YALAN SƏHİYYƏ - TALAN SƏHİYYƏ!

mirzeMirzə AĞ

Hələ 2001-ci ildə «Yeni zaman» qəzetində uyğun başlıqlı məqalə dərc etdirmişdim. Elə indicə tanış olduğum bir xəbər növbəti dəfə göstərdi ki, Azərbacan səhiyyəsini səciyyələndirərkən bu başlıqla «nəzmə çəkməyim» heç də əsassız deyilmiş...

Yeni xəbərdə deyilir ki, Səhiyyə Nazirliyinin Angioloji və Mikrocərrahiyyə Mərkəzində Valeh adlı bir «həkim» şəkərli diabet xəstəsi olan yaşlı bir qadının xəstə ayığı əvəzinə, sağlam ayağını kəsib və sonra da «yoxa çıxıb»!

Nə deysən, kimdən, nə umasan? Fikrimi qısaca ifadə etməyə çalışacam: Bu ölkədə ümumiyyətlə, təbabət deyilən fəaliyyət sahəsi yoxdur - sadəcə, onu imitasiya edirlər! 2001-ci ildə də məhz bunu yazmışdım - yalan səhiyyə!

Tam 16 il bundan əvvəl də buna oxşar bir faciə baş vermişdi. O zaman Bakı şəhər 1 saylı Klinik Xəstəxanasının (keçmiş «Semaşko») üz-çənə cərrahlığı şöbəsində həkim-anestezioloqun məsuliyyətsizliyi və maymaqlığı (qeyri-peşəkarlığı) sayəsində sağlam bir cavan oğlan dünyasını dəyişmişdi! Qısa təfərrüatı belədir: Ukraynada yaşayan həmin cavan ailə üzvlərinə baş çəkmək üçün Bakıya gəlibmiş. Vətəndə onun dişi ağrıyır. Həkimə gedir və özəl bir stomotoloji klinikada onun dişini çəkirlər. Amma bundan sonra da xəstənin diş ağrısı ara vermir - o, məcbur olub, həmin şöbəyə müraciət edir...

Oğlanı rentgen edirlər. Məlum olur ki, çəkilən dişin bir qırığı onun damağında qalıb, ağrı verən də budur. Onu əməliyyat etmək qərarına gəlirlər. Əməliyyata hazırlığın gedişində məlum olur ki, onun orqanizmi ağrıkəsici preparatlara həssas deyil - iynə vurularkən, «keyimə» baş vermir. «Narkoz» vermək qərara alınır. Elə faciə də bu zaman baş verir...

Anestezioloji şöbə üz-çənə cərrahlığı şöbəsinin qonşuluğunda yerləşir. Həmin şöbənin qadın müdiri (yəni ki, baş anestezioloq) gəlib, oğlana «narkoz»u özü verir. Axı narkoz verənin taksası da ayrıca ödənilir...

Cavan oğlan əməliyyat stolunda, narkoz altındaca boğulub ölür. Sonra məlum olur ki, həmin xilafi-həkim oksigen borusunu xəstənin nəfəs borusuna yox, yemək borusuna yerləşdirib!

O zaman oğlanın qardaşı redaksiyaya gəlib, bizə bir qalaq sənəd təqdim etmişdi. Düzü, mən həkimin bunca qeyri-peşəkarlığına inanmadığım üçün, xəstəxanaya getdim - cərrahla və şöbənin müdiri ilə görüşdüm (səhv etmirəmsə, onun soyadı Şahbazov və ya adı Şahbaz idi). Əməliyyat həkimi təkid etdi ki, xəstəni məhz anestezioloq boğub öldürüb. Şöbə müdiri də bu variantı təsdiqlədi və beləcə də dedi: «Bir də gördüm, tibb bacısı «professor, xəstə ölür!» deyə, qışqıra-qışqıra kabinetə girdi. O saat anladım ki, xəstə boğulur və koridorla əməliyyat otağına doğru yüyürə-yüyürə qışqırdam: nəfəs borusun kəsin! Fəqət, gəldim ki, artıq gecdir - cərrah nəfəs borusunu kəssə də, xəstə artıq keçinibmiş! Beləcə, anestezioloq sağlam bir pasiyenti boğub öldürdü...».

Belə-belə işlər... Bu gün baş verən həmin faciəvi hadisə göstərir ki, ötən 16 ildə Azərbaycanda tibbi xidmətin (dövlət sektorunu nəzərdə tuturam) keyfiyyəti nəinki yaxşılığa doğru bircə addım da olsa irəliləyib, əksinə, bir qədər də aşağı düşüb! Amma açıq mənbələrin məlumatına görə, ötən dövr ərzində dövlət səhiyyə sisteminin inkişaf etdirilməsi istiqamətli çalışmalara 100 milyonlarala manat büdcə vəsaiti xərclənib. Nəticəsi də ki, belə - yalan və talan səhiyyə...

Sağlam ayağı kəsilmiş həmin ağbirçəyə Allahdan şəfa diləyirəm!

Çoxdan dünyadan köçmüş «dövlət səhiyyə sistemi»nə isə rəhmət düşmür...

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar