Akademiya seçkilərində həmişə “zəri qoşalayıb” oynayıblar

Şahlar ƏSGƏROV

Fərəməz Maqsudov və Heydər Əliyev...

Bu günlərdə rəhmətlik prof. Zahid Qaralovun “Heydər Əliyev - milli ləyaqət ölçüsü” adlı kitabının (26.05.15 tarixində) təqdimatı oldu. Kitabın 219–cu səhifəsində elmi elitaya dərs ola biləcək bir əhvalat var:

“Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti olarkən Fərəməz Maqsudovu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti təsdiqlədi. Fərəməz müəllim də “hörmətə-hörmət” nümunəsi nümayiş etdirmək qərarına gəldi. Heydər Əliyevi AMEA həqiqi üzvü seçdi...

Bir gün sonra Prezident Heydər Əliyevin sədrliyi ilə keçirilən YAP İdarə Heyətinin iclasında F.Maqsudov bu “sürprizi” məruzə etdi.

Heydər Əliyev ona diqqətlə qulaq asandan sonra soruşdu: Sən bu işi hansı əsasla görmüsən və məqsədin nədir?

Fərəməz müəllimin cavabı belə oldu ki, Siz buna layiqsiniz, akademiklərdən çox iş görmüsünüz. Siz elmə bizim hər birimizdən qat-qat çox xeyir vermisiniz. Heydər Əliyev hadisəyə çox sərt reaksiya verdi: Mən Akademiyaya üzv seçilmək barədə sizə ərizə verməmişəm, heç vaxt da bu barədə istəyim, niyyətim olmayıb... Sən istəyirsən ki, sənin tabeliyində olum, vaxtımı akademik işlərə sərf edim? Get qərarını da, diplomunu da ləğv elə".

Bu adi həyat hekayəsində də Heydər Əliyevin necə böyük dövlət adamı olması özünü göstərir.

Yalançı elm...

Biliyin vahidinin hamı tərəfindən qəbul olunmuş tərifi olmadığından, elm sahəsində doğru elmlə bərabər yalançı elm də mövcuddur.

“Yalançı elm” həqiqi elmi hörmətdən, gücdən salan faktordur və onun inkişafına ciddi maneçilik törədir. Elmin, alimin hörməti həmişə olduğu kimi, bu gün də yüksək olduğundan, kvazialim və saxta elm də cəmiyyətdə inkişaf edir. Bu neqativ hadisənin qarşısını almaqdan ötəri bəzi ölkələrdə avtoritetli alimlərdən təşkil edilmiş “Yalançı elm ilə mübarizə” komissiyaları mövcuddur.

“Yalançı elm”-ə klassik nümunə Molla Nəsrəddinin lətifələrində də var. Molla şahın eşşəyinə kitab oxumağı öyrətməyi söz verir. Arvadının qorxusuna və etirazına isə lokanik cavab verir: “Narahat olma, on ilə ya eşşək ölər, ya şah, ya da ki, mən”.

Digər bir misal. 1991-ci ildə Rusiya prezidenti Boris Yeltsin Novosibirskə gedir. Rusiya Elmlər Akademiyasının “Yalançı elm” ilə mübarizə komissiyasının sədri, akademik Eduard Pavloviç Kruqlyakovdan soruşur: “Daşdan enerji almaq olarmı?”

Akademik deyir ki, bu mümkün olan şey deyil. “Siz belə düşünürsünüz, mənə məruzə ediblər ki, olar”.

Akademik öz biliyinə şübə etmədiyindən, “Bu halda sizə fırıldaqçılar məruzə ediblər” – deyir.

Bundan Yeltsin hiss edilən dərəcədə inciyir. Vəziyyət gərginləşir. Bu anda kimsə “axı daş da atom kimi tükənməzdir”, söyləyir və gərginliyi bir qədər yumşaldır. Sonralar REA Sibir bölməsinin sədri, akademik Koptyuq Eduard Kruqlyakova soyləyir ki, daşdan enerji almaq probleminə B.Yeltsin 120 milyon rub pul ayırıbmış. Kim bilər ki, bu pullar hara getdi və B.Yeltsinə “daş enerjisi” ilə bağlı kim məruzə edib.

Akademik deyir: Məni problemin özü daha çox narahat edir, nəinki kriminal təzahürü. 120 milyon rubl pul elm adamları ilə məsləhətləşməyə arzusu olmadığı səbəbdən dövlətin itirdiyi pulun çox az hissəsidir.

Hazırda elmə ayrılan maliyyənin xeyli hissəsi kvazialimlərin çürük ideyalarına xərclənir.

Elmdə geriliyin iqtisadi səbəbi

Müsəlman xalqlarının torpaqları o qədər zəngindir ki, onların yeni fikrə, ideyaya ehtiyacı yoxdur. Bu baxımdan da ciddi konservatizm hökm sürür. Ona görə də, yeni fikir söylənilə bilən klub, mərkəz, seminar, elmi tədqiqat mərkəzi, institutlar, akademiyalar yaratmağa ehtiyac olmayıb. Əksinə, yeni fikir söyləyənin dərisini diri-diri soyublar. Bu isə hər sahədə, o cümlədən də elmdə geriqalmaya səbəb olub.

Sənayeləşmə erası başlayandan müsəlman dünyasından fərqli olaraq, Qərb dünyası tərəqqidə, inkişafda, elmdə çox irəliləyib. Qərb dövlətləri iqtisadiyyatlarını sənaye istehsalı əsasında, müsəlman dünyası isə ənənəvi ticarət üzərində qurublar. Sənayenin alimə ehtiyacı var. Tacirlərin elmə ehtiyacı yoxdur. Tacirlərin gözəllərə ehtiyacı var. Mətbuatın yazdığına görə, həmyerlimiz Telman İsmayılov Antalyanın Kundu sahilində inşa olunan “Mardan Palace” otelin açılışına Monika Beluççi, Paris Hilton, Meray Keri, Riçard Gir, Şeron Stoun kimi Hollivud ulduzları, həmçinin dünyanın ən məşhur foto model, maniken və müğənnilərini dəvət etmişdi. Həmyerlimiz akademik dairədən heç kəsi dəvət etməmişdir. Çünki onun alimə ehtiyacı yoxdur.

Elm düzlüyu, həqiqəti, qanunçuluğu, bir sözlə, ciddi həyat tərzini sevər. Ticarətdə kələk, fırıldaq, aldatmaq, qanunun böyründən keçmək də məqbuldur. Burada məqsədə çatmaq üçün hər şey məqbuldur. Bu fərq insan psixologiyasına güclü təsir edib. Bu isə gündəlik davranışdan tutmuş, dövlət işlərinə qədər, hər şeyə təsir edir. Üstəlik Sovet sistemi bizim də psixologiyamızı kifayət qədər deformasiya etdirib. Çünki mümkün olmayan problemin (kommunizm qurmaq) altına girdi, sonra yalan danışmağa məcbur oldu. Bir tərəfdə istehsal və düzgünlük, digər tərəfdə ticarət və yalançılıq durur.

Müsəlman ölkələri orta hesabla ÜDM-un 0,2 %-ni, xristian dünyası isə 5 %-ni elmə və inkişafa sərf edirlər. Dövlət öz büdcəsindən elmə və tərəqqiyə böyük məbləğlər ayırır. Daha böyük pulları sənaye nəhəngləri firmalar, özəl şirkətlər ayırırlar. Maşınqayırma, elektrotexnika, aviasiya, elektronika və digər sənaye sahələrinin elmə və təhsilə dəstəyi çox böyükdür. Misal üçün, ABŞ-ın “Bell Telefon Company”, “Apple”, “Hewlett-Packard”, IBM, “Intel”, “General Motors”, Cənubi Koreyanın “Samsung”, Yaponiyanın “Sharp” və digər şirkətlər elmə lazımı qədər sərmaya yatırırlar. Bu firma və şirkətlərdə elmi-tədqiqat, təcrübi-konstuktor mərkəzləri fəaliyyət göstərirlər, böyük alim ordusu cəlb edilir. Çox təəssüf ki, müsəlman dünyası təhsil və elmin maliyyələşməsində belə qaynaqlardan məhrumdur, çünki sənaye və istehsal sahələrində belə məşhur firmalar yoxdur və yaranmır. Sadə bir misal. Əgər biz bayramlarda, xeyir işlərdə əzizlərimizi təbrik üçün Holland qızıl gülləri alarıqsa, yerli qızılgül, biologiya elmi və onun texnologiyası inkişaf edərmi? Yeri gəlmişkən, əgər biz başımıza qoymaq üçün xaricdə istehsal olunan papaq alarıqsa, yerli papaq ustaları yaranarmı?

İdarəetmə

Akad. Y.D.Xariton deyir ki, “Elm ordu deyil, burda əmrlə az şeyə nail olmaq olar. Elmi yaradıcılığın ən effektli idarəetmə rıçaqı problemlərin demokratik müzakirəsidir”.

Yeni dövrün tələbinə cavab vermək üçün elm və təhsil yeniləşməlidir. Mənim qənaətimə görə, təhsildə reforma aparmaq olmaz. Burda yeni dövrün tələblərinə uyğun modernləşdirmə aparmaq olar. Çünki təhsilin yaşı Misir piramidalarının yaşından çoxdur. Akademiyada isə modernləşdirmə heç nə verməz. Burda hökmən reforma lazımdır. Çünki bizim akademiyamızın yaşı 1945-ci ildən hesablanır. Ə.Zevayla görə üc sahədə (təhsil, idarəetmə və hüquqi bazada) reformaya ehtiyac var. Təhsil və hüquqi baza ilə bağlı yuxarıda söhbət getdi.

İdarəetmənin hikməti böyükdür. Amerikalı alim Gary Hamel idarəetməni son yüz ilin beş ən vacib kəşflərindən (social) biri sayır. Yaxşı idarə edə bilsən, elm xeyir verər, pis idarə edərsənsə ancaq pul yeyər. O yerdə ki, elmin uğuru yoxdur, demək orda idarəetmə düz qurulmayıb.

Bu günkü elm qurumu olan Elmlər Akademiyası Sovet dövrü üçün çox optimal özünü idarəedən bir təşkilat idi. Akademiyanın yaşadığı tarixdən bir misal çəkmək istəyirəm.

Kamran Bağırov və İbrahim İbrahimov

1987-ci ilin Elmlər Akademiyasının illik yığıncağında Azərbaycan KP MK-nın birinci katibi Kamran Bağırov da iştirak edir. Yığıncaqda əvvəllər respublikanın rəhbəri olmuş akademik İmam Mustafayevin şəxsi işi qaldırılır. Birinci cərgədə İmam Mustafayev, Mirzə İbrahimov və digər nəhənglər otururlar. K.Bağırov çıxışında İmam Mustafayev haqqında kəskin danışır. Bu məqamda akademik İbrahim İbrahimov çəliyini yerə vura-vura ayağa qalxıb tribunaya tərəf gəlir və üzünü Kamran Bağırova tutaraq deyir:

“Siz özünüzə hesabat verirsinizmi ki, hardasınız. Elmlər Akademiyası özünü idarəedən bir təşkilatdır. İmam Mustafayev kimi şəxsiyyətlər bu millətə lazımlıdır”. Bunu deyib tribunadan düşür.

Akademiyanın belə vaxtları da olub. Akademiyada hakimiyyət 80-lərin əlinə keçdikcə vəziyyət dəyişdi.

Bu gün bu strukturun həm formaca, həm də məzmunca islahata ehtiyacı var. Bu səbəbdən də elmi mərkəzlər yavaş-yavaş ali məktəblərə tərəf səmtləşirlər. MDB məkanının bir çox dövlətlərində Təhsil Nazirliyi, ELM və Təhsil Nazirliyinə çevrilib.

R.Taqorun bir fikrində deyilir ki, “qurumuş çay öz keçmişinə məftun olmamalıdır”. Amma biz bu günkü durumu yaddan çıxarıb, elmimizin keçmişi ilə qürurlanırıq.

Bu gün dünya elm səhnəsində yerimizi, koordinatlarımızı düzgün müəyyənləşdirməliyik ki, biz hardayıq? Bunun üçün ilk növbədə səhvlərimizi araşdırmalıyıq və qəbul etməliyik. Səhvi qəbul etmək problemin həllinin yarısıdır. Yerimizi müəyyənləşdirdikdən sonra dünya elm mərkəzinə tərəf baxmalıyıq.

Birinci növbədə reformaya ehtiyac olan sahə Akademiya üzvlüyünə seçimdir. Çünki mövcud qaydalarla ən qüdrətli alimin Akademiya üzv seçilməsi müşkül işdir. Obyektiv seçim aparmaq qeyri-mümkündür. Şəxsi maraqlar imkan vermir. Burda subyektiv maraqlar aparıcıdır. Yerliçilik, dostbazlıq, qohumbazlıq, “hörmətə-hörmət” və bunun kimi ictimai mənafeyə zidd olan feodal təfəkkür buna imkan vermir.

Məhz bu cür sağalmaz xəstəliklərə düçar Akademiyalar dünyada çox azdır. Ancaq çıxış yolu da var. Azərbaycan Prezidenti cənab İlham Əliyevin “Elm müstəqil Azərbaycanın dövlət siyasətinin prioritet sahələrindəndir” - kəlamı Akademiya üçün böyük dəstəkdir, ümid işığıdır. İnanıram ki, AMEA-nın indiki prezidenti akad. Akif Əlizadə bu dəstəkdən istifadə edərək bu elm qurumunda ciddi islahat apara bilər. Elə etmək olar ki, Azərbaycanı idmançılar kimi elm adamları da dünyada şöhrətləndirər. Akademiyanı elə vəziyyətə gətirmək lazımdır ki, Əli Əmiraslanov, Emin Tağıyev, Eylaz Babayev, Oqtay Hüseynov kimi alimlər də AMEA-ya üzv seçilə bilsinlər. Bu addımlar Akademiyanın sanbalını çox artıra bilər.

Akademiyaya seçim elə aparılır ki, nəticədə 20% -lərin yox, 80%-lərin sayı artır. Akademiyanın tədricən korlanması sadə sxem əsasında reallaşırdı. Hər seçki zamanı “hörmətə-hörmət” prinsipi işə düşür, nəticədə akademiya seçkidən seçkiyə şişir və elitarlığını itirir. Beləliklə, say qalxdıqca keyfiyyət düşür.

Bu vəziyyəti filosof Firudin Köcərli belə dilə gətirir: “Mən görməmişəm ki, seçkilər zamanı kimsə 100 % səs alsın. Hesablama komissiyasının sədri papkaları götürüb zaldan çıxır. Zala qayıdandan sonra elan edir ki, Filankəsov Flankəs seçildi”.

Akademiyaya seçkilərdə həmişə əyintilər olub. Akademiya seçkilərində həmişə “zəri qoşalayıb” nərd oynayıblar. Zəri qoşalayıb nə nərd oynamağın, nə də Akademiyaya seçki aparmağın əhəmiyyəti yoxdur.

Müasir dövlətin və şəxsiyyətin taleyində elmin oynadığı rolu düzgün qiymətləndirənlər, bu faktoru diqqət mərkəzində saxlayırlar və belə oyunlara getmirlər.

Alimin cəmiyyətdə yeri

Alimləri eşidin, onlar bu dünyanın işığı, axirətin nurudur.

Hz. Məhəmməd

Qərb cəmiyyət həyatı bütövlükdə elm müstəvisi üzərində oturub. Mənim qənaətimə görə, tərəqqi iqtisadiyyatın zamana görə birinci tərtib törəməsidir. Yəni zaman artdıqca, iqtisadiyyat artırsa deməli tərəqqi var. Sabit tərəqqi də gerilikdir. Zaman keçdikcə tərəqqi də tərəqqi etməlidir, yəni onun sürəti olmalıdır. Tərəqqini sürətləndirən faktor texnologiyadır. Texnologiya iqtisadiyyatın zamana görə ikinci tərtib törəməsidir. Texnologiya termini geniş istifadə edilsə də, müşahidələr göstərir ki, bu termin düzgün başa düşülmür. Bu anlayışa qısa belə tərif vermək olar: Texnologiya - təbiət qanunlarının (fizika, kimya, biologiya və dig.) süni obyektlərin hazırlanmasına təşkilidir.

Tərəqqinin təcili və ya texnologiyanın inkişaf sürəti elmi təyin edir. Elm tərəqqinin təcilidir. Elm iqtisadiyyatın zamana görə üçüncü tərtib törəməsindən asılıdır. Elmi fərdlər inkişaf etdirirlər. Deməli, inkişafın mərkəzində alim durur. Demək elmin inkişaf etməsi üçün əsas şərt iqtisadiyyatın xətti yox, qeyri-xətti inkişafıdır. Bunu isə ancaq alimlər edə bilər.

"Qurani Kərim"də bildirilir ki, axırıncı Peyğəmbərdən sonra insanlığın qarşısında çıxan sualların cavablarını alimlər verəcək və zəmanənin alimləri öz dövrlərinin Peyğəmbərləri kimi dəyərləndiriləcəkdir. (Moderator.az)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar