Avropada da alınmadı?

Hüseynbala SƏLİMOV

Bizim ölkənin özəlliyi, bəlkə də lap qəlizliyi ondadır ki, hökumətin toplantıları belə siyasi bəyanatlarsız keçinmir. Belə toplantılardan biri də bir neçə gün bundan əvvəl olmuşdu...

Onun sosial-iqtisadi tərəfləri haqda artıq yazmışıq. İndi növbə toplantının siyasi tərəfləri haqqındadır. Bəri başdan deyək ki, Avropa Oyunları ərəfəsində Almaniya bundestaqının Azərbaycanla bağlı qəbul etdiyi “qətnamə” yumşaq şəkildə desək, gülünclük idi...

Azərbaycanda hansı dini haqlar pozulur? Kimin dini azadlıqları tapdanır? Biz də bu ittihamları tamam yersiz hesab etmişdik və bu haqda da yazmışdıq ki, əgər Türkiyə və bir azacıq da olsa, Azərbaycan olmasa, müsəlman dünyası çox, olduqca sönük görünər...

Bəli, Azərbaycanda problemlər var, söz azadlığı, siyasi azadlıqlarla bağlı problemlər mövcuddur. Amma hər şeyi öz adı ilə çağırmaq lazımdır. Yoxsa durub hansısa dini haqların pozulduğunu iddia etmək ədalətsizlik olardı...

Amma buna baxmayaraq Avropaya arxa çevirməyin də qətiyyən tərəfdarı deyilik. Düzdür, bu gün demək ki, bütün inkişaf yalnız Avropadadır və yalnız oralarla bağlıdır, belə yanaşma heç də düzgün olmazdı. Çin, Yaponiya, Cənubi Koreya və cənub-şərqi Asiya ölkələri Avropa deyil, amma çox böyük iqtisadi göstəricilər nümayiş etdirirlər...

Əslində hamıdan birinci Avropa mifini Yaponiya dağıtmışdı. Bu ölkə sübut etdi ki, Avropanın coğrafi, siyasi-iqtisadi, hətta mədəni-kültürəl sərhədlərindən də kənarda inkişaf, özü də böyük inkişaf mümkündür. Amma onlar bunu necə etdi? Onlar Qərb ölkələrindəki modellərin özəlliklərini götürdülər, sübut etdilər ki, kapitalizm heç də Maks Veberin iddia etdiyi kimi yalnız Avropa protestant etikası ilə bağlı deyil...

Burada səmimi etiraf edirəm ki, Avropa Birliyilə assosiyasiya sazişləri imzalananda mən bir az məyus olmuşdum. Ona görə ki, biz sazişin yalnız viza ilə bağlı hissəsinə imza atmışdıq. Amma bu gün Ukraynada baş verənləri görəndə deyirəm ki, nə yaxşı ki, viza razılaşması ilə kifayətlənmişik...

Bu vaxt ərzində AB ilə assosiasiya sazişinin onu imzalayan ölkələrə nə verdiyini görmək mümkün olmayıb, amma Rusiyanın həmin sazişin qisasını necə aldığını hamımız əyani şəkildə gördük...

Ukrayna ilə bağlı aydındır. Elə Moldova da çox səksəkəli günlər yaşamaqda davam edir. Gürcüstanda isə separatçı rejimlər sərhəd dirəklərini ölkənin içərilərinə doğru çəkməkdə davam edirlər. Qərəz, olduqca qəliz və müəmmalı vəziyyətdir...

Ona görə də hər dəfə bir sual verməli oluruq. Bəs Avropdan nə götürmək olardı? Bu gün Yunanıstan çətin böhran yaşasa da, Avropanın iqtisadi modeli çox çevikdir. Bəli, bu gün bəziləri Avropadakı demokratiyanı “təftiş” etmək fikrinə düşsələr də, bu model də olduqca diqqətəlayiqdir...

Bəli, Azərbaycanın Avropaya maddi, necə deyərlər, real yaxınlığı Rusiyanı möhkəm qıcıqlandırır. Elə bu səbəbdən də Avropa ilə institusional yaxınlaşmanı özümüzü qorumaq naminə bir az məhdudlaşdıra bilərik. Amma Avropanın siyasi-iqtisadi modellərini və dəyərlərini götürməyə nə problem?..

Amma götürmürük, üstəlik, baxıb görürsən ki, Avropa hərəni bir “rakurs”dan qorxudur. Əgər biz Avropa ilə institusional yaxınlaşmanı, Avropaya bilavasitə inteqrasiyanı Rusiyaya görə azacıq məhdudlaşdırmağı təklif ediriksə, hakimiyyəti daha çox Avropanın siyasi dəyərləri çəkindirir...

Ona görə də demək olar ki, Avropaya inteqrasiya istiqamətində guya milli-mental çətinliklərin olması əslində uydurmadır. Bizim hakimiyyət Avropanı istəmir, daha doğrusu, istəmirlər ki, ölkə Avropaya inteqrasiya etsin. Amma digər məsələlərdə özləri Avropadan ötrü sinov gedirlər...

İndi son vaxtlar Asiya istiqamətində inteqrasiyadan danışırlar. Şanxay Əməkdaşlıq Təşkilatının toplantısında məlum oldu ki, Azərbaycan da həmin Birliyə biganə deyil...

Nə demək olar? Təbii ki, Avropadakı inteqrasiya prosesləri Asiyaya da təsir edir. Amma sual yaranır. Bu Birliyin “lokomotivi” hansı ölkə olacaq? Sözsüz, ağla gələn ilk ad Rusiyadır. Bəli,

Rusiya buna iddialıdır. Amma bu “qatar”ın bizi hara sürükləyəcəyi də bəllidir...

Fəqət, yenə də hesab edirik ki, Şanxay Əməkdaşlıq Təşkilatına da maraq göstərmək olar...

Amma bircə şərtlə. Hara gedirsən get, gərək, bir amalın olsun: o da budur ki, bu birlik mənim ölkəmə nə verə bilər?..

(Musavat.com)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar