FAZİL MƏMMƏDOVA BAĞLI DAHA BİR İDMAN NÖVÜ MƏHV OLUR! – Nazir maliyyə böhranı yaşayır, yoxsa…? + FOTOLAR

Dərc olunub: 28/07/2017 - 17:35

7e344f927671cbafe5ea2a9d66b97aacBu gün güləşçilər qarşılaşdıqları problemlər ilə bağlı açıq havada brifinq keçiriblər. Musavat.com xəbər verir ki, jurnalistlərlə biraraya gələn idmançılar öz şikayətlərini dilə gətiriblər. Yunan-Roma güləşi üzrə dünya çempionu Rəsul Çunayev bildirib ki, 1 ildir təlim-məşq toplanışı keçmirlər:

“Dövlətimiz bizim üçün hər bir şəraiti yaradırdı, biz də yarışlarda qalib gəlirdik. Prezidentimiz daim dəstək olub. Bir ildir ki, federasiya tərəfindən bizə maaşlar, mükafatlar verilmir. Biz dövlətimizi, vətənimizi təmsil edirik. Əsgərlər silahı olmadan müharibəyə gedə bilmədiyi kimi, bizim də silahımız təlim-məşq toplantılarıdır. Bunlar olmadan yüksək nəticə əldə edə bilmirik. Biz uduzanda saytlar, insanlar bizim haqqımızda pis fikir səsləndirir. Şərait yaradılanda yüksək səviyyədə çıxış etmişik. Indi isə şərait yoxdur. Hətta zallarda içməyə su belə yoxdur, krant suyu içirik. Məşqçilər, həkimlər hamısı çıxıb gedib. Onlar da maaşlarını ala bilmir. İdmançıların da maaşı verilmir. Bizim başqa işimiz yoxdur, sırf idmanla məşğul oluruq. Ona görə də problemlərimizin həll olunmasını istəyirik ki, işimizi layiqincə görək.

Təəssüflər olsun ki, son 1 ildə federasiyada yaşanan gərginliklər bizim nəticələrimizə təsir edir. 3 həftədən sonra dünya çempionatına getməliyik. Komandanın 70 faizi zədəlidir. İdmançıların heç birinə müalicə olunmaq üçün pul verilmir. Mən də əməliyyata öz pulumla getmişəm. Olimpiadadan sonra 3 ay əməliyyat üçün gözlədim. Bizə qarşı diqqət yoxdur, ona görə də idmançıların həvəsi ölüb. Bəzilərinin məşqə gəlməyə pulu yoxdur. Vəziyyət o qədər acınacaqlıdır ki, xidmətçilər deyir, maşınınızı yuyaq, bizə 5-10 manat verin. Getdiyimiz təlim-məşq toplantısında yemək olmadığı üçün bizi oteldən çıxartdılar.

3 həftə sonra biz gedib dünya çempionatında uduzanda bizi qınayacaqlar. Biz heç bir təlim-məşq toplantısı keçmirik. İki ildir bizə forma da verilmir, yarışlarda köynəklərimizi bir-birimizə verib dəyişirdik. Başqa ölkələrin komandaları qarşısında utanırdıq. Bizə bir nəfər də çıxıb demir ki, pul yoxdur, maliyyə ayrılmır. O zaman işimizi bilərdik. Bizi gözlədirlər”.

Sərbəst güləş üzrə millinin üzvü Hacı Əliyev də gənc idmançıların vəziyyətinin acınacaqlı olduğunu deyib:“Bizim bura yığışmağımızın səbəbi odur ki, bu qədər gənclərimiz ciddi problemlərlə üzləşir. Onların çoxu kasıbdır. Vətənin adını ucaltmaq üçün çalışan uşaqlar 15 aydır ki, maaş üzünə həsrətdir. Dünya çempionatına çox az vaxt qalıb. Hazırlıqsız getmək istəmirik. Bu problemlərdən Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin də xəbəri var. Problemlərimiz həll olunmasa, yarışlara qatılmayacağıq. Onu da qeyd etmək istəyirəm ki, Firdovsi müəllim bizim üçün çox şey edib. Bu çətin günlərdə öz hesabına bizim üçün təlimlər hazırlayıb. Bəzi uşaqlara maddi kömək edir. Onun əməyini qiymətləndiririk. O da olmasaydı, güləşçilərimiz həvəsdən düşərdi. Onun zəhmətini xüsusi qeyd etmək istəyirik”.

fazil-mamed

“AzPolitika.info ” qeyd edir ki, Güləş Federasiyasının prezidenti vergilər naziri Fazil Məmmədovdur. Bundan əlavə, Fazil Məmmədov Azərbaycan Otüstü Hokkey Federasiyasının da prezidentidir. Əvvəllər Fazil Məmmədovun nəzarətindəki federasiyalarda idmançıların  təminatı çox  yüksək səviyyələrdə olub. Ancaq son illər bunun tam əksi müşahidə olunur. Fazil Məmmədovun rəhbərlik etdiyi federasiyalarda böhran yaşanır.

Konkret olaraq Azərbaycanda otüstü hokkey məhv edildi.  Hazırda Azərbaycanda otüstü hokkey çempionatı keçirilmir. Yığma komandalar da fəaliyyətini çoxdan dayandırıb. Halbuki əvvəllər yüksək səviyyəli otüstü hokkey komandaları mövcud olub. Azərbaycanı təmsil edən komandalar SSRİ çempionatında çıxış ediblər. Otüstü hokkey əsasən Bakıda və Sumqayıtda inkişaf etmişdi. SRRİ-nin elitasında həm Bakını, həm də Sumqayıtı təmsil edən komandalar çıxış edirdi. Onu da qeyd edək ki, Azərbaycanda otüstü hokkey həm kişilər, həm də qadınlar arasında məşhur idi.

555Lakin Fazil Məmmədova tapşırılan bu sahə məhv olub getdi.  Böyük ənənəsi olan bu idman növünü inkişaf etdirmək, fəaliyyətdə olan məktəbləri canlandırmaq əvəzinə federasiya rəhbərliyi tamamilə başqa yol tutdu. Azərbaycanda otüstü hokkey legionerləşdirmənin qurbanı oldu. Rəhbərlik idmançı yetişdirmək əvəzinə xaricdən hazır hokkeyçilər gətirməyə üstünlük verdilər. Bir neçə il əvvəl Azərbaycanın otüstü hokkey yığmasının bütün üzvləri Cənubi Koreyadan gətirilmiş idmançılar idi.

Hətta onlarla bağlı insident də baş vermişdi. Belə ki, İngiltərədə keçiriləcək beynəlxalq yarışa getmək üçün Azərbaycan yığmasının üzvlərinə viza verilməmişdi. Böyük Britaniya səfirliyi yığmanın heyətində olan koreyalı idmançıların hamısının bir gecədə azərbaycanlı kişilərlə ailə həyatı qurmasından şübhələnərək, viza verməkdən imtina etmişdi. Təbii ki, həmin idmançıların azərbaycanlı kişilərlə bağladıqları nikahlar saxta idi. Sadəcə, belə saxta nikahlarla onların yığmada oynaması təmin edilirdi.

Artıq bir neçə ildir o idmançılardan heç biri Azərbaycanda yoxdu. Azərbaycanda otüstü hokkey də yoxdu. Əcnəbilərlə uğur qazana bilməyən federasiya rəhbərliyi onların hamısını vətənlərinə yola saldı. Amma ölkə daxilində idmançı yetişdirməklə məşğul olmadığından, otüstü hokkey məhv olub getdi.

Bu gün keçirilən aksiyada Azərbaycanda qədim ənənələri olan güləş idman növünün də eyni taleyi yaşadığını görürük.  Güləşçilərimizin sözlərindən belə məlum olur ki, Fazil Məmmədov rəhbərlik etdiyi federasiyanı Allahın ümidinə buraxıb. Nəinki gənc idmançıların yetişdirilməsinin qayğısına qalır, hətta tanınmış güləşçilərin, yığmanın üzvlərinin belə təlim-məşqləri üçün vəsait ayrılmır. Buna görə də bir çox güləşçilər, istedadlı məşqçilər ölkəni tərk edir. 

Maraqlıdır bu nə ilə bağlıdır: Fazil Məmmədov maliyyə böhranı yaşayır, yoxsa  məqsədli şəkildə Azərbaycanda ənənəvi idman növləri məhv edilir?  Hörmətli nazir  bu suala cavab vermək istəyərsə, ona məmnuniyyətlə şərait yaradarıq.

Murad
AzPolitika.info





loading...




Fikrinizi bildirin