Problemi təkrar-təkrar gündəmə gətirməklə nəyə nail oluruq?

Nadir İSRNadir İsrafilov, təhsil eksperti

“Əgər kimsə fikirləşirsə ki, Azərbaycanda fəaliyyət göstərən orta məktəblərdə din tədris olunacaq, bu, mümkün deyil. Orta məktəblərdə din heç vaxt tədris olunmayacaq”. Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov “Dini maarifləndirmə işi: Mövcud vəziyyət və imkanlar” konfransında çıxışında deyib.

Bunun səbəbini açıqlayan G.İsmayılov bildirib ki, Azərbaycanda din dövlətdən ayrı olduğundan, orta məktəblərdə din tədris oluna bilməz: "Lakin dinlə bağlı bilikləri özündə ehtiva edən fənn tədris olunmalıdır və olunur. Orta məktəblərdə şəriət tədris oluna bilməz. Ancaq dinlə bağlı bilikləri verən fənn tədris oluna bilər ki, bununla bağlı "Həyat bilgisi" adlanan dərslik var. Məsələ burasındadır ki, "Həyat bilgisi "dərsliyinin içərisindəki mövzuları yetərli hesab etmirik".

“Biz öz keçmişimizi, tariximizi, mədəniyyətimizi bilməsək, şəxsiyyətlərimizi tanımasaq, hansısa xalqlarla müəyyən məsələlərdə üz-üzə gələndə deməyə kifayət qədər sözümüz olmaz. Mədəniyyətimizi, ənənələrimizi necə qoruyuruqsa, dinimizlə də bağlı bu proses getməlidir. Bu haqda bilgilər, əlbəttə ki, məktəblərdə verilməlidir”. Bu sözləri isə bir müddət əvvəl Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədrı Mübarız Qurbanlı deyıb.

Məsələ burasındadır ki, bu heç də yeni məsələ olmayıb, birinci dəfə deyil ki, gündəmə gətirilir. Yəqin ki, ictimai həyatımızda ikinci elə bir hal olmayıb ki, cəmiyyət üzvlərinin dini maariflənməsi məsələsi bu qədər ortalığa atılmamış olsun, ölkəmizin təhsil praktikasında ikinci elə bir hal olmayıb ki, “orta məktəblərdə dinin tədrisinə ehtiyac varmı” sualı kimi bir məsələ ətrafında bu qədər mübahisə və müzakirələr aparılsın, zaman-zaman, təkrar-təkrar gündəmə gətirilsin, diskusiyalara, debatlara, polemikalara səbəb olsun, özünə bu qədər tərəfdar və ya əleyhdar toplasın, bir çoxlarını tərəddüddə saxlasın. Söhbət heç də kimin və ya kimlərinsə dinə münasibətindən, inanclarından, materialist və ya idealist olmasından, konkret olaraq fərdi düşüncə və baxışlarından getmir və gedə də bilməz.

Yəni dini maariflənmə, gənclərin və yeniyetmələrin dini təhsil məsələləri kampaniya xarakteri daşımaqdan o yana gedə bilməyib, müəyyən radikal və ekstremist hadisələrlə bağlı yada salınıb, mətbuat və televiziya kanallarının gündəmini zəbt edib, qısa sürədən sonra dərhal da unudulub. Dövlət və dini qurumların yetkililərinin, millət vəkilləri və ekspertlərin fikirlərində müəyyən yaxınlıq və həmrəylik olsa belə məsələnin çözülməsi istiqamətində konkret və praktik addımların atılmasının şahidi olmamışıq. Baxmayaraq ki, hamımız fərqli yanaşma və baxışlarımıza rəğmən ümumilikdə kimlərinsə müxtəlif qruplaşmaların, dini məzhəblərin təsiri altına düşməsində məhz maariflənmənin yetərli olmaması ilə bağlı yekdil qənaətdəyik və məhz uşaq yaşlarından din barədə məlumatsız olanların belə təsirlərə daha tez məruz qalmalarını təsdiqləyirik. Bununla belə, məktəblərdə dinin tədrisi ilə bağlı hər hansı bir fikir ortalığa atılanda, hər hansı bir təklif irəli sürüləndə, dərhal məsələni siyasiləşdiririk, ölkə Konstitusiyasını önə çəkirik, təhsilin dünyəvi xarakterini qabardırıq.

