Bəs Nadir Ağayev niyə işdən qovulmamışdı?

Etibar Əliyev

Təhsil eksperti, fəlsəfə doktoru

“Fillər döyüşəndə, zərər çəmənliyə dəyir”.

Afrika "ata sözü”

Sumqayıt şəhərinə icra başçısı təyin olunan Zakir Fərəcov şəhərin Təhsil Şöbəsi müdirini işdən azad edib. Saytların birinə müsahibə verən sabiq şöbə müdiri əvəzi Vaqif Ələkbərov çıxarılmasını belə izah edib:

“Bəli, müşavirə keçirildi və vəzifəmdən uzaqlaşdırıldım. Sumqayıtın təhsil sahəsində geri qalması, ali məktəbə qəbulda zəif nəticələrin olması, işdə zəif nəticələr göstərməyim buna səbəb kimi göstərilib. Hər halda o, araşdırma aparıb və nəticələrə əsasən qərar verib. Hazırda müvəqqəti olaraq Sumqayıt Şəhər Təhsil Şöbəsi metod kabinetinin direktoru Sabir Məmmədova həvalə olunub. Bu gün işimdən kənarlaşdırılmışam. Hələlik qarşıdakı fəaliyyət barədə düşünməmişəm. Müəllim işləmişəm, yəqinki müəllimlik fəaliyyətimi davam etdirəcəm”.

Son illər Azərbaycanda minlərlə məktəb tikilib və əsaslı təmir olunub, müəllimlərin əməkhaqqı yüksəldilib, müəllim hazırlığına diqqət artırılıb, orta təhsildə təmayülləşmə prosesi gedir, direktor olmaq istəyənlərə xüsusi təlim kursları keçilir, yeni fənn proqramları üzərində işlər aparılır, fənlər üzrə nümunəvi olimpiadalar keçirilir. Bütün bu işlər Təhsil Nazirliyi tərəfindən görülür. Ancaq bu qurumun razılığı olmadan, Təhsil Şöbəsinin müdirini İcra Hakimiyyətinin başçısı iclasdan və işdən qovur. Yuxarıda sadaladıqlarım nə, bu nə?

Yaxşı belə çıxır ki, təhsil şöbə müdirinin təyinatında Təhsil Nazirliyindən razılıq alınır, çıxarılmasında yox! Əcəb paradoksdur.

Sumqayıtın sabiq Təhsil Şöbəsinin müdiri deyir ki, başçı təhsilin səviyyəsinə görə onu işdən qovub.

Bəs onda Abşerondan Sumqayıta gələn başçının köhnə məkanında təhsilin səviyyəsi necə olub? O, Abşeron təhsilinin biabırçı vəziyyətinə görə Nadir Ağayevi niyə çıxarmırdı?

Sumqayıt təhsilinin səviyyəsi ilə Abşeron təhsilinin səviyyəsi arasında Yerlə Göy qədər fərq var!

TQDK-nın bu tədris ili üçün elmi-statistik təhlili hazır olmadığı üçün, 2014-2015-ci tədris ilinin nəticələrinə baxaq:

Ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə göstərmiş abituriyentlərin bölgələr üzrə sayı cədvəlində Sumqayıt şəhəri Bakı şəhərindən sonra 2-ci yeri tutur.

Sumqayıtda orta məktəbləri bitirən və qəbulda iştirak edən 2549 abituriyentin 341 nəfəri 500-dən yuxarı, 129 nəfəri isə 600-dən yuxarı bal toplamışdır.

Abşeron rayonun orta məktəblərini bitirən və qəbulda iştirak edən 1293 abituriyentin 102 nəfəri 500-dən, 30 nəfəri isə 600-dən yuxarı bal toplamışdır.

Abituriyentlərin sayına nəzərən yüksək ballıların faizi çox olan təhsil müəssisələrinin cədvəlində Sumqayıtdan 4, Abşeron rayonundan 1 orta məktəbin adı var.

Abituriyentləri imtahan fənləri üzrə yüksək nəticə göstərən məktəblərin cədvəlində:

“Ana dili”, “Ədəbiyyat”, “Riyaziyyat”, “Fizika”, “Kimya”, “Biologiya”, “Tarix”, “Coğrafiya”, “İngilis dili” fənləri üzrə 15 orta məktəbin içərisindən Abşeron rayonundan 1 orta məktəbin adı yoxdur. Ancaq həmin cədvəldə “Ana dili” fənnindən Sumqayıt şəhərinin 4 məktəbinin, “Ədəbiyyat” fənnindən 1 məktəbinin, “Riyaziyyat” fənnindən 3 məktəbinin, “Fizika” fənnindən 4 məktəbinin, “Kimya” fənnindən 4 məktəbinin, “Biologiya” fənnindən 2 məktəbinin və s. adı var.

Şagirdləri buraxılış imtahanlarında hər iki fənn üzrə birlikdə yüksək nəticə göstərən məktəblər (9-cu sinif şagirdləri) cədvəlində:

Bu cədvəldə 40 məktəb içərisində Sumqayıtın 5 məktəbi, Abşeronun 0 (sıfır) sıfır məktəbi yer alıb.

Şagirdləri buraxılış imtahanlarında hər iki fənn üzrə birlikdə yüksək nəticə göstərən məktəblər (11-ci sinif şagirdləri) cədvəlində:

Bu cədvəldə 40 məktəb içərisindən Abşeronin 0 (sıfır) məktəbi, Sumqayıtın isə yenə 5 məktəbi yer alıb.

Ötən tədris ilinin qəbul imtahanlarının nəticələrinə görə, Abşeron rayonunun 662 məzunu (1597 məzundan) tələbə adını qazanıb.

0-200 bal toplayanlar 50,43%, 500-dən yuxarı bal toplayanlar isə 7,81 faiz olmuşdur.

Rayon abituriyentlərinin “Riyaziyyat”, “Fizika”, “Kimya” və “Coğrafiya” fənləri üzrə göstəriciləri Respublika üzrə orta göstəricilərdən aşağıdır.

Rayonun attestat qiymətləri əla olan abituriyentlərinin 4,21%-i 200 baldan aşağı nəticə göstərib. 500 baldan yuxarı nəticə göstərərək məktəb nailiyyətlərini təsdiq edənlər isə 41.05 %-dir.

Sumqayıt şəhər abituriyentlərinin qəbul imtahanlarında topladıqları orta bal respublika üzrə orta göstəricidən 14,3% yuxarıdır.

Qəbul imtahanlarının nəticələrinə görə, şəhərin 1480 məzunu (2549 məzundan) tələbə adını qazanıb.

0-200 bal toplayanlar 42%, 500-dən yuxarı bal toplyanlar isə 13,38 faiz olub.

Şəhərin attestat qiymətləri əla olan abituriyentlərindən 200 baldan aşağı nəticə göstərən yoxdur. 500 baldan yuxarı nəticə göstərərək məktəb nailiyyətlərini təsdiq edənlər isə 74.07%-dir.

Müqayisədən göründüyü kimi, Abşeron məktəblərində qiymət şişirdilməsinə yol verilir. Və rayonun “Riyaziyyat”, “Fizika”, “Kimya” və “Coğrafiya” fənləri üzrə göstəriciləri respublika üzrə orta göstəricilərdən aşağıdır.

Görəsən təhsili yaxşı bilən Zakir müəllim nə əcəb Nadir Ağayevin Abşeron rayonunun təhsilini yaman günə qoymasından xəbərsiz olub? Bəlkə cənab Başçı işə çox emosional başladığından müqayisə aparmayıb? Bəlkə illərdir ki, Nadir Ağayev onu aldadırmış? Nə desəniz olar..

Bu tədris ilində də Sumqayıt təhsili Abşeron təhsilindən xeyli irəlidədir. Ancaq nə faydası, Başçının öz meyarı, öz arşını var...

P.S. Bu tədris ilində Sumqayıt məktəblilərindən biri 700 bal nəticə göstərib. Onu təbrik etməkdən başqa əlacımız qalmır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar