NEFTİN CƏFASI VƏ SƏFASI

Dərc olunub: 18/01/2016 - 13:00

xalidXalid QÜDRƏTOĞLU
—————————-

   Qızınmadıq istisinə, kor olduq tüstüsünə…

Köhnədən belə bir deyim var ki, guya neft ölkələrə, xalqlara xoşbəxtlik gətirmir. Qazandırdığı möhnətdir, səfalətdir, düşmən və həsəddir.

Bu fikrin bir xeyli yaşı olsa da baxır hansı ölkəyə, hansı millətə. Ağıllısı ağıllıdır, ağılsızından Allah da bezardır.
Bir də baxır ki, xoşbəxtlik deyəndə məhz nəyi nəzərdə tutursan. Çalışmağı, inkişaf etməyi, əlində-ovcundakını səmərəli işlərə yatırtmağı, yoxsa dünya malına qane olmağı?!
* * *
İndi baxırsan bu “qara qızıl”ın qiymətinin çıxdığı quyunun dibinə az qala guppultu ilə düşməsinə, manatın “devalvasiya” diaqnozu ilə ölüm çarpayısındakı konvulsiyalarına, beş-on günün içində səfil vəziyyətə düşən insanların çarəsiz vəziyyətinə … və qeyri-ixtiyari düşünürsən.

Nə düşünürsən? Demə, adlarının qarşısına yekə-yekə akademik, professor, nazir, bankir yazanların 300 faizlik artımla bağlı yerə-göyə sığmayan nəğmələri Piri babanın şirin-şəkər nağıllarından, hap-gopçu yanşaq gözəlləməsindən savayı bir şey deyilmiş.

İndi alim və mütəxəssisdən daha çox vaiz təəssüratı bağışlayan bu adamların iqtisadiyyatın mağmun durumu ətrafında mollasayağı düşük və səfeh moizələrini dinlədikcə beynindən şimşək kimi bir fikir keçir: – Ya Rəbb, bunların “xəlifəliyi” elə bura qədərmiş ?!
* * *
Deməli, Prezident ölkədə hər şeyi ölçüb-biçir, düzüb-qoşur, camaat normal yaşayır, işləyir, hətta eyş-işrətə, əyləncəyə də vaxt və pul tapır. Hamının kefinin “fıştırıq” çaldığı vaxtda hansısa nazir bu uğurları öz idarəsinin “düşünülmüş makroiqtisadi strategiyasının əməli nəticəsi” kimi qələmə verir. İqtisadçı alimlər də C.Cabbarlının Əbdüləlisi kimi “Əvət, mən də bu saat zatən o barədə düşünürdüm” deyə söylənilənləri ağına-bozuna baxmadan dəstəkləməklə məşğuldurlar. Bir sözlə, əgər saysan, ölkədəki hansısa qələbənin, uğurun o qədər dədəsi, qohum-əqrəbası çıxacaq ki, necə deyərlər, at ilxısı, köpək sürüsü. Di gəl, vəziyyət bir balaca tündləşdimi, hamı Prezidenti qabağa verir, onun mütləq bir şey fikirləşib vəziyyəti düzəldəcəyini söyləyir.

Xeyir ola, bəs siz nə üçünsünüz? Bəs o boyda ştat cədvəli şişib də partlayan nazirliklər, komitələr, işi-gücü milləti hərifləyib axırıncı tikəsini boğazından, sonuncu qəpiyini cibindən çıxarmaq olan qurumlar, adamlar, yetkililər hara baxırlar?

Bu arada əvəzçilik qaydasında həm də deputatçılıq və siyasətçiliklə məşğul olanların günümüzün sərt dramaturgiyası ilə bağlı yorumları, baş verən hadisələrlə, cərəyan edən proseslərlə bağlı didaktik-fəlsəfi yorum və Arximedsayağı “evrika”ları qanımızın “it qanı”na döndüyü bir vaxtda dodağımızı qaçırdır. Sağ olsunlar!
* * *
Hüquq-mühafizə orqanlarının siyasətdən “nəverim” təmsilçilərinin bu xora qoşulması isə əməlli-başlı kar və korların tutaq ki, Qara Qarayevin “Yeddi gözəl” baleti haqqında peşəkar söz söyləmək cəhdinə oxşayır.

Nə deyirlər bunlar?

Məsələn, söyləyirlər ki, rayonlarda qiymətlərin süni şəkildə bahalaşdırılması ilə bağlı narazılığını bildirən adamlar “cəbhəçi, müsavatçı və ekstremist islamçı qruplardır”.

get_img (1)

Dilinizdən ilan vurmasın, yazıqsınız! Ə, siz bu dövlətin sözünü deyənsiniz, yoxsa müxalifətin?! Ə, bə bu nətəri olur ki, Bakının mərkəzində mitinq üçün yer ayırırsınız, müxalifətin hər dəfəsində xarü-zəlil olduğunu, tədbirə üçcə yüz adam belə toplaya bilmədiyini az qala “Qoskomstat”ın “möhürlü-ştempelli” arayışı ilə sübut etməyə çalışırsınız. Amma indi əyalətdə bu adı var özü yox partiyaların birdən-birə küçə-meydana minlərlə adam çıxardığını car çəkirsiniz?!

O küçəyə çıxanlar heç bir partiyanın üzvü deyillər. Onlar Prezidentə səs verən, deputatını “seçən” adi vətəndaşlardır. Sadəcə, unutmuşuq ki, onların da ağzı var, ailəsi-uşağı var və onlar da yaşamaq üçün yemək istəyirlər.
Onlar bugünkü gündə hökumətin bivec məmurlarının suçuna ortaq olmaq istəmirlər.

Çünki o nazirlərin, bankirlərin, oliqarxların ailəsi ehtiyacın nə olduğunu bilmir. Hər gecə qarnına yapışmış bağırsağının qurultusuna qulaq asa-asa uyumağın necə bir məşəqqət olduğundan xəbəri yoxdur.

Çünki o adamlar astarı qurdalamaqdan yırtılmış ciblərində bir kömbə çörək üçün qəpik tapmayanda məlul-məlul dükançıya – Qadan alım, dəftərə yaz! –demirlər.

Çünki bu adamların təkcə elə duruşu ilə ətrafına təşəxxüs satan, ölkə əhalisinə vətəndaş deyil də rəiyyət olduğunu cidd-cəhdlə “yedirtməyə” çalışan saraylarının, malikanələrinin pəncərəsindən belə “ürəkbulandıran”, səfalət və ümidsizlik rəsmi çəkən “həyat tabloları” heç görünmür. Heç!
* * *
Kimi aldadırıq? Rayonlarda insanların istədiyi vəzifə, hakimiyyət deyil. Onların havaya uzalı əlləri yerli padşahlardan mənsəb deyil, çörək istəyir, iş istəyir, sabahkı günə ölüvay bir ümid istəyir.

Ölkə Prezidenti az qala hər çıxışında məmurlara öz müdrik tövsiyələrini, tapşırıqlarını verir, insanlarla səmimi olmağa çağırır, xalqın, türk qardaşlarımız demiş, əfəndisi deyil də, xidmətçisi olmağa səsləyir. Bundan artıq nəsə deməyə isə nə tərbiyəsi, nə mədəniyyəti, nə də ki, mərtəbəsi yol verir.

Amma çox nahaq! Unudur ki, bu məmurların əksəriyyətinin qanında hələ də gen səviyyəsində “qılınc müsəlmanı” möhürü qalmaqdadır. Belələrini “üçyaşar” dananın gönündən hazırlanmış qamçıyla şallaqlamaq belə azdır.
Və belələri növbəti dəfə riyakarlıq edərək mərkəzi hakimiyyətə xalq narazılığının əsil baiskarının özləri olduğunu deyil, hansısa siyasi qüvvə və məqsədlərin olduğu ismarıcını verirlər. Yüzdə-yüz belədir ki, başqa cür deyil.
Ən yaxın tarixdə Quba, İsmayıllı hadisələrinin səbəbləri yaddan çıxmayıb, ha!

Ac qılınca çapar, deyiblər.

Bizdə isə deputatın biri inhisara aldığı siqaretin qiymətini kəlləçarxa çıxardır. Yəqin fikirləşir ki, qoy millət “papruz” əvəzinə dərdini tənbəki eləyib çəksin.

O biri iki deputat böhran nəfəsini dərməmiş milləti çörəklə imtahana çəkir.

Bir başqası “dərə xəlvət, tülkü bəy” deyib bu “soxhasoxda” “oqnetuşitel”ini, “apteçka”sını DYP-nin əli ilə camaata sırıyır.
Və s. və i.a.

Küçələrə çıxan camaat isə sadəcə çörək istəyir.

Onları dubinkaya, gözyaşardıcı qaza, dürtməyə, təpiyə qonaq eləmək əvəzinə bölgələrdəki o qəşəng diaqnostika mərkəzlərində mədə-bağırsaqlarını yaxşı-yaxşı“uzi” eləmək lazımdır. Bilinəcək ki, bu “ekstremist köpək uşağı” acdır, yoxsa kabab yeyib hökumətlə məzə pıqqıldadır.

Məlum; polis yekə-yekə insanları dubinkalayıb aclığının deyil, aldığı yaraların dərdini çəkməyə məcbur edə bilər.
Bəs övladı gecə acından uyuya bilməyən ana necə, körpəsini dubinkayla, “xoxan”la qorxuzub yatızdıra biləcəkmi?
Dubinka etirazçını müvəqqəti susdura bilər. Amma etirazı deyil. Bunun üçün iş görmək, ortaya nəticə qoymaq lazımdır.
* * *
Amma heç şübhəsiz, xalqa qarşı bu kütləvi qarayaxma kampaniyasında səmimi, içtən, ağıllı və konstruktiv fikirlər də səslənməkdədir. Məsələn, elə Füzuli rayonundan deputat seçilmiş Bahar xanımın “Yeni Müsavat”a müsahibəsində səsləndirdiyi fikirlər hakimiyyətin baş verən hadisələrlə bağlı obyektiv məlumata malik olduğunu ortaya qoyur: “Mən çox istəyirəm ki, problemlər tezliklə həllini tapsın və insanlar daha az əziyyət çəksinlər. Mən bilirəm ki, ki, o insanlar öz torpağını, öz yurdunu sevən insanlardır, vicdanlı vətəndaşlardır. Onlar yaxşı ilə pisi, əyri ilə düzü çox yaxşı ayırırlar. Mən onların bahalıqla bağlı fikirlərini ifadə etməsində də bir nöqsan axtarmağın tərəfdarı deyiləm. İndiyə qədər də elə bir hərəkət etməyiblər ki, hansısa ciddi hüquqi nəticələr doğursun. İnanıram ki, bundan sonra onlar fikirlərini bu aspektdə ifadə edəcəklər”.
* * *
Bəli, neft eyforiyası hökuməti uzun letargiya yuxusuna daldırdı. Zatən, orada toplaşanlar bu ilki “şok terapiyası” olmasa idi, heç ayılmağa həvəsli də görünmürdülər. Nəticə etibarilə onların fəaliyyəti dərin, düşünülmüş elmi-nəzəri strategiyaya deyil, bəsit alverçi psixologiyasına hesablanmışdı – sat və aldığın pulu xərclə.

Bədəlini indi görürük.

neft

İdmançı hər gün idman zalına girib məşq etməsə, musiqiçi gündə neçə saatını sevdiyi işə ayırmasa onlardan peşəkar sənət sahibi çıxmayacaq.

İqtisadiyyat da elədir. Əgər bu adda nazirlik, elmi-tədqiqat institutları varsa, onlara büdcədən bəlli bir vəsait ayrılırsa, deməli, işləməli idilər. Fors-major vəziyyəti ilə bağlı əllərində hazır “şparqalka”ları olmalı idi.

Bəs hanı? Siçan yedi?

Yəni, vəziyyətdən çıxış yolu kimi ümid yeri də var. Əgər yaxın bir ay, ay yarıma vəziyyət düzəlməzsə, hökumət Prezidentə əziyyət vermədən tam tərkibdə istefaya getsə, böyük bir mədəniyyət sərgiləmiş olar. Su da 20-25 il bir yerdə qalanda iylənir.

Qoy, yeni qüvvələr gəlsin. Gənclərə yol açılmalıdır. Bəlkə də bu onların tarixi şansıdır.

Gürcüstanda, maşallah, nazirlərin hamısı biri-birindən cavandır. İndi əgər onlar korrupsioner deyillərsə, hesablarında bir-iki milyard pulları, xaricdə qoşa-qoşa malikanələri yoxdursa, işə dəbdəbəli saraylardan çıxıb bahalı avtomobillərdə getmirlərsə bu o demək deyil ki, onlar azərbaycanlı həmkarlarından pis işləyirlər.

Və nəhayət, bir-iki gündür ki, rayonlarda aparılan görüşlər də göstərir ki, əhali öz dövlətini də, dövlət başçısını da dəstəkləyir. Prezident İlham Əliyevin hər zaman olduğu kimi xaqla bir yerdə olduğunu, bütün dünyanı ağuşuna almış böhranı Azərbaycan üçün maksimum ağrısız ötüşdürmək istəyini və bu yolda səylərini qiymətləndirir. İstədiyi isə sadəcə Prezidentin verdiyi tapşırıqlara yerlərdəki məmurlar tərəfindən doğru-dürüst əməl edilməsidir. Vəssalam!
* * *
Bilirsiniz, pul olan yerdə xalqa sonluğu padşahın ədaləti, zalımın yenilməsi və kasıbın arzularının təntənəsi ilə bitən nağıllar danışmaq, göy qurşağının rənglərinə bələnmiş ilğımvari perspektivlər cizmək, əsas məqsədi pul yeməkdən bir başqa nəsnə olmayan proqramlar sırımaq asandır. Çünki insanıq, bir günün toxluğu, bu fani dünyanın ani bir həzzi adamın bir çox həqiqətlərə bəsirət gözünü bağlayır.

Gözümüzü açanda isə gec olur.

Eyzən, neft kimi. İstisinə, səfasını görənlərdən fərqli olaraq, bir əməlli qızına bilmədik. Tüstüsü isə indidən canımızı cəfaya yaxmaqdadır.








loading...


Fikrinizi bildirin