XALQIN GÜNAHI

Dərc olunub: 17/05/2017 - 11:24

melahetMəlahət Mürşüdlü

Saytların birində bir yazıçı kimi oxuduğum, hörmət etdiyim Xalq yazıçısı Çingiz Abdullayevin Bakıda kitab evinin açılış mərasimindəki çıxışının video yazısını dinlədim. Doğrusu, çox təəccübləndim. Ləhcəsinə, ədəbi dilin normalarının hər sözdə pozulmasına görə yox. Çünki onun nitqini elə bu ilin mart ayında Muğam Mərkəzində keçirilən “Novruz mühazirələri” adlı tədbirdə dinləmişdim. 21 fevral Beynəlxalq Ana dili günündə keçirilən bu tədbirdə hörmətli yazarın Ana dilimizı bütün ölçülərdə yaman günə qoyduğunun şahidi olmuşdum. Amma onun bu çıxışında məni təəccübləndirən yazıçının xalqı hədəf seçməsi, kitab mağazalarının satılmasında, kanalların verilişlərində, rüşvətin baş alıb getməsində, torpaqların alınmamasında, kitab oxuma səviyyəsinin aşağı olmasında xalqı günahlandırması oldu.

Mən razıyam ki, Xalq yazıçısı böyük ürək ağrısı ilə ümumi bir şəkildə bu gün hər bir ziyalını, məmuru, vətəndaşı düşündürəcək bir ictimai problemi ortaya qoymağa səy göstərdi. Bu gün məmurların xalqın arzu, istək, bacarıq və həvəslərini deyil, özlərini idarə edərək onları bir kütlə halına saldıqları hamıya bəllidir. Elə bu problemlərin girdabında çabalayan xalq da onun həllini Çingiz Abdullayev kimi yazarlardan, ziyalılardan gözləyir. Çünki ziyalılar məmurlar tərəfindən “çeynən bir xalqın” haqq bağıran səsi olmalıdır. Bilik mənbəyi olan kitabdan gəncliyin, bütövlükdə xalqın uzaq düşməsi bir faktdır.

Ölkəmizdə bədii kitab oxuma səviyyəsinin çox aşağı olduğu hər kəsə məlumdur. Müqayisə üçün qonşu ölkələrdən statistik rəqəmlər gətirməyə heç ehtiyac da yoxdur. Keçən il bir neçə məktəbdə şagirdlər arasında kitab oxuma səviyyəsini müəyyənləşdirmək üçün keçirilmiş sorğunun nəticələri də problemin mövcud olduğunu göstərir. Şagirdlər səbəb kimi maraqlı bədii əsərlərin olmamasını göstərirdilər. Əlbəttə, onların bu fikri ilə razılaşmamaq da olar. Amma bu günə qədər Qarabağ-Vətən müharibəsi haqqında sanballı bir əsərin yazıçılarımız tərəfindən ortaya qoyulmaması təəccüblü bir haldır. Bu ictimai problemin aradan qaldırılmasında ailənin, məktəbin, Yazıçılar Birliyi başda olmaqla, müxtəlifyönlü təşkilatların hər birinin payı vardır. Hərdənbir kampaniya xarakterli keçirilən tədbirlərlə uşaqlarda, gənclərdə kitaba sevgi aşılaya bilmərik. Əminəm ki, danışmaqdan çox, əməli fəaliyyətlə bu problemi, tam olmasa da, qismən həll etmək olar.

cingiz-3

Çıxışda diqqətimi çəkən məqamlardan biri də Xalq yazıçısının bu sözləri idi: “…biz xalqa elan eledik ki, axmaq qalın. Heç vaxt düzlük olmuyecek, Heç ne olmuyecek.” Açığı, mən sadə vətəndaş kimi məqsədi, nə demək istədiyi aydın olmayan bu fikirləri bir Xalq yazıçısına yaraşdırmadım. Bu qəbildən olan bədbin fikirlər yazıçının çıxışının bir neçə yerində də səslənir: “Onlar 25 il oturublar “okop”da, gözdüyürlər ki, gec-tez bu azarbaycanlılar gelib bu torpaqları öz torpaqları almalıdırlar”.

Bu sözləri oxuyan əsgərlərimizin hansı hissləri yaşadığını mən deyə bilmərəm. Amma hörmətli yazıçımızın o “okop”lara getməsini, vətəni yalnız ermənilərdən yox, onun havadarlarından qoruyan əsgərlərimizlə hal-əhval tutmasını çox istərdim.

Düz 100 il bundan qabaq böyük Sabir də yazmışdı: “İnsanı insan eyləyən paradir, parasız insanın üzü qaradır”.
Hörmətli yazıçımız isə deyir: “Kitab oxuma puldur, puldur esas”.

Əsla müqayisə etmək fikrində deyiləm. Məni düşündürən və narahat edən Xalq yazıçısının bu sözlərlini gənclərin bir çağrış kimi qəbul edib-etməməsidir.


loading...


Fikrinizi bildirin