DÖVLƏT YOL POLİSİ RƏSMƏN DEPUTAT OĞLUNU İFŞA ETDİ - Azərbaycan reallığı

Yol polis bir neçə maşında eyni dövlət nömrə nişanının olması faktını araşdıraraq nəticələri açıqlayıb

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi 10-LR-100 dövlət nömrə nişanlı müxtəlif avtomobillərin müxtəlif məkanlarda hərəkətsiz vəziyyətdə çəkilən fotolarının sosial şəbəkələrdə və bəzi KİV-də yayılması ilə bağlı araşdırma aparıb.

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi polis polkovnik leytenantı Vaqif Əsədov APA-nın sorğusuna cavabında bildirib ki, aparılan araşdırmalar zamanı məlum olub ki, 10-LR-100 dövlət nömrə nişanı qanunla nəzərdə tutulan qaydada ilk dəfə “Mercedes ML” markalı avtomobilə verilib.

Sonradan “Mercedes ML” markalı avtomobilin sahibi həmin dövlət nömrə nişanını özündə saxlayıb, maşını isə satıb. Həmin şəxs dövlət nömrə nişanını sonradan aldığı “Grand Cheroke” markalı avtomobilə, onu da satdıqdan sonra isə yeni aldığı “Maserati” markalı avtomobilə, daha sonra eyni ardıcıllıqla “BMW” və “Jaquar” markalı avtomobilə taxıb.

V. Əsədov 10-LR-100 dövlət nömrə nişanlı avtomobilin yol hərəkət qaydası pozması ilə bağlı BŞDYPİ heç bir faktın olmadığını, həmin avtomobilin cərimə meydançasına aparılması barədə deyilənlərin əsası olmadığını bildirib.

DYP rəsmisinin bu açıqlaması rəsmi ifşa hesab oluna bilər. Sözügüdən nömrə nişanının nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, deputat Elton Məmmədovun oğlu Aynar Məmmədova məxsusluğu sübut olunub. Bu gəncin deyilənə görə 25-26 yaşı var. DYP-nin açıqlamasından isə belə görünür ki, 25-26 yaşlı deputat oğlu dəyəri yüz minlərlə ölçülən avtomobilləri corab kimi dəyişir.

Bu qədər pul hardandır?

Oğurluq deyilsə necə qazanılıb?

Rasim ƏLİYEV

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar