Muzdlu ABŞ şirkətinin kürü “exit poll”u

Heç vaxt «exit-poll» keçirməyən AJF firması Azərbaycan seçkilərinə niyə gəlib?

9 oktyabr seçkiləri ilk gündən qeyri-demokratik, qeyri-bərabər keçir. Elə indidən ədalətli seçkilərdən danışmağın mümkün olmadığını iddia edə bilərik. Siyasi iqtidarın rəqibləri sıxışdırılır və onlara hər cür əngəllər yaradılır, fundamental hüquqlar və siyasi azadlıqlar məhdudlaşdırılır, hakimiyyətin xeyrinə çalışan polis rejiminin yaratdığı qorxu, izlənmə və həbs mühiti qalır. Siyasi məhbusların sayı artır və seçkidən öncəki avtoritar şərait daha da pisləşir.

Seçki kampaniyası hər addımda ən kobud qanunsuzluqlarla müşahidə edilir. Dövlətin bütün resursları Ilham Əliyevin xeyrinə istifadə edildiyi halda, gerçək rəqibin - Cəmil Həsənlinin hətta qısa teleçıxışlarına qarşı süni namizədlər vasitəsilə əngəllər yaradılır.

Hətta bu cür ədalətsiz kampaniyanın sonunda səsvermə nəticələrinin də saxtalaşdırılacağı ehtimalı birmənalı olaraq qalır. Amma görünür, hakimiyyət təmsilçiləri tam nəzarətdə saxladıqları və diktə etdikləri Mərkəzi Seçki Komissiyasının nəticələrinə inam yaratmağın asan olmayacağını da bilirlər. Çünki bu qurumun saxtakarlıq əsərləri ötən seçkilərdən ölkədə və beynəlxalq aləmdə hər kəsə tanışdır. Odur ki, hazırlığa başlayıblar. Arzu etdikləri təxmini rəqəmləri MSK-dan öncə ABŞ-dan gətirilmiş “exit-poll”a elan etdirmək istəyirlər. Nədənsə, yerli hüquq müdafiə təşkilatları, siyasi partiyalar, seçkini müşahidə edən beynəlxalq qurumlar, eləcə də Azərbaycanda monitorinq aparan mötəbər qeyri-hökumət təşkilatları gözlə görünən bu “exit-poll” hiyləsinə susmaqdadırlar.

Muzdlu Artur Finkelşteyn tərəfsiz rolda?

Mətbuatdan bəllidir, “exit-poll”u ABŞ-ın Arthur C.Finkelstein&Associates (AJF) şirkəti həyata keçirəcək. Bu şirkət Amerikada və bütün dünyada məsləhətçi, muzdla seçki kampaniyası quran bir firma kimi tanınır. Bəli, onun məşhur dövrləri də olub, amma həmişə yalnız hansısa namizədin və ya partiyanın qələbəsi üçün çalışıb, həm də ödənişlə.

Bu şirkətin nəinki tərəfsiz, ümumiyyətlə, “exit-poll” keçirmək təcrübəsi yoxdur. O, yalnız sifarişlə konsaltinq sorğuları keçirib. O, PR agentliyidir və son illərdə yalnız Amerikadan kənarda, xüsusən də Israildə siyasi partiyalara ödənişli köməklə pul qazanır, hətta orada PR işində böyük uğursuzluqlarla üzləşərək əvvəlki imicini itirib. Illik gəliri ABŞ üçün çox az - 880 min dollar olan bu qurumun hazırda cəmi 9 əməkdaşı var. Köhnə və bərbad internet saytını belə yeni hala gətirə bilməyib.

Bütün hallarda, “exit-poll” keçirmək təcrübəsi və tərəfsiz imici olmayan bir qurumun Azərbaycana gəlməsi suallar doğurmalıdır. Amma onu bura dəvət edən tərəfdaşa baxdıqda, suala da ehtiyac qalmır.

Əslində YAP-ın dəvəti...

AJF-i Azərbaycana formal olaraq açıq YAP tərəfdarı və Ilham Əliyevin təbliğatçısı olan, müxalifətin əleyhinə təşviqat aparan bir qurum - APA informasiya agentliyi çağırıb. APA-nın hakimiyyətə bağlılığı kimdə şübhə doğurur? Apa.az, publika.az, trend.az və bu kimi təşviqçilərin hakimiyyətə məxsusluğu heç beynəlxalq müşahidəçilərdə də şübhə doğurmur. Yəni AJF-ni hakimiyyət özü çağırıb və guya bunu pərdələmək üçün APA-nın adından istifadə edilib.

Işin maliyyə tərəfinə gəldikdə, APA özü hakimiyyət oliqarxiyalarından maliyyələşirsə, onun AJF-yə ödəməyə pulu haradandır? Qurumun rəhbəri reklamlardan yaxşı qazandıqlarını deyir, amma onun saytında belə reklam tufanı görmürük. Əgər həmin reklam bannerləri ABŞ şirkətini buraya gəlməyə ruhlandıran və böyük xərc tələb edən qədər pul qazandırırsa, deməli, həmin reklam ödənişlərində də kommersiya maraqları deyil, siyasi himayə rol oyanır.

Hər halda, APA öz gəlirləri və vergi ödəmələri ilə bağlı açıqlama verməyib. Onun gəlirlə işləməsi mümkün deyil, xüsusən də ABŞ-dan gəlib burada böyük xərc tələb edən bir işi görən şirkətin ödənişinə çatacaq qədər gəliri...

Maliyyə gizliliyi ilə “exit-poll”

ABŞ kimi demokratik ölkələrdə “exit-poll”u CNN, FOX TV, NBC, ABC Nyus kimi media nəhənglərinin təsis etdiyi Milli Seçki Sorğu Konsorsiumu həyata keçirir və bunun üçün təsisçilər konsorsiuma 100 milyon dollar ətrafında fond yaradırlar. Belə ölkələrdə sorğular xəbər məqsədi daşıyır və seçkilərin saxtalaşdırılmasının qabağını almaq məqsədi güdmür. Çünki həmin ölkələrdə saxtalaşdırma ilə bağlı problemlər, ümumiyyətlə, olmur. Şərqi Avropa və postsovet ölkələrində isə “exit-poll”ara saxtakarlığın qarşısını almağa yardım edəcək bir alət kimi baxılırdı. Təəssüflər olsun ki, təcrübə tərsini deməyə başlayıb: indi avtoritar hakimiyyətlər arzu elədiyi nəticələri öncədən “exit-poll”lara sifariş verir, onu öz saxtakarlıqlarına yardımçı edirlər.

AJF-nin nəzərdə tutduğu sorğu da mötəbərliyi şübhə doğurmayan konsorsium və tərəfdaşla həyata keçirilmir. Sifarişçi də, icraçı da tərəfsiz təşkilat deyil. Beynəlxalq insan haqları qurumlarının himayəsi yoxdur. Üstəlik, maliyyə şəffaflığı da təmin edilməyib.

AJF özü yerli sifarişçi ilə bağladığı müqaviləni açıqlamayıb. Nə qədər pula gəlib bura? Qazancı nədir? Qazanc üçün ABŞ-da hər şeyə gedən imici qazanmış bir qurumun Azərbaycanda “hamam pulu”na işləyəcəyinə inanmaq mümkün deyil. Bu gizlilik də sübut edir ki, məqsəd YAP-ın namizədinə “exit-poll” dəstəyi verməkdir. Bunu başqa amillər də təsdiqləyir...

Kürü “exit-poll”u

Arthur C.Finkelstein&Associates (AJF) sorğunu ABŞ-dan gətirdiyi 9 əməkdaşı ilə həyata keçirə bilməz. Bunu APA-nın işçiləri də edəsi deyil. Deməli, AJF-nin yerli tərəfdaşı seçilməlidir. Kimdir bu tərəfdaş, hələ bilinmir. Bu az müddətdə yerli xüsusiyyətlər, seçici statistikası və s. amillər öyrənməli, sorğu metodikası müəyyən edilməli və ictimaiyyətə açıqlanmalı idi. Bundan əlavə, sorğuçulara təlim keçirilməli idi. Bu qədər sorğuçu haradan tapılacaq və onlarla təlimlər necə keçiriləcək? Mümkün və real görünmür.

Bu günə kimi AJF seçkidə iştirak edən heç bir namizədin seçki qərargahının üzvləri ilə görüşməyib, insan haqları müdafiəçiləri ilə müzakirələr aparmayıb, mətbuata açıqlamalarla çıxış etməyib, sorğu zamanı şəffaflığı və obyektivliyi necə təmin edəcəyi barədə hesabat verməyib. Bu halda hakimiyyətyönlü tərəfdaşın müqaviləsi ilə işə başladığını bildiyimiz bu qurumun Azərbaycana niyə gəldiyi kimdəsə şübhə doğurmur, onun neft puluna gətirildiyi, kürü “exit-poll”una girişdiyi tam aydın olur.(azadlıq.info)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar