«BİCOK», yoxsa «DƏMŞALAX»?

Dərc olunub: 09/12/2017 - 11:15

mirzeMirzə AĞ

Məlum olduğu kimi, Amerika Birləşmiş Ştatları (ABŞ) deyilən süperdövlətin Prezidenti cənab Donald Tramp çərşənbə günü «mehraba» qalxıb, ucadan söylədi: Mən, Yerusəlim şəhərini İsrail dövlətinin paytaxtı kimi tanıdım!

Bunu eşidən kimi, məni gülmək tutdu və sövqi-təbii olaraq dilləndim: Gözlərim aydın, cəhənnəmə tanı, göra tanı!

Sonra fikirləşdim – ayə, bu Tramp dəli olub, yoxsa «superbicok»dur ki, hamını aldada-aldada gedir? Amma yox – hamını yox, məsələn, yəhudiləri aldatmağa cəsarəti çatmadı. Axı o, prezident seçkilərindən qabaq «Avraam»a söz vermişdi: Məni seçin, məndə sizə xidmət edim. «Avraam» da kişi kimi, Trampı prezident seçdi. Tramp isə vədinlən qaçmağa cürət etmədi…

Üstündən bir gün ötən kimi, ABŞ adlı superdövlətin başçısı yenə «mehrab»a qalxıb, dünyaya səsləndi: «Mən, vədimi yerinə yetirdm…».

Bəs, bununla, Tramp müəllim nə demək istədi? Demək istədi ki, canım-ciyərim «Avraam» mən də sənə verdiyim sözə belə əməl elədim – Fələstini ürəyindən vurdum! Daha məni divara qısnama, bundan artığına cürətim çatmaz, məni «impicment» eliyərlər…

Nikki xanım da gördü ki, Tramp müəllim dünyanı çox pis qarışdırıb, «situasiyanı yumşaltmaq» üçün elə həmin «mehrab»a qalxıb, söylədi ki, Tramp müəllimin həmin qərarı nə İsrail-Fələstin sərhədlərinə, nə də bölünmüş Yerusəlim şəhərinin sərhədlərinə aid deyil! Deməli, bütün bu hay-küyə baxmayaraq, əslində, Trampın məlum qərarının 3 qəpiklik dəyəri yoxdur. Buradan da aydın olur ki, gerçəkdən, Tramp seçkilərdən qabaq «Avraam»a verilmiş olduğu vədi yerinə yetirib – yoxsa ki, 3 qəpiklik qərar nəyə lazım olarmış?…

Ona görə də istər-istəməz, düşünməli olursan: bu kişi ya «bicok»dur, ya da «dəmşalax»…

 


loading...




Fikrinizi bildirin