Bir mühüm məqamı unuduruq ki, dini siyasiləşdirməyin özü elə dini savadsızlqdan, siyasi ambisiyalardan irəli gələn haldır. Artıq neçə illərdən bəridir ki, bir çox alimlər, ictimai xadimlər, tanınmış ziyalılar məktəblərdə dinin tədrisinin zəruriliyini əsaslandırmaqla yanaşı, bunu cəmiyyətə lazım olan, onun tələbat duyduğu, əslində çoxdan həyata keçirilməsi gərəkən bir məsələ kimi dəyərləndirirlər. “İnsanlar xalqının ədəbiyyatını, tarixini, hətta musiqisini məktəblərdə öyrənirsə, niyə də dinini öyrənməsin?“, “İnsanların öz mənəvi irsini məktəbdə öyrənməsinə niyə haqqı olmasın ki?“ kimi suallar qoyanların, “Nə qədər yeniyetmə və gəncimiz radikal-ekstremist, yaxud destruktiv dini cərəyanların təsiri altına düşüb, çünki məktəblərdə dini öyrətməyiblər”, “Uşaqların din haqqında bilikləri, məlumatları məktəblərdən alması həm onların mənəvi tərbiyəsi üçün faydalıdır, həm də gələcəkdə dini təsadüfi adamlardan öyrənmələrinin qarşısını almış olur“ qənaətində olanların, gec-tez orta məktəblərdə dini dərslərin tədris olunacağına əminlik bildirənlərin sayı yetərincədir.

Bununla yanaşı uşaqlara tolerantlıq, bütün dinlərə hörmət ruhunu tərbiyə etmək üçün dərsliklərdə lazımı məlumatların olmasını deyənlər, dini tədris edə biləcək pedaqoji təmayüllü mütəxəssislərin olmamasını səbəb gətirənlər, hətta orta məktəblərdə dinin tədris olunmasını dünyəvi dövlətin təməl prinsipləri və dəyərləri ilə ziddiyət təşkil etməsinə eyham vuranlar da var. Təhsil Nazirliyi isə öz mövqeyində israrlıdır ki, ümumi təhsil pilləsinin hər bir səviyyəsində tədrisi nəzərdə tutulan fənlər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilən ümumi təhsil pilləsinin dövlət standartları və proqramları sənədində ümumi təhsil pilləsinin heç bir səviyyəsində din tədrisi ilə bağlı fənn nəzərdə tutulmayıb. Fənnin adı nə olsun, dərsi necə keçək, kimlər dərs desin, hansı materialdan istifadə edək, ədəbiyyat haradan götürülsün, maliyyə haradan tapılsın? Orta məktəblərdə dinlər, ilk növbədə islam dini, bu dinin bəşəri mahiyyəti, tarixi şəxsiyyətləri, islam mədəniyyəti və mənəviyyatı, insanlara təlqin etdiyi mənəvi dəyərlərlə bağlı “Həyat bilgisi” fənni vasitəsi ilə şagirdlərə çatdırılan məlumatları yetərli hesab etmək olarmı? Orta məktəblərdə təməl biliklərinə yiyələnmədən ali təhsil səviyyəsində alınan biliklərin davamlılığına təminat vermək nə dərəcədə etibarlı sayıla bilər?

Bakı İslam Universitetinin və ya BDU-nun İlahiyyat fakültəsinin yetirmələri bu fənnin tədrisinə yararlı hesab oluna bilərlərmi? Xaricdə dini təhsil alanların və ya xaricdən dəvət olunanların xidmətinə bel bağlamaq olarmı? Bəlkə hesab edirik ki, dinin tədrisi dini təriqətlərə, sektalara qoşulanların sayını bir az da artıracaq? Bəlkə də elə gündən-günə artmaqda olan bu proseslərin qarşısını almaqda ən optimal variant məktəblərdə ətraflı dini bilgilərin verilməsi ola bilər?

Suallar çoxdur. Məsələ isə hələ də açıq olaraq qalmaqdadır. Bir həqiqəti qəbul etməliyik ki, məktəblərdə dini biliklərin verilməsi dini simvolların təhsil ocağına daşınması demək deyil, dindarlar ordusu yetişdirmək demək deyil, insanların bir qisminin ifrat dərəcədə dindarlaşmasının, digərlərinin elementar təsəvvürlərdən məhrum edilməsinin, başqa sözlə cəmiyyətin qütbləşməsinin qarşısını almaq, bütün vətəndaşları bir araya gətirmək, dini dəyərlərlə dini fanatizm və mövhumatın tam fərqli şeylər olduğunu anlatmaq deməkdir. Söhbət dinin bəşəri və mənəvı dəyər kimi artıq həyat tərzimizə çevrilməsi ilə, nəhayət, razılaşmalı olduğumuzdan, daim gündəmimizdə olan bir məsələ ətrafında ortaq məxrəcə gəlib, pedaqoqlarımızın, təhsil üzrə mütəxəssislərimizin, tanınmış ziyalılarımızın və din xadimlərimizin bir araya gələrək məsələni birdəfəlik çözmək iradəsindən, problemı şərh etmək deyil, problemin üstünə yeriməkdən gedir.

Məsələyə kimin necə münasibət bəsləməsi və problemin necə sonuclanacağına müdaxilə edə bilmərəm, bircə ona öz əminliyimi bildirə bilərəm ki, yeniyetmə və gənclərimizin məktəb illərindən əldə etdyi dini bilgilərə, bütövlükdə mənəvi və bəşəri dəyərlərə sahiblənməsində nə isə bir çatışmazlıq, sanki yarımçıqlıq var və bu kəsr gec və ya tez aradan qaldırılmalıdır. Bunun üçün isə nə isə etməliyik...

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar