Özünü Azərbaycanın dördüncü ən böyük alimi sayan Nizami Cəfərov

Etibar EliyevEtibar ƏLİYEV

Sanballı alimlər fasiləsiz, ara vermədən elmlə məşğul olmaqla yanaşı, həm də elmin populyarlaşdırılması istiqamətində mühüm işlər görürlər. Bu zəngin və dramatik prosesin özü də elm və tarix üçün əhəmiyyət daşıdığından, onların bioqrafiyalarının istər özləri, istərsə də başqa alimlər tərəfindən yazılması aktuallıq kəsb edir.

Kitabxanamda belə kitabların sayı yüzlərlədir. Bu yaxınlarda tanınmış dilçi alim, AMEA-nın müxbir üzvü, Atatürk Mərkəzinin rəhbəri Nizami Cəfərovun “Keçən günlərin dastanı” adlı kitabını aldım. Kitab onun keçdiyi həyat yolundan, yeyib-içmək məclislərində edilən söhbətlərdən, əsgərlikdən ustalıqla yayınmasından, onun hələ gənclik illərindən bu yana düşdüyü çətin vəziyyətlərdən necə məharətlə çıxmasından, onunla eyni elmi mühitdə çalışan alimlərin xarakterizə olunmasından bəhs edir.

Kitab geniş oxucu kütləsi, təzə yeyib-içməyə başlayanlar, ədəbiyyatşünaslıq və dilçilik elmində nələrin baş verməsi ilə maraqlananlar üçün unikal vəsaitdir.

Məsələn, bütün elm sahələrində kimlərin hansı yer tutması məsələsi olduqca mübahisəlidir. Ancaq Nizami Cəfərov ötən əsrin 90-cı illərinin sonunda artıq bunu müəyyənləşdirə bilib. Kitabında yazır: “Dissertasiya müdafiələrinin birindən sonra dissertantın atası səviyyəli bir restoranda banket verirdi. Kefimiz bir az durulduqdan sonra mən sağlıq deyib, əvvəlcə dissertantı təbrik elədim, sonra məclisi daha da canlandırmaq üçün ortaya hamını maraqlandıracaq «pravakasion» bir məsələ atdım. Elmi səviyyəsinə görə hansımızın birinci, hansımızın ikinci, hansımızın üçüncü və s. yerdə dayandığımızı müəyyən etməliyik ki, münasibətlərdəki iyerarxik mövqeyimizi bilək. Mənim fikrimcə, birinci yer Ağamusa Axundovun, ikinci yer Tofiq Hacıyevindir. Söhbət bu yerə çatanda üzümü Tofiq müəllimə tutub soruşdum ki, siz bu gedişlə razısınızmı?

Tofiq müəllim: “Əgər mənə, həqiqətən, ikinci yeri vermisinizsə, Ağamusanın birinci yerdə olmasına razıyam”.

Davam etdim: üçüncü yerin kimə məxsusluğu çox mübahisəli olduğuna görə, onu sizin müzakirənizə buraxıb, keçirəm dördüncü yerə. Təvazökarlıqdan uzaq olsa da, həqiqət naminə deməliyəm ki, həmin yer mənimdir”.

Düzdür, bu fikir plagiat olsa da, maraqlıdır. Böyük fizik Nils Bor Nobelə layiq görüldükdən sonra ondan fiziklərin içərisində neçənci olmasını soruşublar. O, fiziklərin adını çəkib və bir neçə boş yer göstərib, onun həmin yerlərin birinə aid edilməsini tövsiyə edib. Amma burada məsələnin özəlliyi ondan ibarətdir ki, Nizami müəllim əsl uzaqgörənlik göstərib. Yəni Ağamusa Axundovla Tofiq Hacıyev akademik seçildi, o isə namizədliyini indi elan olunan “dilçilik” ixtisası üzrə vakant yerə verib. Yəqin ki, onun boş qoyduğu 3-cü yer ötən seçkilərdə akademik seçilmiş Rəfael Hüseynova məxsus olub.

Bu kitabda o, arası soyuq olan Kamil Vəli Nərimanoğlu və rəhmətlik Aydın Məmmədov haqqında xoşagəlməz ifadələr işlədib. Mərhum dostumuz Aydın Məmmədov haqqında yazır: “Aydın Məmmədov keçmiş “piyanskalığı”nı arxada qoysa da, Dilçilik İnstitutu onun “tarixi uğurları”na ciddi baxmırdı”. Bundan başqa Aydın Məmmədovun borc üstündə döyülməsini sanki “ustalıqla”, sevinə - sevinə qələmə alıb.

Dünyasını dəyişmiş gözəl alim, xalqın yaddaşında parlaq ziyalı və ictimai xadim kimi qalmış Aydın Məmmədov haqqında onun fikirləri adamda ikrah və təəccüb doğurur. Ən azından “piyanskalığ”ın daşını atmaq iradəli olmaq əlamətidir, ən pisi “piyanska” kimi qalmaqdır, elə deyilmi? Bizim tanınmış alimləri kitab mağazalarında çox az adam görür. Adətən onların öz kitabxanaları da olmur. Nizami müəllim yazır: “Akademik Məmmədağa Şirəliyev rəhmətə gedəndə ailəsi onun kitabxanasını satmaq istədi, onsuz da hamı bilirdi ki, ən yaxşı kitablar sağlığında satılıb, ona görə də alan olmadı. Pəncərədən həyətə tökdülər... İçərisində “professor”un imzası olan kitabları”.

Biz arağın, konyakın yaxşı-pisini sonalayanları eşitmişdik, amma bilməzdik ki, kitabları da yaxşı və pisə bölməklə tanınmış bir alimi bu cür aşağılamaq istəyənlər tapılar. Ziyalı ailələrində çox vaxt kitabın gələcək nəsillərə ötürülməsi adət halını almayıb. Dünyasını dəyişən alimin kitabxanasını ya başqa alim həmkarı almalı, ya da kitabxanalara verilməlidir. Bunun əvəzində, kitaba və vəfat etmiş dilçi akademikə qarşı belə ifadələrin işlədilməsi nə deməkdir görəsən? Düzdür, vəfat edən bunu oxumur, amma yaşayanlar var, oxucu var, ailəsi, doğmaları var.

Nizami müəllim yazır ki, onun ixtisas olaraq ədəbiyyatşünaslığı, ya dilçiliyi seçmək tərəddüdlərinə Ağamusa Axundov son qoyub. Görəsən necə? Saitin tərifini düz verdiyinə görə... Göründüyü kimi, saitə düzgün tərif vermək onu dilçilik elminin qucağına atıb. Çox maraqlıdır ki, dilçilikdə başqa nəyə nail olması barədə kitabda söz açılmır.

Kitabda filologiya fakültəsində intriqalar və qəbul imtahanlarından da bəhs olunur: “Filologiya fakültəsində illər boyu dekanlıq uğrunda mübarizə getmişdir. Ona görə ki, qəbul imtahanı var idi... Və yazı imtahanına düşən fəal müəllimlər özləri ilə bir neçə rəngdə qələm götürürdülər ki, tapşırılan uşaqların səhvlərini qaydaya salsınlar. Elə müəllimlər də olurdu ki, yüksək qiymət yazılmalı olan işi oxumurdular, “beş”dən “dörd”dən yazıb atırdılar o tərəfə”.

Gözəl etirafdır! Özü də Akademiyanın müxbir üzvünün dilindən eşidirik bunları! Ancaq bu neqativlərin kökünün kəsilməsi barədə özünün fəaliyyətindən bir cümlə də olsa danışmır. Ən azında o, digər dekanlar kimi tapşırığa yaxşı baxırdı. Bunu təkcə mən yox, hamı bilir.

Nizami müəllim bu kitabında yumor işlətmək məharətini addımbaşı büruzə verməyə çalışır. Əslində, bunların çoxu yeyib-içmək məclislərində işlədildiyi üçün aktuallıq kəsb etmir. Bizdə yeyib-içmək məclisləri silsilə (həm də zəncirvari) xarakter aldığı üçün tostlar və lətifələr tez bir zamanda yayılır. Ancaq kitabda ən maraqlı yumor kimi bunu qiymətləndirdim: “Muxtar Hüseynov dekan olduğu illərdə sessiya vaxtı dərslərə gəlməmiş qiyabiçi tələbə xanım qucağında körpəsi ona yaxınlaşır ki, onu imtahana buraxsın... Muxtar müəllim deyir ki, bala, uşağın olması barədə kağız gətir, icazə verək. Tələbə israrla qucağındakı körpəni göstərib, “müəllim bu boyda uşağı görmürsünüz, kağızı neynirsiniz?” deyir. Muxtar müəllim görür ki, onu heç cür başa sala bilməyəcək. Qollarını irəli uzadıb deyir: “Uşağı ver mənə”. Tələbə xanım qucağında uşaq, sövqi-təbii, geri çəkilir, həyəcanla soruşur: “Müəllim uşağı neynirsiz?”

Muxtar müəllim tövrünü pozmadan: “Heeç... Sənin şəxsi işinə tikəcəyəm ki, imtahan verməyə icazən olsun”, - deyir”.

Məncə bu kitab Nizami müəllimin akademik seçilməsi üçün mühüm əsərlərindən biridir. Kitabı indidən səs verəcək akademiklərə paylamaq lazımdır ki, nəzərə alsınlar.

Mən dilçi alimin kitabını oxuyanda bir daha anladım ki, bizdə Sözün Göstərən, Emosional və Praqmatik funksiyası gücünü itirib. Dilçi və ədəbiyyatçı alimlər isə bunları bərpa etmək gücündə deyillər. Nəticədə, Sözün qeybət, yalan, təhrif funksiyası güclənib.

Nə demək olar! Bəzən indiki durumumuzu daha yaxşı göstərmək üçün tarixin təkərini geri itələmək lazım gəlir. Bunu etsək, keçmişdə bu sahədə əsl alimlərin kimlər olduğunu görəcəyik: akademiklər - Məmməd Arif Dadaşzadə, Məmmədağa Şirəliyev, Həmid Araslı, Feyzulla Qasımzadə, Məmmədcəfər Cəfərov, Kamal Talıbzadə.

Başqa bir maraqlı məqam var: Abbas Zamanov, Cəfər Cəfərov, Əbdüləzəl Dəmirçizadə və Yaşar Qarayev Akademiyanın müxbir üzvü, Mir Cəlal Paşayev, Əli Sultanlı, Mikayıl Rəfili, Cəfər Xəndan, Fərhad Zeynalov kimi böyük elm adamları isə, sadəcə, professor kimi tarixə düşüblər.

Bir də indiki iddialara baxın.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar