QOCALIQ ÖMRÜN SONUDURMU?!

Dərc olunub: 01/12/2017 - 00:13

uzeyirÜzeyir Şəfiyev,
Sosiologiya üzrə fəlsəfə doktoru
BDU-nun “Sosial iş” kafedrasının müdiri

Qocalar

Gah çəliyə dirsəklənib dayanar,
Gah daş üstə dincin alır qocalar.
Gah əlini saqqalına aparıb
Dərin-dərin fikrə dalır qocalar.

Ağrıyanda özü doyar özündən,
Yaş süzülər, qəm ələnər gözündən.
Uşaq kimi uşağın da sözündən,
Tez tutulub, tez dağılar qocalar.

Yaxın başa, yad ayağa çəkəndə,
Biri bağa , biri dağa çəkəndə ,
Gəlin sola, oğul sağa çəkəndə
Ümidini daşa çalır qocalar.

Cavanlığın qoxusunu itirib,
Tay-tuşların çoxusunu itirib,
Gecə yarı yuxusunu itirib,
Sübhə kimi oyaq qalır qocalar.

Can neyləsin, hökmü verən zamandı,
Gözdən düşüb , sandan çıxmaq yamandı.
A yoldaşlar , a qardaşlar , amandı,
Göynətməyin , kövrək olur qocalar.

Əsən külək , yarpaq tökən budaqdı,
Döyən yağış, sönüb keçən ocaqdı,
Necə deyim, iki günlük qonaqdı,
Axşam açıb, sabah solur qocalar.

Ey Hüseyn , gənclik hara, sən hara!…
Dolu gəlir, sür köçünü kənara.
Qocalıqmı çəkən səni olara,
Qocaları yada salır qocalar (Hüseyn Arif)

2017-03-02-20-10-0955

Qocalıq ömrün sonu yox, hər bir işin sonu onun çələngi olduğu kimi, qocalıq da ömrün çələngidir deyirlər. Qədim yunan müdriki Deogenə deyəndə ki, “Sən artıq qocalmısan, istirahət et” – o, cavabında “Necə yəni? Əgər mən yarışda qaçıramsa və finişə yaxınamsa, demək, mən qüvvəmi səfərbər etmək əvəzinə, dayanıb durmalıyam?” demişdi. Bəli, ahıllar, qocalar cəmiyyətin böyük sərvətidir. Bir çox fəaliyyət sahələrində yaş senzinin məcburiliyi bəzən qocalığa sərhəd anlamına gəlir. Və yaş senzi bir sıra insanların işdən ayrılmasına səbəb olduğundan, bu insanlarda depresiya yaranır, ölüm qabağı qorxu sindromu baş qaldırır, sürətli və nasaz qocalıq dövrü başlayır. Məqsədəuyğun olardı ki, bu istiqamətdə daha ciddi yararlılıq və keyfiyyət seleksiyası aparılsın. Belə olarsa cəmiyyət və dövlət bundan qazanardı. Siseronun təbirincə desək “..qocalığa sərhəd qoyulmamış və belə bir sərhəd yoxdur. Nə qədər ki, qocalar ölümə əhəmiyyət vermədən həyat yükünü çiyinlərində şərəflə daşıyırlar, bu, onların yaşamağına bəraət qazandırır. Buna görə qocalıq hətta gənclikdən güclü və mərdanədir”. Bəli, ahıl yaşda elə mütəxəsislər vardır ki, onlar bir qism gənclərdən daha məsuldardır. Bu məqamda şair Adolf Pixlerin düşüncələrini bölüşmək yerinə düşərdi:
Ağ saçlı ixtiyar olsa da belə,
Kim ki, öz müqəddəs əməllərində.
Həmişə yürüşdə, yüksəlişdədir,
Aydın məramlarla əli işdədir.
Nə yorulmaq bilir, nə də ki, dinclik
Elə odur cavan, onundur gənclik.
Kim ki, həyatdan üzüb əlini,
Ətalət, sükunət bükür belini,
Diriykən ölüdür, evi məzardır,
Belə qoca gənclər təəssüf ki, vardır.

