“Pioner”in güdazına gedən düşərgələrimiz…

Dərc olunub: 09/05/2017 - 00:01

Və ya “zastoy” adlandırdığımız dövrdən qalan nisgilimiz

nadir_israfilov_tehsilNadir İSRAFİLOV

Dərs ili başa çatmaq üzrədir. Şagirdlər uzun müddətli yay tətilinə çıxacaq. İl boyu davam edən gərgin tədris prosesindən sonra hər bir şagirdin istirahət etmək və asudə vaxtını səmərəli şəkildə keçirmək hüququ var. Uşaqlar bu müddətdə nə edəcək, harda dincələcək? Yəqin ki, bu sual çoxlarını düşündürür.

Sovet dönəmini qoyaq bir kənara, heç olmasa 2000-ci ilin əvvəllərinə qədər uşaqların asudə vaxtının səmərəli təşkili üçün Gənclər və İdman Nazirliyi və Təhsil Nazirliyi yay düşərgələri təşkil edirdi. Müəyyən müddətdən sonra belə düşərgələr bu dövlət qurumlarının balansından da çıxarıldı. Halbuki, bəyənmədiyimiz postsovet məkanında bu qəbildən olan düşərgələr dövlət hesabına təşkil olunurdu. Hətta, rayonlarda iri təsərrüfatların özlərinin balansına məxsus mövsümi düşərgələri var idi. Ayrı-ayrı təşkilatların həmkarlar ittifaqı hesabına uşaqlar şən və mənalı istirahət edirdilər. Yerli təhsil şöbələrinin belə Qubada, Nabranda, Şüvalanda və Respublikanın digər füsünkar guşələrində “Qərənfil”, “Qağayı”, “Cırtdan” və digər adlarla düşərgələri fəaliyyət göstərirdi. Krımda yerləşən Ümumittifaq miqyaslı və beynəlxalq səviyyəli “Artek” düşərgəsinə düşmək isə hər bir məktəblinin ən böyük arzusu və şərəf işi hesab edilirdi.

Baxmayaraq ki, artıq müəyyən müddət keçib, bununla belə bu düşərgələrin uşaqların asudə vaxtının təşkili, təlim-tərbiyəsi, zərərli meyllərdən uzaqlaşması, məşğulluğu və səmərəli fəaliyyətə qoşulması baxımından çox böyük və müstəsna əhəmiyyəti hələ də danılmaz olaraq qalmaqdadır. Orada şagirdlər özlərinə dost tapırdılar, qayıdandan sonra öz təəssüratları barədə inşa yazırdılar, idman və hərbiyə dair bacarıq və vərdişlərə yiyələnirdilər, nizam-intizama alışırdılar. Əgər kiminsə şəhərdən kənara çıxmağa imkanı yox idisə, orta məktəblərdə şəhər tipli müəyyən düşərgələr təşkil olunurdu. Müstəqillik əldə etdikdən sonra, yəqin belə hesab etdik ki, bu olayda nəsə bir müəmma – “pioner” sözü var və bu, sovetdən qalma nümunədir, “zastoy” dövrünün nişanəsidir, nə bilim imperializmin qalığıdır və s. Halbuki, “pioner” sözü məcazi olaraq “ilkin”, “müjdəçi”, “qaranquş” mənasında işlənilirdi. Bu mənada pioner düşərgələrinə, dəstə rəhbərlərinə ögey münasibət bəslənildi və bu tarixi ənənə arxivə göndərildi.

Əslində təlim-tərbiyə işinin axsamasının, təhsildən kütləvi yayınmanın, təhsilin keyfiyyətinin aşağı düşməsinin səbəblərindən biri də məhz pioner düşərgələrinin ləğv olunmasıdır. Çünki istirahət, kollektivçilik, təşkilatçılıq, birgəyaşayış prinsipləri yüksək əhval-ruhiyyəyə, təhsilin səmərəliliyinə və keyfiyyətinə müsbət təsir göstərən amillərdən biridir. Yarışlar, viktorinalar, disputlar, ekskursiyalar, daha nələr, nələr…

74

Eyni zamanda bu düşərgələr, bir növ hərbi xidmətə hazırlığın, fiziki, mənəvi və hərbi-vətənpərvərlik tərbiyəsinin də sınanmış bir forması idi. Uşaqların şeypurun səsi ilə vaxtında yuxudan durması, yatması, qidalanması rejimlə tənzimlənirdi. Tonqallar, məşəllər, Bayraq önündə düzülüş, Vətənə, doğma torpağa sədaqət andları və s. – nəyi pis idi? Yəni, düşərgələr bütün tərbiyə aspektləri baxımından əhəmiyyətli idi.

Düzdür, zaman-zaman Həmkarlar konfederasiyası, eləcə də müxtəlif təşkilatlar tərəfindən bu məsələ gündəmə gətirilib, düşərgələrin yaradılmasının özəl şirkətlərə verilməsi təklif olunub. Parlamentdə məktəb turizminin inkişaf etdirilməsi məsələsinin müzakirə olunacağı barədə də xəbərlər yayılıb. Hətta bir neçə il bundan qabaq millət vəkillərimiz ötən illərin nisgilini reallığa çevirmək üçün Milli Məclisdə uşaqların asudə vaxtlarını müzakirə etmək məsələsini də gündəmə gətirmişdilər. Belə ki, Qanun çərçivəsində ölkədə uşaq istirahəti üzrə dövlət standartları və onun təsnifatı müəyyənləşməli idi. Sənəddə uşaq istirahəti üzrə dövlət standartlarında “Uşaq istirahəti yerlərinin tərbiyə prosesinin və uşaqların asudə vaxtının təşkili üçün zəruri olan inventar və avadanlıqla, uşaq əyləncə vasitələri ilə təminatı normativləri”, “Uşaq istirahət yerlərinin ərazisində uşaqların istirahət üçün yerləşdirilməsi normativləri”, ” Uşaqların fizioloji tələbatlarına uyğun qida ilə təmin edilməsi normaları” və s. nəzərdə tutulurdu. Layihədə həmçinin uşaqların istirahəti üçün müəssisələrin yaradılması da tələb olunurdu. Sənəddə uşaqların istirahəti üçün müəssisələrin, istirahətin təsnifatı, yardıma ehtiyacı olan uşaqlar üçün isə xüsusi güzəştlərin tətbiqi, uşaqların ölkədən kənarda, xarici ölkələrdə dövlət hesabına istirahətinin təşkili məsələləri də yer almışdı. Hələ ki, bütün bu təşəbbüslər və cəhdlər kağız üzərində qalır.

Baxmayaraq ki, orta məktəblərdə yay düşərgəsinin səviyyəsi sıfıra bərabərdir, orta məktəblərdən fərqli olaraq, ali təhsil ocaqlarında yay düşərgəsi istiqamətində müəyyən işlər var. Bildiyim qədər Azərbaycanda 60-a yaxın turizm şirkəti var ki, daxili turizmlə məşğul olur. Bunlar, əlbəttə, özəl sahibkarlıq subyektidir. Ara-sıra “CELT Colleges” düşərgəsi: “Qeydiyyatdan keçmək istəyənlər 700 AZN ödəməli olacaq” elanlarına rast gəlmişik ki, bu qiymətləri də çoxları üçün əlçatan və məqbul hesab etmək olmaz. Respublikada barmaqla sayılacaq düşərgələrdən biri də Daxili İşlər Nazirliyinin tabeliyində olan Çingiz Mustafayev adına Uşaq İstirahət Düşərgəsi idi ki, onun da taleyi bir çoxları kimi mənə də aydın deyil. Deyilənlərə görə həmin düşərgə təmirə dayandırılıb. Bu kimi məsələlər pərakəndə şəkildə olmalı deyil, dövlət səviyyəsində müəyyən proqram hazırlanmalıdır.

Uşaqlar bizim gələcəyimizdir, gələcəyi isə qorumaq borcumuzdur. Uşaq, uşaqlıq həyatın yaşamalıdır və uşaq kimi böyüməlidir. İndi dərs ilini iyunun 14-nə qədər uzadıblar. Demək olar ki, şagirdlər yay görmür, asudə vaxt tapan kimi kompüter salonlarına gedib müxtəlif oyunlar oynamaqla özlərinə təsəlli tapırlar.Təbii ki, bu da onların sağlamlığına və tərbiyəsinə təsirsiz ötüşmür.

Hesab edirəm ki, məktəblilərin yay düşərgəsi məsələsi geniş şəkildə ictimailəşməli, problemin üstünə gedilməlidir. İstər bunun adı “pioner” olsun, istərsə də başqa bir “milli” ad olsun, məzmunu “kommunizm qurucuları yetişdirmək” olmasın, müstəqil ölkəmizə layiqli vətəndaş yetişdirmək olsun. Təki olsun. Lap elə atributları da dəyişək. Əsas forma deyil, mahiyyətdir. Uşaqların istirahəti büdcə vəsaiti, Həmkarlar İttifaqı, sahibkarlar, bələdiyyələr, xeyriyyəçilər və ianələrin hesabına, ya da imkanlı valideynlərin öz hesabına olsa belə bütün mümkün imkanlar araşdırılmalıdır. Problemin dövlət büdcəsi hesabına həll olunması və dövlət nəzarəti altında olması isə arzu olunandır. Əks halda isə problem öz həllini tapanadək, cüzi miqdarda dövlət büdcəsindən pul ayırmaqla, heç olmasa yay tətili zamanı səfalı regionlarda yerləşən məktəblərin bina və ərazilərini yay düşərgəsinə çevirmək və düşərgə xidmətləri təşkil etmək olar.
“Sağlam bədəndə sağlam ruh olar” deməklə iş bitmir. Əlaqədar hökumət və dövlət qurumları gələcəyimiz olan uşaqlarımızın sağlamlığı, mənəvi və fiziki inkişafı imkanlarını lazımınca dəyərləndirməli və Ölkə başçısı qarşısında müvafiq məsələ qaldırmalıdır.


loading...




Fikrinizi bildirin