Çinlilərdən fərqli olaraq…

Dərc olunub: 30/03/2017 - 21:18
Bölmə:
1078 dəfə baxılıb

melahetMəlahət Mürşüdlü,
Təhsil eksperti

Hörmətli həmkarım Etibar Əliyev “Xoşbəxt insan yetişdirən Çin məktəbləri” adlı məqaləsində Çin təhsilinin son dövrlərdə qazandığı uğurlardan geniş bəhs etmişdir. Bu sırada Finlandiya, Sinqapur, Malayziya kimi təhsil sistemlərinin adını çəkmək olar. Amma bu yazıda məqsədim heç də o deyildir.

Məqaləni oxuduqca Çin orta təhsilinə uğur gətirən bəzi tədbirlərin bizim orta məktəblərdə də həyata keçirildiyi qənaətinə gəldim. Məsələn, “Açıq qapı” günlərinin təşkili, valideynlərin dərslərin necə keçirilməsini müşahidə edə bilməsi, gündəlik suallarla bağlı müəllimlərlə telefon, yaxud internetlə əlaqə saxlanması, şagirdlərin dərsliklərlə pulsuz təmin olunması, Təhsil Nazirliyinin e-dərslik bazasında bütün siniflər üzrə dərsliklərin, əlavə materialların, özünüqiymətləndirmə üçün testlərin və s. yerləşdirilməsi, məktəblərin kompüter və internetlə təmin olunması və s. Əlbəttə, sadaladığım bu tədbirlər, kənd məktəbləri də daxil, bütün orta məktəbləri əhatə etməsə də, proses gedir. Bunları sadalamaqda məqsədim heç də Çin orta təhsili ilə bizim orta təhsili müqayisə etmək deyildi. Çünki nəticələrə baxdıqda fərqin yerlə-göy arasında olduğunu görürük. Fikrimcə, Çin orta təhsilini güclü edən yuxarıda sadaladığım amillər deyil.

Haqlı suallar yaranır: bəs nədir?

Fikrimcə, Çin orta məktəbi müasir dövrün tələbləri baxımından əsas vəzifəsini çox doğru müəyyənləşdirmişdir: insan tərbiyə etməkdir. Çünki insanlıq mövcud olduğu dövrdən meydana gələn ehtiyaclarından biri və başlıcası onun tərbiyəsi, həyata, yaşayışa hazırlanması olmuşdur. Xalq yaradıcılığı və antik fəlsəfənin təsiri ilə insanın bu ehtiyacını ödəyən pedaqogika elmi yaranmış və təşəkkül etmişdi. Bizim tərcümələrdən fərqli olaraq Yunan sözü olan pedaqogikanın hərfi mənası “uşağın doğulması”, “uşağın idarəolunması” və “tərbiyə sənəti” anlamlarını verir. Qədim Şərq filosofları Sokrat, Demokrit, Aristotelin fəlsəfi görüşlərində təlim-tərbiyə, insan yetişdirilməsi ilə bağlı günümüzlə səsləşən pedaqoji ideya və fikirlər vardı. İbtidai icma dövründən başlayaraq bu günə qədər uzun bir təşəkkül, inkişaf və formalaşma dövrü keçmiş pedaqogika elmi İntibah dövründə yeni məna kəsb edərək azad, kamil insan tərbiyəsi ideyasının üsul və yolların özündə ehtiva etmişdir. Azərbaycan mütəfəkkirlərinin yaradıcılığında da tərbiyə məsələləri həmişə ön planda olmuşdu. Dahi Nizami yarımçıqlığın fəsadlarından danışaraq öyrədənin mütləq kamil olması fikrini irəli sürür. Kamil insan ideyasını irəli sürən Nizaminin qəhrəmanı dərin biliyə malik olmaqla yanaşı özünüidarə, ədalətlilik, humanizm, əməksevərlik , davranış və ünsiyyət mədəniyyəti, inam-əqidə sahibliyinə də malik olmuşdur. Ümumiyyətlə, onun “Xəmsə”si əvəzsiz pedaqoji mənbədir; təlim-tərbiyə baxımından orada irəli sürülmüş müdəalar bu gün də aktualdır.

Bazar iqtisadiyyatı həyatımızın bütün sahələrində olduğu kimi təhsilimizdə də öz qaydalarını diktə edir. Bu qaydalar mühüm ictimai-pedaqoji, sosial-mədəni əhəmiyyət daşıyan məsələlərdir ki, onun da əsas mahiyyətini insan, onun bilik və bacarıqları, kompetensiyaları, əxlaqi-mənəvi dəyərləri təşkil edir. Bu XXI əsrin sosial-ictimai mühitinə adaptə olunmuş, dünyada qəbul edilmiş meyarlar çərçivəsində insan kapitalının yetişdirilməsi deməkdir. Amma gəlin qəbul edək ki, ayrı-ayrı hallar istisna olunmaqla, bizim orta məktəblər bu əsas vəzifənin öhdəsindən gələ bilmirlər. Qəbul edilmiş islahat və kurikulum proqramları ayrı-ayrı fərdlərin həyata keçirəcəyi iş deyil, bu o vaxt öz müsbət nəticəsini verəcək ki, bütün pedaqoji kollektiv bunu etsin.

Hamımızın rastlaşdığı adi bir nümunə vermək istərdim: Əksər hallarda bizim məktəblərdə uşaqların öz imkanlarını realizə etməsi üçün onlar arasında bərabərlik təmin edilmir, rəqabət başqa bir müstəvidə – valideynlərin puluna, gəlirlərinə görə aparılır. Bu hal əlbəttə, uşaqların dərsə davamiyyətində, nailiyyətlərinin qiymətləndirilməsində, məktəbə qəbulda və s. məsələlərdə daha qabarıq bir şəkildə özünü göstərir. Uşaqların bilavasitə iştirakı ilə baş verən bu hallar onlarda məktəbə olan marağı, müəllimə etimadı sıfıra endirir. Ona görə də bizim uşaqlar çinli uşaqlardan fərqli olaraq orta məktəbin ali təhsil almaq üçün yeganə imkan olduğunu düşünmürlər.

“Çin pedaqogika elmi yerində dayanmır” – deyilir məqalədə. Dünya isə pedaqogikaya həyatın kompası kimi baxır. Çünki bütün uğurların səbəbkarı olan insan və onun tərbiyəsinin, yetişdirilməsinin açarı bu elmin “əlindədir”. Bizdə isə bu elm hələ də sovet dönəminin stereotiplərini yaşatmaqdadır


loading...

Fikrinizi bildirin