FEDORÇUKUN AGENTİ

Dərc olunub: 03/04/2018 - 16:33

Elemdar Memmedov222Ələmdar Məmmədov,
keçmiş prokuror

1982-ci il SSRİ DİN-də ciddi dəyişikliklərlə əlamətdar oldu. Nazirlər Soveti yanında DTK-nın sədri Fedorçuk SSRİ Daxili İşlər Naziri təyin edildi. Milis sistemində çoxlu kadr dəyişikliyi baş verirdi. Bir çox respublikalarda milis işçiləri haqqında cinayət işləri başlanır, yüksək çinli əməkdaşlar həbs olunur, bir çox əməkdaşlar orqandan xaric edilir, çox vaxt qurunun oduna yaş da yanırdı. Birçə məlumat kifayət edirdi ki, işçini cəzalandırsınlar və yaxud orqandan xaric etsinlər. İşin xüsusiyyəti, kadr potensialı nəzərə alınmadan, təhlükəsizlik orqanlarına qoyulan tələb DİN sisteminə də tətbiq edilirdi. Bir sözlə, milis işçiləri arasında ciddi çaxnaşma başlamışdı.

Belə gərgin dövrdə Moskvadan SSRİ DİN-nin İqor adlı əməkdaşı Masallı Rayon Milis şöbəsinə “məxfiçilik işində praktiki kömək” məqsədi ilə 5 günlük ezamiyyətə gəlmişdi.

1983-cü ilin yayında həftənin bazar günü milis işçiləri məndən xahiş etdilər ki, dənizə getsən, bizim qonagı da apararsan. Masallı rayon Dövlət notariusu Şükür Məmmədovla yaxın dostum Vadar müəllimin maşınında İqoru da götürüb Lənkərana, çimərliyə getdik. İqor bir neçə dəfə məni təəccübləndirdi. Əvvəla, məlum oldu ki, o, ingilis dilini təmiz bilir. Çimərlikdə üzməyi baçarıb-bacarmadığını soruşduqda “xeyr, üzə bilmirəm” cavabını verdi. Lakin birdən suya girib, təxminən 300 metr sahildən uzaqlaşdı. Bu zaman o, üzgüçülüyün bütün növlərini nümayiş etdirirdi. Yemək yeyərkən xeyli içməsinə baxmayaraq, sifətinin rəngində və danışığında heç bir dəyişiklik hiss olunmurdu.

Şükür Məmmədov yumoru sevən adam idi. Azərbaycan dilində atmacalar atır, partiya və hökumət rəhbərləri barədə lətifələr danışır, bəzən də əndazədən çıxırdı. İqor bir neçə dəfə onun da başa düşməsi üçün rus dilində danışmağı xahiş etdi. Axşamüstü İqoru milis şöbəsində düşürub, onunla xudahafizləşdik. Çünki saat 22-də qatar ilə Bakıya getməli idi.
Axşam saat 22 radələrində milis rəisi İnşalla Əsədov mənə zəng edərək, şöbəyə gəlməyimi xahiş etdi. Şöbəyə gəlib rəisin otağına girəndə, rəhbər heyətin bir yerdə olduğunu gördüm. Hamının üzündə həyəcan var idi…

Səbəbi…

Biz xudahafizləşib gedəndən sonra İqor müstəntiqlərin otağına gəlir. Müstəntiqlər İqordan bizimlə əlaqədar təəssüratını soruşarkən, İqor təmiz Azərbaycan dilində danışmağa başlayır:

- Yaxşı yoldaşlardır, amma Şükür bütün günü anti-sovet lətifələr danışırdı. O, haradan bilsin ki, mənAzərbaycan dilini təmiz bilirəm.

Sonra o, sözünə davam edərək, “qorxmayın sizi satmaram” deyir.

“Biz niyə qorxuruq ki, sən özün dünən bizim yanımızda Fedorçuku söymürdün?” – deyə, müstəntiqlərdən biri gözlənilmədən cavab verir və onun bu cavabından sonra İqor çaşıb qalır.

Məsələ burasındadır ki, İqorun ezamiyyətdə olduğu 5 gün ərzində ona Azərbaycan qonaqpərvərliyinin bütün çalarlarını göstərmişdilər. Sahə müvəkkili Nurəlinin təqaüdə çıxması ilə əlaqədar təşkil edilmiş, İqorun da iştirak etdiyi yolasalma mərasimi səhərə qədər davam etmişdi.

Bu hadisədən sonra ilin axırına qədər hamı təşviş içərisində qaldı.








loading...


Fikrinizi bildirin