“MİNLƏRLƏ ADAM VAHABZADƏNİ FİTƏ BASDI…”

Dərc olunub: 07/01/2018 - 00:23

20 Yanvara gedən yol

Elemdar Memmedov222Ələmdar Məmmədov, keçmiş prokuror

Azərbaycan tarixində zəfərlə də, məğlubiyyət acısı ilə də bağlı günlər var. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə baş verən hadisələr xalqımız üçün böyük bir imtahan oldu. Azadlıq uğrunda mübarizəyə qalxan əliyalın insanların üzərinə yeriyən sovet qoşunları tarixdə misli görünməmiş vəhşiliyə əl atdı. Həmin hadisədən 28 il keçir.

Baş verənlər barəsində çox deyilib, çox yazılıb. Amma hələ hər şeyə tam aydınlıq gəlməyib. O zaman ayrı-ayrı rayonlarda baş verən olaylar bizi 20 Yanvara addım-addım yaxınlaşdırırdı. Azərbaycana ordu yeritməyə tələsən Kreml rəhbərləri, o zamankı yerli mərkəzi hakimiyyətin səriştəsizliyindən istifadə edərək, müxtəlif rayonlarımızda münaqişə ocaqları yaradırdı, necə deyərlər, belə bir vaxtda sanki, həm də 20 Yanvarın məşqi gedirdi. Cəlilabad rayonunda yaşananlar da bu böyük və məkrli planın tərkib hissəsi idi. Geniş ərazisi, məhsuldar torpağı, zəhmətkeş insanları ilə tanınan Cəlilabad Azərbaycan büdcəsinə əhəmiyyətli dərəcədə öz töhfəsini verirdi. Respublikada ilk dəfə məhz Cəlilabadda 260 min ton üzüm yığılmışdı. O zaman bu çox böyük nailiyyət hesab olunurdu. Cəlilabadın respublikanın həyatında əhəmiyyətini yaxşı dərk edən Ümumilli liderimiz Heydər Əliyev həmişə bu rayona xüsusi diqqət və qayğı ilə yanaşırdı. Belə münasibət təbii ki, müxtəlif dairələrdəki bədxahları qane etmirdi. Yadımdadır, 1986-cı ilin iyul ayında indiki Şəmkir rayonunda Moskvadan ezam olunmuş, “pambıq işlərini” araşdıran SSRİ DİN-nin xüsusi istintaq əməliyyat qrupunun 4 əməkdaşı, Nikolay Reşetnyakın rəhbərliyi ilə Cəlilabada gələrək, eyni vaxtda 8 ticarət obyektində və 6 sovxozda yoxlama apardılar. Bu işdə onlara Respublika Daxili İşlər Nazirliyinin 30-a yaxın əməkdaşı və xüsusi seçilmiş mütəxəssislər də yardım edirdi. Əslində buna rayona qəfil hücum da demək olardı. Fərəh hissi ilə qeyd edim ki, 22 gün intensiv və gərgin yoxlama aparılmasına baxmayaraq, cəmi bir ticarət obyektində xırda cinayət faktı tapa bildilər. Bunun da öz səbəbləri vardı. Belə ki, həmin dövrə qədər prokurorluq xətti ilə yoxlama aparıb nöqsanları aradan qaldırmağa nail olmuşduq. Moskvadan gələn əməliyyat qrupunu Cəlilabaddan əliboş qaytarandan sonra o zamankı Respublika Prokuroru İlyas İsmayılov bildirdi ki, siz böyük bir qəhrəmanlıq göstərdiniz. Çünki həmin vaxt Moskvanın məqsədi Cəlilabadda da Şəmkirdə olduğu kimi, kütləvi həbslər həyata keçirmək, Azərbaycanı Özbəkistan kimi korrupsiyaya bulaşan respublika elan etmək idi. Bir şikayətçinin 2 vərəqəlik ərizəsinə görə bu qədər adamla üç həftə yoxlama aparmağa başqa nə ad vermək olardı?!

Çox keçmədi ki, rayondakı kadrlara qarşı hücum planı həyata keçirilməyə başladı. 1987-ci ildə 20 ildən çox milis rəisi işləmiş Sədr Mirzəyev rayon milis şöbəsinin rəisi vəzifəsindən azad olundu. Dövlət Təhlükəsizlik Komitəsində 35 illik staja malik DTK rayon şöbəsinin rəisi Yavər Ələkbərov işdən kənarlaşdırıldı. Rayon Aqrar Sənaye Birliyinin rəisi, mükəmməl partiya savadına, böyük nüfuza malik Vəkil Zeynalova əvvəlcə töhmət elan olundu, sonra isə işdən çıxarıldı. Məhkəmənin sədri, 35 illik təcrübəsi olan Qəni Kazımovu təkrar seçkiyə buraxmadılar, bununla da onu “oyundankənar” vəziyyətdə qoydular. İbrahim Qurbanov Rayon Partiya Komitəsinin birinci katibi vəzifəsindən azad olundu. Rayonda boş qalan postlara cavan, təcrübəsiz və bəzən də səriştəsiz insanlar təyin edildi.

Cəlilabad İranla həmsərhəd olduğundan Prişib (indiki Göytəpə) şəhərində bir neçə hərbi hissə var idi. Zaqafqaziya Hərbi Dairəsinin ən böyük sərhəd dəstəsinin, habelə başqa 3 hərbi hissənin ehtiyat qərargahı da bu şəhərdə yerləşirdi. 1988-ci ildə respublikada siyasi vəziyyət bir qədər də gərginləşmişdi. İnsanlar Topxanada baş verənlərə ciddi etiraz bildirir, kütləvi aksiyalar keçirirdilər. Respublika rəhbərliyi isə vəziyyətə nəzarət edə bilmirdi. Belə bir zamanda mühüm əhəmiyyətə malik məlumat aldım. Məlum oldu ki, Göytəpədəki hərbi hissələrdən birini komplektləşdirərək orada 300 yeni əskər yerləşdiriblər. Onlardan 170-i azərbaycanlı, 130-u isə erməni idi. Hər əsgərin əlinə də bir “Kalaşnikov” avtomatı verilmişdi. Ermənilərdən ikisi İran sərhəddini keçmək istəyəndə yaxalanmışdı. Erməni və azərbaycanlı əskərləri silahlandırıb bir hərbi hissəyə yığmaqla böyük bir təxribat hazırlandığını hiss etməmək mümkün deyildi. Mən bu təhlükəni hiss edən kimi, dərhal Lənkəran Hərbi Prokuroruna və Tbilisidə yerləşən Zaqafqaziya Hərbi Dairəsinin hərbi prokuroruna təcili teleqram vurdum, baş verə biləcək təhlükə barədə onları xəbərdar etdim. Bir gün sonra Rayon Partiya Komitəsinin birinci katibi Eybalı Ağayev məni yanına çağırıb dedi ki, sənin teleqramlarınla əlaqədar MK-dan zəng etmişdilər. Bunu özbaşınalıq kimi qiymətləndirirlər. Vəziyyəti ona başa salmağa çalışdım, əskərlər arasında böyük bir silahlı qırğın hazırlandığını bildirdim. Xahiş etdim ki, o da səlahiyyətindən istifadə edib yuxarı təşkilatlara rayondakı vəziyyət barədə məlumat versin. Görünür mənim göndərdiyim teleqramın xeyri oldu. Bir gündən sonra bütün əskərlər həmin hərbi hissədən köçürüldülər. Az sonra növbəti təxribatla üzləşdik. Məlumat aldım ki, Göytəpədə yaşayan 18 erməni ailəsini köçürmək üçün mitinq təşkil olunub. Rayonun vəzifəli şəxsləri mitinqdə söz demək istəsələr də, aksiyaçılar onları qovmuşdular. Mən dərhal ora yollandım. Mitinqi alovlu şair Abbasağa idarə edirdi. O, məni görən kimi dedi:

– Onlar xalqdan qorxub qaçdılar. Sən necə, xalqın qarşısında çıxış etmək istəyirsənmi?

– Əgər xalqın şairi söz verərsə, əlbəttə danışaram, deyə cavab verdim.

Abbasağa məni lazım olduğundan da artıq təqdim etdi və mən mitinqdə 35 dəqiqə çıxış etdim, insanları başa salmağa çalışdım, təxribatdan çəkinməyə səslədim. Dedim ki, bu gün erməni evlərinə hücum etmək düşmənə dəstək verməkdir. Çoxsaylı suallara cavab verdikdən sonra aksiyaçılar dağılışıb getdilər.

image002

Səhərisi gün 1-ci katibin otağında MK-dan gələn yoldaşla aramızda xoşagəlməz söhbət oldu. Adını çəkmək istəmədiyim həmin şəxs məndən soruşdu:

- Yoldaş Məmmədov, nə üçün katibi və milis rəisini fitə basıb qovan aksiyaçılar, Sizi alqışlarla qarşıladılar?

Mən çox pərt olmuşdum. Təşəkkür və minnətdarlıq gözlədiyim halda çətin sual qarşısında qalmışdım. Bir qədər susduqdan sonra ironiya ilə dedim:

- Yoldaşların bəziləri heç bir il deyil ki, Cəlilabadda işləyirlər. Mən isə 4 ildir işləyirəm. Yəqin ki, camaat onları tanımayıb. Ona görə də fitə basıblar…

Görünür hadisələrin belə sakit sonluqla, qansız–qadasız ötüşməsi kimlərəsə sərf etmirdi. Bəzi rəhbər şəxslərdə mənə qarşı qısqanclıq baş qaldırdı. Elə bilirdilər ki, mənim mitinqçilərlə əlaqəm var. Əslində mitinqdə iştirak etməkdə bir məqsədim var idi: törədilə biləcək təxribatları önləmək, baş verə biləcək cinayətlərin qarşısını almaq.

1989-cu ildə Xalq Cəbhəsi yaranandan sonra bütün rayonlarda olduğu kimi, Cəliabadda da bu təşkilatın yerli şöbəsi fəaliyyətə başladı. Qonşu rayonlarda 10-15 gün əvvəl mitinq başlasa da, Cəlilabadda sentyabrın 13-də cəbhənin ilk mintinqi oldu. Mitinqdə siyasi şüarların, hakimiyyətin əleyhinə çağırışların səslənməyəcəyi qərara alınmışdı. Çünki əsas məqsəd Qarabağda baş verənlərə etiraz etmək idi. Bu şərtlərlə tanış olduqdan sonra rayon rəhbərliyi də mitinqdə iştirak etdi. Aksiyanın sonunda çıxış edənlərdən biri Mərkəzi Komitənin o zamankı birinci katibi Əbdürrəhman Vəzirovun ünvanına kəskin fikirlər səsləndirdi. Bu da rayon rəhbəri Eybalı Ağayevi qane etmədiyindən birinci katib çıxışçının üzərinə yeriyərək kəskin hərəkət etdi. Bu hadisədən sonra rayonda vəziyyət daha da gərginləşdi, fasiləsiz mitinqlərə qərar verildi. Yerli hakimiyyət hadisələrə nəzarət edə bilmirdi. Birinci katib Bakıya gedərək oradan göstəriş verdi ki, yerli idarələr zəhmətkeş teleqramları vursunlar. Guya mitinqçilər katibi döyüblər. Onun bu addımı radikal ovqatlı adamların Xalq Cəbhəsində önə keçməsinə və liderlik etməsinə səbəb oldu. Mərkəzi Komitənin o zamankı ikinci katibi Viktor Polyaniçko həmin radikal qüvvələrin nümayəndələri ilə 2 saatlıq görüşdə katibi vəzifədə saxlamaqla bağlı danışıq aparsa da, istəyinə nail ola bilmədi. Eybalı Ağayev vəzifədən azad olundu. Qonşu Masallı rayonunda birinci katib işləyən Ələsgər Qocamanov Cəlilabad Rayon Partiya Komitəsinin birinci katibi seçildi. Ələsgər müəllim elə ilk günlərdən müdriklik göstərərək, insanlarla dialoqa girdi, vəziyyəti düzəltməyə çalışdı.

Təxminən, iki ay rayonda sabitlik hökm sürdü. Yadımdadır, o zaman AXC sədri Əbülfəz Elçibəy də Cəlilabada gəldi. Lakin bu sakitlik də uzun sürmədi. Dekabrın 6-da keçirilən mitinqdə birinci katibin və milis rəisinin istefası tələb olundu. Onların ikisi də istefa verib getdilər. Bununla da hadisələr demokratik-hüquqi müstəvidən kənara çıxdı. Belə vəziyyətdə mən də istefa vermək qərarına gəldim. Lakin Respublika prokuroru İlyas İsmayılov rayonda qalıb vəzifəmin icrasını davam etdirməyimi məsləhət bildi (Cəlilabaddan gedən nümayəndə heyəti Mərkəzi Komitədə mənim qayıtmağımı tələb etmişdilər.). Həmin gündən etibarən yerli hakimiyyət, demək olar ki, radikalların əlinə keçdi. Dekabrın 18-də əslən Cəlilabaddan olan, uzun illər MK-nın mədəniyyət bölməsində çalışmış Xeyrulla Əliyev Rayon Partiya Komitəsinin plenumunda birinci katib seçildi. Bu dəfə də camaatla dialoqa getmək əvəzinə başqa yol tutuldu. Ədalət naminə demək lazımdır ki, Cəbhə liderləri açıq dialoqu mümkünsüz edirdilər. Məsələn, böyük şairimiz Bəxtiyar Vahabzadə, yazıçı Yusif Səmədoğlu Cəlilabadda olarkən mitinqdə çıxış edib, xalqı birliyə səsləyərkən, minlərlə adamın onları fitə basmasına nə ad vermək olardı? Radikal qüvvələr mövcud vəziyyətdən məharətlə yararlanıb, növbəti dəfə aranı qarışdırdılar. Rayon Partiya Komitəsinin binası qarşısında çadırlar quruldu, İrana gedən yük maşınlarının yolu bağlandı. Dekabrın 28-də gecə isə kənardan gətirilən 400-ə yaxın xüsusi qüvvələr düzgün olaraq yolu açsalar da, heç bir lüzum olmadan çadırlardakı insanlara hücum edərək, onlara qarşı güc tətbiq etməyə başladılar (Aksiyanın keçiriləcəyini hüquq-mühafizə orqan rəhbərlərindən gizli saxlamışdılar.). Bundan qəzəblənən camaat səhər tezdən raykomun binasına hücum etdi. Təsəvvür edin, minlərlə adam eyni vaxtda binanı çaylaq daşı ilə “atəşə” tutdu. Bina xarabazara çevrildi. Sonra camaat milis binasına hücum edərək avtomobilləri yandırıb, binanı dağıdıb, milis işçilərini tərksilah etdilər. Həmin hadisələrdə 131 nəfər, o cümlədən Rayon Partiya Komitəsinin birinci katibi Xeyrulla Əliyev xəsarət aldı. Onlardan biri bir gündən sonra dünyasını dəyişdi. Bir milis əməkdaşı da bir neçə aydan sonra aldığı xəsarətlərdən xəstəxanada vəfat etdi.

Həmin gün axşam Dövlət Təhlükəsizlik Komitəsinin Biləsuvar rayon şöbəsinin binasında müşavirə keçirildi. Müşavirədə Mərkəzi Komitənin katibi Telman Orucov, daxili işlər naziri Aydın Məmmədov, respublika prokuroru İlyas İsmayılov, DTK sədri Vaqif Hüseynov iştirak edirdilər. Müşavirədən sonra Telman Orucovdan məni ayrıca qəbul etməsini istədim. Xahişimi nəzərə alan MK katibi 15 dəqiqədən sonra məni qəbul etdi. Söhbətimiz çox əsəbi şəraitdə keçdi. Telman Orucov dedi ki, sən də Cəbhənin sədri, narkoman Miralim kimi danışırsan. Cavab verdim ki, Miralim narkoman deyil, o heç siqaret də çəkmir. Miralim balaca Lenindi, Napaleondu. Dedim Telman Xəliloviç, inqilab gedir, siz məni dinləməlisiniz. O isə məni dinləmək istəməyib otaqdan çıxaranda, İlyas İsmayılov ona sərt reaksiya verərək dedi ki, Telman Xəliloviç, sizin “bezdarnı” partiya işçilərinizin səhvi ucbatından rayon prokuroru 4 aydı səngərdədi. Siz isə onu dinləmək istəmirsiniz. Təxminən 15 dəqiqə sonra T.Orucov yenidən məni qəbul etdi. Əvvəlki əsəbi söhbətə görə üzrxahlığını bildirdi. Sonra MK katibi kimi rayondakı vəziyyətlə bağlı fikirlərimi dinləmək istədi, təkliflərimi soruşdu. Hiss etdim ki, dediklərimlə razılaşmaq istəmir. Dedim ki, Telman Xəliloviç, camaatla açıq dialoqa getmək lazımdı, onları aldatmaq olmaz. Təxribat hazırlanır, sərhədləri açıb üstümüzə qoşun yeridə bilərlər. Dini şüarlar səsləndirməklə hadisələri tamam başqa səmtə yönəltmək istəyən qüvvələr var. Bütün bunların qarşısı alınmasa… Baş verənlər məşq xarakterlidi. Cəlilabad raykomunun başına gələnlər bir az sonra Mərkəzi Komitənin də başına gələ bilər. Bu sözlərimdən sonra Telman Orucov əsəbləşdi. Dedi ki, sən Mərkəzi Komitənin dərdini çəkmə. Dedim niyə, məgər mənim partbiletimin rəngi yaşıldı? O zaman Mərkəzi Komitənin katibi mənim fikirlərimə ciddi yanaşmadı. Yenə xalqla açıq dialoqa girmək əvəzinə aldadıçı manevr edərək, hakimiyyəti de-yure cəbhəçilərə verdi. Beləliklə, SSRİ məkanında ilk dəfə olaraq Çəliabadda – kimin üçün qeyri-formallar, kimin üçün də demokratik qüvvələr adlanan qurum hakimiyyətə gəldi. Moskvanın istədiyi də bu idi. Mən həmin gündən qayıtmamaq niyyəti ilə Cəlilabaddan getdim. Lakin taleyin hökmü ilə daha 27 ay Cəlilabad rayon prokuroru vəzifəsində işləməli oldum.

252940554bd6571a1aa21421698417_20_yanvar

P.S. Sual olunur: 20 Yanvar hadisələrinin qarşısını almaq olardımı? Yəqin ki, almaq olardı. Heç olmasa itkilərimiz azalardı. Litvanın paytaxtı Vilnüsdə 13 nəfər, Gürcüstanın paytaxtı Tbilisidə 9 nəfər, bizdə isə 130 nəfərdən çox insan şəhid oldu, yüzlərlə insan yaralandı. Maraqlı cəhət burasıdır ki, bu hadisələrdə nə Respublika partiya, sovet rəhbərlərindən, nə də Xalq Cəbhəsi liderlərindən, necə deyərlər, burnu qanayan olmadı. Təəssüf ki, o zamankı Respublika rəhbərliyində siyasi iradə və qətiyyət, Xalq Cəbhəsi rəhbərliyində isə sanbal çatmadı. İndi həmin dövrdə rəhbərliyin yüksək mərtəbəsində təmsil olunmuş insanlar 20 Yanvar hadisələri ilə bağlı danışanda, onu-bunu, xüsusi ilə hüquq-mühafizə orqanlarını günahlandıranda, onların yerinə xəcalət çəkirəm. Bütün səlahiyyətli şəxslərin baş verəcək faciədən xəbərləri var idi. Əgər mən, rayon səviyyəli rəhbər, noyabr ayının axırlarından baş berə biləcək faciəni görə bilirdimsə, Mərkəzi Komitə katibi və Xalq Cəbhəsinin liderləri bunu necə görməyə bilərdi?! Onlar qoşun yeridiləcəyini bilirdilər, amma bunun faciəli nəticələrini görmür və başa düşmürdülər.

Hələ bir il əvvəl hiss etmişdim ki, respublikanın “beyni” hesab edilən Mərkəzi Komitə və “partaparat” sərbəst düşünmək qabiliyyətinə malik deyil. Millətin, xalqın fəlakət qarşısında qaldığı bir vaxtda, ən cüzi məsələnin həlli üçün mütləq yuxarıların razılığı olmalı idi. Heş kim üzərinə məsuliyyət götürmək istəmirdi. Az qala oturuş-duruş qaydalarını tənzimləyən “partaparat” aciz görünürdü (Əgər belə olmasaydı son üç birinci katib təyinatında mənim-rayon prokurorunun rəyi soruşulardımı?). Bütün işlərini hüquq-mühafizə işçilərinin əli ilə görmək istəyirdilər. Mətkəzi Komitədən gələnlərin – təlimatçıdan tutmuş şöbə müdirlərinə, katibə kimi, hamısının mənə ilk sualı bu olurdu:

– Miralimə, Sakitə, Səxavətə “Xəbərdarlıq” elan etmisinizmi?

Hər dəfə izah etməyə çalışırdım ki, təkrarlığa görə heç bir hüquqi məsuliyyət yaratmayan “Xəbərdarlıq”la onları geri oturtmaq olmaz.

Ələsgər Qocamanov istefa verəndən iki gün sonra daxili işlər nazirinin 1-ci müavini Yusifov və Respublika prokurorunun 1-ci müavini Mirağa Cəfərquliyev rayon DİŞ-nin binasında Cəbhənin liderləri ilə görüşməli idilər. Nazir müavini mənə müraciətlə dedi:

- Siz prokuror kimi Cəbhə liderlərinə nə üçün ”Xəbərdarlıq” elan etməmisiniz?

Mən neçənci dəfə eşitdiyim bu “iraddan” təngə gəldiyimə görə əsəblərimi zorla cilovlaya bildim. Vəziyyəti belə görən Mirağa müəllim söhbətə qarışaraq dedi:

- Prokuror xəbərdarlığı telefonla etməlidir? Bacarırsınız onları prokurorun yanına gətirin, bir əvəzinə beş “Xəbərdarlıq” elan etsin.

Yarım saatdan sonra baş tutan görüşdə V.Polyaniçko ilə 2 saatlıq sohbətdən və Ələsgər Qocamanovun istefaya göndərilməsindən daha da ruhlanan Cəbhənin lideri Miralim məntiqli danışığı və cəsarəti ilə nazir müavinini çətin və çıxılmaz vəziyyətə saldı. Bu gərgin anda səlahiyyətim olmasa da, müdaxiləmdən sonra söhbət yenə də sakit məcrada davam etdi. Yeri gəlmişkən, təvazökarlıqdan uzaq olsa da, Miralim iştirak etdiyim bütün dialoqlarda yalnız mənim sözümü kəsmir, həmişə hörmət və ehtiramla davranırdı.

Həmin dövr üçün xarakterik olan bir hadisəni misal çəkmək istəyirəm. 1989-cu ilin noyabr ayının axırları idi. Birinci katib Ələsgər Qocamanov məni yanına çağırdı. Miralim və Novoqolovka kəndindən gələn 10-15 nəfər də katibin kabinetində idi. Kənd Qızılağac qoruğu ilə sərhəd olduğundan tez-tez vəhşi heyvanların hücumuna məruz qalırdı. Camaat da yığılan ov tüfənglərinin qaytarılmasını xahiş edirdi. Birinci katib həmin dəqiqə Daxili İşlər nazirinə telefon açdı. Nazir dedi ki, Mərkəzi Komitənin icazəsi olmasa milis tüfəngləri qaytara bilməz. Katib bizim yanımızda Telman Orucova, Nazirlər Sovetinin sədri Ayaz Mütəllibova zəng etdi. Onların hər ikisi dedi ki, gərək Əbdürrəhman Vəzirovun razılığı olsun. Ələsgər müəllim öyrəndi ki, Vəzirov Moskvadadı. Çox əziyyətdən sonra onun Moskvadakı telefonunu tapıb Vəzirovla danışdı. Lakin respublikanın birinci katibinin də bu problemi həll etməyə gücü çatmadı. 14 ov tüfəngini qaytarmağa iradəsi çatmayan respublika rəhbərliyi 20 Yanvar hadisəsinin qarşısını necə ala bilərdi?


loading...




Fikrinizi bildirin