Məni qardaşlığa qəbul edərsənmi, Əziz Ana?

Yəqin hər kəsdə belədir: Dərin bir kədər məni elə ağuşuna alıb ki, ayrıla bilmirəm. Xain düşmənin gülləsinə tuş gələn qəhrəman övladlarımızın qan verən yarasını öz köksümdə hiss edirəm. Ürəyim sanki ikiyə bölünüb. Çırpınır. Şəhidlərimizlə həm qürur duyuram, həm də onların yanğısı içimi göynədir. Gözlərim ağlamır,ürəyim ağlayır. Dözmək doğrudan da çətindir.

Amma böyük bir təsəllimiz vardır ki, onunla yalniz fərəhlənə bilirsən. Oğlunu vətən naminə qurban verən anaların sözlə ifadə edilməyəcək dəyanətini, torpağa sonsuz məhəbbətini gördüm. Bu sadəcə bir hiss deyil, gerçəklikdir. Ana üçün vətən, övlad itkisinin, dərdinin fövqündə dayanmışdı. Bayrağı köksünə basdı ana. İlahi sən bunun qüdrətinə bir bax, əymədi başını ana, dik tutdu! “Vətən sağ olsun, südüm halal olsun” dedi ana. Övladını son mənzilə yola salan anaların dilindən bu sözləri eşitmək nə qədər qürurverici imiş. Əhsən belə Azərbaycan anasına!

Önündə diz çökəyə dəyər. İkincı şəhidini torpağa tapşıran Naxçıvandakı bir qəmli görüntü gözlərimdən axirətədək çəkilməyəcəkdir. Ana şəhid oğlu Qabilin cənazəsinə girmişdi, yaxasındakı şəkli ilə birlikdə. Ana izdihamın önündə idi. Qabilə sanki sonuncu borcunu vermiş kimi idi. Qarşında baş əyirəm! Vətənin bu cür anaları varsa, bu torpaq heç zaman basılmayacaqdır!

Qəhrəman Qabilin anası, mənim əziz bacım, sənin oğlun artıq səndən çıxdı, vətənin övladına, bu torpağın oğluna döndü. Bizlər gəlib gedəcəyik, ancaq sənin atasız böyütdüyün qəhrəman oğlun ürəklərdə əbədi yaşayacaqdır. Və onu da unutma ki, oğlunun tabutuna girib haqqın dərgahına yola salan sənin kimi ananın böyüklüyünü bu vətən heç vaxt yadından çıxarmayacaqdır.

Əziz ana, bu gündən qəhrəman övladın Qabil ilə birlikdə özünüzə bir heykəl ucaltdınız ürəklərdə. Dünya alt-üst olsa da, şəhid övladınızı çiyinlərinizdə yola saldığınız o anlar və qürurverici ana rəşadəti mənim gözlərimin önündən heç vaxt getməyəcəkdir. Qarşında diz çökürəm müqəddəs ana! Yeri behişt olan Qabilə Allahdan rəhmət diləyirəm. Əlimdən başqa nə gəlir ki?! Məni qardaşlığa qəbul edərsənmi, əziz və müqəddəs Ana?

Dərin kədər hissi ilə Eldar Sabiroğlu.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar