NAZİRİN DEPUTAT QARDAŞININ PANAMADA ŞİRKƏTİ ÜZƏ ÇIXDI  - (Fotofakt)

Elton Məmmədov və ortaqları hələ 1998-ci ildə “Global Transport” adlı şirkət quraraq beynəlxalq yükdaşımalarla məşğul olurmuş

Panamada Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, deputat Elton Məmmədovun və ortaqlarının adına olan offşor şirkət aşkarlanıb. Virtualaz.org offşor şirkətlər və onların sahibləri haqda məlumatların cəmləndiyi http://www.datatracker.org/ saytında azərbaycanlı oliqarxlarla bağlılığı olan “Global Transport Group S.A.” şirkət haqda məlumatlara rast gəlib.

Bu şirkət 1998-ci ilin dekabrında qeydiyyatdan keçib, nizamnamə kapitalı 10 min ABŞ dollarıdır.

Şirkətin qeydiyyatı haqda sənəd Panamanın offşor şirkətlərin qeydiyyatına dair məlumat bazasından götürülüb. Sənəddə göstərilir ki, şirkətin prezidenti Dəmirov Elyar, xəzinədarı Məmmədov Elton, katibi Cavad Cavanşirdir. Şirkətin direktorlar şurasının üzvləri də bu şəxslərdən ibarətdir.

İnternet mənbələrində aparılan araşdırmalarda bu şirkətin Azərbaycanda hər hansı biznes fəaliyyəti barədə məlumatlara rast gəlmədik. Lakin demək olar ki, eyni vaxtda - 1998-ci ilin oktyabrında Panamada yaradılmış “Global Transport Services” adlı şirkətin saytına rast gəldik. (http://www.gtspanama.com).

Bu şirkətin ofisi Panamada yerləşir və beynəlxalq yükdaşımalar və logistika biznesi məşğuldur. Hal-hazırda da fəaliyyət göstərir və dünyanın istənilən nöqtəsinə yüklərin çatdırılması xidmətləri təklif edir.

Araşdırmaları davam etdirəndə məlum oldu ki, “Global Transport”un sahibləri arasında yer alan Elyar Dəmirov həqiqətən nəqliyyat nazirinə yaxın adamdır. Biznes çevrələrindəki məlumatlı qaynaq virtualaz.org-a bildirdi ki, Elyar Dəmirov uzun müddət Azərbaycanın dəmiryol sisteminə texnika və avadanlıqların satışını təşkil edən, bu sistemin təchizatında mühüm rola malik olan iş adamıdır.

Doğrudur, mənbə təxminən 3-4 ildir E.Dəmirovun Ziya Məmmədovun nazirliyi ilə biznes əlaqələrinin nə yerdə olduğu haqda informasiyalara malik olmadığını vurğulayır. Bununla belə mənbə bildirdi ki, E.Dəmirov əslən yevlaxlıdır, Moskvada yaşayır, kifayət qədər imkanlı və nüfuzlu iş adamıdır və nəqliyyat nazirinin yaxın çevrəsi ilə biznes ortaqlığına malik olub. O, Azərbaycan dəmiryollarına teplovozların, vaqonların alınması, istənilən cür texniki təchizat işləri ilə məşğul olub.

Qeyd edək ki, bundan əvvəl Bakı Beynəlxalq Avtovağzalının sahibi olan və Elton Məmmədovun təsisçisi olduğu “Bakı XXI Əsr” MMC şirkətinin də izi offşor zonalara gedib çıxdığı məlum olmuşdu. Belə ki, həmin şirkətin mülkiyyətçisi Britaniyanın Virgin adalarında qeydiyyatdan keçmiş “Trans European Leasing Group” şirkətidir.

Virtualaz.org Panamada fəaliyyət göstərən nəqliyyat şirkəti ilə bağlı məsələyə deputat Elton Məmmədovun da münasibətinə yer verməyə hazırdır.

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar