ZİYA MƏMMƏDOV DAHA BİR SƏLAHİYYƏTİNİ İTİRDİ- Milyonlar əldən çıxır

Nəqliyyat Nazirliyi sahə avtomobil yollarının adlandırılması və indeksasiyası ilə bağlı səlahiyyətini itirdi

Nazirlər Kabineti "Ümumi istifadədə olan avtomobil yollarının adlandırılması, indeksasiyası və qeydiyyata alınması Qaydalar”nda dəyişiklik edib.APA-nın verdiyi məlumata görə, indiyə qədər ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yollarının siyahısı onların adı və indeksləri göstərilməklə Nəqliyyat Nazirliyinin təqdimatına əsasən Nazirlər Kabineti tərəfindən təsdiqlənib, sahə avtomobil yollarının adlandırılması və indeksasiyası isə Nəqliyyat Nazirliyi və müəssisələr tərəfindən birgə müəyyənləşdirilib.

Dəyişikliyə əsasən, Nəqliyyat Nazirliyi sahə avtomobil yollarının adlandırılması və indeksasiyası ilə bağlı səlahiyyətini itirib. Bundan sonra respublika və yerli əhəmiyyətli avtomobil yollarının adlandırılması və indeksasiyası Nəqliyyat Nazirliyinin təqdimatı ilə Nazirlər Kabineti tərəfindən, digər dövlət avtomobil yollarının adlandırılması və indeksasiyası yerli icra hakimiyyəti orqanları (şəhər rayonu icra hakimiyyətləri istisna olmaqla) tərəfindən müəyyənləşdiriləcək.

Qəsəbə və kəndlərin ərazisində yerləşən bələdiyyə avtomobil yollarının adlandırılması qanunvericilikdə nəzərdə tutulmuş qaydada bələdiyyələr tərəfindən müəyyənləşdiriləcək. Mülkiyyətçilərin özəl avtomobil yollarının adlarını müəyyənləşdirmək səlahiyyəti də ləğv olunub. Bundan sonra özəl avtomobil yollarının adlandırılması mülkiyyətçilərin rəyi nəzərə alınmaqla, yerli icra hakimiyyəti orqanları tərəfindən müəyyənləşdiriləcək.

Qeyd edək ki, bundan əvvəl də Nəqliyyat Nazirliyinin bəzi səlahiyyətləri başqa qurumlar arasında bölüşdürülmüşdü. Təxminən 3 həftə öncə Nazirlər Kabinetinin Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması haqqında qərarı paytaxtın sərnişin daşınmasında ikihakimiyyətliliyə səbəb olub. İndiyə qədər paytaxtda sərnişin daşınması xidmətini Nəqliyyat Nazirliyi təşkil edirdi. Paytaxtda sərnişin daşınması sektoruna nəzarət yalnız nəqliyyat naziri Ziya Məmmədovun baçısı və 1zhhqardaşı oğlunun rəhbərlik etdiyi “Bakısərnişin-nəqliyyat” MMC-nin əlində idi.

Nazirlər Kabinetinin qərarıyla isə paytaxtda sərnişin daşınmasının təşkili həm də Bakı şəhər İcra Hakimiyyətinə həvalə olunub. Yəni, Ziya Məmmədovun səlahiyyətlərinə Abutalbov şərik edilib .

Bundan bir müddət sonra isə Ziya Məmmədovun bir səlahiyyətinə də Ramil Usubov şərik edilib. Belə ki, baş nazir Artur Rasizadənin qərarı ilə “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iri qabaritli və ağır çəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi Qaydası”nda dəyişiklik edilib. Dəyişikliyə əsasən, bundan sonra Daxili İşlər Nazirliyi də avtomobil yollarının istənilən sahəsində və nəzarət postlarında (məntəqələrində) xüsusi ölçü alətləri və cihazları ilə bu cür nəqliyyat vasitələrinin faktiki qabarit ölçülərinin yoxlanılmasını, stasionar və daşına bilən xüsusi avtomobil tərəziləri vasitəsilə ümumi kütləsinin və oxlara düşən ağırlığının təyin edilməsini həyata keçirəcək. Hansı ki, bu indiyə qədər bu funksiya Nəqliyyat Nazirliyində idi. Bu işlə nazirliyin Nəqliyyat Müfəttişliyi məşğul olurdu.

Qeyd edək kui, bu qərarlara qədər Bakı yollarının təmir-bərpası funksiyası da Nəqliyyat Nazirliyindən alınıb Bakı şəhər İcra Hakimiyyətinə verilib və Nazirliyin əsas müəssisəsi olan “Azəryolservis” ASC də faktiki olaraq Z.Məmmədovun təsir dairəsindən çıxarılıb. Formal olaraq “Azəryolservis”in səhmlərinin 100 faizi Nəqliyyat Nazirliyinə məxsus olsa da, Cavid Qurbanov Paşayevlərlə qohum olduqdan sonra müstəqil hərəkət etməyə başlayıb. Və “Azəryolservis” ASC-ni faktiki olaraq Məmmədovun nəzarətindən çıxarıb.

Ziya Məmmədovun daha bir səlahiyyətini itirməsi proseslərin onu "portfel nazir"ə çevrimək istiqamətində inkişaf etdiyini göstərir.

Qeyd edək ki, itirilən səlahiyyətlər həm də böyük pulların itirilməsi deməkdir.Təkcə bir faktı- son 8 ildə “Azəryolservis”ə 7 milyard manat, bu il isə 1,3 milyard manat ayrılmasını qeyd etsak, nə qədər nəhəng pulların xərclənməsinə nəzarətin Ziya Məmmədovdan alındığı ortaya çıxar.

Elə Nəqliyyat Nazirliyi sahə avtomobil yollarının adlandırılması və indeksasiyası ilə bağlı səlahiyyətini itirməsi də Ziya Məmmədovun "cibinə" girməkdir. Kim bilir, hər il bu yollarının adlandırılması və indeksasiyası adı altında Məmmədov cənabları nə qədər pul qazanırdı. Amma görünür daha onun qazanmasını istəmirlər. Bir misal var, deyir Allah adamın əvvəl ağlını alır, sonra da pulunu. Bu hakimiyyət isə, əvvəl adamın SƏLAHİYYƏTİNİ və PULUNU alır, sonra da VƏZİFƏSİNİ!

Murad MƏMMƏDOV

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar