Oğlum niyə rus qızlarından xoşlanır?

Rüfət ƏHMƏDZADƏ

(“Seçilənlər” silsiləsindən 1-ci yazı)

Sovet İttifaqı gənc nəsillərə Lenin və Stalin sevgisi aşıladığı vaxtda, ABŞ dünyanı öz rok-n-rollu və komiksləri ilə “işğal etməyə” başladı. Daha sonra yeni janrlar, metal rok, rep, “Rambo”, “Terminator” və “Ayda gəzən” Maykl Cekson...

Maykl Ceksonun rəqsi SSRİ üçün gözdağı idi... O, Ayı fəth edən kapitalist dünyasını təmsil edirdi... Ceksonun ürəyi belə istəmişdi, dərisinin rəngini də dəyişdirmişdi. Amma bu, onun zəif yeri oldu – çünki Moskvadan bu “rəngdəyişmə” əməliyyatı ABŞ-ın quldarlıq ruhunun təzahürü kimi anlaşılırdı.

Amerikanın başqa qəhrəmanları da var idi: “Superman”, “Batman” və digər qırılmışlar.

Bu, amerikalılarda “dünyanı xilas edən qəhrəman” ruhunu bərkitmiş oldu. Vyetnam müharibəsindən sonra xeyli sarsılan bu “qəhrəman ruhu” ABŞ-ın Yaxın Şərqə soxulması, “Körfəz müharibəsi” öncəsi çox faydalı oldu. 1980-ci illər boyunca usanmadan-yorulmadan superqəhrəmanların təbliğinə ayırılan vəsait və enerji özünü 1990-cı ildə doğrultdu, 2000-ci illərdə isə İraq və Əfqanıstanda təkrarən təsdiqləndi.

Yeni qəhrəmanlar da yetişir: “İronman”, “Captain America”... “Qisaçı”lar tayfası.

Bu “qisasçı”lar ikinci dünya müharibəsindən bəri tamamilə əldə olunmayan hegemonluğu Amerika xalqına qazandırmaq üçün “durmadan çalışırlar”. 2010-cu illərdə fantastik filmlərin sürətlənməsi, “qəhrəman amerikalı” obrazlarının sayının artması ondan xəbər verir ki, ABŞ 2020-ci illərə doğru böyük müharibələrə hazırlaşır. Superqəhrəmanlar supermanqurtlar yetişdirmək üçün yaxşı vasitədir.

Amma SSRİ-nin kommunist rejimi də tam olaraq boş oturmamışdı. “Nu Poqodi” cizgi filminin nəticəsidir ki, bugün bütün türkdilli postsovet ölkələrində kökünəqayıdış problemi istehsasız, kinayəsiz ötüşmür. Sovet dövründə doğulub-böyüyən nəsil Canavar (bozqurd) obrazına birmənalı yanaşa bilmir. O, öz soykökündə riyakar, fərsiz bir totemi görür. Amma rusları simvolizə edən ayı isə həmişə SSRİ animasiyalarında xeyirxah, xoşxasiyyət, ağıryerişli, hətta müdrik kimi təsvir olunub...

Rusiyanın neoimperialist təbliğatında "Maşa i Medved" cizgi filmi də xüsusi yer tutur. Rusiyada yaxşı bilirlər ki, dünyaya hamıdan çox neft-qaz ixrac etsələr də, yenə də bu dövlət hamı üçün rus qızları ilə yada düşür.

Alyaskadan İndoneziyaya qədər gözəllikdə "rus qızı" trendi var. Hətta ksenofobiyaya rəğmən, Rusiyanın əsas silahı və sərvəti qızları hesab olunur.

Ayı isə Rusiyanın simvoludur. Balaca, şıltaq rus qızı və xeyirxah ayı keçmiş SSRİ ölkələrinin yeni nəslini cəlb etmək üçün yaxşı vasitədir.

Uşaqlıqdan övladlarımızın altşüurunda rus qızlarına maraq və "Xeyirxah ayı"ya doğmalıq formalaşdırılır. Bu cizgi serialı bütün MDB ölkələrində məşhurdur, hətta xarici dillərə də tərcümə olunur... Əsas məqsəd rusiyapərəst toxumlar səpməkdir.

Bu, heç də pis alınmır. Oğlum 2 yaşın içindədir. Sarışın rus qızı görən kimi çiçəyi çırtlayır. “Maşa i Medved”siz evimizdə vaxt keçmir. Keçsə də, o vaxt Metenin yatdığı vaxtdır.

İndi keçək özümüzə, baxaq görək nəyimiz var? Kənddən çıxan çoxbilmiş Cırtdanımız? Divimiz, təpəgözümüz… Dədə Qorqudumuz? İgidlərimiz, alplarımız – ömrü boyu bir-biri ilə didişən…

Ən yaxşısı, Həccə gedən tülküdür…

Öz aramızdır, bizim cizgi filmləri yetərincə maraqlıdır… Amma barmaqla sayılası qədərdir. Ələ tutub öyünməli, “bununla uşaq böyütmək olar” deyəcəyimiz cizgi seriallarımız yoxdur. Nağıllarımız isə çox qorxuludur.

Nədənsə, hamısında padşahın qızı “əsas priz”dir. Kasıb isə əlləşib-vuruşub divin başını kəsməlidir… Əəə, yaxşı görək, ondansa “Maşa i Medved”ə baxıb gülərik….

Heç olmasa, o cizgi filminə baxanda uşaq sakit durur, evi dağıdıb-tökmür.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar