Ata, bala uçdu cənnət bağına…

Dərc olunub: 03/04/2019 - 13:30

nureddinNurəddin İSMAYIL

“Bayraqları bayraq yapan üstündəki qandır, torpaq, əgər uğrunda ölən varsa vətəndir” demiş, böyük türk şairi Mithəd Camal. Onlar, Ata Əbdül, oğul Rasim vətən uğrunda candan keçib uca şəhidlik məqamına yüksəldilər. Onlar axıdılan qanlarıyla isbatladı ki, vətən təkcə üstündə gəzdiyin, bioloji mövcudluğunu qoruduğun coğrafi ərazi, cansız məkan deyil.

Vətən canımızın parçası, ruhumuzun qidası, bayrağının dalğalanmasından, himnin səslənməsindən könlümüzün ehtisaza gəldiyi, babalarımızın bizə əmanət ediyi, övladlarımıza anaların laylalar dediyi, çölündən, çəmənindən zövq aldığımız, içində min-min can yatan, musiqimizin, mədəniyyətimizin ərsəyə gəldiyi, dilimizin əzbəri candır Azərbaycanır.

Onlar, ata Əbdül, oğul Rasim candan artıq sevdikləri vətən uğrunda şəhid oldular. Uca Allahdan hər iki qardaşımıza və bütün şəhidlərimizə rəhmət diləyir, məkanları cənnət, qəbrləri nurla dolsun deyirik.

1522516709_18_02_22_1519281221

Ata, bala uçdu cənnət bağına

Can fədası iki haqqın şəhidi,
Ata, bala uçdu cənnət bağına.
Millət oldu ölməzliyin şahidi,
Ata, bala uçdu cənnət bağına.

Səf bağladı qazi Əbdül cəbhədə,
Düşməndən öc aldı o Mil təpədə,
Diz çökdü yağılar Lələ təpədə,
Ata, bala uçdu cənnət bağına.

Mərdlik, hünər imzasını atdılar,
Qan yaddaşa ayna tutan addılar,
Şəhadətin şərbətini daddılar,
Ata, bala uçdu cənnət bağına.

Bir ömürdür, yaşadılar ər kimi,
Döyüş anı hər biri bir nər kimi,
Kimi kölə, kimi yaşar hürr kimi,
Ata, bala uçdu cənnət bağına.

Vətən bizim candan əziz canımız,
Halal olsun ona axan qanımız,
Şəhid məzarıdır dörd bir yanımız,
Ata, bala uçdu cənnət bağına.

Ey şühəda, ey baş qoyan torpağa,
Ey sarılan mavi gözlü bayrağa,
Zaval yoxdur haqdan yanan çırağa,
Ata, bala uçdu cənnət bağına. 








loading...


Fikrinizi bildirin