Haradadır diaspora təşkilatlarımız, ziyalılarımız?!

Eldar SABİROĞLU

Bax bunu yana-yana yazıram. Səsiniz nədən çıxmır? Döyüşü uduzan düşmən başqa bir cəbhədə - informasiya müharibəsində üstünlüyü ələ alıb. Nə qədər ağır olsa da, bunu etiraf etməliyik. Axı, çətin bir səfərdən ölkəyə qayıdan prezident İlham Əliyev evinə dönməyib, gecənin bir yarısında Təhlükəsizlik Şurasının iclasını çağırdı. Təsirli və qətiyyətli çıxışı ilə bütün dünyaya səs salmaq istədi ki, işğalçı Ermənistan vəhşiliklərindən geri durmur, yenə də qan tökür, ikiüzlü dünya isə buna susur.

Prezident, həm də çox ciddi anonslar verdi. İşğalçını ifşa etmək, onun cinayətlərini beynəlxalq ictimaiyyətə çatdırmaq artıq bizim borcumuzdur. Hər birimizin borcudur. Hiyləgər düşmən yerində oturmur. Bütün mümkün vasitələrlə özünün həyata keçirdiyi alçaqlığı, şərəfsizliyii Azərbaycanın üzərinə yıxmaq istəyir. Heç olmazsa, Ermənistanın informasiya məkanlarına daxil olub, düşmənin bu eybəcərliyini görə bilərik.

Dünyanın bir çox informasiya mənbələri Ermənistana tərəf duraraq, beynəlxaq ictimaiyyətin diqqətini çaşdırmaqla məşğuldur. Qəsdən törədilmiş cinayət pərdələnir, biz isə içimizdə asıb-kəsirik. Bəlkə bunu da prezident etməlidir, qabağa düşüb xarici mətbuatı doğru yola çağırmalıdır? Düşünün bir qardaşlar! Bu Kişinin onsuz da dərdi, qayğıları başından aşır. Komək gərəkdir ona! Haradadır diaspor təşkilatlarımız, daimi nümayəndəliklərimiz? Harada qalıb ziyalılarımız? Rusiyanın elə bir şəhəri, elə bir vilayəti yoxdur ki, orada ictimai təşkilatlarımız, diaspora təşkilatlarımız fəaliyyət göstərməsin. Axı Moskvadan tutmuş, Uzaq Şərqə qədər, ziyalı adı ilə özünü tanıtdıran insanlarımız var. Kosmopolit düşüncə ilə sizlər yalnız oradakı çevrənizlə öyünə bilərsiniz. Əsl ziyalılıq millətin duyğu və hisləri, problemləri ilə yaşamaqdır!

Dərs keçmək fikrində deyiləm. Baxın və ibrət götürün, günahkar ola-ola hər fürsətdə öz millətinin xeyrinə yorulmadan, üzülmədən anti-Azərbaycan təbliğatı aparan ermənilərə. Nədən qorxursunuz? Səsinizi çıxardın, qınınıza çəkilib nəyi gözləyirsiniz?

Bəlkə diaspora təşkilatlarımız pul gələn mənbənin kəsiləcəyindən ehtiyat edirdilər? Allah bilir! Moskvanın göbəyində, özü də dövlət qeydiyyatından keçirilmiş qondarma "Dağlıq Qarabağ respubilkası"nın daimi nümayəndəliyinin qondarma rəhbərinin iki gündü gözünə yuxu gəlmir. NTV-dən tutmuş, Rusiyanın digər kanallarınadək, öz yalan və uydurmalarını həqiqət cildinə bürümək üçün ağzı o ki var köpüklənir. Rusiyanın telekanalları da heç bir sədd və hədd tanımadan, abır-həya gözləmədən bunları tirajlayır.

Avtomat və pulemyotlardan açılan atəşlə paramparça olan Gəncə nömrəli Jiquli maşınında ölən sürücü də, iki ayağını itirən oğlu da bizimdir - azərbaycanlıdır. Onlar yol gedirdilər. Qəfildən qana susamış silahlı erməninin pusqusuna tuş gəldilər. Düşmənin atdığı artilleriya mərmisi ilə dünyanın hələ pisini-yaxşısını görməyən ölən iki körpə uşağmız da həyasızcasına erməni kimi qələmə verilir. Guya iki erməni uşağını Azərbaycan əsgəri həyatdan məhrum etmişdir. Söz tapmaq çətindir Rusiyanın təbliğat vasitələrinin bu cür düşmən münasibətinə. Bunlar göstərir ki, cəbhədə döyüşün qızışdırılmasının arxasında məhz Rusiyanın hakim dairələri dayanır. Bunun başqa adı yoxdur.

Üzümü bir daha Rusiyadakı nümayəndəliklərimizə tutur və xahiş edirəm: Yerinizdən tərpənin, ermənilərin alçaqcasına apardıqları təxribatın önünü zəiflədən addımlar atın. Vaxt tapıb Təhlükəsizlik Şurasının iclasında Azərbaycan prezidenti İlham Əliyevin çıxışına diqqət yetirin. Orada əsgərimizlə bərabər söz deyə biləcək insanların, ziyalıların öhdəsinə düşən vəzifələr də açıqlığı ilə ortaya qoyulmuşdur.

Ey Moskvada yaşayan aydınlarımız, diaspora təşkilatlarının rəhbərləri, qulaqlarınızdakı pambıqları çıxarın, məndən ötdü sənə dəydi fikrindən uzaqlaşın. Hər tutarlı sözünüz və mövqeyiniz bilin ki, millətin xeyrinə olacaqdır. Sizin də məxsus olduğunuz bu millət vəfalıdır, unutmaz cəsarətinizi!...

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar