Yaxşı kişilər yaxşı atları minib getdilər

Dərc olunub: 14/12/2015 - 12:41

Ayaz Niyazoviçlərsə bu gün də piyadadır

xalid-niyazov-kosheXalid NİYAZOV
———————-
70-indən sonra adamın bir lovğalığı, bir yorğalığı, bir də yaltaqlığı çox şit görünür. Adamın olub-qalan ətini də tökür.

Görəsən, bütün insanlar belədirlər, yoxsa bu da məhz bizlərin mentalitet və ərkan qaydalarına xas özəllikdir?

* * *

“Kişi ağlamaz!” deyiblər. Amma mən o gün sinəmi deşib dəli dağ seli kimi bayıra can atan qəhərimi ram edə bilmədim. Qovluqda çin-çin yığılmış, rəngi-rufu bəlkə də səhifələrində yer almış rəzil yazıların xəcalətindən saralıb-solmuş qəzetləri tikə-parça edib küləyə verdikcə illərin içimdə qovurub qubara çevirdiyi inciklik sinəmi daha da yandırırdı.
İl 1993, iyun ayının 15-i idi. Ali Sovetin iclas salonundakı səsvermə tablosunda közərən işıqlar Heydər Əliyevin sədr seçildiyini göstərirdi.

Xitabət kürsüsünə qalxan Heydər Əliyev çıxış etdi. Çox mətləblərə toxundu. Və axırda da dedi ki, mən barəmdə haqsızlıq edənlərin hamısını əfv edirəm.

1987-1993. Düz altı il. Əslində, az da deyil. Bu altı ildə kimlər Heydər Əliyevə daş atmadı ki?
Birmi idilər, beşmi idilər, əlli beşmi idilər?!

Onların hamısının yazdıqlarından əlimə keçəni yığıb saxlamışdım. Bəzi qəzetlərə cavab da yazmışdım. Kim idi dərc edən ki?! Amma inanırdım, inanırdım ki, bu dünya xali deyil və bir gün Heydər Əliyev qayıdacaq.

* * *

Kremldə Qorbaçovun, Azərbaycanda isə onun muzdur əlaltılarının körüklədiyi şər-böhtan maşını dayanmadan işləyirdi. Yerli yaltaq və riyakarların donos, yalan, böhtan dolu çızmaqaralarına mərkəzi ittifaq qəzetlərinin Bakıya ezam olunmuş müxbirlərinin hərzə-hədyan opusları da “rəng” qatırdı. Məqsəd bir idi. Moskvada guşənişin həyat sürən siyasət aslanını yaralamaq, onu hərəkət etməyə, səhv buraxmağa məcbur etmək. Amma hər şey əbəs idi.

1386620887heyder

“Kommunist”in, “Bakinski raboçi”nin, “Pravda”, “İzvestiya”, “Trud”, “Sosialistiçeskaya industriya”. “Literaturnaya qazeta” və başqa-başqa qəzetlərin yazdıqları siyasətin daha çirkin və əclaf sifətlərini görmüş bir insanı, idarəetmə ustadını mənən ağrıtsa da, büruzə vermirdi, təmkinini itirmirdi.

Bütün bu yazıların sifarişçiləri ermənilər idi. Kremlin gözünü imperiya ambisiyaları, qəlbini isə velikorus şovinizminin nimdaş və miskin ideyaları zəbt etmiş partiya-sovet “bonza”ları idi… və bir də onların Azərbaycandakı naibləri, qul-qarabaşları, çörəyi dizinin üstündə olanlar, gələnə çəpik, gedənə təpik əxlaqı ilə uşaqlarına çörək yedizdirənlər, məşuqələrinə alt paltarı bağışlayanlar və hamısının da başında “bambılı” Əbdürrəhman Vəzirov və “stilyaqa” Ayaz Mütəllibov dururdu.

* * *

Nəyə görə bu sətirləri yazıram? Əslində, hadisələri qabaqlamaq fikrim, bəziləri üçün unudulmuş, bəzilərinin isə inadla unutmaq və unutdurmaq istədiyi mətləblərlə bağlı düşüncələrimi açıb süfrəyə tökmək fikrim yox idi. Yəqin ki, qismət olub sağ qalsaq, oxucu Azərbaycanın ən yeni tarixinin hər birimizin ömründən, taleyindən gəlib keçmiş, saray intriqaları, hakimiyyət qovğaları, dövlətçilik uğrunda mücadiləylə və bir də real personajlar qalereyası ilə zəngin 25 illik parçası haqqında üzərində işlədiyim bir neçə kitabda çox şeyə cavab tapa biləcək.

Bu bir qədər sonra olacaq. İndiliksə məni dillənməyə vadar edən Ayaz Mütəllibovun “Modern.az”-a verdiyi və səbrimizi çilədən çıxaran müsahibəsi və bu səfsəfəyə həm Heydər Əliyevi, həm də Ayaz Mütəllibovu tanıyanlar tərəfindən sıfır reaksiya oldu.

Bəli, Əbülfəz Elçibəyin əqidə yoldaşları çıxış etdilər, üç-dörd uşaq-muşağın “xox”uynan prezidentliyi qoyub qaçaraq illər uzunu Moskvada rus mujiklərinin qoltuğuna qısılan, restoran köşələrinə sığınan bir adama ağıllarıycan cavab verdilər.

Amma söhbət tək biri “qaçqın”, o biri “məcburu köçkün” iki eks-prezidentdən, özlərinin və tərəfdarlarının kompliment yağmurundan getmir. Zatən, Prezident İlham Əliyev yalnız alicənab insanlara xas bir lütfkarlıqla onların bəlkə də layiq olmadıqları statuslarını özlərinə qaytardı. Xüsusilə də moskvalı “dissident”in.

Bizi tərpədən, qələmə sarılmağa vadar edən bu adamın Heydər Əliyevlə bağlı “xatirələrində” hələ də o laübalı, təşəxxüslü ahəng, saxtalıq və riyakarlığın “skvoznyak” etdiyi qəlp anturajdır.

* * *

Düşünəndə ki, zamanında Heydər Əliyevin çörəyini yeyənlərin ya özləri, ya da ki, zürriyyətləri bu gün də Prezident İlham Əliyevin comərdliyindən barınırlar, Ayaz Mütəllibovun riya və yalan qoxuyan “xatirələrinin” cavabının veriləcəyinə heç bir şəkk-şübhəm qalmamışdı.

Nə yazıq ki, yanılmışam.

Başqa vaxt danışanda ağızlarına çullu dovşan sığmayanlar ağızlarına su alıblar.

Susurlar! Zatən, məqamı gələndə həmişə susublar!

Aradan vur-tut 12 il ötüb. Görəsən, Allah eləməmiş İlham Əliyev hakimiyyətdə olmasa idi, bunlar neynəyərdilər?
Nə bilim, görünür, Heydər Əliyev məhz belələrini nəzərdə tutduğuna görə həmişə “ortaya mövqe qoyun” söyləyərdi.

* * *

Qayıdaq A.Mütəllibovun üstünə.

Nə deyir bu adam?

Deyir ki, 1974-cü ildə Moskvadan mənə zəng etdilər və dedilər ki, məni maşınqayırma birliyinə müdir təyin edirlər.
Əvvəla, maşınqayırma birliyi “sobes”, “raypo”, “torq” deyil ki, ora müdir təyin etsinlər. Belə iri müəssisələrə baş direktor təyin edirlər.

ayaz03

O ki, qaldı Moskvadan şəxsən Ayaz Niyazoviçin özünə zəng edilməsinə, bu bir az ağ oldu, deyəsən. Vallah, adamın “kompartiya” zamanında yaşayıb da subardinasiya qaydalarını bunca görməzdən gəlməsi ən azı komikdir. Türklər demişkən, lan sən kim oluyorsun da, respublikanın sahibi, MK-nın birinci katibi dura-dura kadr təyinatını səninlə həll edirlər?! Məgər sən Moskvanın partiya təşkilatında “uçotda”ydın ki, Bakının “başının üstündən” adam təyin edələr?!
Deyəsən, eks-prezident həmin günlərin eyforiyasına qapandığındandır ki, sonradan rəngləri bir az da tündləşdirir: “Axırda boğaza yığılan ittifaqdakı nazirlik (yəqin ittifaq nazirliyi demək istəyib – X.N.) mənə bildirdilər ki, ya bu zavoda görə məsuliyyəti üzərimə götürməliyəm, ya da o zavodu sökəcəklər”.

Vallah, lap Ayaz Niyazoviçin dövründəki Kukrıniksıların “Krokodil”dəki karikaturasına oxşadı – Şərhsiz!
Təkəbbür və yaddaşsızlıq amneziyasına yoluxmuş bu adam, görünür, unudub ki, respublikada zavod nədir, balaca bir sexə görə də cavabdeh biri vardısa, o da məhz Heydər Əliyev idi. Hər şeyin hesabı ondan sorulurdu. Məgər bunu etiraf etmək o qədərmi çətindir?

Və bu qədər qısqandığı (-?!), zamanında “Qardaşlıq” cəmiyyətindəki əli çomaqlı, beli mauzerli “qədeş”lərin əli ilə tikib qurduğu Bakıya yolunu kəsdiyi, barəsində hər müxənnətliyi yapdığı, hər cür ləyaqətsizliyi rəva bildiyi bir adamdan – Heydər Əliyevdən hakimiyyətə ikinci dönüşündən sonra vəzifə umması və bunu illər sonrası tamarzılıqla dilinə gətirməsi isə, vallahi, hər nə qədər ədəbi-mədəni dildə ifadə etsək də, mənəvi yoxsulluqdan, şitlikdən savayı bir şey deyil.

Böyük hesabla söhbət tək Ayaz Mütəllibovdan getmir. Bir də ki, zamanında Heydər Əliyevə asi çıxan, kölgəsini qılınclayan tək o da deyildi, axı! Ətrafa boylanmaq kifayətdir ki, hər yerdə belələrini görəsən. Böyük adamların mərhəməti, şəfqəti də böyük olur. Onların bir qismini ulu öndər bağışladı. Bir qismini Prezident “amnisə” saldı. Bir qismini isə bəzi güc sahibləri düşünülmüş şəkildə himayəsinə alaraq şərəfsiz və ləyaqətsizlərdən ibarət “kölgə komandası” yaratdı.

* * *

Bu gün bəziləri alatoran dəhlizlərdə, boyat xörək iyi basmış mətbəxlərdə Heydər Əliyev haqqında dil boğaza qoymadan və söz arası özünün də bu dahi şəxsiyyətin apardığı dövlət quruculuğu işlərində xidmətini qeyd etməkdən usanmır.
Amma nədənsə çoxları 20-25, lap 30 il əvvəlin hadisələrini xatırlamağa oddan qorxan kimi qorxur.

Niyə? Nə üçün?

Çünki uzaqlığı hafizəmizi çox da gücə salmayan həmin illərin tarixi hadisələrini yaddaşımızın iti gücü ilə daradıqca tarixin xəlbirində həmin adamların adına heç nə qalmır. Yaxud qalan faktların hamısı bu adamların əleyhinə işləyir.
İndi bu barədə danışmayacağıq. Zira bu mövzunun öz zamanı və öz kitabı var.

Bunları deyəcək və yazacaq çox imza vardı… təklikdə qaldıq.

 










loading...


Fikrinizi bildirin