Erməniyə görə yaşayan azərbaycanlı

Rüfət Əhmədzadə

(“Seçilənlər” silsiləsindən 2-ci yazı)

Hər şey sentyabrın 10-dakı qətnamədən başladı... Xeyr, əslində hər şey həbslərdən başladı. Həbslər olub, olacaq və hətta deyək ki, olmalıdır. Kiminsə gözünün odunu almaq, kimisə həyəcanlandırmaq üçün... Bəs necə?

Uzun illərdir gəl-getlər, səfərlər, xahiş-minnətlər ilə tək-tük adam azadlığa qovuşa bilib, vaxtaşırı bayramlarda-zadda ailələr sevinib...

Amma son qətnamə bəzilərinin təbirincə desək, “kuliminasiya nöqtəsi” idi. Yenə də “amma” deyəcəm və “əslində” ilə keçid alacam ki, bu qətnamə mahiyyətcə əvvəlkilərdən fərqlənmirdi.

Avropa Parlamenti tövsiyə edir... başqa heç nə.

Bakı isə çox sərt reaksiya verir. Strateji tərəfdaşlıq üzrə danışıqları kəsir, Avropa Komissiyası nümayəndələrinin Bakı səfərini təxirə salır, Aİ səfirini XİN-ə çağırıb uşaq kimi danlayır... Bizi belə qazlı edən ancaq qazımızdırmı? Ya bu qazdan “biccə dənə” bizdəmi var?

Vaxtaşırı bəzi avropalı siyasətçilər öz mətbuatları üçün yağmadan guruldayır, özlərini dünyada insan hüquqlarının keşikçisi kimi göstərirlər... Amma Azərbaycanda tamam başqa cür olurlar.

Bakıda keçirilən bəzi beynəlxalq tədbirlərdə müxbir olmuşam. Həqiqətən də, bir çox avropalı qonaqlar elə bilir ki, Azərbaycan xalqı əla yaşayır. Xarici avtomobillər, brend geyimlər, ən son model smartfonlar...

Avropalı nə bilsin ki, “iPhone”un təzə seriyası çıxan kimi banka kredit növbəsinə yazılan azərbaycanlı gənc günlərini ona-buna “vızov” atmaqla keçirir?

Həmçinin avropalı qonaqlardan biri Bakıda çox restoran və kafenin olmasına diqqət çəkmişdi. Tələbat var, təklif var, deməli, pul da var....

Bu başqa məsələ.

Bir tərəfdən də Polşadan olan bir ali məhkəmə nümayəndəsi ilə söhbətimdən xatırlatma edim (adını çox çalışdım, xatırlaya bilmədim): “Azərbaycanın şansları və perspektivləri həqiqətən də Ermənistandan daha çoxdur. Əgər Azərbaycan inkişaf etmək istəyirsə, ən əsası Ermənistanla eyni vəziyyətdə olmaq istəmirsə, mütləq tövsiyələri nəzərə almalıdır. Burda qorxacaq, əsəbiləşəcək heç nə yoxdur. Demokratikləşmə sizə faydalı olacaq”.

Bu sözlərin oxşarını çox avropalıdan eşitmişəm.

Lakin tədbirlərdə mikrofon yandırıldıqda Azərbaycanın demokratiya yolunda uğurla irəliləməsindən danışırlar. Sonra isə... qonaqlıq, bahalı araqlar, qara kürü... və s.

Yaxşı, biz özümüz də buna inanırıqmı?

Doğrudanmı biz qətiyyətlə irəliləyirik bu andıraqalmış demokratiya yolunda?

Bəlkə, əslində sosial, siyasi və iqtisadi cəhətdən Ermənistandan da betər günə qalmaq təhlükəsi ilə üz-üzəyik... Yoxsa, bizə lazımdır ki, Ermənistanı daha çox qınasınlar, bizi çox tərifləsinlər?

Axı biz azərbaycanlılar dünyada nəyə görə, kimə görə yaşayırıq?

Ermənilərə görəmi?

Yaxşı, başa düşdük – Ermənistan düşmən dövlətdir (diplomatik dildə desək: müharibə vəziyyətində olduğumuz işğalçı dövlət), bəs niyə biz inadla hər gün daha çox düşmən qazanmağa çalışırıq?

Bizim bu “qətiyyətli diplomatiyamız” bizi hara aparır, çox izah etməyə ehtiyac yoxdur...

Əlbəttə, şimalda “o boydana” dostumuz var, yeni “Armata” tankını bizimçün hazırlayır. Ya bizə sırıyacaq, ya da üstümüzə sürəcək.

Türkiyənin isə başı qarışıb öz problemlərinə...

Nümunəvi müəllimlərimiz və hərşeyşünas MİS işçiləri tərəfindən seçilən bəzi deputatlarımızın çox sevdiyi ifadə ilə yazımı bitirirəm:

- Bizim Qarabağ boyda problemimiz var!

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar