Rusbaşlı məmur və deputatlarımız

Nurəddin İSMAYIL

Dövlətdə mühüm postlar tutmuş, deputat kürsüsünə yiyələnmiş şəxslərin dövlətin apardığı daxili və xarici siyasətə qarşı çıxması, xarici kəşfiyyat orqanlarının “gizli servis”lərinə cəlb edilməsi, ölkəmizin müstəqilliyini təhdid edən dövlətlərin mənafeyinə uyğun bəyanatlar səsləndirməsi yolverilməzdir və bu cür qüvvələrin antimilli fəaliyyəti milli təhlükəsizlik əməkdaşlarının diqqətindən yayınmamalıdır.

Nəinki dövlət görəvlilərinin, eləcə də fəaliyyəti Azərbaycan qanunları ilə uzlaşmayan, ölkənin milli maraqlarını xarici qüvvələrin bədnam niyyətlərinə qurban verən, etnik və dini zəmində qarşıdurmalar yaradan hər bir qrupun, hər bir vətəndaşın hərəkətləri nəzarət altına alınmalı və anında tədbirlər görülməlidir.

Unutmaq lazım deyil ki, Azərbaycan böyük güclərin strateji maraqlarının toqquşduğu geosiyasi bir alanda yerləşir və bu güclər bir qayda olaraq ölkəmizdə öz iqtisadi, siyasi maraqlarını təmin etmək üçün daxili sabitliyimizi pozmaq, iğtişaşlar, dini-etnik zəmində qarşıdurmalar yaratmaq, suvernliyimizi və müstəqilliyimizi təhdid altında saxlamaq kimi uzağa gedən planlar tərtibləyir. Bu tədbirlərdən biri də mühüm dövlət vəzifələrini həyata keçirən məmurların xarici dövlətlərin alətinə çevrilməsi, lazım gəldiyi məqamda onların xidmətindən yararlanmaq siyasətidir.

Rusiyanın Krımı ilhaq və işğal etməsi, bunun ardınca Rusiya rəsmiləri tərəfindən MDB məkanına daxil olan ölkələrin, o cümlədən Azərbaycan ərazilərinin Rusiyaya qatılması kimi sərsəm bəyanatların səsləndirilməsi ölkəmizin varlığını sarsıtmağa yönələn çiddi siqnallardır və gərək dövlət yetkililəri, gərək toplum bu imperialist təhdidlərin arxasında hansı təhlükələrin durduğunun fərqində olsunlar.

Təəssüflər olsun ki, nəticə çıxarmaq, milli birlik, vətəndaş həmrəyliyi nümayiş etdirmək, Rusiya tərəfindən gözlənilən təhlükəni neytrallaşdırmaq əvəzinə bir sıra məmurlar Rusiya meylli davranışlar sərgiləyir, Azərbaycanı təzədən Rusiyanın boyunduruğuna salmaq istəyirlər. Millət vəkili Eldar İbrahimov həmkarı, rus icmasının Azərbaycan parlamentində təmsilçisi M.Zabelinin Rusiyanın Krımın işğalına haqq qazandırmasına dəstək verir və iki yüz ildən artıq Azərbaycanı müstəmləkədə saxlayan, onun tarixi ərazilərində təcavüzkar erməni dövləti yaradan, bu gün də ölkəmizi özünün bir əyaləti kimi görməkdən vaz keçməyən bir ölkənin himayəsinə sığınıb ondan kömək istəyir.

Maraqlıdır, millət vəkilinin Krımın işğalına haqq qazandırması dövlətin AŞPA-da Ukraynanın ərazi bütövlüyünü müdafiə edən xarici siyasəti ilə ziddiyyət təşkil etmirmi? Etnik seperatizmdən, rus himayədarlığı ilə baş tutan erməni işğalından acı nəsibini alan bir ölkənin yetkilisi necə ola bilər ki, işğala məruz qalmış, Azərbaycanla eyni dərdi bölüşən Ukraynanın deyil, hər iki ölkənin ərazi bütövlüyünə diş qıcayan Rusiyanın tərəfindən çıxış edir?

Yaxud necə olur ki, digər deputat E.Hüseynovun efirdən bütün qaçqın və köçkünləri mədəniyyətsizlikdə, geri qalmış əyalət adamı olmaqda suçlaması bir tərəfə, eyni zamanda köklü Bakı mədəniyyətinin əsasında rus, erməni, yəhudi əsilli etniklərin durduğunu bəyan edir. Nədir bu rusbaşlılarda millətimizi aşağılama kompleksi və millətimizin genefondunun məhvi siyasətini yürüdən Rusiyaya bunca vurğunluq?

Bu arada deputat Rəbiyyət Aslanovanın oğlu, Prezident Aparatının sabiq şöbə müdiri Elnur Aslanov və onun himayədarlıq etdiyi deputat C.Osmanlının “Hizmət” hərəkatının emissarı olaraq dövlət içində “paralel dövlət” yaratmaq cəhdlərini diqqətə çatdırmaq yerinə düşər. Məlum olur ki, dövlətin vacib bir sahəsinə rəhbərlik edən E.Aslanov və xarici kəşfiyyat orqanlarının əli ilə deputat kürsüsünə yiyələnən C.Osmanlı eyni zamanda əlini öpdükləri təriqət şeyxinin, mürşidin müridi rolunda çıxış edir və vaxtaşırı olaraq dövlətin içində baş verən məsələlər barədə onu məlumatlandırırlar. Əfəndim sən bir sekta üzvü, şeyx buyruqçusu olacaqsansa bunu dövləti vəzifədən, siyasi fəaliyyətdən kənar alanda həyata keçirməlisən. Yox əgər sənə dövlətin ən mühüm postlarından biri həvalə edilibsə və sən məmur olaraq bu dövlətə sədaqətlə xidmət etmək andı içmisənsə onda görəvini yapmalı və hər hansı bir təriqətin mənsubu kimi çıxış eməməlisən.

Çox diqqəti çəkən məqam odur ki, bu cür dövlət məmurlarının xalq əleyhinə yönəlik fəaliyyətini durdurmaq, onları ictimai qınaq qaşısanda qoymaq, vəzifələrindən tamamilə uzaqlaşdırmaq əvəzinə başqa bir vəzifə, başqa bir təltiflə mükafatlandırırlar ki, bu da hakimiyyətin yanlış kadr siyasətinin davamı kimi qiymətləndirilməlidir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar