KİTABSIZLAR QORXULUDUR!

Dərc olunub: 03/09/2017 - 11:06

Etibar EliyevEtibar ƏLİYEV

Tanınmış fransız romançısı, tarixçi və ssenarist Jan-Klod Karyerlə böyük italyan filosofu və yazıçısı Umberto Ekonun “Kitabdan yayınmağa cəhd etməyin” adlanan çox maraqlı dialoqu mövcuddur.

Klod Karyer deyir: “Mənim atamın həyat yoldaşı Naxal İran alimi olub. Onun əsərlərinin biri X əsrdə Bağdadda yaşayan Əl-Nadim haqqındadır. Bilirsiniz ki, kitabcildləmə İranda icad olunub. Bu cür cildlər səhifələri tam örtür və onları qoruyurdu. Zəmanəsinin oxumuş adamlarından biri, həm də kalliqrafiyanı gözəl bilən Əl-Nadim ona cildləmə üçün verilən kitabları həm də oxuyur və konspektləşdirirmiş. İndiki zamanda ona verilən kitabların böyük əksəriyyəti it-bata düşüb. Bizə qalan isə onun konspektləri və kataloqlarıdır. Bunlar isə cildlənən kitablar haqqında müfəssəl məlumat verir”.

Bizim dövrümüzdə kitab haqqında danışanda ona mükəmməl sevgi və diqqəti ifadə edən bu tarixi hekayəni xatırlatmaq lap yerinə düşür. Latında Homo Legens - “Oxuyan İnsan” mənasını verən bu anlayışın yaranma tarixi bilinmir. Amma Əl-Nadim Homo Legens imiş.

Buyurun, siz XXI əsrdə yaşayan Azərbaycan akademikinin kitaba olan münasibətinə diqqət edin: “Akademik Məmmədağa Şirəliyev rəhmətə gedəndə ailəsi onun kitabxanasını satmaq istədi, onsuz da hamı bilirdi ki, ən yaxşı kitablar sağlığında satılıb, ona görə də alan olmadı. Pəncərədən həyətə tökdülər… İçərisində “professor”un imzası olan kitabları”.

Dünyasını dəyişən alimin kitabxanasını ya başqa alim həmkarı almalı, ya da kitabxanalara verilməlidir. Bunun əvəzində, kitaba və vəfat etmiş dilçi akademikə qarşı belə ifadələrin işlədilməsi hörmətsizlik deyilmi? Düzdür, vəfat edən bunu oxumur, amma oxucular var, ailəsi, doğmaları var.

Kitab mağazası və kitab dükanlarının bağlanmasına belə akademikin münasibəti elə həmkarının kitabxanasına olan münasibətilə eyni olub. Digər bir akademik isə istəyirdi ki, “Akademiya Kitab Mərkəzi” fəaliyyətini dayandırsın. Akademiyanın prezidenti mərhum akademik Mahmud Kərimov olmasa idi, indi həmin mərkəzin yerində ticarət obyektləri olacaqdı.

Bir xalq yazıçısı var. Bu yaxınlarda açılan kitab məkanlarının birində bağırırdı ki, kitab mağazalarını özümüz satmışıq, ərmənilər satmayıb ki! Amma bir neçə gənc bu xalqsız xalq yazıçısının obyektlərindən birini kitab satışı üçün icarəyə götürmək istəyəndə, elə fantastik qiymət oxumuşdu ki, həmin gənclər kitab mağazası işlətmək fikrindən vaz keçmişdilər. Bu icarə haqqını da ərmənilər deyib, cənab dedektiv “ustası”?!

Amma kitabdan söhbət düşəndə bu cür ünlü akademik və xalq yazıçıları imkan vermirlər ki, kimsə danışa. İndi bir şey də dəbdədir. Kitab oxumayanlar elektron resurslardan istifadə etməyi önə çəkirlər.

Bu yaxınlarda maraqlı bir tədqiqata rast gəldim. Tədqiqat dünyanın 10 lider dövlətində insanların orta hesabla bir həftədə kitaba həsr etdikləri vaxt barədədir: Hindistan – 10,7 saat, Tailand – 9,4 saat, Çin – 8 saat, Filippin – 7,6 saat, Misir – 7,6 saat, Çexiya – 7,4 saat, Rusiya – 7,1 saat, Fransa – 6,9 saat, İsveç – 6,9 saat, Macarıstan- 6,8 saat.

Bəs bizim bir həftədə mütaliəyə neçə saat sərf etməyimizi necə ölçmək olar? Çox çətindir. Sayılı kitab mağazaları və kitabxanalarda monitorinqlərləmi? Tələbələrin əllərindəki kitab sayına görəmi? Yoxsa akademik və professorların olmayan kitabxanaları iləmi?

Bakıda Bukinist kitab məkanlarının da kökü kəsildi. İcarə haqları etdi bunu. Kitabdan qaçanlar elektron resursları gənc və yeniyetmələrə təlqin etməməlidirlər. Bu yaxınlarda Cənubi Koreya həkimləri “rəqəmsal kəmağıllıq” adlı yeni xəstəliyin yaranması barədə həyəcan təbili çaldılar. Bu, çox sürətlə insanın idrak qabiliyyətinin aşağı düşməsini xarakterizə edir. Mütəxəssislər deyirlər ki, əsas risk qrupu – yeniyetmə çağında müxtəlif qadjet və kompüterdən istifadə edənlərdir. Koreya həkimləri bunun ilk simptomlarını hələ 20 il bundan öncə qeydə alıblar. Onlar aşkar ediblər ki, informasiya texnologiyalarından istifadə nəticəsində beyinin sol yarımkürəsi inkişaf edir, sağ yarımkürə isə dayanır. Bunun nəticəsində gənc insanlar inkişafdan qalırlar ki, bu da müxtəlif növlü kəmağıllıq əmələ gətirir. Cənubi Koreya hökuməti məcburiyyət qarşısında qalıb, bütün ölkə üzrə kompüter və “Dünya Hörümçək Toru”ndan asılı olanlar üçün xüsusi kursların yaradılmasına qərar verdi.

Yeri gəlmişkən, 10-12 il bundan öncə ABŞ-da elektron kitabların ortaya çıxması ilə yaranan bum son iki ildə sönməyə başlayıb. 2015-ci ilin sorğularına görə yalnız 12 faiz amerikalı elektron kitab alıb. 59 faiz respondent bildirib ki, elektron kitab almaq istəmirlər.

Böyük Borxes deyirdi: “Telefon eşitmənin, mikrofon səsin, kitab isə təfəkkürün davamıdır”. Kitabsız olmur və yeni imkanların onu əvəzetməsi cəhdləri olmalı deyil. Yeni resurslar əlavə maraq, mütaliəyə əlavə zaman sərfinə səbəb olmalıdır.

Hazırda oliqarxlara, məmurlara bağlı yeni nəşriyyatlar və kitab mağazaları yaranır və çəkinmədən plagiatlıqla məşğul olurlar. Onlar kitabı anlamayıblar. Ədəbiyyatların seçilməsi, çapı və satışının təşkilində misilsiz diletantlıq var. Məncə onlar belə “maarifçilik” missiyasının əvəzinə Çağdaş dövrün tələblərinə cavab verən Özəl bir kitabxana, yaxud çoxcildli alternativ Ensiklopediyanın yaradılmasına qərar versəydilər, tarixdə qalardılar. Kitabxana və Ensiklopediya yaratmaq keçmişin və indinin ən böyük maarifçilik ideyalarıdır.


loading...




Fikrinizi bildirin