MEDALIN O BİRİ ÜZÜ

Dərc olunub: 11/09/2017 - 13:44

VƏ YAXUD MƏN BU REAKSIYANI GÖZLƏYİRDİM

XeyberXeybər Göyyallı

Eyni mövzuya ikinci dəfə qayıdacağımı əvvəlcədən ehtimal etmişdim və yazının davamının olacağının anonsunu da bir-iki nəfərə söyləmişdim.

Medalın iki üzünün olduğunu hamı kimi, mən də bilirəm. Gümanımda yanılmamışam. Çox əfsuslar olsun ki, gümanım doğru çıxdı. Yazıya verilən reaksiya əyani şəkildə bir daha göstərdi ki, mövzu gerçəkliyi əks etdirir. Zəlzələdən, ya vəlvələdən, şura hökumətinin xiffətini çəkənlər çox imiş. Demək, səhv etməmişəm. Yazıya verilmiş reaksiyanı təbii qəbul edirəm, anonim və aşkar imzalara da hörmətlə yanaşıram. Ancaq unutmayaq ki, sovetizmin bəzi müsbət dəyərlərinə (onlar da çox azdır) baxmayaraq, bütövlükdə insanlığa zidd bir quruluş idi. Kənar arqumentlər gətirməyəcəm, məqaləyə yazılmış bəzi şərhlərə münasibət bildirib və aydınlıq naminə bir-iki tarixi faktı diqqətə çatdıracam. Sonrasını yenə hər kəs özü bilər. Təfəkkür tərzi heç də asan və qısa müddətdə dəyişmir.

Şərhlərdəki adlar, çox güman ki, anonimdir. Olsun. Hər nə isə. Arxasında insan və düşüncə dayanıb. Amma onu da diqqətə çatdırım ki, anonim məktublar yazmağın özü də sovet dövründə dəbdə idi. Hökumət səviyyəsində anonim məktublara baxılması barədə xüsusi qərar və göstərişlər də var idi. Bu qərarlar lap Kreml səviyyəsində qəbul olunmuşdur. Bəzən də həmin anonim məktublar müəyyən məsələlərdə xüsusi marağı olan orqanların işçiləri tərəfindən təşkil olunurdu. Məqaləyə verilmiş şərhlərin müəllifləri də anonim adlarla çıxış ediblər. Ancaq şura hökumətinin xiffətini çəkənlərə xatırladıram ki, həmin hökumətin vaxtında hakim ideologiyanın əleyhinə ağız açıb bir kəlmə nə isə demək olmazdı. Bəlkə, belə deyildi?! Hakim ideologiyanın əleyhinə nə isə deyənin yeri ya Sibir idi, ya qəbir. Bəlkə, bunu da inkar edəcəksiniz? Amma indi siz müstəqilliyin bəxş etdiyi fikir plüralizmindən gen-bol istifadə edib, fikrinizi istədiyiniz kimi ifadə edirsiniz. Ancaq bəzilərinizin alqışladığı keçmiş sovet ideologiyasının hakim olduğu illərdə insanları, xüsusən də cəmiyyətin sayılıb-seçilən şəxslərini dediyi sözə, söylədiyi fikrə görə üçdəqiqəlik məhkəmələrlə güllələyiblər. Heç insanı da sözə görə məhv edərlər?! Lap deyilmiş söz ən böyük qəbahət olsun. Başqa yol yoxmu?!

Tam səmimi etiraf edək ki, müasir dövrün çətinlikləri keçmişə nostalgiya yaradır. Hardasa, bunu təbii qəbul etmək olar. İnsanları sosial məsələlər çox narahat edir. Bu çətinliklərin bir qismi özümüzdən asılıdır. Gərək belə olmasın. Bəzi yerində olmayan məmurlar bu və ya digər səbəbdən öz qanunsuz hərəkətləri ilə şura hökumətinə bir qisim insanlarda rəğbət yaradırlar. Əslində, onlar bu addımları ilə müstəqil Azərbaycana zərbə vururlar. Bugünkü problemlərimizin bir çoxunun kökündə hələ də keçmiş təfəkkür dayanıbdır. Mən də bu gün olmazın haqsızlığı ilə üzləşmişəm. Ancaq buna baxmayaraq, mən müstəqil Azərbaycanı sevirəm. Tam səmimi deyirəm ki, üzləşdiyim bütün ədalətsizliklərə baxmayaraq, Azərbaycan dövlətinin varlığını alqışlayanlardanam. Onu da xatırladım ki, insanlar gəldi–gedərdi, Azərbaycan adlı varlıq isə əbədidir.

Yazırsınız ki, şura hökuməti olmasaydı, bizlər oxuyub təhsil ala bilməyəcəkdik. Əksinə, bəlkə də, ayrı bir cəmiyyət olsaydı, daha yaxşı təhsil alacaqdıq. Təhsi demişkən, çox da öyməyin həmin dövrün təhsil sistemini. Tək–tək öz gücünə ali məktəbə qəbul olunanlar var idi (Bu məqamda yadıma yazıçı Anarın “Şəhərin yay günləri” əsəri düşdü. Bu səhnə əsəri həmin illərin təhsil mənzərəsini çox obyektiv bir formada əks etdirir. Əsər elə sovet dövründə səhnələşdirilmişdir). İngiltərə, Fransa, Almaniya və başqa dövlətlərin təhsil sistemi sovetlərinkindən qat-qat qabaqda idi. Bilirsiniz sovetlərin ömrü niyə gödək oldu? Çünki elmi inteqrasiyadan çox ehtiyatlanırdı. Bilirsiniz niyə sərhədləri qapalı saxlayıb, xarici dövlətlərlə güclü inteqrasiyaya girmirdi, çünki xaricdən gələcək ab-havadan qorxurdu. Bir də ki, insan zamanı seçib dünyaya gəlmir. Hər bir şəxs doğulduğu zamanın təlim-tərbiyəsini almağa məhkumdur.

Oxucular yazır ki, bütün məsələləri,guya, ermənilərlə əlaqələndirmişəm.Belə deyil, siz dediyiniz kimi düşünmürəm. Tarixi faktlar sübut edir ki, sovet hökumətinin sayəsində ermənilər Azərbaycan torpaqları hesabına böyük bir əraziyə yiyələndilər. Birinci Pyotrun dövründən üzübəri “böyüklük” xəstəliyinə yoluxmuş ermənilər ən böyük məqsədlərinə məhz sovet dövründə nail oldular. Bu məqamda, bəlkə, sizlərə erməni-bolşevik birləşmələrinin törətdikləri bir- iki tarixi faktı xatırladım.Bilmirəm bu məqamda həmin tarixi faktları necə qəbul edəcəksiniz: sadəcə statistika, yoxsa… Bu günlərdə Bakının erməni-bolşevik hərbi birləşmələrindən azad olunmasının 99 ili tamam oldu. Bolşevik-erməni hərbi birləşmələrinin Bakıda nə işi var idi? İkinci tarix fakt.1918- ci ildə Bakı Soveti və Daşnaksütyun partiyasının təşkilatçılığı ilə mart ayında, bir-iki günün içərisində 12 min günahsız insan niyə qətlə yetirilməli idi? Bu məqamda tarixlə bağlı bir sual da verim sizlərə: 11-ci Qizil Ordu Azərbaycan ərazisinə nəyə gəlmişdir?

Stalinin rəhbərliyi ilə müşayiət olunan repressiy a illərində 350 minə yaxın, yenə adıçəkilən şəxsin Ali Baş komandan olduğu müharibədə isə 300 min azərbaycanlı həlak olmuşdur. Niyəsini və qarşılığında nəyə nail olduğumuzu hər kəs özünə sual etsin. Tariximiz belə faktlarla zəngindir.Onu da deyirlər ki, tarixdən ibrət almayanda tarixi faciələr təkrar olunur.

İnsan bir fərd kimi bioloji varlıq ola bilər, amma millət adlanan məfhum daha çox sosioloji varlıqdır. Tarix üçün bizim ömrümüz bir göz qırpımı, bir andır.Nə yaxşı ki, babalarımız Azərbaycan adlı dövləti zamanında yaradıb ,vaxtında bizlərə əmanət qoyublar. Bu gün dünyada xalqlar var ki, bir millət kimi müstəqil dövlət qurmaq üçün dəridən-qabıqdan çıxırlar . Nə yaxşı ki, müstəqil Azərbaycan dövləti var, onun dünya-BMT tərəfindən qəbul olunmuş dövlət sərhədləri və atributları-dəyərləri var.


loading...


Fikrinizi bildirin