Azərbaycanda cəmiyyətin ahıl və qoca kəsiminin sayı ölkə əhalisinin təqribən 4,6 faizini təşkil edir. Onlar keçmişdir, yeni nəslərdə yaşanan gələcəkdir, tarixdir, bütün təzadlara, ”atalar-oğullar” konfliktinə rəğmən gənclərin istinad yerləridir. Azərbaycan cəmiyyətininin arxetipində ağsaqqal, ağbirçək kimi anlayışlar zaman-zaman daşlaşmış, elə məhz bu özəlliklərinə görə tarixən Azərbaycan cəmiyyətinin ailə dəyərləri içərisində ata, ana, baba, nənəyə sayqı, diqqət mövcud olmuş, imansız yerdə oturmaq qəbahət sayılmamış, nəinki ağsaqqalsız yerdə oturmaq. Azərbaycan qocası qocalar evi anlayışını tanımamış, ölkə adamı qocalar evi adına uzun müddət ironiya ilə yanaşmış, ən azından el-oba qınağı, hampa qeyrətinin təsiri altında öz qocasına sahib çıxmışdır. Ata, ana, nənə, babaya ekvivalenti kimi işlənən valideyn sözü ərəbcə “etibarlı göz” anlamını verir. Ölkəmizdə övladlar da əhədi kəsilmiş, qocalmış valideyinlər üzərində eyni missiyanı tarix boyu yerinə yetirmişdir. Bu bir tərəfdən arxetip hadisəsi idisə, digər tərəfdən islam əxlaqı, dəyərləri ilə bağlı olmuşdur. Müqəddəs kitabımız “Qurani-Kərim”in “Bəqərə” surəsinin 215-ci ayəsində Allah-təala buyurur: “Ya Rəsulum! Səndən nə verəcəklərini soruşurlar. De: Verəcəyiniz hər bir xeyir valideynə, qohum-əqrəbaya, yetimlərə, kasıblara və müsafirlərə aiddir. Siz nə yaxşılıq edirsinizsə, şübhəsiz ki, Allah onu bilir”. Ahıllara diqqətlə bağlı bir hədisdə deyilir: Allahın Peyğəmbəri (s): «Yaşlı müsəlmana ehtiram Allaha ehtiramdır.» (əl-Kafi, c.2, səh.165, hədis1)

Təəsüflər olsun ki, həyat tərzinin dəyişməsi, Azərbaycan ailəsinin struktur və məzmununda baş verən dəyişikliklər ailə dəyərlərinə qismən də olsa təsir etməkdədir. Əfsuslar ki, ölkə əhalisinin cüzi bir qismi olsa da qocalar evində məskunlaşma məsələsində bu vaxta qədər mövcud olan stereotipləri qıra bilməkdədir. Amma sevindirici haldır ki, 450 mindən yuxarı ahılın yaşadığı məmləkətin bir neçə min deyil, cəmi bir neçə yüz qocası qocalar evinin sakininə çevrilmə zorunda qalmışdır. Nəzərə alsaq ki, Azərbaycanda valideyin hətta nəvə, nəticəsi üçün də etibarlı göz missiyasını şərəflə yerinə yetirir, o halda qocalarımızın qocalar evində sakinləşməsini özlərinə rəva bilən övladların rəftarı anlaşılmazdır. Bu bir qədər də tərbiyyə məsələsi, necə deyərlər ev tərbiyəsinin bir şəklidir. Hərçənd, qocalar evinə üz tutan qocaların bir qismi övladdan, yaxın qohumlardan məhrum insanlardır. Acı olsa da, az hallarda bir qism “övlad”lara da rast gəlmək olur ki, onlar valideynlərini qocalar evlərinə yollamasalar da, valideynlərinin pensiya kartlarını “girov götürmək” şərtilə, onlarla birgə yaşayışda maraqlı olur (xüsusilə bölgələrdə), belə qocalar bu və ya başqa ağır şərtlərə dözərək, el qınağına boğulub, təki qocalar evinə düşməsinlər deyə, namərd övladların yanında “yaşamaq” zorunda qalırlar. Yaxud, bəzən elə övladlara da rast gəlmək olur ki, valideynin zaman-zaman qurduğu, gənclik xatirələri ilə dolu evini, ocağını o yaşaya-yaşaya öz həyat şəraitini, məişət şəraitini yaxşılaşdırmaq üçün satmaq mətahına düşür (daha çox şəhərdə) və bu zəmində valideyn-övlad konfliktlərinin şahidi olmaq mümkündür. Bu və ya buna bənzər şəraitdə bəzən valideynləri övladlardan qorumaq lazım gəlir. Əlbəttə, bu da son dövrlərdə institutlaşma dövrü yaşayan sosial işçi peşəsi qarşısında mühüm vəzifələr qoyur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 aprel 2014-cü il tarixli 108 saylı Qərarı ilə təsdiq edilmiş “Evdə (səyyar) sosial xidmətin göstərilməsi Qaydası”na əsasən, hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 11 208 nəfər tənha ahıl və əlil şəxsə evlərində sosial-məişət xidmət göstərilir. Həmin insanların 8 857 nəfər ahıl şəxslərdir. Sosial işçilər onlara ev təsərrüfatında təmizlik işlərinin aparılması, yemək hazırlanması, zəruri ərzaq, sənaye və məişət mallarının, müvafiq hallarda tibbi və psixoloji yardımın, hüquqi məsləhətlərin alınması və s. işlərdə köməklik göstərirlər.

Pensiya təminatı ahıl insanların sosial müdafiəsində xüsusi yer tutur. Hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda qeydiyyatda olan əmək pensiyaçılarının 329 275 nəfəri ahıl vətəndaşlardır. Onlardan 201 838 nəfəri qadın, 127 437 nəfəri isə kişidir. Ahıl pensiyaçıların 208 611 nəfəri 70-80 yaş arası, 110 936 nəfəri 80-90 yaş arası, 9 728 nəfəri 90-dan artıq yaşı olan vətəndaşlardır. Ümumilikdə, hazırda ahıl vətəndaşların 87,1 faizi əmək pensiyası ilə təmin olunur, əmək pensiyası hüququ olmayan ahıl şəxslərə isə yaşa görə aylıq sosial müavinət ödənilir.

Ümumilikdə, ölkəmizdə əmək pensiyaçılarının sayı 01 iyul 2017-ci il tarixinə 1 milyon 325 min nəfər təşkil edir ki, onlardan 59,2 faizi yaşa görə, 11,5 faizi ailə başçısını itirməyə görə, 29,3 faizi əlilliyə görə pensiya alır.
Hər il 9 May – Qələbə günü ərəfəsində də İkinci Dünya müharibəsi iştirakçılarına, müharibədə və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi barədə Azərbaycan Respublikası Prezidenti tərəfindən müvafiq Sərəncam imzalanır.

Son illərdə nazirliyin digər bir çox sosial xidmət müəssisələrində olduğu kimi, 201 nəfər insanın, o cümlədən 137 nəfər ahıl şəxsin yaşadığı Müharibə və əmək əlilləri üçün pansionatda (Qocalar evi) müasir tələblərə uyğun yaşayış şəraitinin yaradılması təmin olunub. Dövlət qarşısında xüsusi xidmətləri olmuş ahıllar Azərbaycan Prezidentinin təqaüdü, dövlət hesabına bərpa-müalicə xidməti, reabilitasiya avadanlıqları, sanatoriya-kurort yollayışları ilə təmin edilirlər. Onlar üçün müxtəlif ictimai-iaşə, ticarət, kommunal xidmətlərlə yanaşı, hüquqi məsləhət yardımları da təşkil olunur. Sosial rifah dövləti, sosial dövlət modelinə sadiq Azərbaycan hər bir vətəndaşına sahib çıxmağa qadir olub, ölkəmizin zəngin sərvəti sayılan, nəsillərə körpü ahıl və qocaların güzəranının daim qayğısına qalır, onların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində mütəmmadi addımlar atır.

Cəmiyyətimizin və onun tərkib hissəsi olan ahılların sağlamlığının qayğısına qalmaq müstəqil Respublikamızın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu sahədə Dövlət başçısının sərəncamları ilə qəbul olunan və həyata keçirilən Qanunlar, Dövlət proqramları bunun bariz nümunəsidir. Ahıl vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılması və onlara dövlət qayğısının artırılması məqsədilə Azərbaycan Prezidenti İ.Əliyevin 2006-cı il 17 aprel tarixli Sərəncamı ilə “Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı” təsdiq edilmişdir. Bu Proqramda, eləcə də Azərbaycan Prezidentinin 2008-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nda və digər dövlət proqramlarında ahılların sosial müdafiəsi ilə bağlı nəzərdə tutulan tədbirlər uğurla həyata keçirilmişdir.

Məlumdur ki, BMT-nin Baş Məclisi 1992-ci ildə Ahılların müdafiəsi ilə bağlı Qətnamə qəbul etmişdir. Həmin Qətnamənin prinsiplərinə uyğun olaraq hər il oktyabr ayının 1-i Beynəlxalq Ahıllar Günü kimi qəbul edilmişdir. 1993-cü ildən başlayaraq hər il oktyabr ayının 1-i Respublikamızda “Beynəlxalq Ahıllar Günü” kimi qeyd olunur. Həmin günün keçirilməsində məqsəd ahıl vətəndaşların sosial problemləri ilə tanış olmaq, ehtiyaclarını müəyyənləşdirərək imkanlı müəssisələr, təşkilatlar və qeyri-hökümət təşkilatları ilə birlikdə əməli tədbirlər görməkdən ibarətdir. BMT-nin Əhali Fondu hesab edir ki, inkişaf etməkdə olan ölkələrdə reproduktiv sağlamlıq və ailə planlaşdırılması proqramlarının müvəffəqiyyətlə icrası sayəsində doğuş səviyyəsinin aşağı enməsi ahılların sayının artmasına səbəb olub. BMT-nin hesablamalarına görə “hal-hazırda hər 10 nəfərdən biri 60 və ya daha yuxarı yaş qrupuna daxildir. 2050-ci ilin sonunadək hər beş nəfərdən biri, 2150-ci ilin sonunadək isə hər üç nəfərdən biri 60 və daha yuxarı yaşda olacaq”.

Demoqrafların müşahidələrinə görə sivilizasiya artdıqca, əhalinin qocalma prosesi sürətlənir. Bunun bir çox səbəbləri var: sivil ölkələrdə doğum səviyyəsi aşağı düşmüş, ümumi əhali içərisində ahılların nisbi payi artmışdır. Digər tərəfdən tibdə əldə olunan nailiyyətlər uşaq ölümünün azalması, ölümə səbəb olan bir çox infeksiyaların aradan qaldırılması, xəstəliklərin profilaktikası orta ömür həddinin yüksəlişinə səbəb olmuşdur. Dünyada gedən demoqrafik proseslərdə baş verən dəyişikliklər Respublikamızdan da yan keçməmişdir. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin verdiyi üç ilin göstəriciləri – 2013-2015-ci illərin məlumatları Respublika və Bakı şəhəri üzrə 60 yaşdan yuxarı yaş qruplarına görə əhalinin sayının artan dinamika ilə getdiyi barədə xəbər verir. Bu xüsusən 60-74, 75-89 yaş qruplarında özünü daha çox büruzə verir. 2013-cü ildə orta ömür həddi 74.2 olmuşsa (kişilər 71.6, qadınlar 76.8), 2015-ci ildə bu göstərici 75.2-dir (kişilər 72.7, qadınlar 77.6). Bu baxımdan sosial işçilər tərəfindən əhalinin qocalma problemlərinin öyrənilməsi və müvafiq qurumlar tərəfindən ahıl insanlara tibbi sanitar yardımın göstərilməsi aktuallaşmışdır.
Azərbaycanın Birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva ahılların ən böyük qayğıkeşlərindəndir. Azərbaycanın Birinci xanımının təşəbbüsü ilə Fondda ahıllar, müharibə veteranları ilə görüşlər keçirilir, onların qayğı və problemləri öyrənilir, sağlamlıq imkanları diqqətdə saxlanılır. Ahıllarla keçirilən mərasimlərin birində çıxış edən Prezident İlham Əliyev demişdir: “Azərbaycanda veteranlara həmişə böyük hörmət olub. Ümumiyyətlə, cəmiyyətimizin çox möhkəm dayaqları vardır və dövlətimizin də əsasları milli dəyərlərdən ibarətdir. Azərbaycan cəmiyyətində bütün dövrlərdə yaşlı nəslə, ağsaqqallara, ağbirçəklərə böyük hörmət olubdur. Biz bu ənənələri yaşatmalıyıq. Elə etməliyik ki, gənc nəsil də bu ruhda, milli ruhda böyüsün, milli dəyərlər əsasında öz həyatını qursun və sizdən nümunə götürsün…”.

Azərbaycanda ahıl vətəndaşların hüquqlarının qorunması, onların sosial müdafiəsinin gücləndirilməsi, sosial və digər həyati tələbatlarının ödənilməsi, bu sahədə mövcud olan qanunvericiliyin beynəlxalq normalara uyğunlaşdırılması dövlətin sosial-iqtisadi siyasətinin aparıcı istiqamətlərindən biridir və son illər bu istiqamətdə mühüm işlər görülmüşdür.

Cəmiyyətimizdə valideyn, ağsaqqal, ağbirçək arxetipinə xüsusi həssaslıqla yanaşmaqda davam edəriksə, nəinki ahıllar sosial problem kimi az məna kəsb edər, valideyn (AĞSAQQAL) arxetipinin özü ailə dayanıqlığı, sosiallaşma, sosial varislik, sosial koaliziyaların tənzimlənməsi, sosial inteqrasiya və.s sosietal problemlərin açar dəyəri kimi öz missiyasını uğurla davam etdirə bilər. Fikrimizi
İmam Sadiq (ə) istinadən bir kəlamla yekunlaşdırmaq istərdik: «Ahıllarımıza hörmət qoymayan və uşaqlarımızla mehriban olmayan bizdən deyil.» (əl-Kafi, c.2, səh. 165, hədis 2)


loading...




Fikrinizi bildirin