Hüquqsuz fəlsəfə necə olacaq?

Etibar Əliyev

Fəlsəfə doktoru

"Həqiqəti gizlətmək, həqiqətin üstünü basdırmaq olmaz"

Ümummilli lider Heydər Əliyev

Qərb institutlarının uğurlarının əsas səbəblərindən biri ənənəni qorumaqdır. Heç bir universitetin, tədqiqat mərkəzinin adını dəyişmirlər. Dəyişikliklər adın içərisində aparılır. Bizdə isə tərsinədir. İslahat adı ilə institut, komitə və şirkətlərin adını dəyişirlər. Söhbəti çox uzatmadan mətləbə keçmək istəyirəm. Fəlsəfə və Hüquq İnstitutunda islahat adı ilə struktur dəyişikliyi aparılır. Başqa sözlə, hüququ fəlsəfədən qoparırlar. Fəlsəfə və Hüququn bir institutda birləşməsi göydən düşməyib. Maraqlı tarixə diqqət edək:

Fəlsəfə və Hüquq İnstitutu Azərbaycan Elmlər Akademiyasının müstəqil elmi qurumu kimi 1945-ci ildə təşkil olunub. İnstitut 1945-1950, 1950-1956-cı illərdə Tarix və Fəlsəfə İnstitutu, 1956-1967-ci illərdə Azərbaycan EA Fəlsəfə sektoru, 1967-ci ildən 2002-ci ilin iyun ayına qədər Fəlsəfə və Hüquq İnstitutu, 2002-ci ildən 2009-cu ilin yanvarınadək Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutu, 2009-cu ilin yanvarından 2014-cü ilin fevralına qədər Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu adı ilə fəaliyyət göstərmişdir. AMEA Rəyasət Heyətinin 27 fevral 2014-cü il tarixli qərarı ilə Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun adı dəyişdirilərək Fəlsəfə və Hüquq İnstitutu adını almışdır.

Yeni yaranan institut isə sadəcə “Fəlsəfə institutu” adlandırılacaq.

Bu institutun təşkili akademik Heydər Hüseynovun adı ilə qırılmaz surətdə bağlıdır.

İnstituta müxtəlif illərdə rəhbərlik edən şəxslərə diqqət yetirək:

1945-1950-ci illər – akademik Makovelski Aleksandr Osipoviç;

1950-1956-cı illər – f.e.d. Səmədov Vitali Yunisoviç, t.e.d. İsgəndərov Məmməd Salman oğlu, t.e.d. Quliyev Əlövsət Nəcəfqulu oğlu;

1958-ci il – f.e.d. Qasımov Mehbalı Məmməd oğlu;

1958-1959-cu illər – f.e.d. Şakirzadə Əddin Sədrəddin oğlu;

1959-1984-cü illər – akademik Köçərli Firudin Qasım oğlu;

1985-1987-ci illər – f.e.d. Orucov Zahid Məlik oğlu;

1987-1995-ci illər -akademik Aslanov Aslan Məhəmməd oğlu.

1995-2001-ci illər – f.e.d. Abasov Əli Seyidabbas oğlu

Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutu yaradıldıqdan sonra İnstituta f.e.d., professor Y.İ.Rüstəmov təyin olunmuşdur.

2008-ci ildə isə İnstitutun direktoru vəzifəsinə f.e.d. İlham Məmmədzadə təyin olunmuşdur.

Göründüyü kimi instituta İlham Məmmədzadə istisna olmaqla, müxtəlif illərdə nüfuzlu şəxslər rəhbərlik etmişlər.

Belə qənaətə gəlirəm ki, institutun tarixini şərti olaraq 2 yerə bölmək olar. Firudin Köçərliyə qədərki dövr və ondan sonrakı dövr. Cox çətin dövrlərdə nüfuzlu adamlar institutun adını və nüfuzunu qorumağa çalışıblar. Fəlsəfə ilə hüququn bir institutda birləşməsi mahiyyət etibarı ilə düzgündür. Bu birlik böyük alimimiz Firudin Köçərlinin 25 il direktor olduğu müddətdə mövcud olub. Dahi Hegelə görə, hüququn fəlsəfəsi hüquq istiqaməti deyil, fəlsəfi istiqamətdir. Böyük filosof elmin bu iki istiqamətinin üzvü vəhdətini gözəl təsvir edib. Hegelə görə, hüquq fəlsəfəsində hüquq haqqında həqiqi elm təqdim edilir. O, yazırdı: “Hüquq haqqında elm fəlsəfənin hissəsidir”. Danmaq lazım deyil, biz bu iki elmi istiqaməti tədqiqatlarda çoxdan bir-birindən ayırmışıq. Ancaq bu parçalanma üçün əsas ola bilməzdi.

Fəlsəfə və Hüquq İnstitutunda son dövrlər fəlsəfi fikirlərdən daha çox cinayət məcəlləsinin maddələri misal çəkilirdi. Filosoflar bundan hürkürdülər. Hüquqşünaslar da hürkməyə başlamışdılar. Belə davam edə bilməzdi. Ya institutun direktoru və onun qruplaşması getməli idi, ya da ki, institutla bağlı qərar qəbul olunmalı idı. İnstitutun gələcək taleyini düşünənlər birincini istəyirdilər. Ancaq deyəsən gözləntilərin hər ikisi baş tutacaq. Həm institut parçalanacaq, həm də İlham Məmmədzadə gedəcək.

Yeri gəlmişkən, aparılan islahatların fəlsəfəsi başa düşülən deyil. Hər yerdə birləşmə gedir, Fəlsəfə və Hüquq İnstitutunda isə ayrılma! Yaxşı olmazdımı ki, nüfuzlu bir şəxsi Fəlsəfə və Hüquq İnstitutuna direktor təyin edəydilər, İnsan Hüquqları İnstitutunu (bu institutun adı da qüsurludur: ad təlqin edir ki, hüquq yalnız insana məxsusdur) da bura birləşdirəydilər? Ancaq aysberqin görsənməyən tərəfi öz işini gördü.

Maraqlıdır, AMEA-nın başqa institutlarında da analoji hadisə baş veribmi?

Gəlin Ədəbiyyat İnstitutuna baxaq. Bu institut 1932-ci ildə yaranıb. 40-cı illərin sonunda Dilçilik İnstitutu ilə birləşdirilib. 1969-cu ildən institut Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutu adı altında fəaliyyət göstərir.

Göründüyü kimi Ədəbiyyat İnstitutu bir ad altında fəaliyyət göstərib və göstərməkdədir. Fəlsəfəyə aid olan institutun adı isə 7 dəfə dəyişdirilib.

Söhbət islahatlardan gedirsə, onda Folklor İnstitutunun Ədəbiyyat İnstitutuna, Arxeologiya və Etnoqrafiya İnstitutunun isə Tarix İnstitutuna birləşməsi daha məntiqli olardı.

Deyəsən fəlsəfə yenə “aranı qatdı”, hə...

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar