Nə qədər ki, “Mərdanovdanqalma” kadrlar söz sahibi olaraq qalacaq...

Nadir İsrafilov, təhsil eksperti

Dərsliklərə salınmış jarqon və vulqar ifadələr, bayağı mətnlərlə bağlı narahatçılıq və narazılıqlar səngimək bilmir. Günaşırı yazılı və elektron mediada ayr-ayrı pedaqoqlardan və digər təhsil işçilərındən ibarət bir qrupun Nazirə ünvanlanmış yeni-yenı məktub və müraciətləri dərc olunur. Pedaqoji ictimaiyyət öz hiddətini gızlədə bilmir. Hətta Respublıka Təhsil Şurasının sədri Əjdər Ağayev, Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun direktoru Muxtar İmanov da məsələyə biganə qala bilməyiblər. Hələ ki...

Dərsliklərlə bağlı son olaylar məndə belə bir fikir oyadıb ki, təhsilimizdə nə düzəlsə də, bu dərslik və dərsliyə “alternativ” olan “İş dəftəri” məsələsi heç düzələnə oxşamır. Axı, bir məsələ nə qədər gündəmə gələr, ötür-ötür oyununa çevrilər? Yəni, nə vaxta qədər sadə bir məsələni mürəkkəb bir problemə döndərib, ruslar demiş, “moya xata s krayu, niçeqo ne znayu” mövqeyi sərgiləmək, bizim dildə desək “məndən keçdi, qonşuya dəysin” yanaşması ilə problemin həllindən yayınmaq olar?

Dərslik müəlliflərinin və onlara züy tutan nazirlikdə hələ də söz sahibi olaraq qalmaqda davam edən Mərdanov “silahdaşlarının” arqumentlərindən belə çıxır ki, sən demə, neçə illərdən bəri təhsilimizin “üzqarası” kimi hallandırılan dərsliklərimizlə bağlı bütün problemlər həll olunubmuş, şagirdlərimiz bircə vulqar və jarqon sözləri seçib ayırd etməkdə çətinlik çəkirlərmiş. Buna görə də dərsliklərimizə bayağı sözlərdən ibarət mətnlər salınması zərurəti meydana çıxıb və bu “yenilik” şagirdləri yaxşı danışmağa yönəltmək və dilimizin saflığını qorumaq işinə xidmət edəcək. Necə deyərlər, bu barədə bir az sonra. Hələlik isə qısaca buna bənzər digər bir məsələ haqqında.

”Azərbaycanın orta məktəblərində istifadə olunan iş dəftərləri dərslik komplektindən çıxarılıb. Bu dəftərlər nəşriyyatlar tərəfindən çap olunur və açıq satış yolu ilə yayılır. Ancaq cəmiyyətdə belə bir fikir yaranıb ki, bu dərslikləri almağa müəyyən valideynlərin gücü çatmır. Hər hansı hal cəmiyyətdə narazılıq yaradırsa, onların arzu və istəyi nəzərə alınmalıdır. Kim istəyirsə, nəşriyyat çap edibsə, onu alıb istifadə edə bilər. Amma iş dəftərlərinin istifadəsində məcburiyyət yoxdur. Kim istəsə alıb tapşırıqları iş dəftərində, kim də istəsə sadə dəftərlərdə həll edə bilər. Bu, məktəb üçün problemli məsələ deyil.”

Məsələylə bağlı nazirlik yetkilisinin açıqlamasından kimsə, nəsə hasil etdimi? Ad çəkmədim, çünki belə açıqlamanın digər şərikləri də var. Elə isə, “hər hansı hal cəmiyyətdə narazılıq yaradırsa, onların arzu və istəyi nəzərə alınmalıdır” nə deməkdir, “kim istəyirsə, nəşriyyat çap edibsə, onu alıb istifadə edə bilər” tövsiyəsi necə başa düşülməlidir? “Bu, məktəb üçün problemli məsələ deyi”?! Məgər məktəb cəmiyyətdən kənar bir təsisatdır, cəmiyyət üzvlərinin təhsillə bağlı problemləri onu ilgiləndirmir?

Əgər hansısa nəşriyyat Azərbaycan tarixinə dair tədris vəsaitini bədnam qonşularımızın bayrağı rənglərinin fonunda nəşr edəcəksə, təhsildə dövlət siyasətinin qarantı olan Təhsil Nazirliyi buna sərt təpki demirəm, adi reaksiya belə göstərməməlidir? Əgər hər il sosial təminatı müxtəlif olan ailələrin probleminə çevrilən, “Mərdanov erasından” dövrümüzə yadigar qalan iş dəftərlərinin alınmasını nazirlik məcburi saymırsa, müəllimlər isə bunu tələb edirsə, narazı qalan valideynlər hara müraciət etməlidirlər? Bəlkə, elə düşünürük ki, onların problemini onsuz da özlərinin kifayət qədər problemləri olan Səhiyyə Nazirliyi və yaxud Əmək və Əhalinin Sosial Təminatı Nazirliyi həll etməlidir?

Hələ ki, son ümid Nazirin son bəyanatınadır: “Orta məktəblərdə şagirdlərə iş dəftərləri məcburi şəkildə aldırılırsa, o zaman valideynlər müvafiq hüquq-mühafizə orqanlarına müraciət etməlidirlər. Qanunvericiliyə əsasən, buna dair ciddi ölçü götürüləcək. Belə hallar baş verirsə, biz buna qarşı mübarizə aparacağıq“.

Nə deyirik, valideynlər müvafiq hüquq-mühafizə orqanlarına müraciət etmələrində, nazirlik isə buna dair ciddi ölçü götürməyində olsun. Təki bu “İş dəftəri” bəlasına son qoyulsun.

Dərsliklərin dövlət üçün, cəmiyyət üçün, bütövlükdə toplumun formalaşmasında nə qədər önəm daşıması və əhəmiyyətli olmasına dair ayrı-ayrı tarixi şəxsiyyətlərin fikirlərindən sitat gətirməyə ehtiyac görmürəm. Əgər “İş dəftəri” bizdə biznes və kommersiya məqsədlərinə xidmət etmək mahiyyəti daşıyan hansısa qondarma bir ideya kimi ortalığa atılıbsa, dərslik bütün sivil cəmiyyətlərdə olduğu kimi, bizim də Qanunvericiliyimizə əsasən strateji fəaliyyət dairəsinə daxil olan təhsil sahəsində prioritet istiqamətlərdən biridir.

Bununla belə, istəsək də, istəməsək də etiraf eməyə məcburuq ki, son 15 ildə təhsilimizin dərsliklərimiz qədər qınaq obyektinə çevrilən ikinci sahəsi olmayıb və bu proses indinin özündə belə səngiməyərək, davam etməkdədir. Dərslik müəlliflərimiz və onların kurikulum məsləkdaşları isə Mərdanov zamanında olduğu kimi, yenə də öz mövqelərində israrlı olub, “heç kim öz ayranına turş deməz” prinsipindən çıxış edərək, əsaslı tənqidləri belə süngü ilə qarşılayırlar.

Məlum olduğu kimi, son günlər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olan dərsliklərdəki problemlərlə bağlı məsələlərə “aydınlıq gətirmək” üçün dərslik müəlliflərindən və əlaqədar şəxslərdən bir qrupu bir araya gəlib, dərsliklərə salınmış vulqar və jarqon ifadələrə, bayağı mətnlərə bəraətqazandırıcı fikirlər səsləndiriblər.

Yekdil fikir ondan ibarət olub ki, bütün dərsliklər standartlara uyğun yazılır və müzakirə obyektinə cevrilən dərsliklər də bu standartlara müvafiq hazırlanıb. Belədə, Kərbəlayi İsmayıl İmana “Ə, nə hökumət, hansı hökumət, kolxozda yaratdığın o hökuməti deyirsən...” deməsin nə desin? Kərbəlayinin sözü olmasın, hansı standartları deyirsiniz, cənablar? Misir Mərdanovun maliyyə maraqlarından irəli gələn məktəblərə sırıdığı, bu günə qədər nə müəllimin, nə şagirdin düz-əməlli baş çıxarmadığı, valideynlər üçün dəyənəyə çevrilən, məktəb mühitinin dağılmasına, repetitorluğun çiçəklənməsinə rəvac verən, el arasında “quqquliqu” lətifəsinə çevrilən kurikulum standartlarını deyirsiniz?

“Biz yeni dərsliklərı sovet vaxtı çap olunan dərsliklərlə müqayisə etməməliyik... Əvvəlki proqramda “Ana dili” dərslikləri “Ala-bula boz keçi”, “Xoruz” şerləri ilə başlayırdı. O dövr geridə qalıb. Məktəbdə uşağa “Xoruz”, “Ala-bula boz keçi” şeri ilə heç nə verə bilmərik. Dövr, zaman dəyişıb”. Maraqlıdır ki, bu sözləri gənc nəslin nümayəndələrindən biri deyil (onu hardasa başa düşmək olardı), məhz “Ala-bula boz keçi”, “Xoruz” şerləri ilə başlayan dərsliklərdən dərs keçib, özünə təhsilin yuxarı idarəetmə orqanlarında karyera quran bir şəxs deyir.

Nə olmuşdu sovet vaxtı çap olunan dərsliklərə? Bu dərsliklər uşaqlara uşaqlıq həyatlarını yaşamağa xidmət edirdi. Bu dərsliklərlə Azərbaycanın onlarla, yüzlərlə dünya miqyasında tanınan elm, təhsil, mədəniyyət və incəsənət xadimləri, dövlət və hökumət liderləri, digər çoxsaylı və dəyərli ziyalılarımız yetişıb. Bəlkə dərsliklərimizə salınan, uşaq psixologiyasını və fiziologiyasını nəzərdə tutan uşaq şerlərinin əleyhinə çıxmaqla M.Ə.Sabirin, Abdulla Şaiqin, Abbas Səhət və digər kllassiklərimizin yaradıcılığını arxivə göndərmək fikrinə düşmüsünüz?

“Rusiyada 6-cı sinif “Ana dili” dərsliyində “Obşaqa”, “Tusovka”, “Juk”, “Taçka” kimi ifadələr öyrədilir. Bəs biz niyə bundan qaçmalıyıq?” Qəribə məntiqdir. Bir tərəfdən Sovet dərsliklərini inkar edirik, digər tərəfdən rusların təcrübəsinə istinad edirik. Elə bəyənmədiyimiz Sovet dərsliklərini də elə həmin ruslar yazmamışdı? Bir də ki, “Obşaqa” və s. bu kimi terminlər ayrı şeydir, “Kəs səsini qancığın balası!”, “Kəs deyirəm, qancıqdan süd əmən!” ifadəsi başqa şey.

Əgər “bu dialoqa getməyimızın səbəbı dilimizin saflığının qorunması ilə bağlıdır”sa, bu vəziyyətdən çıxış yolu deyil, əksinə vəziyyəti bir az da mürəkkəbləşdirmək deməkdir. Vulqar sözlər kücə həyatı sürənlər, jarqonlar isə məhbus həyatı yaşayanlar üçün daha xarakterikdir. Yox, əgər məqsədimız uşaqlarımızı küçə həyatına, məhbəsə hazırlamaqdırsa, onda farslar demış - xub.

Son olaraq ara müğənnilərimizin işlətdiyi bir jarqonu da mən xatırladım: “Manıs”. Bunu da dərsliyə salaq, qoy qalmaqal yaradan şou-biznes əhlinin sayı bir az da çox olsun. Biz də ekranların önündə gün keçirib, bayağı verilişlərdən feyziyyab olaq.

Dərslik müəlliflərinə də bir tövsiyyəm var. Nahaq yerə özünüzü əziyyətə salıb, böyük zəhmət çəkmisiniz, onsuz da uşaqlarımız dərsliklərsiz də dərsliklərə saldığınız vulqar sözləri və jarqonları bizdən və sizdən yaxşı bilirlər.

Nə qədər ki, dərsliklərin yazılması və ərsəyə gətirilməsi ilə bağlı bütün prosedurlar təhsildə dövlət siyasətinin həyata keçirilməsinə bilavasitə məsul olan Təhsil Nazirliyinin tam nəzarətinə keçməyəcək, ayrı-ayrı nəşriyyatlar tərəfindən, formal tender vasitəsi ilə reallaşacaq, dərsliklərin hazırlanmasında Mərdanovdan qalma kadrlar hələ də söz sahibi olaraq qalacaq, dərsliklərimizdən nəsə gözləməyimiz əbəsdir. Təhsil vahid mərkəzdən idarə olunmalıdır, təhsillə bağlı bütün məsələlərə dair suallara bir mərkəzdən cavab alınmalıdır.

Misir Mərdanovun buraxdığı səhvlərin acı nəticəsi kimi təhsilə aid səlahiyyətlərin digər qurumlardan alınması zərurəti artıq yetişıb. Bu, habelə uşaq bağçalarına, buraxılış və qəbul imtahanlarına, yeni təhsil müəssisələrinin açılmasına və bağlanmasına, kadrların seçilməsi və yerləşdirilməsində kənar müdaxilələrə son qoyulması və bu kimi digər məsələlərə da aiddir. Təhsil sistemdir, sistemi dağıtmaq isə təhsilin dayaqlarını sarsıtmaq deməkdir.

Gəlin, millətin gələcəyi olan təhsilimizi korporativ maraqlarımızın qurbanına çevirməyək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar