ZAKİR HƏSƏNOV DSX RƏHBƏRLİYİNƏ KİMİ GƏTİRMƏK İSTƏYİR? – Klanlararası çəkişmə

ORDUDAKI YENİ KLANIN İNKİŞAF PLANLARI

Azərbaycan Ordusunda formalaşmaqda olan yeni klan özünün nüfuz dairəsini digər güc strukturlarına doğru genişləndirmək niyyətindədir. Hazırda əsas hədəf Dövlət Sərhəd Xidmətidir.

Bu barədə AzPolitika.info-ya hərbiyə yaxın mənbələrdən məlumat daxil olub.

9 oktyabr prezident seçkilərindən sonra hökumətin yenidən formalaşdırılması zamanı adı namizədlər sırasında çəkilmədiyi halda müdafiə naziri təyin olunan və rəsmi-qeyri rəsmi geniş səlahiyyətlər əldə edərək Azərbaycan Ordusunda köklü dəyişikliklərə başlayan Zakir Həsənov, qısa müddət ərzində Müdafiə Nazirliyini “köhnələrdən” təmizləyib öz komandasını iş başına gətirməyə nail oldu. Lakin əldə olunan məlumatlara görə, Zakir Həsənov və onu himayə edən dairələr təkcə Milli Ordunu nəzarət altına almaqla kifayətlənmək niyyətində deyillər. Siyasi rəhbərliyin böyük etimadını hiss edən yeni nazir, MN-lə yanaşı Silahlı Qüvvələrin digər bölmələrini də özünün nüfuz dairəsinə daxil etməyə can atır. Əsas hədəf isə Sərhəd Qoşunlarıdır.

Bizə verilən məlumata görə, Zakir Həsənov Dövlət Sərhəd Xidmətinin rəhbərliyinə özünə yaxın bir şəxsi təyin etdirmək üçün bütün gücünü səfərbər edib. Söhbət Dövlət Sərhəd Xidmətinin Akademiyasının rəisi general-mayor Araz Məmmədovdan gedir. Z.Həsənovun DSX rəhbərliyində görmək istədiyi şəxs Araz Məmmədovdur.

Mənbə deyir ki, Zakir Həsənov vaxtilə Sərhəd Xidmətində işləyəndə Araz Məmmədovla yaxın dost olublar və hər ikisinin DSX rəisi Elçin Quliyevlə münasibətləri gərgin olub. 2003-cü ildə Zakir Həsənov Daxili Qoşunlara komandan təyin olunub. Bir müddət sonra isə Elçin Quliyev Araz Məmmədovu vəzifəsindən uzaqlaşdırıb. Lakin hansısa “qüdrətli əl” Araz Məmmədovu DSX-dakı işinə bərpa etdirib, bir müddət sonra isə o, general-mayor rütbəsini alaraq yeni yaradılmış Dövlət Sərhəd Xidmətinin Akademiyasına rəis təyin olunub.

Bizə verilən məlumata görə, hazırda da Elçin Quliyevlə münasibətləri məsafəli olan Araz Məmmədov, Zakir Həsənovun dəstəyi sayəsində DSX rəhbərliyinə real namizədə çevrilib. Hətta deyilənə görə bu yaxınlarda Heydər Əliyev Fondunun təşkil etdiyi bir tədbirə Elçin Quliyev dəvət olunmadığı halda Araz Məmmədov dəvətlilər sırasında olub və Zakir Həsənovla yanaşı əyləşib.

Murad MƏMMƏDOV

AzPolitika.info

Foto: Araz Məmmədov

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar