Böyük şəxsiyyətlərə qarşı “səlib yürüşünü” dayandırın!

ilyas_is_mail_o_vİlyas İsmayılov

Ədalət partiyasının sədri,

Hüquq elmləri doktoru

Bu yaxınlarda oxuduğum bir yazıda Səməd Vurğun saray şairi kimi təqdim olunurdu. Bu və bu kimi iddialar gülünc olduğu qədər də, zərərlidir. Azərbaycan xalqının milli dəyərlərini formalaşdıran şəxsiyyətlərə qarşı səlib yürüşüdür.

Səməd Vurğun Azərbaycan xalqının yetişdirdiyi ən böyük şairlərindəndir, bizim milli sərvətimizdir. İlhamı bulaq kimi çağlayan, hətta bir neçə gün ərzində böyük poema yazacaq qədər mahir sənətkar olan bu adamın yeganə bədbəxtçiliyi sovet hakimiyyətinin ən repressiv dövründə yaşamış olmasıdır.

Bununla belə, bütün çətinliklərə baxmayaraq o, ədəbiyyat xəzinəmizə misilsiz əsərlər vermiş, ölkəmizin dünyaya tanıdılmasında əvəzsiz xidmət göstərmişdir. Xüsusilə, II Dünya müharibəsi dövründə onun qələmə aldığı əsərlər bütün dünyanın mübarizə apardığı alman faşizminə qarşı sözün həqiqi mənasında ideoloji silaha çevrilmişdir. Təsadüfi deyil ki, onun müharibə illərində yazdığı "Ukrayna partizanlarına" şeirinin mətni dərc edilərək, təyyarədən Ukrayna meşələrinə səpələnib partizanlara çatdırılmışdır.

Səməd Vurğunun şan-şöhrəti yalnız keçmiş sovet məkanı sərhədləri daxilində qalmamış, bütün dünyaya yayılmışdır. Hətta o vaxt SSRİ ilə əks qütbdə dayanan qüvvələr belə, ideoloji fərqliliklərə baxmayaraq, Səməd Vurğun poeziyasının böyüklüyünü etiraf etmək məcburiyyyətində qalmışdılar. Bunun ən bariz nümunəsi kimi 1943-cü ildə ABŞ-da keçirilən müharibə əleyhinə yazılmış dəyərli əsərlərin müsabiqəsini göstərmək olar. Həmin müsabiqədə Səməd Vurğunun "Ananın öyüdü" şeiri 20 ən yaxşı əsərdən biri kimi qiymətləndirilib və Nyu-Yorkda çap olunaraq hərbçilər arasında yayılıb. Bütün bunlar Səməd Vurğunun necə bir şair olduğunu sübut edir.

Sovet hakimiyyəti də onun dahi bir şair olduğu qənaətində idi və buna görə də 1954-cü ildə Sovet Yazıçıların İkinci Ümumittifaq Qurultayında "Sovet poeziyası haqqında" məruzəsi ilə çıxış etmək ona tapşırılmışdı.

Bir çox insanların, o cümlədən ictimai xadimlərin Səməd Vurğunu düzgün qiymətləndirməsi, görünür, onun yaşadığı dövrün tarixi şəraitini və ədəbi ənənələrini nəzərə almamalarından irəli gəlir. Təəssüflər olsun ki, biz bəzən tarixi şəxsiyyətlərə qiymət verərkən məsələlərə bu günün nöqteyi-nəzərindən yanaşırıq. Bu da şəxsiyyətlərin doğru qiymətləndirilməsində yalnış nəticələrə gətirib çıxarır. Məsələn, öz əqidəsi uğrunda nəinki ölümü, hətta dərisi soyula-soyula qətlə yetirilməyi gözə alan Nəsimi yazdığı

“Dərdmənd etdin məni, ey dərdə dərman erməni,

Olmuşam eşqin yolunda bəndə-fərman erməni”-

şeirinə görə bu gün bizə azərbaycançılığı, müqəddəs dəyərləri bir erməni gözəlinə satan vətən xaini kimi görsənə bilər.

Eynilə, S. Vurğunun “Vaqif” poeması da bu gün bəziləri üçün türkəsilli Qacara qarşı həqarət yağdıran ədəbiyyat nümunəsidir. Yazıldığı dövrdə isə Azərbaycanın İran istilasına, şahlıq üsul-idarəsinə qarşı dirənişin tərənnümü kimi dərk olunurdu. Səməd Vurğun da onu yazanda sözsüz ki, öz millətinin içərisindən çıxmış tarixi qəhrəmanı inkar etmək məqsədi güdmürdü. Məqsədı fars şovinizminin Azərbaycan xalqını assimilyasiya uğratmaq istəməsinə etiraz etmək idi. Və əsərdə bu tezis olduqca aydın şəkildə öz əksini tapıb. Vaqifin Qacarla qarşılaşdığı səhnədə İran şahının Azərbaycan dilində şeir yazmağa ironiya ilə yanaşmasına verdiyi cavab bu mənada diqqətə layiqdir. Bu faktın özü də sübut edir ki, Səməd Vurğunun Şah Məhəmməd Qacara düşmən münasibətinin əsası heç də vətənə, millətə barmaqarası baxmağından irəli gəmirdi. Əksinə, Səməd Vurğun dövrün tələblərindən istifadə edərək, Azərbaycan ədəbi dilinin formalaşmasında misilsiz xidmətlər göstərməyə çalışır, bunu həm əsərlərində təbliğ edir, həm də yazdığı şeirlərlə nümunələr yaradırdı.

Tarixi şəxsiyyətləri qiymətləndirərkən tarixi şəraitin nəzərə alınmaması hər şeydən əvvəl demokratik dünyagörüşə zidddir və keçmişi inkar fəlsəfəsinə əsaslanır. Keçmişin inkarı cəmiyyətlərin dəyişilməsi üçün ən vacib şərtlərdən sayılsa da, bunun həddən ziyadə olması nəticə etibarilə vulqarizmə aparır ki, bu gün bir çoxumuzun, o cümlədən Səməd Vurğunu top atəşinə tutanların haqlı olaraq bəyənmədiyi sovet nəzəriyyəsi belə, vulqarizmdən qaçmağa çalışırdı. Xüsusilə sovet hakimiyyətinin ədəbiyyat və mədəniyyət nümunələrinə münasibətində bunu aydın şəkildə sezə bilərik. Sovet dövründə bizlərə öyrədilən Füzulinin, Nizaminin poemaları mətləbə keçməzdən əvvəl Allahın, peyğəmbərin tərifiylə başlayır, dövrün hökmdarlarının mədhiyyəsiylə davam edirdi. İdeoloji dünyagörüşünə görə ateist olan SSRİ bütün bu əks fikirlərə baxmayaraq onları anti-sovet şair adlandırıb məktəblilərdən uzaq tutmağa çalışmırdı. Əksinə təbliğ edir, elm ocaqlarında həmin tarixi şəxsiyyətləri tədqiq edən mərkəzlər yaradırdı. Çünki bu şairlərin dövrün tələbinə görə yaşayıb yaratdıqlarını qəbul edirdi.

Səməd Vurğun da öz dövrünün şairi idi. Bəzi məqamlarda öz fikirlərini dövrün tələblərindən irəli gələn prinsiplərin əsasında çatdırır, oxucularda milli-mənəvi ruhun formalaşdırmağa çalışırdı. Hətta bu xüsusiyyətinə görə onun az qala repressiyaya uğraması təhlükəsi belə yaranmışdı. Xüsusilə, 1953-cü ildə şairin üzərinə hücumların artığı bilinən həqiqətlərdəndir. Həmin il şairin yazdığı “Aygün” poeması ciddi tənqid olunur, Azərbaycan Yazıçılar İttifaqı onu millətçilikdə günahlandıraraq haqqında Moskvaya məktublar göndərirdi. Moskvada çap edilmiş "Şairin hüquqları" məqaləsi ona qarşı hücumları daha da kəskinləşdirmişdi. Hətta bir ara kitabları kitabxanalardan, dramlar əsərləri səhnədən uzaqlaşdırılmışdı. Müasirlərinin bildirdiyinə görə şairə şəhərdən çıxmaq belə qadağan edilmişdi.

Hər kəs repressiyanın növbəti qurbanının qətlə yetiriləcəyini gözlərkən şairi xoşbəxt bir təsadüf xilas etdi. Bu təsadüf Stalinin ölümü və yerli rəhbərliyin dəyişilməsi idi. Yəni, qələmə aldığı “Vaqif” əsərində Vaqifi qurtaran eyni tale Səməd Vurğunun da üzünə gülmüşdü. Belə bir ağrılı tale yaşayan insanı necə saray şairi adlandırmaq olar?

1954-cü ildən sonra Səməd Vurğunun yenidən yüksəlişinin ikinci dövrü başlasa da, bu intibah da uzun sürmədi. O dövrün repressiyasından sağ qurtulmasına baxmayaraq, repressiya təhlükəsinin gətirdiyi mənəvi gərginliklər şairin çox yaşamasına imkan vermədi. 1956-cı ildə dünyasını dəyişən Səməd Vurğunu da bu mənada repressiya qurbanı saymaq olar. Sırf bu məsələyə görə bir şairə təhqiramiz söz demək nə qədər ədalətlidir, qərar verməyi ittiham sahiblərinin öz vicdanına buraxıram.

Mən əslində cəmiyyətimizdə bəzən dəyərli tarixi şəxsiyyətlərə qarşı bu cür mövqe sərgilənməsini, hardasa, başa düşürəm. Böyük şəxsiyyətlər haqqında hansısa qüvvələr tərəfindən cəmiyyətə təlqin olunan dezinformasiyalar istər-istəməz vətəndaşlarımızı bu cür düşünməyə yönləndirir. Səməd Vurğun haqqında belə məqsədli dezinformasiyalar isə daha çox yayılıb.

Hələ Azərbaycan Respublika Prokroru işlədiyim zaman Səməd Vurğunun guya Mikayıl Müşfiqə qarşı ifadə verdiyi haqqında şaiyələr yayılmışdı. Mən arxivdən Mikayıl Müşfiqin cinayət işini tələb etdim. Cinayət işiylə tanış olduqda deyilənlərin tam əksinə, Səməd Vurğunun onu bacardığı qədər müdafiə etdiyini gördüm. Yazıçılar İttifaqının sədri Anarı çağırıb işlə onu da tanış etdim. Bu gün də Anar müəllim mənim dediklərimi təsdiq edə bilər.

Səməd Vurğun dahi şair olmaqla bərabər həm də böyük vətəndaş idi. O, bir çox kimsəsiz insanlara bacardığı qədər kömək etmiş, hətta qardaşına yazdığı məktublardan birində özünü əzilənlərin hamisi adlandırmış və bunu əsrin bəbəyinə sancacağına and içmişdi. Müasirləri onda həqiqətən də bu xüsusiyyətlərin mövcud olduğunu bildirirlər.

Qısacası, ölkəmizin görkəmli şəxsiyyətləri haqqında cəmiyyətimizdə yayılan bu cür informasiyaların heç bir əsası yoxdur və onların qəsdən yayıldığını, tarixi şüurumuza zərbə vurmaq məqsədilə daşıdığını, əsli olmayan bir millət olduğumuza bizi inandırmaq məqsədi güddüyünü düşünür və hər kəsi öz fikirlərini ifadə edərkən bir qədər ehtiyatlı olmağa çağırıram.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar