Tarixçi ilə tariximizi xilas edək

Bu sözləri çox eşitdiniz və ya çox dediniz:

1) Əşi, bizdə vəziyyət heç vaxt dəyişməyəcək.

2) Yenə bunlara baxanda indiki yaxşıdır.

3) Düzəlməyəcəyik.

4) Hamısı onlara işləyir.

5) Bizdə düz deyən cəsarətli adam yoxdur

6) Ilham Əliyevə alternativ görünmür və s.

Uzun illərdir Azərbaycan hakimiyyəti cəmiyyəti bu cür düşünməyə sürükləyir. Yəni onlar təkcə sərvətlərimizi oğurlamırlar, bizim xalqın düzgün düşünmək imkanlarını da oğurlayırlar. Bu da maddi sərvətlərdən az dəyər daşımır.

Siyasətə Hafiz Hacıyevi və ona bənzərləri buraxıblar ki, ümumiyyətlə, xalq siyasətdən üz döndərsin. Siyasətin özü gözdən düşsün. Hər cür iyrənc hərəkətlərlə və adamlarla xalqı ictimai proseslərdən iyrəndirirlər ki, hamı yanlış düşünməyə başlasın. Yuxarıdakı kimi.

Indi bir şeyi özünüzə sual edin. Dünənki müşahidələr göstərdi ki, bütün cəmiyyət prezidentliyə namizədlərin debatlarından danışır və siz də baxmamış deyilsiniz. Orada heç olmasa bircə nəfər hakimiyyətə işləməyən namizəd görmədinizmi?!

Cəsarəti sizi qane etmədimi? Ağlı, savadı, professor olmağı, dünyaca məşhur kitabları sizi razı salmadımı? Vicdanı, ağrıları, sizin gələcəyiniz naminə özünü təhlükəyə atması sizi qane etmədimi? Siyasi yetkinliyi sizi sevindirmədimi?

“YAP topuğuna, Əliyev hökuməti dizinə, şəxsən Ilham Əliyev xirtdəyinə qədər korrupsiyanın içindədir!” - təkcə bir cümləsi sizə hər şeyi demədimi?!

Mənim Cəmil Həsənlini nəzərdə tutduğumu bilirsiniz. Gördünüzmü, hakimiyyətə işləmir, əksinə, onun oğru xirtəyindən yapışa bilir, savadlıdır, Ilham Əliyevə də gerçək alternativdir. Onu debata, hesabata, yarışa çağırır. Üstəlik, ölkənin ən böyük partiyaları, ictimai təşkilatlar, gənclər hərəkatları, tanınmış vəkillər, QHT rəhbərləri, ictimai xadimlər onu dəstəkləyir. Özünüz də dinlədiniz, gördünüz, ona qarşı edilənləri də, deyilənləri izlədiniz. Qərar vermək anı deyilmi? Alternativ tapılmadımı?!

Bunlar isə illərdir aşılayır ki, Əliyevlərdən başqa kimsə idarə edə bilməz ölkəni. Halbuki, söhbət ölkəni onlardan xilas etməkdən gedir. Indi isə bu xilas üçün yaxşı bir şans yetişib. Bu günlərdə bir dostumdan tarixi bir söz eşitdim. Deyir ki, tarixçi ilə tariximizi xilas edə bilərik.

Cəmil Həsənlinin prezidentliyə namizəd kimi əsas üstünlüyü də bununla bağlıdır. Cəmil müəllim Birləşərək Azərbaycanı Xilas Etmək ideyasının namizədidir, demokratik qüvvələrin birliyini təmsil edir. Milli Şura da buna görə yaradılıb.

Şəxsən mən onun ölkəyə vicdanla və uğurla rəhbərlik edəcəyinə əminəm. Əvvəla, özü vicdanlı, savadlı və bacarıqlı insandır. Üstəlik, o, təcrübəli siyasi partiyaların və tanınmış müstəqil şəxslərin, müasir gəncliyin təmsil edildiyi Milli Etimad Hökumət yaradacaq. Xalqa xidmət və demokratiya yolu tutacağından onun siyasətini xalqımız, həmçinin demokratik dünya birliyi dəstəkləyəcək, Azərbaycana uğurlar qazandıracaq.

Cəmil müəllim bilir ki, demokratiya olduqca uğurlu üsuldur, yalnız bu yolla ölkəni bəlalardan xilas etmək mümkündür. Bu yolla yaxşı gələcək qurmaq olar. Cəmil müəllim bilir ki, heç bir ölkə müasir tarixinə demokratiyasız uğur gətirə bilməyib.

Amma tariximizə əngələ çevrilmiş rejimdən xilas olmaq da, demokratiyanı sevgili ölkəmizə gətirmək də sizsiz olmur. Dəstəyiniz gərəkdir. Əlimizdən gələni etməliyik.

Məsələn, sabah saat 16-da seçki mitinqinə gəlin. Dinc, razılaşdırılmış, şəhərin nisbətən mərkəzi hissəsində keçirilən bir mitinqdir. Bakının “Inşaatçılar” metrosunun yanındakı stadionda Cəmil Həsənlini və onu dəstəkləyən liderləri dinləyin.(azadliq.info)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar