Bir daha kurikulumlar haqqında

Dərc olunub: 10/01/2018 - 16:40

melahetMəlahət Mürşüdlü

Biz tez-tez müxtəlif mövzularda keçirilən tədbirlərdə, mətbuatda 2007-ci ildən məktəblərdə tətbiq edilən kurikulumların (proqramların) lazımsız, təhsilin keyfiyyətinə mane olan və ümumiyyətlə forma və məzmunca cəmiyyətə kimlər tərəfindənsə təlqin edilən yanlış bir proqram olduğu haqqında tənqidləri eşidir və oxuyuruq.

Latın sözü olub, “yol” mənası verən kurikulum əslində tənqidlərdə deyildiyi mahiyyəti daşımır. Kurikulum məktəb və ümumiyyətlə təhsillə bağlı olan bütün sahələri – planlaşdırmanı, öyrənmə nəzəriyyəsini və praktikasını, idarəetməni özündə ehtiva edən proqramdır və ya proqramlar toplusudur. Yəni kurikulum hər hansı bir sinifdə (məktəbdə) təlim prosesinin ardıcıllığını və təşkilini reallığı əks etdirən planlaşmadır. Əsas elementləri bütün icbari təhsil üçün öyrənmə və qiymətləndirmə standartlarıdır. Bu proqram akademik tədris ili üçün öyrənmə və qiymətləndirmə, yerli səviyyəni nəzərə alaraq nəticəyə əsaslanan ümumi planlaşdırmanın aparılmasına, yerinə yetirilməsinə yaradıcı yanaşmanı təmin edir.

Kurikulumun “nəyi, necə və nə üçün” düsturu şagirdlərin əsas bilik və həyatı bacarıqlarının formalaşmasına , onun sosiallaşmasına geniş imkanlar verir. “Nə tədris olunmalıdır?” (təhsilin məzmunu), “O necə tədris olunmalıdır” (metod, üsul, forma) düsturuna əsaslanaraq, müəllimdə, eləcə də idarəçilərdə öz gündəlik fəaliyyətlərini planlaşdırmaqda müstəqilliyinə kifayət qədər zəmin yaradır, müxtəliflik verir və məsuliyyət hissini artırır. İnformasiya bolluğu, elm və texnikanın sürətli inkişafı, inteqrasiya (qloballaşma), şəxsiyyət azadlığı, planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçid, cəmiyyətdə yeni ictimai münasibətlərin yaranması və s. səbəblər vardır ki, bu proqramın tətbiqini zəruri edir.

Göründüyü kimi, XXI yüzilliyin insanı fərqli bilik və sosial davranışlara malik insanlar olmalıdır. Bu, sürətlə dəyişən dünyanın, zamanın cəmiyyətə verdiyi sosial sifarişdir. Bu keyfiyyətlərə malik insan isə orta məktəblərdə yetişir. Bu gün XX yüzilliyin təhsil sistemi, təlimin məzmunu və onun tədrisi metodikası bu tələbləri yerinə yetirmək imkanına malık deyildir. Dünyanın bir çox ölkələrində tətbiq olunmuş, həyata vəsiqə almış təhsil islahatlarının aparılması ancaq bu tələbləri yerinə yetirmək baxımından böyük əhəmiyyətə malikdir. İnsana-şəxsiyyətə bilik+bacarıq+dəyər+ sosial keyfiyyətlər+vərdişlər=kompetensiyaların aşılanması müasir məktəbin, müəllimin qarşısında duran ən vacib məsələdir.

Proqram və onun yerinə yetirilməsi heç də özü-özlüyündə “çətin” deyildir. Aparılan müşahidələr, sorğular proqramın “çətinliyinə” yol açan bir sıra problemlərin olduğunu göstərir. Müəllimlərin peşəkarlıq səviyyəsinin tələblərə cavab verməməsi (pedaqoji universitet hazırlığı da daxil olmaqla), dərslik və proqramların məzmunundakı elmi-metodik keyfiyyətlərin qüsurlu olması, qiymətləndirmə meyarlarının tələblərə uyğun olmaması, idarəetmədə inzibati-amirlik metodlarının mövcud olması, müəllimlərin elmi-metodik vəsaitlərlə təmin olunmaması əsas problemlərdir.

ABŞ sosioloqu C.Dreykin fikrincə desək, kurikulumlar bizim kim olduğumuz, hansı səviyyəyə çatdığımızı bizə bildirən məqamlardan biridir. Gəlin, bu məqamı düzgün qiymətləndirərək fəaliyyətimizdə səmərəli bir şəkildə tətbiq edək.








loading...


Fikrinizi bildirin