Bir Millət vəkilinin çıxışı…

Dərc olunub: 25/12/2017 - 16:17

melahetMəlahət Mürşüdlü,
təhsil eksperti

“…Cənablar! Dövlət tərəfindən yaradılan, eləcə də bütün insanları – fitri istedada malik olanları və istedaddan kasad olanları cəlb edən, onları ən yaxşı müəllimlərlə, ən yaxşı tədris metodları ilə təmin edən, elmlik və fasiləsizlik nümunəsi olan bu gözəl, ödənişsiz, əsl fransız, xristian və liberal milli təhsil sisteminin sayəsində milli düha, şübhəsiz ki, ən yüksək tərəqiyyə çata bilər. Belə bir sistemdə mən tərəddüd belə etmədən tədrisin azadlığına imkan verərdim: fərdi təhsil verən müəllimlərin tədris azadlığına, dini icmalarda tədris azadlığına, lap bütün digər azadlıqlar kimi ümumdövlət qanunlarına tabe olan tam, qeyri-məhdud, qeyd-şərtsiz, azadlıqlar kimi – elə bir azadlıq ki, onu dövlətin sayıq nəzarəti altında saxlamaq lazım gəlməsin, çünki bu azadlığın müqabilində xalqa, elə dövlətin özü tərəfindən təqdim olunan ödənişsiz milli təhsil xidməti göstərəcəkdir. Təkrar edirəm, məsələnin ideal həlli yolu budur…”

Bu, məşhur yazıçı Viktor Hüqonun 14 yanvar 1850-ci ildə Fransa Qanunvericilik Assambleyasında xalq təhsilində aparılmalı olan islahatlarla əlaqədar cəhalətpərəst mahiyyət daşıyan “Fallu qanunu”nun müzakirəsi zamanı etdiyi çıxışdan bir parçadır.

Yazıma Millət vəkilinin bir saatlıq çıxışının az bir hissəsi ilə başlamağım heç də təsadüfi deyildir. Çünki V.Hüqonun 167 il bundan əvvəl etdiyi çıxışda XXI yüzillikdə təhsilin inkişafının bel sütunu olacaq bir çox istiqamətlər öz əksini tapmışdır. Tədrisin azadlığı, fərdi təhsil verən müəllimlərin tədris azadlığı, ödənişsiz milli təhsil xidmətinin göstərilməsi və s. istiqamətlər bu sıraya daxildir. Bunlar mühüm ictimai-pedaqoji, social-mədəni əhəmiyyət daşıyan fəaliyyətlərdir ki, mahiyyətinin əsasını əxlaqi-mənəvi dəyərlərin təşkil etdiyi təhsil sisteminin demokratikləşməsi, humanistləşməsi və humanitarlaşması prinsipləri təşkil edir.

Təhsilin demokratikləşməsi və humanistləşməsi zamanın tələbidir. İnsanın azadlığı, müstəqilliyi, meyli, marağı və qabiliyyətinə görə inkişafı məhz bu prinsiplərin tətbiqi sayəsində meydana çıxır və belə olduqda təhsil sistemindəki problemlər öz-özlüyündə “yox” olur. Biz məktəbə-müəllimə, valideynə, şagirdə qarşılarında duran vəzifələri, görəcəyi işləri tez-tez xatırladırıq, amma nədənsə onların hüquqlarından söz açmırıq. İstər ali təhsil, istərsə də ümumtəhsil müəssisələrini “qapalı” bir məkana çeviririk, tələbənin, şagirdin, müəllimin fikir söyləmək, təklif vermək, asudə vaxtlarını planlaşdırmaq və s. haqlarının qarşısını almaq üçün hər vasitəyə əl atırıq. Rektora imtahan zamanı hüququnun pozulması ilə bağlı sual verən tələbəni sorğu-suala çəkirik.

Bu günlərdə olmuş bir əhvalatı nəzərinizə çatdırmaq istərdim. Orta məktəb müəllimlərindən biri Dövlət bayrağı günü münasibətilə, digəri isə təlimin keyfiyyəti ilə bağlı təhsil qəzetlərinin birində çıxış ediblər. Məmurlar bu müəllimlərdən izahat tələb ediblər. Mən əvvəlcə bu xəbərə inanmadım. Düşündüm ki, yəqin yazılarda yanlış məlumatlar verilib. Hər iki yazını oxudum, səviyyəli məqalə və müsahibə idi. Hər iki müəllim öz iş təcrübələrini həmkarları ilə bölüşmüşlər. Müəllimlər tam olaraq qanunvericiliyin onlara verdiyi hüquqlar çərçivəsində hərəkət etmişlər. Şagirdlərdə fəal vətəndaş mövqeyi formalaşdırmaq, onları vətənə məhəbbət ruhunda tərbiyə etmək, müstəqil həyata hazırlamaq, dövlət rəmzlərinə, tariximizə, dilimizə, milli və bəşəri dəyərlərə hörmət və qayğı aşılamaq təhsil sisteminin bütün pillələrində çalışan müəllimlərin ən müqəddəs vəzifəsi olduğu Təhsil qanununda aydın bir şəkildə göstərilir.

Fikrimcə, müəllim adını şərəflə daşıyan və öz vəzifəsini ləyaqətlə yerinə yetirən belə müəllimlərin qarşısında “qırmızı” yox, “yaşıl” işıq yandırmalıyıq ki, yetişdirdiyimiz gənclər öz şəxsiyyətini, ləyaqətini, dövlətini qorumaq keyfiyyətlərinə və imkanlarına malik olsunlar.


loading...




Fikrinizi bildirin