Mirşahin Ağayev infarktı da gözdən saldı

Etibar ƏLİYEV

“Mirşahin bəy məni bir növ xristian həbsxanalarında olan həbsxana keşişi kimi o biri dünyaya hazırlayırdı”

Aqşin Yenisey

MTRŞ-lə ANS-in davası qəribə məcraya yönəlib. Nuşirəvan müəllimin şurası ANS-in verilişlərini əməlli-başlı monitorinq edir. Bu şura monitorinq edə-edə gəlib çatdı “Hesabata”.

“Hesabat”ın müvəqqəti qapadılması birbaşa Mirşahinə sataşmaq idi. Bəzən “Hesabat”ın baxımlı proqram olması haqqında danışırlar. Amma bu veriliş nəyisə çatdırmaq əvəzinə, nəyisə çatdırmamağa xidmət edir. Görünür hələ də Mirşahinin nəyinsə haqqında açıq danışacağını verilişdən-verilişə gözləyənlər var. Mirşahin müəllim isə verilişi icad etdiyi metafora və alleqoriyalarla yola verir. Onun qərəzli olmasından danışmayan isə qalmayıb. Məsələ ondadır ki, o, “Hesabat” proqramında qərəzli olduğundan çox qəzəbli görünür. Hər hansı bir hadisə baş verəndə, o, öz qəzəbini efir vasitəsi ilə püskürür. Sanki ölkənin dərdini bundan savayı çəkən bir kimsə yoxdur. Amma sezilən bir başqa məsələ var, hərdən hiss edirsən ki, Mirşahin öz halına da qəzəblidir. Hər şeyi olan, amma vacib bir şeyi çatmayan adamlar belə qəzəbli olur. Bu cür qəzəb isə ürəyə ziyandır. Bəzi həkimlər belə deyir.

Mirşahinin ürəktutmasına gələk. Verilişlərinin birində onun idman və gənclər naziri Azad Rəhimovu necə yıxıb-sürüdüyünə baxmışam. Mirşahin az qala mitinqlərə çıxan gəncləri Azad Rəhimovun nazirliyinin yaxşı işləməməsi ilə bağlayırdı. Söz-söhbət gəzirdi ki, Azad Rəhimovun sonudur. Sonradan məlum oldu ki, sən demə, Azad Rəhimov bunların bir neçə bahalı saat brendini ələ keçiribmiş. Onda Mirşahində ürək tutması baş vermədi. Çünki saatlar Vahid Naxışa məxsus idi. Amma orası da var ki, akademik Cəlal Əliyevin onu parlamentdə məzəmmət etməsindən də onda ürək tutması baş vermədi.

MTRŞ “Hesabat” verilişini qapadanda isə, nə məsələdirsə Mirşahin xəstəxanaya düşdü. Xəbərə diqqət edin: “ANS şirkətlər qrupunun vitse-prezidenti, əməkdar jurnalist Mirşahin Ağayev yanvarın 23-də ürək tutması ilə 1№-li Klinik Xəstəxanaya (?) çatdırılıb. Axşam məşhur jurnalistin halı pisləşib və o, reanimasiya şöbəsinə keçirilib. Mərkəzi Klinik Xəstəxanasından (?) verilən məlumata görə, jurnalist artıq evə buraxılıb. Belə ki, Mirşahin Ağayev artıq özünü yaxşı hiss edir və həkimlərin məsləhəti ilə bu gün səhər xəstəxananı tərk edib”.

Şəxsən mənə elə gəlirdi ki, Mirşahin müəllim bir günlük reanimasiyadan sonra veriliş apara bilməyəcək. Ancaq saat doqquz tamamda “Hesabat”da əvvəlki verilişlərdən də şux görünürdü. Yenə də əsəbi idi. Adətən qəlb krizi keçirən adamlara həkim hirslənməyi və hərəkəti qadağan edir. Ancaq bunların heç biri onda yox idi. Beləliklə, çörək ağacının qadağan olunması haqqında qərarın ləğv olunması Mirşahini müalicə etmişdi. Ürək belə olar, elə deyilmi, ay qərəzsiz TV tamaşaçıları?!

Mirşahin Nuşirəvanın caynağından xilas olmuş verilişində dedi: “Bir xarici informasiya qurumunda “Hesabat”ın bağlanması barədə xırda bir xəbər də getmədi. Sovet qlafları ilə dövlətimizin imicini tar-mar edən, Azərbaycanı bütün dünyada rüsvay etmək istəyənlərin arzuları gözündə qaldı. Heç kim unutmamalıdır ki, bu, hamımızın dövlətidir. Azərbaycanı bütün dünyada biabır etmək isə yaramaz, Nuşirəvan Məhərrəmli, yaramaz”.

Nuşirəvan Məhərrəmli isə ona belə cavab verdi: “ANS kanalında ən çox münasibətdə olduğum adam Mirşahin Ağayevdir. Mirşahin Ağayev dostumdur. Ümumiyyətlə şəxsi məsələni bu işə qatmaq düzgün deyil. Təbii ki, bunu bu səviyyəyə gətirmək düzgün deyil”.

Beləliklə mehriban düşmənlər barışdılar. Bizə qalan isə görünməmiş bir teatr oldu. Özü də absurd teatr. Ancaq mən bir şeyi də dəqiq bilirəm ki, artıq artistlik dövrü bitib. Artıq camaatımız o qədər səhnələrə şahidlik edib ki, belə teatrlara maraq göstərməz. Sadəcə, bu səhnələrdən növbəti serial düzəldib dövlətdən, xalqdan ayrılan xeyli pulu silib, sonra da hesabat vermək olar.

Mirşahinin Nuşirəvanla bağlı fikirlərindən belə başa düşülür ki, “Hesabat”ın qapadılması Azərbaycanı bütün dünyada rüsvay etmək imiş. Amma nəyi pisdir – “İnfarkt” serialı çəkmək üçün ideya yaranıb. Dünya belə infarkt görübmü? Elmə belə şey məlumdurmu? Dünyada rüsvay olmaq yerinə, dünyaya belə misilsiz göstərilər bəxş edə bilərik. Qoy ürəyinin parçalanmasından qorxub, ömrü boyu ondan qorunmağa çalışan, gündə bir dərman, metod, terapiya, profilaktika icadının dalınca qaçan bütün dünya infarktın necə asan yola verildiyini görsün və nəticə çıxarsın.

Gördünüzmü, Mirşahin müəllim infarktı da üç qəpiklik elədi.

Sən nə yamansan, ay müstəqillik! Gör nə uğurlara imza atırıq!

Sonda mən də onu demək istəyirəm ki, bu dövlət hamımızındır, var-dövlət isə hamının olmasa da, makaronlu, saatlı, efirli oğlanların öz payı var!

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar