SƏLİS DƏYƏR

Dərc olunub: 29/09/2017 - 12:14

XeyberXeybər Göyyallı

Lütfi Zadəni Lütfi Zadə edən, onu dünya çapında bu qədər məşhurlaşdıran müəllifi olduğu qeyr-səlis nəzəriyyədir. Dünyaca tanınmış alimin bu nəzəriyyəsi adi, sıradan yazılmış bir elmi işin məhsulu deyildir. Bu nəzəriyyə dünya fikir müstəvisini, təfəkkür nizamını 180 dərəcə dəyişən bir kəşf idi.

Onun bu qlobal kəşfinə qədər dünya fikir müstəvisinin nüvəsini Aristotel təlimi təşkil edirdi. Aristotelin fəlsəfəsinə görə, dünya ikiqütblü, ikirənglidir. Bütün iş, hal, hərəkətlər yalnız bu ikilikdən baxılaraq qiymətləndirilərdi. Məsələn, xeyir-şər; ağ- qara; ist-soyuq və s. prizmadan.

Aristotelin insan təfəkküründə min illərlə oturuşmuş, dünyanın işlərini istiqamətləndirən bu təliminə Lütfi Zadə əlahiddə bir yenilik gətirdi. Bu qeyri-səlis nəzəriyyə adlanır. Sadə formada desək, Lütfi Zadə öz məntiqinin gücü ilə sübut etdi ki, dünya yalnız xeyir və şərdən, ağ-qaradan, isti-soyuqdan ibarət deyil, bu dualizmin arasında üçüncü bir nəsnə də özünə yer tutur. Qeyri-səlis nəzəriyyə təbiət və cəmiyyətin yeni dərketmə formasıdır. Dünyanın inkişafına böyük təkan vermiş bu nəzəriyyənin adı qeyr-səlis olsa da, özü həqiqətdir. Lütfi Zadə bu nəzəriyyəsini yaratmaqla min illərlə insanların bilmədiyi bir boşluğu doldurmuşdur. Böyük alim bu məntiqi düşüncəsi ilə bütün dünyada əsrlərlə mövcud olmuş baxış və düşüncə tərzini dəyişdi. Onun bu qeyri-adi nəzəriyyəsi ilə süni intellekt sahəsində sözün müstəqim mənasında inqilab baş verdi. Bu gün tam cəsarətlə deyə bilərik ki, dünya artıq onun kəşfindən bircə addım kənarda yaşaya bilməz. Onun kəşfləri artıq bütün dünyaya hava-su kimi gərəklidir, onlarsız keçinmək qeyri-mümkündür.

lutfizade_150817

Lütfi Zadə uzaq Amerikada, onun ucqar ştatı Kaliforniyada yaşasa da, dünyaya göz açdığı Azərbaycanı heç vaxt unutmamışdır. O, tərcümeyi-halı ilə qürur duyan insan idi. Dünya şöhrətli alim öz ölümü ilə də Azərbaycanın adını şərəfləndirdi, xalqımıza şöhrət gətirdi. Lütfi Zadə son vəsiyyətilə dünyada onu tanıyanların yaddaşını təzələdi, onlara bir daha özünün milli mənsubiyyətini xatırlatdı.

Bəli, o, Azərbaycanın paytaxtı olan Bakı şəhərində anadan olub. On yaşında Bakını tərk etmiş, 96 yaşında okeanın o tayında dünyasını dəyişmişdir. Amma böyük alim bu dünyaya əlvida deyərkən də bir böyüklüyə imza atmışdır. Dünyaca məşhur alim doğulduğu, on yaşına qədər yaşadığı Bakıda dəfn olunmasını vəsiyyət etmişdir. Bu, görkəmli alimin Azərbaycana verdiyi ən böyük qiymətdir. Bu, dünyada qeyri-səlis nəzəriyyənin yaradıcısının xalqına, ölkəsinə verdiyi ən səlis dəyərdir. O, əbədiyyətə Azərbaycanda qovuşmasını vəsiyyət etməklə ölkəmizə və dövlətimizə əbədi bir dəyər verdi. O, Azərbaycan torpağında son mənzilə köçməsi ilə bütün dünyaya, onu idarə edən nəhəng güc mərkəzlərinə ciddi bir mesaj da göndərmiş oldu. O, beynəlxalq güc mərkəzlərinin liderlərinin diqqətinə müsəlman olduğunu və bu dünyadan müsəlman kimi köçdüyünü çatdırdı. Bununla da nadir təfəkkür sahibi olan alim dünyanın nəhəng güc mərkəzlərinə İslamın əbədi, əvəzolunmaz və mütərəqqi bir din olduğu mesajını verdi.

Yazının sonunda bir məsələyə də münasibət bildirmək istərdim. Oxucu məni fanatizmin tərəfdarı kimi başa düşməsin. Mən bütün fanatizmlərdən uzaq durmağa çalışıram. Ancaq bu dünyanın əbədi və əzəli yaradıcısı var. Külli kainatda hər hökmü verən Odur. Lütfi Zadəni də Allah minlərin, milyonların içərisindən sevib-seçib, şərəfləndirmişdir. Onun son vəsiyyəti haqqında fikirləşəndə özümdən asılı olmayaraq burada bir mistika – qeyri-adiliyin olduğunu da güman edirəm. Bəlkə, qeyri-səlis nəzəriyyənin müəllifi nəsə bilirmiş ki, belə bir vəsiyyət edib. Bunun da doğrusunu Allah bilir. Ancaq bircə onu əminliklə deyə bilərik ki, böyük alim bu vəsiyyəti ilə də dahiliyini, təkrarolunmazlığını sübut etdi.


loading...


Fikrinizi bildirin