GƏNCƏLİ “PAŞKA”

Dərc olunub: 04/12/2015 - 10:54

Mənəviyyatımızın Akif Çovdarovları

xalid-niyazov-kosheXalid NİYAZOV
———————–
Cümhuriyyətin qaranquş paytaxtı qədim Gəncənin müasir başçısı cənab Elmar Vəliyevi ürəkdən təbrik edirik!

Durnanı gözündən vurub!

O boyda Gəncəbasarı kor qoyub “parlamento”ya elə bir “kadro” yollayıb ki, adam ilk gündəncə özünü açıb qoyub ortalığa. Tökdüklərini neçə gündür yığıb-yığışdıra bilmirik.

Xalxın uşağı kosmosa uçur, nəsə icad eliyir, millətinin yaralı barmağına “yod” sürtür, bizimki də ya xoruz döyüşdürür, it boğuşdurur, qəlyan pülüyür, ya da ki, tarixinə şıllaq atır.

Eyzən gül kimi Gəncəni Milli Məclisdə təmsil edən Naqif Həmzəyev kimi.

Zarafat deyil, adam öz intellektinin kəsəri, əqlinin ziyası ilə son günlərin MTN və Nardaran hadisələrinə “dədəboyu” verərək bir anlıq “gündəm” yaratdı. Quzu ətindən nuş edə-edə Məmməd Əmin Rəsulzadə kimi tarixi şəxsiyyəti yerdən-yerə vurdu. Təbii ki, öz əyalət ağlıycan.

Tarix dedik. Bəli, tarix bir çoxlarının səhvini illər sonrası olsa da düzəldir. Elə görünəni budur ki, illər öncə “metrika”sında ismi səhv yazılan Naqif Həmzəyev normal məntiqin qəbul etməkdə zorlandığı hərəkəti ilə nəhayət ki, adındakı “f” və “s” samitlərinin yerini dəyişərək “ZAQS”ın 32 illik orfoqrafik qələtini düzəltdi.

Bu gün hamını düşündürən bilirsiniz nədir? Bir kərə ucaltdığı bayraqla Azərbaycanın adını Ginnesin Rekordlar kitabına yazmış böyük Məmməd Əminə qarşı bu cür patoloji, paranoik nifrət nədən və hardan qaynaqlanır bu orta səviyyəli əyalət qırğısında?

Savadsızdır? Deməzdim! İllah ki, təhsili var.

Bəlkə “şampun-sabun” məsələsidir? Yox, zira, tərcümeyi-halı göstərir ki, həmin mərhələ də arxada qalıb; başçının müavini, partiya sədri, nəhayət, deputat. Daha basıb gözümüzü də çıxarası deyildiha?!

Boylu-buxunlu, şalvarının ütüsü, köynəyinin nişastası yerində. Amma nə yazıq ki, bilmərrə, adam arasına çıxmalısı yox imiş adamın. Parlament bunun yosunlu ağzı yava bir-iki deputatla yolunu təzəcə ayırmışdı ki, yenisi peyda oldu.

Düz deyiblər ki, “müqəddəs yer” boş qalmır.

Adamın yaşına bax, başına bax, aşına bax!

57762

***

Adam partiya sədri, deputat olmasa idi, deyərdin ki, əşi, baş qoşmayın, uşaqdır, qanmayıb, bir qələtdir, pardon, yəni səhvdir eləyib, bir də eləməz.

Amma titulu çoxdur. Bir lafetə yükləsən, çəkib apara bilməz. Bəs onda çatışmayan nədir? Məktəb, nümunə, ədəb-ərkan, hörmət-izzət..!

Görəsən, o boyda şəhərdə bunlar nə ilə məşğul imişlər? Moşu Göyəzənlinin uşaqlarının anasının sözü olmasın, “kitav oxumağnanmı”?

Şərt 400 km-lik yolu Gəncədən basa-basa gəlib Bakıda parlamentdə oturmaq deyil. Olmazsa, bir 4-5 sm də mərifətə yaxın olmaq, 4-5 qram tərbiyə əxz etmək də hesabdandır.

Maraqlıdır, bəs görəsən Gəncənin başçısı Elmar Vəliyev bu adamın nəyinə aşiq olub ki, onu YAP kimi avanqard, ölkəsinin tarixinə, xalqının dəyərlərinə sədaqətli bir partiyaya sədr, sonra isə özünə müavin qayırıb. Yoxsa, elə bu cür “pedər-suxtə” söyüşlərinə, başından yekə qırıldatmalarına görə?!

Şəxsi xoşbəxtliyini belə Azərbaycanın yolunda fəda edən M.Ə.Rəsulzadəni arvadına yiyəlik eləyə bilməməkdə suçlayan qırışmal unudur ki, mənsub olduğu zümrədə elələri var ki, arvadı ya müdiriynən ya da sürücüsüynən başına yekə bir maral buynuzu yaraşdırıb. Amma bu gün də mərəkədədir. Çünki Naqifin biyət etdiyi dəyər və tərbiyənin daşıyıcısıdır.

Qarışdırdığı qələtin gerçək miqyasını sonradan-sonraya anlayan, özü cəhənnəmə, namizədi olduğu partiyanın adına kölgə salan Naqif bəy indi iddia edir ki, bəs mən elə söz deməmişəm. Unudur ki, adam söz deyib arxasından qaça bilər, amma jurnalistlərin istifadə etdikləri informasiya cihazları çox tərs şeydilər, məqamında faktı naqolay sillə kimi adamın sifətinə çırpa bilirlər.

Axı, yeyə bilməyəcəyin portağalı niyə ağzına alırdın ki, indi də üzə durub jurnalist qızı qərəzkarlıqda günahlandırasan?!

Öyrəncəlidirlər!

***

Bilirsiniz, bəzi deputatların hansı meyarla təyin olduğunu söyləməkdə çətinlik çəksəm də (Əslində, bunu üslub xatirinə deyirəm. Heç bir çətinliyi-filanı yoxdur. Hərənin əmtəə nişanı üstündədir!), camaat kimin kimsənin nəsnəsi olduğunu qəşəngcə bilir. Ancaq keçənə də güzəşt deyiblər. İndi kim hansı yolla, hansı fəndlə, nəyin xatirinə, kimin xətrinə gəlib ora düşübsə, babalı yiyəsinin boynuna. Heç olmasa, bundan sonra özünü doğrultsun, etibarı puça çıxartmasın.

Allah yolu, o qədər baxıb öyrənəsi kişilər var ki, Milli Məclisdə. O salondakı hörmətli, urvatlı, ağırtaxtalı və bir də çox az sayda kişilərə ürəyim yanır. Gör kimlərlə bir yerdə oturacaqlar.

… Bir tərəfdə Eldar Mahmudov və çetesinə xərac vermiş sahibkarlar, bir tərəfdə kimlərinsə nəmənəsi, o biri tərəfdə “ura-patriot”çu qırğılar…

Bir də … əslində, hər şeyə tarixin ironiyası, yəni kinayəsi müstəvisindən yanaşsaq, baş verənlərin kifayət qədər sadə, bəsit və məntiqi olduğunu görərik.

Çox yox, hardasa 24 il əvvəl müstəqilliyini əldə etmiş Azərbaycana həqiqi müstəqilliyini bəxş etmiş ümummilli lider Heydər Əliyevə fit çalan, təpik döyən, küfr edən, sui-qəsd planlayan riyakarlar elə indi də həmin salonda ikən, Naqif Həmzəyevin millətin digər istiqlal aşiqlərindən birini aşağılaması çox da təəccüblü görünmür.

Bəlkə də təəccüblənməyin yeri deyil. Ancaq tarix özündə təkrar olunmaq xassəsi daşıyıır. Bu cür gənclər tariximizdə iz qoymasa da ad qoymuş mənəvi sələflərinin xələfləridirlər. Belələri sabah hakimiyyət bir balaca “soyuqlayan” kimi bu gün əlindən yalmanıb kölgəsinə təzim etdiklərinin boğazını küt qəməynən kəsəcəklər.

***

Məmməd Əmin böyük kişiydi. Bəlkə də Naqif kimilərin naqisliyini savadsızlığına və tərbiyəsinin azlığına bağışlayardı.

Heydər Əliyev vaxtilə haqqında ən şərəfsiz sözləri ağzına alan riyakarları əfv etdi. Bu gün də neçəsi rahat deputat kreslolarına yayxanıb.

Bəs xalq, toplum, ictimai rəy necə, öz tarixinə asi çıxanları, millətin milli kimliyini yaşadanlara həqarət edənləri bağışlamağa hazırdırmı?

Zira, bu cür Pavlik Morozovlarun həmişə başımızın “əngəl-kələfinə” çevrildiyi unudulmamalıdır!

 

P.S. Qəbul edirik ki, yazının ədviyyatı bir qədər çox olub. Bəzi kəskin ifadələrə görə də dəyərli oxucularımızdan üzr istəyirik. Amma olsun. Özümüzə yaraşdırmasaq da Naqif Həmzəyevə yaraşan şəkildə cavab verdik.








loading...


Fikrinizi bildirin