XALQINA BAŞUCALIĞI GƏTİRƏN İNSAN!

Dərc olunub: 01/06/2016 - 13:00

İlyas ISMİlyas İSMAYILOV
Ədalət Partiyasının sədri, hüquq elmləri doktoru

“Hakimdə dörd zəruri keyfiyyət olmalıdır: o, səbr və nəzakətlə dinləməli, ağılla cavab verməli, soyuqqanlı düşünməli və qərəzə yol vermədən ədalətli qərar çıxarmalıdır”

Sokrat

Vaxtilə Volter qeyd edirdi ki, insanlığın ən gözəl vəzifəsi ədalət mühakiməsidir.Mənə elə gəlir ki, insanlığın həm də ən çətin vəzifəsi məhz ədalət mühakiməsidir. çünki ədalət, ilk növbədə, necə deyərlər, mülkün, dövlətin sarsılmaz əsası, ləyaqətin, comərtliyin və səxavətin təməlidir; ancaq ədalətli olan faydalı, səmərəli olar. Ona görə də o, həmişə hamı, xüsusilə də hakimlər tərəfindən ciddi gözlənilməlidir.

İkincisi, ədalət mühakiməsini həyata keçirən şəxs, Siseron demişkən, öz şəxsi simpatiyası və antipatiyasını unutmalı, başqa sözlə, tərəflərə, xüsusilə də ittiham olunana deyil, işə baxmalıdır. Qədim Yunanıstanın “Yeddi müdrik”indən biri sayılan, qanunun aliliyini hər şeydən üstün tutan Xilon, tarixin bizə xəbər verdiyinə görə, qocalığında etiraf edib ki, heç vaxt qanun pozuntusuna yol verməyib, lakin bir halda – dostunun işinə baxdığı zaman etdiyi əməlinin düzgünlüyü hələ də onda şübhəli qalır. Xatırladım ki, o, dostunu qanuna əsasən mühakimə etmiş, ancaq öz hakim yoldaşından xahiş etmişdir ki, ona bəraət versin.Beləliklə də, o, həm qanuna, həm də dostluğa qulluq edib. Bu hal, bəlkə də, hakimin şəxsi keyfiyyətlərindən doğan, lakin həyatda analoqu olmayan istisnadır.

Digər tərəfdən, ədalət mühakiməsinin şərəfliliyi və çətinliyi bir də onunla müəyyən olunur ki, əsl cinayətkarın layiq olduğu cəzaya məruz qalması bütün yaramazlara xəbərdarlıq, təqsirsiz şəxsin məhkum olunması isə təkcə hakimin deyil, həm də cəmiyyətin vicdan məsələsidir.

Ədalət mühakiməsinin qeyd olunan və digər zəruri şərtlərini nəzərə almaqla qanuna, deməli, xalqına qulluq edənlər haqda düşünərkən, respublikamızda xatırlanmalı olan hakimlərdən şəxsən tanıdığım, xeyirxah hərəkətlərinin dəfələrlə şahidi olduğum, sözün böyük mənasında müəllim saydığım Abdulla Hacıbaba oğlu İbrahimovun adını xüsusi vurğulamaq istəyirəm. çox təəssüf ki, xalqa yaxınlığı ilə seçilən, onun əzab və ağrılarını çəkən və onun bu ağrılardan xilası üçün düzgün olaraq yeganə yolunu bilik və tərbiyədə görən, öz ömürlərini də bu işə həsr edən insanları nəzərdə tutan “müəllim” anlayışı son vaxtlar “bəy”, “ağa” və xalqdan yuxarı duran digər insanları ehtiva edən müraciətlərlə əvəz olunmaqdadır.Müəllim sözünə hörmətsizlik, gələcək nəslin təlim-tərbiyəsi ilə məşğul olan müəllimin taleyinə laqeydlik cəmiyyəti bədbəxtliyə aparar. Cəmiyyətin inkişafının səviyyəsi bir sıra iqtisadi, siyasi, mənəvi-əxlaqi meyarlarla ölçülsə də, lakin gələcəyimiz tələb edir ki, bu meyarlar içərisində müəllimin maddi və mənəvi durumu əsas meyar olsun, müəllim sözü də müqəddəs sayılsın.

Vaxtilə şəxsiyyəti yüksək keyfiyyətlərə və fəaliyyəti ictimai motivlərə əsaslandığından böyük hörmət bəslədiyim, Azərbaycanda hüquq elminin inkişafında, ali ixtisaslı hqüquqşünas kadrların yetişməsində əvəzsiz xidmətlərinə və bu işdə qədim romalıların ən qısa əmr hesab etdikləri şəxsi nümunəyə üstünlük verərək hər cür sui-istifadələrlə, çirkinliklərlə mübarizə apardığına görə, hüquq elmləri doktoru, professor, hüquq fakultəsinin keçmiş dekanı (Abdulla müəllimin də yaxın dostu), tam və bütöv şəxsiyyəti – Məmməd Süleyman oğlu Xələfovu, mənə dərs deməsə də, özümə müəllim saydığım kimi, 20 ilə yaxın respublikanın Ali Məhkəməsinin sədri işləyən Abdulla İbrahimovu da məhz Volterin ən gözəl vəzifə saydığı ədalət mühakiməsini elmə, qanuna hörmət əsasında, fəzilət eşqi və ədalət qeyrəti ilə həyata keçirilməsinin bilavasitə iştirakçısı və təşkilatçısı olduğuna görə, özümə müəllim bilirəm. Tale elə gətirdi ki, bir vaxtlar tələbə, aspirant, elmi işçi kimi onun fəaliyyətini “aşağıdan” qiymətləndirən insandan, sonralar Azərbaycan KP MK-nın inzibati orqanlar şöbəsində respublika hüquq-mühafizə orqanlarının fəaliyyətinə partiya nəzarətinin həyata keçirilməsində iştirak edən şəxsə çevrildim və beləliklə də, onun fəaliyyətinə artıq “yuxarıdan” hərtərəfli qiymət vermək imkanı əldə etdim, Abdulla müəllimin qeyd olunan yüksək keyfiyyətlərinin bir daha şahidi oldum.

O vaxtkı çətin şəraitdə Abdulla müəllim məhkəmə hakimiyyətinin müstəqilliyini qoruyur, həmişə işlərə qanun əsasında, qərəzsiz baxılmasını təmin etməyə çalışırdı. Dərin və hərtərəfli bilik sahibi olan hakim və böyük təşkilatçılıq məharətinə malik rəhbər kimi, Abdulla İbrahimov Moskvada SSRİ Ali məhkəməsində, digər müttəfiq respublikalarının Ali Məhkəmə sədrləri tərəfindən etiraf olunur, çoxsaylı beynəlxalq səfərlərində və görüşlərində xalqımızı ləyaqətlə təmsil edirdi.

Kiminsə xətrinə dəymək istəyindən tamamilə uzağam, amma həqiqət naminə demək istəyirəm ki, o, sevdiyi işindən azad edildikdən sonra məhkəmə hakimiyyətinin müstəqilliyinə böyük zərbə vuruldu, daha sonrada kənar təsirlərə qulluq etdiyinə, siyasi sifarişləri yerinə yetirdiyinə və korrupsiyaya, yerlibazlıq epidemiyasına düçar olduğuna görə, bu hakimiyyət qolunun nüfuzu qarşısıalınmaz erroziyaya məruz qaldı. çox təəssüf edirəm ki, eyni aqibəti vaxtilə oxuduğum, dərs  dediyim, dəfələrlə dövlət imtahan komissiyasına sədrlik etdiyim, çox sevdiyim hüquq fakultəsi də Məmməd Xələfov dekan vəzifəsindən uzaqlaşdırılandan sonra yaşadı və yaşayır.

Abdulla müəllim möhkəm, sərt xarakterə malik, şəxsi ləyaqət hissi güclü olan insan idi. Möhkəm xarakter də özünə, öz qərarları və hərəkətlərinə inamın əsası, iradəvi keyfiyyətlər isə ağlın göstəricisidir. O, həmişə inamla fəaliyyət göstərir, hər bir çətin şəraitdə cəsarət nümayiş etdirirdi. Bu keyfiyyət rəhbərə, xüsusilə də hüquq-mühafizə orqanlarına başçılıq edən şəxsə çox lazımdır.çünki işin mahiyyəti bunu tələb edir. Möhkəm xarakterə malik olmayan, şəxsi ləyaqətini gözləməyi bacarmayanlar hüquq-mühafizə orqanlarına rəhbərlik edə bilməzlər. Belələrinin bu orqanlara rəhbərlik etməsi elə lap əvvəldən haqqı-ədaləti, qanunçuluğu, insan hüquq və azadlıqlarını böyük təhlükəyə məruz qoymaq deməkdir.

Yeri gəlmişkən, hər hansı kollektivə rəhbərlik edən şəxs dərin və hərtərəfli biliyə, yüksək mədəniyyətə malik, vicdanı təmiz, hər cür qanun pozuntularına qarşı barışmaz olmalı, tabeçiliyindəkilərə və digərlərinə qarşı insani, qayğıkeş münasibət bəsləməlidir. Başqa sözlə, insanları ağıl, bilik və mədəniyyətlə idarə etməlidir.Əks halda o, insanlarla ciddi danışa, onlardan düzgün fəaliyyət göstərməyi tələb edə bilməz. Ciddi danışmaq haqqını isə əməllə söz arasında fərqin olmaması verir. Bu keyfiyyətlərə malik olmayan rəhbərə kollektivdə hörmət bəsləməz, ona ancaq dözə bilərlər. Abdulla müəllimə təkcə rəhbərlik etdiyi kollektivlərdə deyil, bütün hüquq ictimaiyyətində böyük və dərin hörmət var idi.

Abdulla müəllimin xarakterik xüsusiyyətlərindən biri də onun elmə, biliyə hörməti, gənclərə qayğıkeşliyi idi. Yaxşı xatırlayıram: Leninqrad Dövlət Universitetinin əyani aspiranturasında oxuduğum zaman, dissertasiya işim üçün məhkəmə təcrübəsinin materiallarından istifadə etmək lazım idi. Mən dissertasiyamı Azərbaycan Respublikasının qanunvericiliyi və onun tətbiqi təcrübəsi əsasında yazmalıydım. Bunun üçün Ali Məhkəmədə ümumiləşdirilmiş  materiallar var idi. Şəxsi münasibətim, hər hansı yaxınlığım, tanışlığım olmasa da, respublika Ali Məhkəməsinin sədri işləyən Abdulla müəllimə məktubla müraciət etdim və həmin materiallarla tanış olmağa icazə istədim. Abdulla müəllim məktubumu alan kimi, lazım olsn bütün materialları Leninqrad Universitetinin məxfi hissəsinə göndərtdi və mən bu materiallarla Leninqradda tanış oldum.

Abdulla müəllimlə şəxsi tanışlığım sonralar – Leninqradda namizədlik dissertasimı müdafiə edib, Bakıya qayıdaraq Azərbaycan SSR Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnistutunda baş elmi işçi işlədiyim zaman oldu. Bakıda yeni inzibati ərazi vahidi – Nəsimi rayonu yaradılmışdı. Abdulla müəllim məni yanına dəvət edərək həmin rayona hakim göndərmək istədiyini bildirdi. O vaxtlar Ədliyyə Nazirliyi yox idi, məhkəmələrin idarəçiliyini də Ali Məhkəmə həyata keçirirdi. Mən verdiyi yüksək qiymət və etimada görə ona minnətdarlığımı bildirdim,  elmi işimi davam etdirmək niyyətində olduğumu söylədim. O vaxt doktorluq dissertasiyası üzərində işləyirdim. Davranışım Abdulla müəllimin xoşuna gəldi və bənə müraciətlə: “Sənə nə kömək edə bilərəm?” – dedi. Bu sualdan sonra o, məni Ali Məhkəmədə onun baş redaktorluğu ilə nəşr olunan “Sosialist qanunçuluğu” jurnalının redaksiya heyətinin sədri təyin etdi. Beləliklə, Akademiya ilə yanaşı, həm də bu jurnalda işlədim və ayda 130 manat maaş aldım. Bu, mənim üçün çox böyük kömək idi. Jurnaldda işlədiyim zamanlar Abdulla müəlimlə tez-tez görüşür, onun yüksək keyfiyyətlərinin şahidi olurdum. Bir dəfə o bildirdi ki, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin yeni təyin olunmuş sədri Q.Xəlilov səni qəbul edəcək. Artıq heç nə demədi. Doğrudan da, bir neçə gündən sonra məni sədrin qəbuluna dəvət etdilər, söhbət əsnasında bildim ki, Q.Xəlilov Rəyasət Heyətinin əfv şöbəsinə müdir vəzifəsinə Abdulla müəllimdən savadlı və təmiz bir hüquqşünası təklif etməyi xahiş edib, o da mənim namizədliyimi irəli sürüb. Q.Xəlilov söhbətdən, Abdulla müəllimin sonralar mənə dediyinə görə, çox razı qalmışdı. Lakin bu vəzifəyə daha təcrübəli, yaxşı bir insanı götürdülər.

Abdulla müəllim mütaliəni çox sevərdi. Onun maraq dairəsi olduqca geniş idi. özü hüquqşünas olsa da, Tolstoyu,  bəlkə də, bir çox tolstoyşünaslardan yaxşı bilirdi. İradəli adam olduğundan hafizəsi, yaddaşı da çox güclüydü. Bir dəfə biz Masallıdan Bakıya onunla birlikdə qayıtdıq. Bütün yol boyu nə qədər şeir söylədi, çox sevdiyi S.Vurğunun “Vaqif” dramını əvvəldən axıra əzbər dedi. Valeh oldum…

Əlbəttə, hamıya aydındır ki, kiçik bir yazıda Abdulla müəllim haqda hərtərəfli fikir söyləmək çox çətindir. Deyilənlərə yekun olaraq bir də onu qeyd etmək istəyirəm ki, o, mərd, ədalətli, ləyaqətli şəxs və rəhbər kimi, hər yerdə xalqına başucalığı gətirən insan idi.   


loading...


Fikrinizi bildirin