Bayramsızlar və ya qurban verilən nəsil

Rüfət Əhmədzadə

("Seçilənlər" silsiləsindən 4-cü yazı)

Qurban bayramı günlərindəyik. Kimin niyyəti hara bağlıdırsa, o şəkildə bu bayramı qeyd edir. Şəhərin qan gölünə dönməsi yönündə şikayətlər də var, din əleyhdarları olanlar “fürsət” yaxalayır, ifrat dinçilər isə qıcıqlanıb mübahisəyə girirlər.

Əgər mən qurbanlıq fəlsəfəsini düz anlayıramsa, burda əsas amil paylaşmaqdır. Qoyun şəkli paylaşmağı, şablon mesajlar göndərməyi demirəm.

Yarıçılpaq qızlarla dolu pivəxana işlədən, haram pullar toplayan, sonra Həccə gedib gələrək kafenin menyusunda “halallıq” aparan işbazları da tanıyırıq. Mühakimə etmirik, çünki “keçmişə görə qınamazlar”.

Məhəlləsindəki kasıblardan xəbəri olmayan, amma hər il Hicaz yolunu “mazol” edən adamları da tanıyırıq.

Məkkədə bu bayramda ən az 2 milyon qoç kəsildi. Səudiyyə Ərəbistanı Yəməni bombalayıb uşaq qanı tökdüyü, ölkəni blokadada saxladığı halda bu qurbanlıq tədarük hara gedir? Humanitar yardımlara?

Yoxsa hacılar əllərində torba ilə vətənə ət gətirir? Bəlkə Somaliyə, ya da başqa yoxsul ölkəyə?

Bu barədə mətbuatda da çox yazılıb. Həmin qurbanlıqların bir qisminin tullanıldığı, bir qisminin isə şeyxlərin firmalarına getdiyi deyilir. Hər halda, dünən ölən 800 nəfərin də canı qurbanlıq oldu. Basabas, vur-çatlasın... Sonra da deyəcəksən ki, bəs filankəs getdi Məkkədə öldü, müqəddəs torpağa qovuşdu.

Nəsil manqurtlaşır. Din-iman məsələsi də alətə çevrilib. Bir ruhani potensial terrorçu yetişdirir, başqa bir ruhani isə “Hüseyni olaq, zülmün kökünü kəsək” deyə insanların hislərindən istifadə edərək konstitusiyamızı dəyişməyə çalışır.

Aşağı təbəqələrdə vəziyyət daha aşağı səviyyəyə çatıb.

Nə qədər dindar ailə tanıyıram ki, uşaqlarını dördüncü sinifdən çıxarıb evə qoyur. Evdə televizor yasağı olan ailələr də tanıyırıq. Düzünə qalsa, mən də TV izləmirəm, çünki teleməkanda səviyyə itib. Amma ailələrin cəmiyyətdən təcrid olunması da təhdid sayıla bilər.

Övladını təhsil üçün məkətəbə göndərən də azdır. Elə bir zəmanəyə çatmışıq ki, valideynlər uşağın birinci sinfə getməsi münasibəti ilə qonaqlıq verir, gündəlikdəki qiymətlər yaxşı olsun, qonaq gələndə göstərib öyünsün deyə müəllimin başına pul tökür.

Amma ailələr də var ki, uşaq valideynlərindən fondpulu istəyəndə o evə matəm əhvalı çökdürür. Burax fondpulunu, uşaq təzə köynəyə həsrətdir.

Təzə nazirin də həll etmədiyi problemlər, mistik və analoqsuz Azərbaycan modeli: fondpulu gətirin, 10 manat, 20 manat, gəlhagəl...

Rüşvətxorlar, harınlamışlar bayram etdiyi vaxtda talanan insanlar, onların övladları bayramsız yaşayırlar.

Onların bayramı kiminsə xalaxətrin yada salmasıdır. Aradabir konsertdir, amma sosial ədalət bayramını görməyəcəklər.

Belə cəmiyyətdə nə normal müsəlman, nə xristian, nə də normal insan yetişməz... Bu gənclərin vicdanlı gələcəyi qurban gətirilir, vicdansız gələcəkdə isə bütün xalq qurbanlıq qoyun taleyi ilə üz-üzə qalır.

Tanınmış tərcüməçi-yazar Nadir Qocabəylinin “Facebook” statusunu olduğu kimi yazıma əlavə edirəm:

“Hövsandakı 280 saylı məktəbdə belə bir hadisə baş verib. 1-ci sinfə dərs deyən müəllimə valideyn şurasının sədrinə deyib: "Qarşıdan müəllimlər günü gəlir, neyləyəcəksiz?"

Valideyn də cavab verib ki, adam başına 10 manatdan yığırıq.

- Mən sizinçün dilənçi-zadam? - müəllimə forsla deyib, - 10 manatdan lazım deyil.

- Onda 20 manatdan yığarıq, - valideyn deyib və müəllimə də razılaşıb.

Şura sədri bu xəbəri digər valideynlərə xəbər verəndə, 2 valideyn 10 manatdan artıq verə bilməyəcəyini deyib. Bunu eşidən bir valideyn bundan əsəbləşib:

- İş ki belə oldu, mən acığa 30 manat verəcəm, - və 30 manatı dərhal çıxarıb verib.

Bundan qəzəblənən başqa bir valideyn isə koşelyokundan 50 manat çıxararaq:

- Mən də sənin acığına 50 manat verəcəm, - deyib.

Bax belə...

P. S. Onu da deyim ki, bu valideynlərin hamısı analar olub...”

Biz hansı yolu seçmişik, hansı dəyərlərlə yola çıxmışıq?

Ya bizi kim seçib, nə deyə seçib... Hansı tanrıya qurban gətirirlər?

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar