İqdırda qalib gələ biləcəyikmi?

Dərc olunub: 02/06/2015 - 13:16

nemetNemət ORUCOV

İyunun 7-də Türkiyədə parlament seçkiləri keçiriləcək. Hazırda əsas seçki rəqabəti iqtidarda olan Ədalət və İnkişaf Partiyası (AKP) ilə müxalifətdə olan Cümhuriyyət Xalq Partiyası (CHP), Millətçi Hərəkat Partiyası (MHP) və kürd toplumunun qurduğu Xalqların Demokrat Partiyası (HDP) arasında gedir.

Müşahidələr göstərir ki, AKP-nin kürd elektoratını daha çox HDP parçalaya bilər. MHP ilə CHP elektoratı eyni olduğundan bu iki partiya arasında qızğın rəqabət mövcuddur.

Lakin bizim üçün daha əhəmiyyətli Türkiyə Böyük Millət Məclisinə İqdırdan kimin deputat seçilməsidir. Çünki İqdır Naxçıvanın yeganə çıxış yolu, Ermənistanla uzun sərhədləri olan rayondur. İndi İqdırda bu baxımdan durum ürəkaçan deyil. Bir neçə gün əvvəl İqdıra etdiyimiz səfər zamanı da gördük ki, burada seçkinin nəticələrindən asılı olaraq durum kritikləşə və ya düzələ bilər.

Əsas mübarizə kürd və azərbaycanlı namizəd arasında gedir

Məlumat üçün qeyd edək ki, İqdırda əsasən azərbaycanlılar və kürdlər yaşayır. Azərbaycanlılar daha çox İstanbul və Ankarada yaşamaq istədiyi üçün gənclər imkan düşdükcə İqdırı tərk edir. Kürdlər isə əksinə, İqdırda saylarını çoxaldır və şəbəkələşərək mütəşəkkil qüvvəyə çevrilir. Məhz bunun nəticəsidir ki, son bələdiyyə seçkiləri zamanı İqdırda kürdlərin namizədi Mehmet Nuri Güneş seçkinin qalibi oldu. Onun qələbə qazanmasının bir səbəbi də AKP, MHP və CHP-nin buradan namizədlərinin azərbaycanlı olması oldu. Belə ki, son anda seçkiyə qatılan üç azərbaycanlı namizəd onlara səs verəcək elektoratı parçaladı və kürdlərin namizədi bələdiyyə seçkisini qazandı. Bundan sonra İqdırda durum azərbaycanlıların xeyrinə olmadı. Məhz bu vəziyyətdən az sonra 2011-ci ildə keçirilən parlament seçkilərində azərbaycanlılar birlik nümayiş etdirərək 27500 səslə İqdırdan Sinan Oğanı millət vəkili seçdi.

Amma yerli camaatın dediyinə görə, S.Oğan deputat seçiləndən sonra İqdırla ciddi maraqlanmayıb və seçicilərlə işləməyib, daha çox Ankarada oturub. Məhz bu səbəbdən azərbaycanlılar indi seçki məsələsinə 2011-ci ildə olduğu qədər prinsipial yanaşmır. Nəzərə almaq lazımdır ki, əgər parlament seçkilərində HDP qalib gəlsə, həm bələdiyyə sədri, həm də deputatlar kürdlərin nümayəndələri olacaq və bu zaman Ermənistanla sərhədlərina açılması məsələsi yenidən gündəmi zəbt edəcək.

Azərbaycanlı namizədlərin çoxluğu HDP-nin namizədini qalib edə bilər

Hazırda MHP İqdırdan İsa Yaşar Tezel və Səfər Qaraqoyunlunun namizədliyini irəli sürüb. Hər iki namizəd azərbaycanlıdır. HDP isə millətcə kürd olan Mehmet Emin Adiyaman və Kiznas Türkali adlı şəxslərin namizədliyini önə çıxarıb. CHP-nin irəli sürdüyü namizəd Adil Aşırım da azərbaycanlıdır, amma son parlament seçkilərində 1300 səs alıb.

AKP isə millətcə kürd olan Cengiz Şeyranın və Ferdi Turanın namizədliyi üzərində durub.
Apardığımız araşdırmalar, müşahidələr göstərib ki, İqdırda qalib gələcək partiya MHP və ya HDP ola bilər. AKP və CHP-nin nümayəndələrinin qalib gəlməsi çətindir. Elə reallıq da göstərir ki, seçkilərlə bağlı HDP və MHP daha çox işləyir. HDP buradan iki deputat çıxaracağına əmin olduğunu artıq ifadə edib. HDP sədri də İqdıra gələrək mitinq keçirib. MHP lideri isə hələlik daha böyük şəhərlərdə seçki aksiyaları təşkil edir, belə görünür ki, İqdıra gəlməyəcək. Ancaq MHP namizədi İsa Yaşar Tezel deyib ki, məqsədləri 30 min səs toplayaraq parlamentə düşmək, İqdırda azərbaycanlıların 10 il əvvəlki status-kvosunu bərpa etməkdir. Bunun üçün isə burada yaşayan azərbaycanlıların səsinin parçalanmamasını təmin etmək lazım gəlir. Hələlik azərbaycanlı namizədlər arasında centlmen razılaşması yoxdur və olması da gözlənilmir. Ümid burada olan azərbaycanlı səslərin bir istiqamətə yönəldəcək nüfuzlu bir liderin məsələyə müdaxilə etməsinə qalıb. Əgər seçkilərdə azərbaycanlı namizədlər önə çıxa bilməsə, əhalisinin yarısının azərbaycanlı olduğu İqdır bizdən bir qədər də aralı düşəcək.


loading...


Fikrinizi bildirin