Ördəklərin “çörəkverən”i

Saatlıda yaxın qohumumgildəyəm. Yazdakı səfərim zamanı cücə kimi gördüyüm ördək balaları artıq böyümüşdülər. Onların özləri kimi səsləri də yaşa dolmuşdu. Əvvəlki civ-civ sədalarını indi insanı yuxudan ayıldan gur “etiraz” səsləri əvəz edib. Hər səhər dan yeri ağarar-ağarmaz ördəklər də “niyə bizi məhbəsdə saxlayırsınız?” deyirmiş kimi bağırır, səs-küy salmağa başlayırlar. Günəş asta-asta başımızın üstünə doğru hərəkəti etdikcə ördək səslərinin gurluğu da artır. Ta o zamana qədər ki, ev sahibləri yuxudan oyanıb onları yemləyirlər. Başlarına səpələnən dən yağışı ördəklərin etiraz səslərinin tonunu dəyişir, hər biri səpilən dəndən öz nəsibini almaq yarışına girirlər.

Özümü ördəklərin yerinə qoymağa çalışıram. Ördək ölsaydım, bu ev sahibi mənim üçün yəqin ki, Allahdan fərqsiz birisi olardı. Fikirləşərdim ki, heç bir xeyrim olmayan, əksinə səhər-səhər yuxusuna haram qatdığım “Allahım” bütün dəcəlliyimə baxmayaraq mənə əlindən gələn alicənablığı göstərir. Öz cibindən pul verib yem alır, başıma səpələyir. Göydən yağan bu nemət yağışını mənə və ailəmə yedirtdikdən sonra üzümüzə bağlanmış qapıları açır və bizi yaxınlıqdakı gölməçəyə yola salır. Gölməçədə başımızı suya sala-sala bu isti yay günlərinin keyfini çıxararaq sərinləyir, gün batana yaxın yuvamıza qayıdırıq. Sahibimiz olan bu alicənab adam yenə qarnımızı doyurub bizi hinimizə salır. Ta səhərə qədər hində bu adamın himayəsi altında özümüzü tam güvənlikdə hiss edirik. Səhər açılınca hər gün təkrarlanan eyni alicənablıqlar… Əl-qərəz, biz onu nə qədər incitsək də o bizim nazımızla oynayır. Hələ cücəykən ətrafda olan pişiklərdən, indi hinimizin həndəvərində gəzişən vəhşi tülkülərdən bizi qorumasını demirəm.

Qohumumun ördəklərinə baxdıqca insanın dünyanı necə dəyişdirdiyini və özünə tabe etdirdiyini anlayırsan. Bir vaxtlar bu ördəklərin əcdadları bəlkə də dünyanın bu başından o başına uçub özlərinə yem, yurd-yuva axtarırdılar. İndiki xələflərin isə elə problemləri yoxdur. İnsanoğlunun sayəsində evcil ördəklər əcdadları qədər əzablı həyat sürmürlər. Buna görə hətta keçmiş vərdişlərini də unudublar. Məsələn, öz əcdadları kimi uçmağı, qışda isti, yayda soyuq yerlərə getməyi yaddan çıxarıblar. Qəti əminəm ki, qohumum bu gözəl quşları “hin” dediyimiz həbsxanadan azad etsə belə heç yerə gedən deyillər. Necə ki, hər səhər ta axşama qədər üzdükləri gölməçədə tam nəzarətsiz halda olurlar. Axşama yaxın özləri öz ayaqları ilə hinlərinə gəlirlər. Bu elə onlara əsarətdən qurtulmaq üçün yaradılmış ən gözəl şans deyilmi? Ördəklər isə bu səxavətli adamın sözügedən alicənablığından könüllü şəkildə imtina ediblər. Təbii ki, müftə dən yedikləri üçün.

Yadıma bir neçə gün öncə rayonda söhbətləşdiyim ağsaqqal düşür. Adam canı dildən Prezidentin ətrafından gileylənirdi. Onun fikrincə, Prezident pensiyaları artırmağa çalışır. Nə yazıq ki, başda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Fizuli Ələkbərov və DSMF sədri Səlim Müslümov kimi yarıtmaz kadrlar onun işləməsinə imkan vermirlər. Ağsaqqalın doğrudanmı belə fikirləşdiyini, yoxsa ölkədəki vəziyyətə istehzamı etdiyini dəqiqləşdirmək üçün ona sual vermişdim:

-Ağsaqqal, həqiqətən ona Səlim Müslümov imkan vermir?

-Bəli, oğlum! Yanvar ayından indiyə qədər ölkə başçısı dəfələrlə pensiyaların artırılacağını bəyan edib. İndi də maaşların artırılması haqqında fərman verib. Amma nədənsə heç kim pensiyalardan, sosial yardımlardan danışmır. Deməli, istəmirlər ki, bizim kimi kasıb adamlar dolansın, Prezidentimizlə bizim aramızda məsafə yaradırlar ki, özləri dövlət əmlakını söküb dağıtsınlar.

-Prezidentin “pensiyaları artıracağam” deməsi onun həqiqətən bunu istəməsindənmi xəbər verir? Siyasətçinin peşəsi edəcəyini yox, etməyəcəyini demək deyilmi?-deyə ağsaqqaldan soruşmuşdum.

-Sən də Səlim Müslümov kimi əmək itirənsən. Ayə, necə yəni siyasətçi etməyəcəyini deyər? Heç Prezident də yalan danışar? Onun ölkədəki vəziyyətdən xəbəri yoxdur. Kişinin o qədər işi var ki. Ölkə başçısı xarici ölkə rəhbərləriylə görüşsün, Qarabağı almaq haqqında fikirləşsin, Azərbaycanı iqtisadi böhrandan qurtarmağa çalışsın, yoxsa Saatlı rayonunda hansısa bir qocanın pensiyasıyla məşğul olsun? Gərək ətrafı onun dediyinə əməl edə dənə. Deyib ki, pensiyalar artırılmalıdır, deməli artırmalıdır. Səlim Müslimov kimi adamlar imkan verərlər? Mənim pensiyam artsa onların cibinə nə girəcək?

Ağsaqqalın bu fəlsəfi söhbətlərini eşitmək artıq sıxıcı gəlməyə başladığından verdiyim suala peşman olmuşdum. Şükür Yaradana ki, Saatlıyla Minbaşlı kəndi arasından keçən dəmiryolunda anidən peyda olan qatar məni bu sadəlövh söhbətin cansıxıcılığından xilas etdi. Qocanın taqətsizlikdən onsuz da çətin eşidilən sözləri sanki yanımızdan ötən qatarın təkərləri arasında qalıb anlaşılmaz olurdu. O, ağzını açıb yumur, əliylə lokomotivə qoşulan neft çənlərini göstərib nəyisə izah etməyə çalışırdı. Qatar ötüb keçəndən sonra sualımın cansıxıcı izahatını eşitmək əzabını yenidən yaşamalı oldum.

-Bax, hər gün bu yoldan nə qədər qatar keçir. Hər biri də saysız hesabsız çənlər daşıyır. O çənlərdən sadəcə birinin puluna bütün pensiyaçıları sevindirmək olar. Bizim rəhbərimiz çörəkverən adamdır. Bir çən neft nədir ki, onu pensiyaçılara çox görsün? Bütün günahlar onu işləməyə qoymayan Səlim Müslümov kimi vicdansız kadrlardadır.

Bu yaşlı adamla mübahisə etməyin mənasızlığını anladığımdan beynimdə yaranan yeni sualları içimdə boğmağa çalışdım. Axı, təzə sualların uzun-uzadı cavablarını və izahatlarını dinləmək məsuliyyətim yenidən yarana bilərdi. Amma onu da etiraf etməliyəm ki, qocanın özünəməxsus fəlsəfəsinin baş mövzusu olan “çörəkverən” məfhumu beynimə yaman ilişmişib qalmışdı. Kim bilir, biz eyni sözləri nə qədər siyasətçilər, iş adamları, idarə müdirləri haqqında demişik. Nədənsə ölkəmizdəki bütün rəhbər kadrlar əhalimizə “çörəkverən” kimi görünürlər. Bu mənada qoca əslində yeni söz kəşf etməmişdi. Sadəcə artıq çoxdan boyatlanmış bayatıya qulaq asmaq mənə çətin gəlirdi. Fürsət tapan kimi ağsaqqalla xudahafizləşib ayrılmışdım.

İndi qohumumun ördəklərınin həyat şəraitini görəndə “çörəkverən” sözünü tam mənasıyla dərk etməyə başlayıram. Kim nə deyir, desin, qohumum bu ördəklərin həqiqətən “çörəkverəni” idi. İş qabiliyyətini itirən həmin qoca kimi bu ördəklər də uçmaq qabiliyyətlərindən məhrum olmuşdular. Hətta arzulasalar, belə öz ruzilərinin dalınca uça bilməzdilər. Hələ bir də qış gəlincə isti yerlərə uçmaq kimi ağır problemləri də var. Binəvalar himayəsiz yaşamaq eşqinə düşsələr, ömürləri uzaqbaşı payız qurtarana qədər davam edə bilər. Qışda ya havaların soyuqluğundan, ya da yem yoxluğundan məhv olmaq taleyi ördəkləri sözün həqiqi mənasında insanların köləsinə çevirib.

Beynimi birdən-birə qəribə bir sual qurcalamağa başladı -doğrudan, bəs görəsən, qohumum bu quşları qışın soyuğundan necə qoruyur? Deyək ki, hini isti saxlaya, yemlərini daha bol edə bilərsən, amma axı ördəklərin bir də gölməçələrdə üzmək məsələsi var. Gölməçəni də suqızdırıcıyla isidə bilməzsən ki? Suala cavab tapmaq üçün üzümü qohumuma tuturam:

-Lələ, bəs, qışda bu ördəklər harda üzürlər?

Qohumum gülərək cavab verir:

-Qoy, hələ qışa çıxsınlar, bu haqda sonra fikirləşərəm.

-Necə yəni, qışa çıxsınlar? Çıxmama ehtimalı da var?

-Əlbəttə, bu ördəklərin, demək olar ki, hamısını uzağı yanvara qədər kəsib ya sənin kimi əziz qonaqlarıma yedizdirəcəyəm, ya da özüm yeyəcəyəm.

-Bəs qorxmursan ki, onların nəsli kəsilə?

-Yox,

-Niyə?

-Çünki ördəkləri kəsib yemək onların nəslinin kəsilməsinə səbəb olmaz. Elə bilirsən, bu ördəkləri hansısa ördək dünyaya gətirib? Yazda ördək yumurtası alıb toyuğun altına basdırıram. Ördək balaları bu yumurtadan əmələ gəlsələr də əslində bir toyuğun törəməsi olurlar.

Ördəklərin “alicənab” əfəndisinin bu sözləri beynimin üfüqünü açmışdı. İnsanoğlu istər təbiəti, istərsə də cəmiyyəti eyni qanunlarla idarə edirmiş. Bütün canlılar üzərində hakimiyyət onu soy-kökündən ayırmaq, beynindən keçmiş tarixi şüurunu silmək, can güvənliyinə yalançı təminatlar vermək və kölələrin təbəəçilik şüurunda “çörəkverən” təsəvvürü yaratmaqla başlar. İnsan iradəsinə tabe olan ördəklərə verilən bir qarındolusu dəni müti insanlara verilən müftə maaşlar əvəz edir, hərbi-polis rejimi bir tərəfdən qorxu yaratdığı qədər bir tərəfdən də mütiliyin can güvənliyinə “təminat” verir, bölgələrin mərkəzində tikilən heykəllər beyinlərdə heybətli, həm də alicənab əfəndi obrazı yaradır. Belə olmasa nə dünya istənilən kimi idarə oluna, nə də bütün canlılar öz ayağıyla qurban kəsilməyə gedən köləyə çevrilə bilərlər.

Məni fikirlərdən qohumumun səsi ayırır:

-Niyə soruşursan? Könlündən keçirsə, birini kəsək?

-Yox, sağ ol, sadəcə mənə maraqlı gəlmişdi.

Qohumum deyəsən mənim naz etdiyimi düşündüyündən yoldaşını səsləyir:

-Seyid qızı, ay seyid qızı! Ordan bıcaq gətir!

-Vallah istəmirəm, qoy bir az da böyüsünlər.-deyə onu fikrindən vaz keçirməyə çalışıram.

Amma nə xeyri? Ördəklərin “çörəkverəni” çox israrlı görünür. Ovcunu açaraq “quş-quş” edib ördəkləri yanına çağırır. Növbədənkənar dən ziyafətinin olduğunu düşünən ördəklər açılan ovuca tərəf qaçışırlar. Gözlərimin önündə qohumumun onlardan birini tutub kəsməsi səhnəsi canlanır. “İnsanlıq aləmində buna etimaddan sui-istifadə deyərlər” fikri ağlımdan keçir. Qeyri-ixtiyarı olaraq ondan

-Özün kəsəcəksən?-deyə soruşuşuram.

-Bəli, qorxma, şəriətə uyğun kəsəcəyəm.

Ağlıma onu bu işdən yayındırmaq üçün yaxşı bəhanə keçir. Məcburən yalan danışıram:

-Onu sənin kəsməyin şəriətə görə o qədər də uyğun deyil. İndiyə qədər onlara dən verib böyüdübsən, sənə öz Allahları kimi baxırlar. İnsanların çörəkverəni olan Allah can almağı Əzrailə həvalə edib. Bəlkə sən də bu işi qonşuya tapşırasan?

-Doğrudan? Onda özün kəs!-deyə ördəklərdən birini tutub mənə uzadır. Özümü yağmurdan qaçarkən yağışa tutulmuş kimi hiss edirəm.

-Yox, mən kəsməyi bacarmıram-deyib boyun qaçırıram- Yalnız indilik üçün demirəm. Ümumiyyətlə deyirəm. Sən Allah, onları heç vaxt özün kəsmə! Qoy, canlarını tapşıranda belə beyinlərində “çörəkverən” kimi qalasan.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar