Putinə zəng

Və ya Rusiya vətəndaşları Vladimiri nə üçün sevir

Hakimiyyətə gələn andan hər kəsin diqqətini özünə çəkməyi bacardı. Həmin ərəfələrdə tələbəlik dostu İlham Rəhimlinin “Putinlə söhbətlər” kitabı ortaya çıxdı, oxudum və açığı ona olan rəğbətimi gizlədə bilmədim. O zamandan mətbuatda vaxtaşırı onu izləməkdə davam edirəm..

Uzun illərdi Rusiyada yaşayan yaxın rəfiqəm Vətənə gəlib. Rusiya vətəndaşı olan bu xanım elə şeylər danışdı ki, bir anda bu ölkənin vətəndaşı olmaq istədim... Uşaqları dünyaya gələn gündən dövlətin öz vətəndaşına qayğı göstərməsi, pis günündə yanında, yaxşı günündə dəstək olması doğurdan da bu ölkənin və ölkə rəhbərinin boynunun borcuymuş. İkisi məktəbli olmaqla, 3 övladı var. Deyir uşaqlar doğulan zaman dövlət elə bir qayğı göstərir ki, valideynin işləməsinə ehtiyac qalmır...

Sonuncu övladı ürək qüsuru ilə doğulub. Uşaq dünyaya gələr-gəlməz 408 min rubl (10.200 manat) ana kapitalı verilib. Daha sonra yaşadığı ərazinin qubernatoru 100 min (2500 manat) hədiyyə göndərib. Xəstəxanadan buraxıldıqdan sonra Sosial Müdafiə Fondu uşağa “adqoydu”ya gələrək 20 min rubl (500 manat) beşik pulu, əlavə olaraq 17 min rubl (425 manat) və 18 min rubl (450 manat) yardım edib. Ana işləmədiyi və körpə uşağa baxdığı üçün 8 min rubl (200 manat) ödənilir. Bundan əlavə, ev şəraitində uşağa lazım olan ləvazimatları almağa görə 7 min rubldan 400 min rubla kimi (175 manatdan 10 min manata kimi) pul verilir. 3 yaşa kimi 7500 rubl (187 manat 50 qəpik) ödənilir, uşağın bezi, yeməyi hər ay evinə pulsuz gətirilir. Üç uşaq üçün ildə bir dəfə birdəfəlik yardım olaraq 21.500 rubl (537 manat 50 qəpik) və 25 min rubl (625 manat) verilir.

Bütün bunlar sadəcə xəstə uşaqlar üçün nəzərdə tutulmayıb. Eyni şərtlər Rusiyada bütün ailələrdə doğulan uşaqlara şamil edilir... Bundan əlavə digər uşaqlarla birlikdə hər ay 3 uşaq üçün dövlət 13 min rubl (325 manat) pul verir. Həmçinin, ailənin hər hansı ehtiyacı olarsa İcra hakimiyyətinə müraciət edildikdə, bu qurum 50 min rubl (1250 manat) birdəfəlik yardım göstərir: “Burada İcra hakimiyyətinin qapısında sizin kimi aylarla gözləmirik. İstədiyin zaman gedib, sözünü birbaşa deyə bilərsən”. Əlavə edir ki, mənzil almaq üçün bankdan kredit götürmək problem yaratmır, istədiyin məbləğdə kredit götürmək mümkündür. Dövlət kreditin bir hissəsini ödəməklə yanaşı, ailədə uşaqların sayını nəzərə alaraq həmçinin kreditin 7 faizini də ödəyir. İldə iki dəfə - yanvar və aprel aylarında təqaüdlər qalxır....

Üç və çoxuşaqlı ailələrin övladları orta məktəbdə gündə 3 dəfə yeməklə və növbəti dərs ili üçün bütün dərs ləvazimatı, kitablarla pulsuz təmin olunur. Bayramlarda hədiyyələr təqdim edilir. Dərs ilinin başlanmasına 1 ay qalmıs hər uşaq üçün məktəbli forması və çanta almağa görə valideynlərə pul verilir...

... Deyir ki, 5-6 ildir Rusiyada vətəndaşları sevindirəcək “Putinə zəng” ənənəsi var. İldə bir dəfə baş tutan bu ənənəyə görə, ölkə vətəndaşları prezidentə birbaşa problemlərini, suallarını telefon vasitəsiylə demək imkanı əldə edə bilirlər. Maraqlısı odur ki, prezidentə ünvanlanan problemlər həllini tapır: “Bir gün səhər saat 5-də 88002004040 telefon nömrəsinə zəng etdim. Zəngə cavab verən şəxsə problemimi söylədim. Bir ay sonra rayon icra hakimiyyətindən mənə bildirdilər ki, prezident sənə yaşadığın şəhərin mərkəzində bir otaqlı mənzil və şəhər kənarında 15 sot torpaq sahəsi hədiyyə edib. Əlavə olaraq uşağın 7 saatlıq əməliyyatı üçün 80 min ABŞ dolları verib. Putin məni və ailəmi yaşadır. Ona canım qurban. Onu necə sevməyə bilərəm”.

Rəfiqəmi daha dinləmək istəmədim. Azərbaycanla Rusiyanı və ya digər ölkələri müqayisə etməyəcəyəm. Ona görə yox ki, bütün bunları etməyə bizim gücümüz yetməz. Məmurlar gecə-gündüz bəyanlayır ki, ölkəmiz günü-gündən çiçəklənir, firavanlanır, varlanır. Bəs niyə o zaman bizlər dövlətin qayğısından yararlana bilmirik? Görəsən 9 milyon əhalisi olan və təbii ehtiyatları, neftiylə zəngin olan Azərbaycanın 143 milyon 347 minə yaxın əhalisi olan Rusiyadan nəyi əskikdir?

Rusiyada, Avropada, digər ölkələrdə uşaq dünyaya gələndə “Xoş gəldin mələk” deyib dövlət səni öz ağuşuna alır. Bizdə isə tam əksinə. Uşağı dünyaya gətirmək üçün baş həkimdən tutmuş, sanitara kimi rüşvət verməlisən ki, doğuşa hazır olan qadını zorla doğuzdurub uşağı fiziki qüsurlu etməsinlər. Sonra da bunun adını rüşvət deyil, muştuluq qoyurlar... Uşaq doğulanda 50 manat filan verirlər, onun da 5 manatını JEK-də verib arayış alırsan, qalanını da 3 günlük uşaq yeməyinə və bezinə verməli olursan. Vəssalam...

Bax, buna görə də rusiyalılar Putini sevir. Məncə də sevməyə dəyər...

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar