YALAN

Dərc olunub: 25/04/2017 - 12:54

XeyberXeybər Göyyallı

Qanunsuz işdən çıxarılmağım barədə yenə yazmağa məcbur oldum. Nə edim ki, yazmamaq olmur. Tam səmimiyyətlə deyirəm ki, mən işdən çıxarılmağımı siyasiləşdirmək niyyətində deyiləm. Çünki bunun üçün heç bir əsas yoxdur. Bilənlər bilir ki, mən ilk gündən bu fikirdə olmuşam ki, işdən çıxarılmağım Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərovun idarəetmə işini zəif bilməsi və hirs-hikkəsinin ucbatından olmuşdur.

Əvvəlki yazılarımda müəyyən səbəblərdən açıqlamamışam, amma indi açıqlamağa məcburam. Çünki akademik U.Ələkbərovun məhkəmə proseslərindəki atdığı addımlar məni bunu açıqlamağa məcbur edir. Bilənlər bilir ki, mən DİA-nın nəşri olan “Dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə” elmi-nəzəri jurnalında ( №2, 2016) baş vermiş texniki səhvə – “sürüşmə”yə görə işdən qanunsuz bir formada azad edilmişəm. Adıçəkilən jurnalda dərc olunan dörd məqalədə dörd söz “sürüşüb”, yəni yerini dəyişib (Jurnal nəşrə veriləndə isə mən məcburi əmək məzuniyyətində olmuşam). Adıçəkilən jurnalda dərc olunmuş məqaləsində “sürüşmə” baş verən vəzifə və səlahiyyətinə görə tanınan şəxslərdən biri (bəlli səbəblərdən həmin tanınmış şəxsin adını açıqlamıram) DİA-nın rektoru U.Ələkbərova zəng edir. Urxan müəllim də həmin vəzifəli şəxsin zəngindən “müvazinətini itirərək”, gözünü yumub, ağına-bozuna baxmadan məni və jurnalı səhifələyən mütəxəssisi bir göz qırpımında işdən çıxardı (Sonradan mənə acıq və qıcıq vermək üçün həmin mütəxəssisi-jurnalı səhifələyən xanımı yenidən işinə bərpa etdi. Bax buna deyərlər yaxşı adam!). İndi bilmirəm akademik U.Ələkbərov həmin vəzifəli şəxsin yanında yaxşı kişi oldu, ya yox? Ancaq bilənlər bilir ki, jurnalda baş vermiş texniki səhvin günahkarı mən deyiləm. Bilənlər (poliqrafiya mütəxəssisləri və hüquqşünaslar) onu da təsdiqləyərlər ki, bu tipli istehsalat səhvlərinə görə nəinki redaktoru, heç birbaşa məsuliyyət daşıyan şəxsləri belə işdən çıxarmazlar. Ən pis halda, həmin şəxslər tənbeh olunar və ya məsul şəxslərin nəzərinə çatdırılar ki, bir daha analoji səhvlərə yol verilməsin. Ən ümdəsi, “Dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə” elmi-nəzəri jurnalının baş redaktoru Urxan Ələkbərov, məsul katibi Elman Nəsirovdur. Jurnalda dərc olunacaq məqalələri onlar planlaşdırır və tirajlanması üçün “siqnal” nüsxəsinin ayrılıqda hər bir səhifəsini imzalayıb çapa göndərirlər. Jurnalın həmin “sürüşmə” olan sayını da onlar istehsalata təqdim ediblər.

Bu məqamda böyük ustad Mirzə Cəlilə rəhmət oxumamaq olmur. Belə ki, bu olayın ilk günündən Mirzə Cəlilin “Çay dəsgahı” əsərinin süjetini bəzi şəxslərə xatırlatmışam. Həmin əsərin fabulası bu olayla dolayısı ilə səsləşir. Xanın içdiyi çaydan iy gəlir… Günahkar axtarışına çıxırlar… Bu məqamda bilməyənlər əsərin qısa süjetini bilənlərdən soruşa bilər…
Yuxarıda qeyd etdim ki, mənim işdən çıxarılmağımda heç bir siyasi rəng yoxdur. Amma DİA-nın rektoru, akademik U.Ələkbərov özünümüdafiə üçün qanunsuz işdən çıxarılma əmrinə siyasi çalar qatır. Azərbaycan Respublikasının Prezidenti yanında DİA-nın rektoru bir işdənçıxarma əmrində nə az, nə çox, düz dörd səhvə yol verib. Akademik U.Ələkbərov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 2015-ci ildə imzaladığı sərəncamla qüvvədə olan Azərbaycan Respublikasının Əmək Məcəlləsinin yeddi bənddən ibarət olan 69-cu maddəsinin 4 bəndini kobudcasına pozubdur. Belə olan bir durumda DİA-nın rektoru, akademik U.Ələkbərov nə etməlidir? Çoxlarının yadında olar, uşaqlıqda dalaşarkən qarşısındakı tərəf-müqabilinə gücü çatmayan uşaq ya söyüş söyərdi, ya da əyilib yerdən daş götürərdi ki, qarşısındakını vursun. Akademik U.Ələkbərov da indi “əyilib daş götürür”. Nə etsin? Axı qanun mənim tərəfimdə olduğu üçün mən güclüyəm. Dedim axı, akademik “əyilib daş götürür”. Burada məcazi çalar olsa da, analogiya tam uyarlıdır. Bəli, akademik mənə “daş atır”- mənim barəmdə yalan məlumatlar yayır. Mənə çatan şifahi məlumatlara görə, DİA-nın rektorunun şəxsi ambisiyaları ucbatından bəzi hakimlər qanunu müdafiə edə bilmirlər. Aldığım məlumata görə, DİA-nın rektoru U.Ələkbərov Azərbaycan ziyalısına yaraşmayan, akademik adı ilə bir araya sığmayan addımlar atır. Kabinetində olan xidməti dövlət telefonu vasitəsilə müvafiq qurumlara, o cümlədən Səbail Rayon və Bakı Apellyasiya Məhkəmələrinin sədrlərinə zəng edərək, tamamilə yalan məlumatlar verir, şəxsiyyətimlə bağlı olmayan əsassız sözlər danışır. Akademik yuxarı instansiyalara (ali hakimiyyət orqanlarına etdiyim müraciət zamanı akademikin bu yalan informasiyasını mənə çatdırdılar) və məhkəmə sədrlərinə mənim müxalifətçi olduğumu bildirir. Bunu onun haqqında yazdığım məqalələrlə əlaqələndirir. Aydınlıq naminə qeyd edim ki, həmin məqalələr müstəqil saytlarda dərc olunub (Elə buradan rəsmi dövlət qəzetləri olan “Xalq qəzeti”, “Azərbaycan” və b. rəhbərlərindən xahiş edirəm ki, bu məqaləni dərc etsinlər. Əgər dərc etsələr, onlara bəri başdan təşəkkür edərdim).

URXAN

Urxan Ələkbərov

Bu məqamda onu da qeyd edim ki, DİA-nın hüquqşünası, qarşı tərəfin qanuni nümayəndəsi Vacib Eldarov da Bakı Apellyasiya Məhkəməsində replika şəklində mənim müxalifət qəzetlərində bu barədə məqalələr yazdığımı bildirdi. Böyük ehtmal ki, qanuni nümayəndə bu fikri DİA-nın rektorunun müvafiq təlimatı əsasında söyləyirdi. Bu və ya digər (hələlik bəzi məlumatları burada yazmıram) faktlar akademik U.Ələkbərovun yol verdiyi ciddi qanun pozuntusunu ört-basdır etmək və “özünüsığortalamaq” üçün mənimlə əlaqədar yalan məlumat yaydığını dolayısı ilə təsdiqləyir. Bir daha aydınlıq üçün bildirirəm ki, mən qanunsuz işdən çıxarılmağım barədə müstəqil saytlarda məqalələrlə çıxış etmişəm. Güman edirəm ki, DİA-nın rektoru “MUSAVAT.COM” saytını (qəzet) müxalifət qəzeti kimi qəbul edir. Ancaq bilmirəm ki, qarşı tərəf bunu qəsdən, yoxsa məlumatsızlıqdan belə qəbul edir. Aydınlıq naminə qarşı tərəfin diqqətinə çatdırıram ki, “Yeni Müsavat” qəzeti müstəqildir. Onun təsisçisi və baş redaktoruna bir neçə il əvvəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının “Əməkdar jurnalisti” fəxri adı verilmişdir.

Mən tam məsuliyyətlə bildirirəm ki, heç bir siyasi qurum və partiyanın üzvü deyiləm. Onu da tam səmimiyyətlə qeyd edirəm ki, mən dövlət və dövlətçilik təfəkkürünə mənsub bir insanam. Mən Mehriban xanım Əliyevanı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti seçilməsi münasibəti ilə 22.02.2017-ci il tarixində (“Azərpoçt”MMC-dən vurduğum teleqram: seriya EAC/8№369724) təbrik etmiş , respublikamızın çiçəklənməsi naminə ictimai-siyasi fəaliyyətində uğurlar arzulamışam. ”Azərpoçt” MMC tərəfindən 0001719697 saylı teleqramın 23.02 2017-ci il tarixində Mehriban xanım Əliyevaya çatdırıldığı barədə mənə rəsmi cavab verilmişdir. Mən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının həyata keçirdiyi daxili və xarici siyasəti həmişə dəstəkləmişəm.
Yaxşı ki, Azərbaycan dövləti vardır. Yoxsa bəzi yerində olmayan “mələk donuna girmiş” məmurların hirs-hikkəsindən vətəndaşlar daha böyük dəhşətlərə məruz qalardılar.

Mən U.Ələkbərovun ədalətsiz hərəkəti, qanunsuz əmri ilə ilk gündən barışmamış və sona qədər də barışmayacağam. Çünki mən hansı müəssisədə işlədiyimin fərqindəyəm. Akademik U. Ələkbərov mənzil-istismar sahəsinin rəisi olmadığı kimi, mən də adıçəkilən qurumun əməkdaşı olmamışam. Bu gün heç mənzil-istismar sahəsində çalışan əməkdaşı bu cür qanunsuz formada işdən azad etmirlər. DİA-nın rektoru isə məni tamamilə qanunsuz bir formada işdən azad etmişdir. Jurnalda baş vermiş texniki səhvə görə U.Ələkbərov bir vəzifəli şəxsin yanında “üzüağ” olmaq üçün heç bir təqsirim olmadığı halda, məni qanunsuz bir formada işdən azad etmişdir. DİA-nın rektoru çox böyük bir haqsızlığa imza atıb. Mən akademikə yaraşmayan, ziyalı adına hörmətsizlik gətirən bu ədalətsizliyi kifayət qədər ictimailəşdirmişəm. Qarşı tərəf isə tam qanunsuz bir işə imza atdığından hüquqi və mənəvi baxımdan əliboşdur. Elə bu səbəbdən özünümüdafiə üçün məni ləkələyir. Əgər belə olmasa idi, heç bir hakim ədalətsiz qətnamə çıxarmazdı. Hər iki məhkəmə instansiyasında – Səbail Rayon Məhkəməsi və Bakı Apellyasiya Məhkəməsində məhkəmə baxışı mənim hüquqi və mənəvi üstünlüyümün müşayiəti ilə keçirilmişdir. Əgər məhkəmələrə (hər iki məhkəmənin sədri vasitəsi ilə) yalan məlumatlar vasitəsilə təsir olmasaydı, birinci və ikinci instansiya məhkəmələri mənim işdən qanunsuz çıxarıldığımı təsdiqləməyə məcbur idilər. Çünki qanun belə tələb edirdi. Ədalət naminə onu da deyim ki, Səbail Rayon və Bakı Apellyasiya Məhkəmələrinin hakimləri məhkəmə prosesinin sonunda vicdan əzabı çəkərək qərarlarını elan ediblər.
Mən keçən yazımda qeyd etmişdim ki, akademik U.Ələkbərov 16-cı əsrdə yaşamış Fransa kralı 14-cü Lüdoviq kimi “Dövlət mənəm” deyib məhkəmələrə sifarişli qərarlar çıxartdırır. Belə yazmaqda səhv etməmişəm. Akademik düşünür ki, onun qanunsuz əmri ilə razılaşmalıyam. Akademikin düşüncəsinə görə, onun qanunsuz əmrinə qarşı çıxıramsa, müxalfətəm. Hörmətli akademik, unutmayın ki, siz dövlət deyilsiniz, siz dövlətin rəhbərinin fərmanı ilə DİA-na rektor təyin olunmusunuz. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzası ilə qüvvədə olan qanunlara hamı kimi, siz də əməl etməyə borclusunuz.

Mən akademik U.Ələkbərovun qanunsuz hərəkətinə qarşı müxalifəm, U.Ələkbərov isə Azərbaycanın mövcud dövlət və dövlətçiliyinə qarşı çox böyük müxalif addım atır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının imzası ilə 2015-ci ildən qüvvədə olan Azərbaycan Respublikasının Əmək Məcəlləsini ayaqlar altına atıbdır. Bu azmış kimi, Azərbaycan dövlətinin məhkəmə hakimiyyətinə açıq-aşkar təzyiq göstərir. İndi görün, dövlətə və onun qanunlarına qarşı zidd hərəkət edən mənəm, yoxsa DİA-nın rektoru?! Mövcud qanunlara əməl etməmək dövlət və dövlətçiliyə hörmətsizlik nümayiş etdirmək deyil, bəs nədir? Akademik U. Ələkbərov unudur ki, dövlət və dövlətçilik şəxsi nüfuzdan daha ucadır. Şəxslər (fərdlər) gəldi-gedər, dövlət isə əbədi qalandır. DİA-nın rektoru akademik U. Ələkbərovun “qaralama” -ləkələmə taktikasını özünə rəva bilməsi, sadəcə, təəssüf doğurur. Mən çox təəssüflənirəm ki, DİA-nın rektoru, akademik U. Ələkbərov dövlət və dövlətçilik mənafeyini yox, öz şəxsi ambisiyalarını müdafiə edir. Əgər belə olmasaydı, digər əməkdaş kimi, məni də işə bərpa etməli idi. Rasional düşüncə sahibləri belə edərdi. Çoxdan deyilmiş, ancaq bütün zamanlar üçün həmişə müasir olan belə bir fikir var: ”Yalnız dəlilər və ölülər fikirlərini dəyişmirlər”. Dünyada insana ən böyük ucalığı səmimiyyət gətirir. Səmimiyyət insanda ədalət və vicdan hisslərinin olmasından xəbər verir.

Mən təbiətcə ədalətli və haqsevər insanam. Bu səbəbdən haqq, ədalətin qalib gələcəyinə bütün varlığımla inanıram. Xalqımızın da təfəkküründə min illərlə formalaşmış belə bir deyim var: ”Yalan ayaq tutar, amma yeriməz”.
Bir maraqlı və orijinal iqtibas da bu məqamda yerinə düşər. Bəşəriyyətin inkişafına təkan vermiş qədim kitabların birində belə bir fikir var: ”Şər işlər törətməyənə şərin dişi batmaz”. Adını yaxşı adam kimi çıxarmış bəzi şəxslərdən fərqli olaraq, mən özümü dərk edən gündən şər işlər görməmiş və şərə xeyir verməmişəm. Təvazökarlıqdan uzaq olsa da, özüm haqqında işlətdiyim bu fikirləri məni tanıyanlar səmimiyyətlə təsdiq edərlər.

İndidən əminliklə demək olar ki, DİA-nın rektoru U. Ələkbərov aqressiyasını davam etdirəcək, Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatında olacaq kassasiya məhkəmə işinə də eyni taktika ilə təsir göstərəcəkdir. Bu məhkəmə olayı Ali Məhkəmədə də akademikin aqressiyasının müdafiəsi ilə sonuclana bilər. Ancaq kifayət qədər konkret və kifayət qədər ictimailəşmiş bu məhkəmə işinin Azərbaycan ədliyyə tarixində qanunsuz bir şəkildə arxivləşməsi, ən azından, üzqarası sayıla bilər. Nə edim ki, yenə böyük ustad Mirzə Cəlildən sitat gətirməyə məcbur oldum. Böyük yazıçının ötən əsrın əvvəllərində yazdığı “Ölülər” komediyasında əsərin baş qəhrəmanı İskəndərin dili ilə dediyi fikirləri azacıq dəyişərək deyirəm: “Cənablar, unutmayın ki, bizdən sonra gələnlər bu kitabı vərəqləyib, bu səhifəni oxuyacaqlar…” Mən istəməzdim ki, Azərbaycan ədliyyə tarixində bu cür şəffaf bir iş ədalətsiz bir qərarla arxivləşsin.


loading...

Fikrinizi bildirin