsələnin mürəkkəbliyi buradadır ki, hazırda müxalifət iqtidara bağladığı neqativ hadisələrdə özü də xeyli dərəcədə iştirakçıdır və yaxud bu neqativlərə şərait yaradır. Yəni, onlar, bir tərəfdən öz mətbu orqanlarında iqtidar məmurlarının cinayətlərini sadalamaqla məşğul olurlarsa, digər tərəfdən, özlərinin bu prosesdə cavabdehliklərini də anlamalıdırlar. Hakim partiyanın fəaliyyət keyfiyyətinin yüksəldilməsi üçün müxalifətin və onu qanunverici orqanda təmsil edən nümayəndələrin yeri və rolu olmalıdır. Əgər bu yoxdursa, onda həmin müxalifətin cavabdehliyi məsələsi meydana gəlir. Həqiqət və ədalət naminə qeyd etməliyəm ki, (burada adını qeyd etməyi məsləhət bilmədiyim) müxalifət partiyası sədri olaraq Milli Məclisdə bu istiqamətdə konkret fəaliyyət göstərən, dövlət qulluqçularının sahibkarlıq və biznes fəaliyyətinin qanunla qadağanlığı və digər bu kimi məsələləri qaldıran, hüquqi dövlət prinsipini pozan problemlərlə bağlı ali icra hakimiyyətinin başçısına dəfələrlə açıq müraciət edən millət vəkili də var. Mən bir vətəndaş olaraq haqq naminə bu mövqeyi, fəaliyyəti dəstəkliyir və alqışlayıram.

Hörmətli filosof Əbülhəsən Abbasovun bir-iki cümləsinə “həssaslıq” göstərən, daha doğrusu, “ilişən cəbhəçi” nümayəndələr anlamalıdır ki, əgər onlar belə həssas olsaydılar hazırkı iqtidar partiyasının artıq ikinci onilliyinin başlanğıcında səhnədən çəkilərdilər, heç üçüncü onilliyi də müşayiət etməzdilər. Yox, əgər bu heysiyyat yoxdursa, deməli onda doğrudan da, bu, son prezident seçkisindən az sonra müxalifətin məğlubiyyətinə işarə olaraq iqtidarın birinci şəxsi tərəfindən deyilən və ictimaiyyətdə xeyli diqqət çəkən rəzalət məsələsidir. Lakin həmin deyimə məntiqi dəqiqlik gətirmək istərdim. Elmdə hər bir anlayış öz ziddi ilə tanınır və müəyyənləşir. “Rəzalət” ərəb sözü olmaqla, “fəzilət” uca-ucalıq sözünün ziddidir və alçalmaq-alçaqlıq mənasında işlənir. Qeyd edilməlidir ki, rəzalətin-alcaqlığın zirvəsi ola bilməz. Rəzalətin dibi olur. Çünki zirvə fəzilət sözü ilə mütənasibdir. Başqa sözlə, alçaqlığın ucalığı, zirvəsi olmur. Ona görə də mən deyərdim ki, hazırkı müxalifətin üçüncü onilliyi də müşaiyəti rəzalətin dibi ola bilər.

Sonda ən vacib məqam aydın olmalıdır ki, hörmətli filosof Əbülhəsən Abbasova aid edilən hər hansı təmanna və xüsusi maraq söhbəti birmənalı şəkildə absurddur. Heç bunun sübuta da ehtiyacı yoxdur. Xatırladım ki, O, 1990-cı illərin böhranlı vəziyyətində Prezident Aparatında bir müddət praktiki fəaliyyət göstərmiş və Azərbaycanın suverenliyi, ölkənin ərazi bütövlüyünün təmini istiqamətində xüsusən, “ikinci Qarabağ cəbhəsi” adlandırılan şimal sərhədlərinin toxunulmazlığı uğrunda şərəf və ləyaqətlə çalışmışdır. Sizin sərgilədiyiniz mövqe hörmətli filosofun şənindən olduqca aşağıdır.

Fikrimi məhz elə hörmətli filosofun “İdarəetmənin sinergetik fəlsəfəsi: yeni dialoq naminə” adlı əsərindən bir nümunə gətirməklə tamamlamaq istərdim: “Azərbaycanın nə Amerika-İngilis, nə də Rusiya-İran uşaqlarına ehtiyacı yoxdur”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar